İyirmi il bundan
əvvəl xalq ulu
öndər Heydər Əliyevin
ətrafında sıx birləşərək dövlət
çevrilişinə cəhdin qarşısını
aldı
Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan Azərbaycana torpaq iddiası ilə açıq-aşkar təcavüzə başladı, ərazilərimiz düşmənin silahlı qüvvələri tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə hakimiyyət uğrunda qızğın mübarizə gedirdi. Bundan istifadə etmək istəyən xarici kəşfiyyat orqanları Azərbaycanı özlərinə sərf edən qüvvələrin idarəçiliyinə verməyə çalışırdılar. Bunun üçün onların tövsiyəsi ilə ölkə daxilində bir-birindən ağır terror aktları, səsli-küylü qətllər törədilirdi. Bütün təxribatlara baxmayaraq, Azərbaycan xalqı sarsılmadı, 1993-cü ilin ortalarında öz iradəsini göstərərək müdrik insan, praqmatik siyasətçi, zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyevi hakimiyyətə gətirdi. “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən ulu öndər hakimiyyətə qayıdışının elə ilk günündə bəyan etdi ki, müstəqil Azərbaycanın yaşaması, irəli getməsi üçün var qüvvəsini və bacarığını əsirgəməyəcəkdir.
Dahi siyasətçi onu
da qətiyyətlə bildirdi
ki, ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün geniş imkanlar var. Ancaq
həmin imkanları hərəkətə
gətirmək bir o qədər
də asan məsələ deyildi. Heydər Əliyev ilk
növbədə ölkədə genişlənmək təhlükəsi olan
vətəndaş müharibəsini dayandırmaq üçün
ağıllı, düşünülmüş
siyasi tədbirlər həyata keçirdi.
Hakimiyyətə qayıtmazdan əvvəl o,
iyunun 13-də Gəncəyə gedərək
hərbi müxalifətlə
danışıqlar apardı, mövcud böhrandan çıxış
yollarını müəyyənləşdirdi. Lakin bu vaxt siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş
müharibəsi, hərki-hərkilik, pərakəndəlik həddinə gətirib çıxarmış AXC-Müsavat iqtidarı məcburiyyət
qarşısında qalaraq, hakimiyyətə
dəvət etdiyi Heydər Əliyevə
kömək etmək əvəzinə, müxalifətə keçdi. Siyasi meydanda tək qalan ulu öndər səbrlə,
təmkinlə bütün çətinlikləri
ardıcıllıqla aradan qaldırdı.
Ümummilli liderimiz vətəndaş
müharibəsini dayandırmaq və qismən də olsa, daxili sabitlik
yaratmaq məqsədilə heç
bir siyasi idarəçilik
bacarığı olmayan, xarici
dövlətlərin xüsusi xidmət
orqanlarının və revanş almaq istəyən
qüvvələrin əlində oyuncağa
çevrilmiş Surət Hüseynovu
öz nəzarəti
altında saxlamaq üçün
baş nazir vəzifəsinə
təyin etdi.
Heydər
Əliyev iqtidarında yüksək vəzifə tutsa da, öz
məkrli niyyətlərinə nail ola bilməyəcəyini dərk edən S.Hüseynov keçmiş müdafiə naziri
Rəhim Qazıyev və Lənkəranda silah
gücünə hakimiyyəti ələ keçirmiş
Əlikram Hümbətovla əlbir olaraq ulu öndəri hakimiyyətdən əl çəkməyə
məcbur etmək planını reallaşdırmağa
çalışırdı. Əlikram Hümbətovun cənub
bölgəsində separatçılıq hərəkətlərinə
xalq tərəfindən bir
günün içərisində son qoyulduğunu görən
S.Hüseynov pozuculuq fəaliyyətini
müxtəlif vasitələrlə pərdələsə də,
təcrübəli dövlət xadimi kimi Heydər Əliyev onun
cinayətkar niyyətini və xəyanətkar
planını duyurdu.
Ölkənin
müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan
qüvvələrin hakimiyyəti ələ keçirmək üçün heç
nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin ətrafında daha da sıx birləşdi.
Ümummilli liderimizin
ölkənin müstəqilliyinin dönməz və
ardıcıl olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın
inkişaf yoluna qədəm
qoyması düşmənləri ciddi təşvişə
salmışdı. Onlar paytaxtda
və respublikanın digər iri
yaşayış məntəqələrində siyasi sabitliyi pozmaqdan ötrü hər
cür rəzil üsullara əl atırdılar. Bakı
metropolitenində yanğın və partlayışlar törədilir,
Prezident Heydər Əliyevə
qarşı sui-qəsd planları hazırlanır, dövlət
çevrilişinə cəhdlər ara vermirdi.
1993-cü
il sentyabr
ayının ortalarında S.Hüseynov, R.Qazıyev və Ə.Hümbətov
öz nəzarətlərində olan silahlı qüvvələri birləşdirib
Bakıya hücum etmək, Heydər
Əliyevi zor gücünə hakimiyyətdən
salmaq qərarına gəlmişdilər. Respublikanın qərb rayonlarında
qeyri-rəsmi hərbi dəstələr
yaradılmışdı. S.Hüseynov Gəncə
və Yevlaxdakı əlaltılarının
iştirakı ilə müşavirə keçirərək,
çevrilişə hazırlıq planlarını müzakirə
etmişdi. Baş nazir və onun
tərəfdarları ölkədə narazılıq, iqtidara inamsızlıq əhval-ruhiyyəsi yaratmaq üçün
müxtəlif iqtisadi təxribatlar həyata
keçirir, ərzaq təchizatında süni gərginlik yaradır, inflyasiyanı dərinləşdirən
tədbirlər görürdülər.
Bütün bu təxribatlara,
maneələrə baxmayaraq, ümummilli lider Heydər
Əliyev öz daxili
və xarici siyasətini inamla,
səbrlə davam etdirirdi.
Bu mənada
1994-cü il çağdaş
Azərbaycanın tarixində xüsusi rol oynadı. Ermənilər tərəfindən
məcburi müharibəyə cəlb olunmağımız
altı il idi ki, ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Xəyanət,
səriştəsizlik üzündən cəbhədə uğursuzluqlar bir-birini əvəz edirdi.
Belə ağır şəraitdə ölkəni tam məğlubiyyətdən xilas
etmək, insanları ümidləndirmək üçün
atəşkəs rejiminin əldə
olunması xarici siyasətimizdə ən uğurlu addım kimi qiymətləndirilməlidir.
Mayın 12-də cəbhə xəttində atəşkəs rejiminin
qüvvəyə minməsi xalqımızın uzun illərdən bəri ilk
dəfə rahat nəfəs almasına səbəb
oldu. Atəşkəs rejimindən yararlanmaq üçün
ulu öndər ordu quruculuğunu və iqtisadiyyatı dirçəltməyi
ön plana çəkdi.
Xəzər dənizinin enerji
ehtiyatlarının xarici şirkətlərlə
birgə istismarına dair 30 illik bir dövrü
əhatə edən və tarixə “Əsrin müqaviləsi”
adı ilə düşən neft-qaz
kontraktı dünyanın aparıcı dövlətlərini
Azərbaycanla sıx iqtisadi əlaqələr
yaratmağa sövq etdi.
Hadisələrin belə cərəyan etməsi, əlbəttə
ki, ölkəmizə düşmən kəsilmiş
qüvvələrin heç də ürəyincə
deyildi. Cəmiyyətdə
vahimə yaratmaq üçün
onlar yenidən hərəkətə
keçdilər. 1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin imzalanmasından dərhal sonra
Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından
dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar
qaçırıldı. Bundan sonra Prezident Heydər Əliyevin ölkədən
kənarda olmasından istifadə
edən qara
qüvvələr ona təsir etmək məqsədilə
sentyabrın 29-da daha bir
ağır cinayət hadisəsi
törətdilər. Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında
Xüsusi İdarənin rəisi
Şəmsi Rəhimov namərdcəsinə qətlə
yetirildilər.
İsti izlərlə istintaq
tədbirləri həyata keçirən respublika prokurorunun qərarı
ilə o vaxtlar siyasiləşərək nəzarətdən çıxan Daxili İşlər Nazirliyi
Xüsusi Təyinatlı Polis Dəstəsinin
bir neçə üzvü həbs olundu. Bu, öz vəzifə səlahiyyətlərini aşan
azğınlaşmış daxili
işlər nazirinin müavini
Rövşən Cavadov və Xətai
rayon prokuroru Mahir Cavadov qardaşlarının xoşuna
gəlmədi. Pozucu qüvvələrin təsiri
ilə artıq cinayət yoluna düşmüş
XTPD-nin 30-dək döyüşçüsü
Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata
başçılıq edən Mahir Cavadov həmkarlarına
qarşı dözümsüzlük
göstərərək vəzifə
borcunu
icra edən
respublikanın baş prokurorunu vəhşicəsinə döydü, prokurorluğun
binasını zəbt edərək, dağıntılar
törətdi.
Rövşən
Cavadov da ondan geri qalmadı. 40 nəfərlik dəstə
ilə Daxili İşlər Nazirliyinə
hücum etdi. Ancaq layiqli
cavab alaraq geri çəkildi. Respublika Prokurorluğuna, qardaşına köməyə
gedərək binanı
mühasirəyə aldı.
Xarici səfərdən
yenicə qayıtmış
Heydər Əliyev vəziyyətin ciddiliyini nəzərə alaraq, oktyabrın 3-də
respublikanın milli televiziyası və radiosu ilə birbaşa xalqa müraciət etdi. Bildirdi ki, sentyabrın 25-dən
30-dək Amerika Birləşmiş
Ştatlarında - Nyu-Yorkda işgüzar səfərdə olmuşdur.
Bu müddətdə Birləşmiş
Millətlər Təşkilatı
Baş Məclisinin
49-cu sessiyasının işində
iştirak etmiş, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkəmizin beynəlxalq aləmdə tutduğu mövqeyi barədə sessiya iştirakçılarına məlumat
vermişdir. Ulu öndərimiz onu
da qeyd etdi
ki, bu, üç
ildən bəri müstəqil dövlət
kimi yaşayan Azərbaycan Respublikasının rəhbərinin
BMT Baş Məclisində
ilk çıxışı idi.
BMT Baş Məclisinin
sessiyasındakı çıxışının
tezislərini geniş
açıqlayan Heydər Əliyev ölkə daxilində son günlər baş verən təxribat xarakterli hadisələrə
də münasibətini
bildirdi. Rövşən
və Mahir Cavadov qardaşlarına tövsiyə
etdi ki, cinayətkar hərəkətlərə yol
verməsinlər, müstəqil
dövlətin
qanunlarına hörmətlə
yanaşsınlar, hakimiyyətlə
silah gücünə
danışmasınlar.
Prezident Heydər
Əliyevin apardığı
danışıqlar nəticəsində
Cavadov qardaşları öz
tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Oktyabrın 4-də
isə Gəncədə
Surət Hüseynovun tərəfdarlarından ibarət
300-ə yaxın silahlı
adam şəhər
icra hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda
iki hərbi hissənin əsgərləri
artilleriya qurğularını Prezident
Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə
müntəzir dayandılar.
Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Heydər Əliyev Azərbaycanın
müstəqil dövlətçiliyini
müdafiə etmək
üçün yenidən
radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Ümummilli liderimizin çıxışı
gecə yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı.
Qısa müddətdə
yüz minlərlə
insan Prezident Sarayı qarşısına
toplaşdı. Bakı
sakinləri ilə yanaşı, dövlətçiliyin müdafiəsinə
rayonlardan da gələnlər az deyildi. Bunu görən dövlət
çevrilişi cəhdinin
təşkilatçıları Prezident Sarayına hücuma cəsarət etmədilər.
Ulu
öndərimizin həyata
keçirdiyi operativ tədbirlər xəyanətkarlara
qüvvələrini birləşdirməyə
imkan vermədi. Gəncədəki hakimiyyət çevrilişi
cəhdi də baş tutmadı. Vəziyyətin onların əleyhinə
dəyişdiyini görən
Cavadov qardaşları,
guya Prezidenti müdafiə etdiklərini
bildirməklə canlarını
məsuliyyətdən qurtardılar.
Oktyabrın 5-də Azadlıq meydanında təşkil olunmuş izdihamlı mitinq xalqla Prezidentin həmrəyliyinin
sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Dövlət
çevrilişi cəhdində
günahkar sayılan Surət Hüseynov vəzifəsindən kənarlaşdırıldı.
Bundan sonra ölkədən Rusiyaya qaçan “yun polkovniki” cəzadan yaxasını qurtara bilmədi, orada tutularaq respublikaya gətirildi və ədalət məhkəməsi qarşısında
cavab verdi. Beləliklə, ulu öndər Heydər Əliyevin qətiyyəti,
müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi
etmək cəhdlərini
puça çıxardı.
Həmin hadisələrdən
20 il keçir.
Əgər o vaxt dövlət çevrilişinə
cəhd baş tutsaydı, bu gün Azərbaycanın nə
vəziyyətdə olmasını
təsəvvür etmək
bir o qədər də çətin deyil. Buna görə
də Azərbaycan xalqı daim ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalı, onun siyasi kursunu
uğurla davam etdirən İlham Əliyevin ətrafında
daha sıx birləşməlidir.
Telman
ƏLİYEV
Xalq qəzeti.- 2014.- 4 oktyabr.- S.7.