Qurban bayramı mənəvi birlik rəmzidir

 

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Qurban bayramı ümummilli lider Heydər Əliyevin   Azərbaycan xalqının  ən böyük mənəvi dəyərlərindən hesab etdiyi İslam dininin müqəddəs bayramlarından biridir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurbankəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir.

 

Bu dəyərlərdən əsasən qonaqpərvərlik, başqalarının halına acıma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, başqalarının dərdinə şərik çıxmaq xalqımızın sahib olduğu mənəvi özəlliklərdəndir. Məhz Qurban bayramına məxsus ənənələrin məsələn, qurbanlıq ətin  kasıblara paylanması, qurbanlıq heyvanın bir müddət qabaq bəslənməsi, bəzədilib Allah yolunda kəsilərək əsasən kasıblara, yoxsullara paylanması, bayram süfrələrinin təşkil edilməsi və s. xalqımıza məxsus dəyərlərlə üst-üstə düşdüyündən bu bayram ölkəmizdə daha təmtəraqlı qeyd edilir. Sovetlər Birliyinin süqutundan sonra müstəqillik qazanan Azərbaycan Respublikası, nəhayət, milli və dini bayramlarını dövlət səviyyəsində, qanuni şəkildə keçirməyə nail oldu. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra xalqımız onun rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır.

İslam dininin iki böyük bayramı var. Bunlar Ramazan (Fitr) və Qurban bayramlarıdır. Haqqında danışdığımız Qurban bayramı Həzrət İbrahim Peyğəmbərin (s.v.s) yuxuda aldığı ilahi vəhyə əsasən öz oğlu İsmaili Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Bu bayram hər şeydən əvvəl insanın öz nəfsi üzərində qələbə çalmasının ən əlamətdar bir hadisə olmasının təzahürü kimi qeyd edilir.

Ümumiyyətlə, bütün monoteist dinlərdə Allaha qurban gətirmə mərasimi Həzrət Adəm Peyğəmbərin oğlanları Habil və Qabilin əhvalatı ilə başlanır. Qabil əkinçi, Habil isə çoban idi. Allah Həzrət Adəmə vəhy edir ki, oğlanları Allah üçün qurban gətirsinlər. Qabil əkinçi olduğu üçün bir az taxıl, Habil isə böyük bir ağ qoç gətirir. Qardaşlardan yalnız Habilin qurbanı qəbul olunur. Bununla da bəşər övladının öz malından, heyvan kəsməklə Allah yolunda ehsan verməsinin əsası qoyuldu.

Başqa bayramlarda olduğu kimi, Qurban bayramında da müsəlmanlar şadlanır və bir-birini təbrik edir, qohumlara, yaxınlara qonaq gedilir, küsülülər barışır, kimsəsizlərə baş çəkilir, insanlar bir-biri ilə daha çox ünsiyyət qurur, mehribanlıq edirlər. Bayram günü qüsl verilir, hava işıqlaşandan sonra bayram namazı qılınır, qurban kəsilir, qurban ətindən kasıblara paylanılır. Diqqət çəkən məqamlardan biri də odur ki, bayram günü Həcc ziyarətində olmayanlar qurbanı kəsib yalnız bir-birinə vermələri doğru deyildir. Çünki qurban kəsilməsi mərasiminin bir əhəmiyyəti də ondan ibarətdir ki, kasıblar bu ətdən bəhrələnib doyunca yemək yeyə bilsinlər, varlılar, heç olmasa, bir günlük də olsa, kasıbların ehtiyacını ödəmiş olsunlar. Həzrət Məhəmməd Peyğəmbər (s.v.s) bir hədisdə buyurur: “Allah qurbanlıq gününü bayram kimi qərarlaşdırdı ki, kasıblar da həmin gün ət xörəyi yeyə bilsinlər. Ona görə siz də kasıblara qurban payı verin”(Qısa İslam Ensiklopediyası, I cild).

Hədisdən anlaşıldığı kimi qurban ətinin bir payı mütləq kasıblara verilməlidir. Ona görə də qurban kəsməyə imkanı olmayanların borc alaraq qurban kəsməsinə ehtiyac yoxdur. Çünki, qurban ətinin bir payı elə onların haqqıdır. Qurban bayramının heyvan kəsmək mərasimi yalnız həmin vaxt Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətində olmayanlardan isə yalnız imkanı olanlara qurban kəsmək tövsiyə olunur.

Qurban kəsmək mərasimi Həcc ziyarətinin vacib hissəsidir: “...Məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (“bismillah” desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsula da yedirdin!” (Əl-Həcc,28).

Həcc ziyarəti əməlləri ümumilikdə Həzrət İbrahim Peyğəmbərin (ə.) özü və ailəsi ilə bağlı olduğu kimi, Qurban bayramı da bu nümunəvi ailənin şücaəti ilə əlaqədar nazil olmuş ilahi şəriətdir. Bu şəriətə tabe olub onun qayda-qanunlarına əməl edən müsəlmanlar hər il zilhiccə ayının 10-da Həzrət İbrahim Peyğəmbər və onun ailəsinin ilahi əmrə tabe olaraq öz sevimli övladlarını Allah yolunda qurban kəsmək istəklərindən doğan fədakarlıqlarını xatırlayır və bu günün ildönümünü qeyd edirlər.

Bu hadisəni bütövlükdə Həzrət İbrahimin timsalında insanın Allah tərəfindən imtahan olunması prinsipinin ən əlamətdar hadisəsi hesab etsək yanılmarıq. Bildiyimiz kimi bu ilahi imtahan təkcə Həzrət İbrahimi yox, onun bütün ailəsini əhatə edir. Bu ailəyə bəzən “tövhid ailəsi” də deyirlər. Çünki, bu ailənin hər bir üzvü ayrı-ayrılıqda ilahi imtahandan şərəflə çıxmış, insan üçün canını və övladını fəda etmək kimi ən ağır şərtlər çərçivəsində sınağa çəkilmiş, nə qədər çətin olsa da nəfsdən gələn şübhə və vəsvəsələrə uymamış, Allah hökmünü bütün dünyəvi istəklərdən üstün tutmuş və bununla da həm dünyada daim xatırlanmağa, axirətdə isə ən yüksək məqama layiq nümunəvi “tövhid ailəsi” olduqlarını sübut etmişlər.

Qurban bayramının mühüm əhəmiyyətlərindən biri də insanın öz nəfsi və onu düz yoldan çıxaran şeytan üzərində qələbə çalmasıdır. Çünki nəfsi istəklər içərisində övlad və can sevgisi demək olar ki, əsas yerləri tutur. Həzrət İbrahim və Hacər sevimli tək övladları İsmaildən, İsmail isə öz canından Allah yolunda keçmək qərarına gəlirlər. Bu fədakarlıq yalnız çox güclü iman sayəsində mümkündür. Çünki, onlar bunun bir Allah əmri olduğuna dəqiq inanırdılar. İnamla imanın fərqi burada açıq görünür. İnam bir şeyin mövcudluğuna, həqiqiliyinə əmin olmaq deməkdir. İman isə dini inamdır. Amma bu inam o halda imana çevrilir ki, insan mövcudluğuna, varlığına yəqin etdiyi Allahın bütün əmrlərinə boyun əysin, ilahi qayda-qanunlara riayət etsin, yəni dildə deyil bütün qəlbi və əməlləri ilə bu inamını təsdiqləsin. Məhz bu məqam dünyəvi inamla dini imanı bir-birindən fərqləndirən şərtdir. Buna görə də İslam dininin hökmlərinə əməl edən, şəriətin göstərdiyi həyat tərzi ilə yaşayan insana “imanlı insan” deyilir. Bəşəriyyət yaranandan elə bir insan olmayıb ki, Allah onun imanını sınağa çəkməsin: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” (Əl-Bəqərə,155)

Allah yolunda qurban adi günlərdə də kəsilir. Amma haqqında danışdığımız “İsmail qurbanı” hər il yalnız Zilhiccə ayında, Həcc ziyarəti vaxtı yerinə yetirilir. Biz bu qurbanın üç insanla bağlı olduğunu dedik. Bunlardan biri Allahın peyğəmbəridir. O birisi Hacər anadır. İsmail isə 13 və yaxud 11 yaşlarında bir yeniyetmədir. Bu hadisədə ən maraqlı məqamlardan biri də odur ki, İsmail həmin dönəmlərdə peyğəmbər deyildi. Kiçik yaşlı bir oğlanın diri-diri başını kəsilmək üçün Allaha və atası Həzrət İbrahimə itaətlə təslim etməsi çox təəccüblüdür. Bu əməl bir insanın nəfsi istəklərdən olan can sevgisinə qarşı ən böyük mübarizəsi, ümumilikdə isə cihadın bütün növləri içərisində ən çətin və ağır olanıdır. Çünki, silahla olan cihadda da insan Allah yolunda canını təhlükəyə atır, amma bir yandan da sağ qalmaq ehtimalı da olur. Həzrət İsmailin etdiyi bu fədakarlıqda isə ölümdən başqa heç bir ehtimal qalmır. O bu hərəkətə düşünərək, anlaqlı şəkildə, böyük itaətkarlıqla gedir. Hətta, hədislərdə deyilir ki, Həzrət İbrahim bıçağı İsmailin boynuna çəkəndə bıçaq əti kəsməmiş, bunu görən İsmail atasına məsləhət görür ki, bıçağı boynuna qüvvətli çəksin. (Tarixi-Təbəri, I cild).

Həzrət İsmailin uşaq yaşlarında sahib olduğu bu ilahi sevgidən doğan kamil iman bir çox ilahiyyatçıları düşündürmüş, bəziləri bunun yalnız Allah istəyi olduğunu və ona görə Həzrət İsmailin rahatlıqla təslim olduğunu söyləmişlər. Yoxsa belə kiçik yaşda kamil iman sahibi olmaq mümkün deyildir. Amma düşünürük ki, belə qüsurlu fikirlər Həzrət İbrahimin ailəsinin ilahi sınaqlar qarşısında göstərdiyi səbr, dözüm, şücaət, iradə, əzm, itaət, mükəmməl imanla müşayiət olunan insana xas nümunəvi tövhid xüsusiyyətlərinə və onların bu yolda çəkdikləri əziyyət, məşəqqət və zəhmətə kölgə sala bilər. Çünki İslam dinində də kiçik yaşlı uşağın güclü imana sahib olması nümunəsi mövcuddur. Məsələn, Həzrət Məhəmməd Peyğəmbərdən (s.v.s) sonra İslam dinini ilk qəbul edərkən Həzrət Əli (ə.) on yaşında idi.

Həzrət İsmailin göstərdiyi bu şücaət, əlbəttə ki, mükafatsız qalmadı. Allah ona peyğəmbərlik əta etmiş, yüksək məqam sahibləri olan salehlər zümrəsinə daxil etmişdir: “(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.” “O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi)”. (Məryəm, 54;55).

Ümumiyyətlə, bu hadisənin əhəmiyyəti o qədər böyük idi ki, Allah bu əhvalatdan sonra Həzrət İbrahimi “dostum” adlandırmışdı. (Tarixi-Təbəri, I cild). Bildiyimiz kimi, bu ad monoteist dinlərdə yalnız Həzrət İbrahimə aid edilir. “Allahın dostu” adına nail olmaq üçün Həzrət İbrahim ağır sınaqlardan keçməli olmuşdur. Yeganə oğlunu Allah yolunda qurban kəsmək qərarına gəlməsi də bu sınaqlardan biri, bəlkə də, ən ağırı idi. Qurani-Kərimdə bu haqda deyilir: “Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman”, “Biz ona belə xitab etdik: “Ya İbrahim! “Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”. “Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi”. “Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik” (Əs-Saffat,103-107).

Qurban bayramının keçirilməsinin əsas səbəblərindən biri də insan yerinə heyvan kəsilməsidir. Bir anlıq təsəvvür edək ki, Həzrət İsmail qurban kəsilsəydi bu İslam dininin ilahi prinsiplərinə uyğun olmazdı və həmin gün insanlar üçün bayram yox, faciə olardı. Bu üzdən Allah insanın yox, heyvanın kəsilməsini buyurur. Çünki Allah hər kəsi gücü yetdiyi ilə imtahana çəkir.

Qeyd etdiyimiz kimi, qurban kəsmək mərasimi Həcc ziyarətinin vacib əməllərindən biridir. Həcc ziyarətində olanlar əgər bu qurbanı kəsməzlərsə onların ziyarəti qəbul olunmaz. Həcc ziyarətində olmayanlara isə qurban kəsmək müstəhəbdir. Yəni, hər kəsin öz ixtiyarındadır. Amma əməl edilməsi böyük savaba səbəb olur və bu üzdən də kəsilməsi bəyənilən əməllərdəndir. Həzrət Məhəmməd Peyğəmbərin (s.v.s) bir hədisində deyilir: “Qurban bayramı günü ən yaxşı əməl Allah yolunda heyvan kəsmək, ata-anaya mehribanlıq göstərmək, uzaq düşmüş qohumların görüşünə getmək, xudpəsəndliyi atıb başqaları ilə birinci görüşmək, qurbanlıq ətindən kasıblara, ehtiyaclılara pay verməkdir” (Qısa İslam Ensiklopediyası, I cild).

İslam şəriətinə görə, qoyun, inək və dəvədən qurban kəsilməsi səhihdir. Dördüncü növ heyvan olan keçi isə məzhəblər arasında müzakirə mövzusudur. (Bəzi məzhəblər üçün məqbul, bəziləri üçün isə qeyri-məqbuldur). Bu dörd növ heyvandan başqa digər heyvan növlərindən qurban kəsmək şəriətə ziddir və məqbul deyil. Kəsiləcək qurbanlıq heyvanın da qüsursuz olmasına diqqət edilməlidir. Belə ki, qulağı kəsik, buynuzu sınmış, şikəst, dişləri tökülmüş, qoca, əldən düşmüş, xəstə, haram pulla alınmış heyvanları qurban kəsmək olmaz. Qurban kəsən adam ətin  bir hissəsini özünə götürə bilər, bir hissəsini qonşulara, qohumlara, dostlara paylaya bilər, bir hissəsini isə mütləq kasıblara və ehtiyacı olanlara verməlidir. Əlbəttə, qurbanın sahibi ətin hamısını kasıblara, yoxsullara verə bilər. Bunun savabı daha çoxdur.

Qurban sözünün ərəb dilindən tərcüməsi “yaxınlıq” mənasını verir. Qurban Allaha yaxınlıq niyyəti ilə yuxarıda göstərilən heyvanlardan birini şəriətə uyğun qaydalarla kəsməkdən ibarət olan bir ibadət əməlidir.

Ümumiyyətlə, Allah rizası üçün olunan əməllər  insanın hidayət olunması, düz yola yönəlməsi üçündür. Qurban kəsmək də Allah yolunda icra olunan ibadət  əməllərindən biridir. Belə ibadət əməllərinə Allahın heç bir ehtiyacı yoxdur. Çünki Allah möhtac olmayan və ehtiyacsızdır. Kəsilən heyvanın nə əti, nə də qanı Allah üçün deyil, insanın bu yolla Allaha yaxınlaşması və bu nemətlərdən yararlanması üçündür. Bu əməl həm də insanlar arasında ünsiyyətin möhkəmlənməsi, qayğıkeşlik və nəvaziş hisslərinin gücləndirilməsi baxımından da çox önəmlidir. Allah bizə qurban kəsilməsinin məhz bu məqsədlərlə vacib buyurduğunu anladır: “Onların nə əti, nə də qanı, əlbəttə Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir) . Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (Əl-Həcc, 37) 

Qurban bayramının cəmiyyətdəki ictimai münasibətlərə də təsiri böyükdür. Ramazan bayramı kimi bu bayram da özündə bəzi vacib şərtləri ehtiva edir. Bayram ümumiyyətlə, hər hansı bir əlamətdar hadisənin qeyd olunmasına deyilir. Hər iki bayramda hava işıqlaşandan sonra iki rükətli bayram namazı qılınır. Bu günü valideynlərə, qohumlara, qonşulara baş çəkmək, səhər qüsl almaq, başqalarına qarşı daha səmimi, xoş rəftarlı, gülərüz olmaq, bayram ab-havasını pozan hərəkətlərə yol verməmək tövsiyə olunur. İslam dinində mövcud olan bu iki böyük bayramın hər ikisi qısa zaman çərçivəsində yerinə yetirilən ibadətlərdən fərqli olaraq, Ramazan bayramı otuz günlük ibadətin sona yetməsi, Qurban bayramı isə bir neçə həftəlik həcc əməllərinin yerinə yetirilməsinin başa çatması münasibətilə qeyd edilir.

  Bir məsələni də qeyd etmək yerinə düşər ki, bəzi müsəlmanlar İslam dininin yayılmasında müstəsna xidmətlər göstərmiş və bu yolda şəhid olmuş müqəddəslərin qəbrini ziyarət etməyi daha asan olduğu üçün həvəslə yerinə yetirir, amma vacib buyrulan Həcc ziyarəti üçün tədarük toplamırlar və səbəb kimi də maddi vəziyyətlərinin qənaətbəxş olmaması dəlilini gətirirlər. Belə düşüncə tərzi bizi Allahın vacib buyurduğu Həcc ziyarətinə getməkdən ötrü vəsait toplamaq həvəsindən uzaqlaşdırar və vacib əməllərin müstəhəb əməllərlə qarışdırılmasına, yerlərinin dəyişdirilməsinə və zərərli meyillərə  aparıb çıxara bilər.   Biz də Qurban bayramı münasibətilə bütün müsəlman həmvətənlərimizi təbrik edir, Allahdan xalqımıza sülh, əmin-amanlıq və bol ruzi diləyirik.

 

Rauf  CƏBRAYILOV,

ilahiyyatçı

 

Xalq qəzeti.- 2014.- 4 oktyabr.- S.8.