Bakı Beynəlxalq Humanitar Forumu dördüncü dəfə
dünya siyasətçilərinin önəmli
tribunasına çevrildi
Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin işləyib
hazırladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun nəticəsində
formalaşmış qüdrətli Azərbaycan dövlətində
tolerant cəmiyyət, sülhsevər
siyasət, bərabərhüquqlu əməkdaşlıq məsələləri
xüsusi yer tutur. Məhz həmin siyasətin nəticəsidir
ki, respublikamız bu gün ən geniş humanitar əməkdaşlıq məsələlərinin
müzakirə edildiyi nüfuzlu
bir məkana çevrilib.
Artıq ölkəmiz haqqında söz
açan əcnəbi ekspertlərin hamısı qətiyyətlə
söyləyir ki, Azərbaycan mədəniyyətlər,
sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan, bu məzmunlu beynəlxalq tədbirlərin keçirilməsi
üçün çox əlverişli
ölkədir. Bu həqiqət
ölkəmizin paytaxtında dördüncü
dəfə təşkil olunan Beynəlxalq
Humanitar Forumun
tribunasından dəfələrlə səsləndi. Qeyd olundu ki, bu
beynəlxalq tədbir yeni əsrdə dünyanın qarşısında duran
qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən
mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr
aparmaq üçün
mühüm əhəmiyyət kəsb edir. 60-dan çox ölkədən gəlmiş 500-ə
yaxın nüfuzlu qonağın iştirak etdiyi forumun açılış mərasimində geniş nitq söyləyən
Prezident İlham
Əliyev ölkəmizin ev sahibliyi etdiyi tədbirlər
silsiləsini gözəl ənənə adlandırdı.
Forum çərçivəsində aparılacaq
diskussiyaların, fikir mübadiləsinin humanitar əməkdaşlığın dərinləşməsinə
xidmət edəcəyinə əmin olduğunu
bildirən dövlət başçımız qeyd etdi ki,
biz Azərbaycanda bu
sahəyə çox böyük
diqqət göstəririk.
Təsadüfi deyil ki,
bu forum da məhz Azərbaycanda keçirilir:
“ Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin
müzakirəsi, təhlilin aparılması üçün
bu forumun müstəsna
rolu vardır. Əlbəttə, buna görədir ki, foruma maraq durmadan
artır. Bu, artıq beynəlxalq aləmdə
önəmli bir formata
çevrilibdir.”
Müasir dünyada gedən qloballaşma prosesinin ən mühüm
çağırışlarından olan
çoxmədəniyyətlilik, çoxkonfessiyalılıq və
qarşılıqlı inam, etimad məsələlərinin Azərbaycanda tək indi deyil, tarix
boyu həmişə mövcud
olduğunu söyləyən dövlət
başçımız
dünyanın bütün qitələrini
təmsil edən siyasətçilər qarşısında bir daha vurğuladı ki, multikulturalizm Azərbaycanda
həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər
mövcud olub. Xalqlar arasındakı dostluq
və həmrəylik bunun bariz
nümunəsidir. Biz bu
gün də çalışırıq
ki, öz təşəbbüsümüzlə
regionda və dünyada
gedən proseslərə müsbət təsirimizi göstərək.
Təsadüfi deyil ki,
Azərbaycan tərəfindən irəli sürülmüş
bir neçə təşəbbüs
artıq həyatda öz yerini
tapıbdır və bu təşəbbüslər
ətrafında yeni imkanlar
yaranır... Bakıda sivilizasiyalararası dialoq
forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya
dini liderlərinin zirvə görüşü
keçirilmişdir və Bakı Beynəlxalq
Humanitar Forumunun mahiyyəti
də məhz bundadır”.
Politoloq və ekspertlərin fikrincə, Azərbaycan
dövlətinin xarici siyasətində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli müstəsna
əhəmiyyət kəsb edir. Yəni dövlət başçımız və bütün rəsmilərimiz istənilən
beynəlxalq tribunadan bu
məqsədlə istifadə edir, gənc
müstəqil dövlət olan Azərbaycanın terrora,
təxribatlara, seperatçılığa, ekstremizmə məruz
qaldığını dünya ictimaiyyətinin
diqqətinə çatdırır. Dördüncü
Bakı Beynəlxalq Humanitar Forumunda da belə oldu. Dövlət başçımız
Dağlıq Qarabağ münaqişəsi
barədə söz açaraq
dedi: “Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa,
humanitar məsələlərin həllinə
həmişə böyük diqqət
göstərməyimizə baxmayaraq,
xalqımız və dövlətimiz humanitar
fəlakətlə üzləşmişdir. Azərbaycanın
ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı
işğalçı siyasət aparılır. Azərbaycanın
beynəlxalq birlik tərəfindən
tanınan ərazisi Ermənistanın işğalı
altındadır... BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul etmişdir
ki, orada erməni
silahlı qüvvələrinin işğal
edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük
ədalətsizliklə, ikili standartlarla üzləşirik”.
Dövlət
başçımız hətta müvafiq
beynəlxalq təşkilatların qınanmalı olan cəhətlərini söyləməkdən
də çəkinmədi: “... Biz
yaxşı bilirik ki,
bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir
gün ərzində icra
edilir. Ancaq bizim üçün ən
vacib məsələdə 20 ildən
artıqdır ki, bu qətnamələr
kağız üzərində qalıbdır. ATƏT,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası Parlament
Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qərar və qətnamələr qəbul etmişlər və
bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.
Azərbaycanın ərazi
bütövlüyü bütün
dünya tərəfindən
tanınır və qeyd-şərtsiz bərpa edilməlidir...
Yəni, bu, böyük
humanitar fəlakətdir və Azərbaycan
təkbaşına, öz gücü
hesabına bu humanitar
məsələnin həlli, köçkünlərin yerləşdirilməsi,
onları işlə təmin etmək üçün
böyük işlər görüb
və hələ bu işlər davam edir".
Bugünkü Azərbaycan həqiqətlərinin təkcə
tolerantlıqdan, multikulturalizm prinsiplərinin
yaşadılmasından və Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesində dünya
birliyinin nümayiş
etdirdiyi ikili standartlara məruz qalmağımızdan ibarət
olmadığını qonaqların diqqətinə
çatdırmaq istəyən dövlət başçımız başqa
məqamlardan da söz
açmağı məqsədəuyğun saydı. Üstəlik,
əsaslandırdı ki, həmin
reallıqlar mövcud olmasa humanitar istiqamətli
heç bir layihədən
danışmaq mümkün deyil: “... Güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli
sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi
təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə
yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü
şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə
artmışdır, yoxsulluğun səviyyəsi
kəskin şəkildə aşağı düşmüşdür.
Yoxsulluq cəmi 10 il ərzində
49 faizdən 5,3 faizə düşmüşdür.
Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir.”
Azərbaycanın
ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi, bu forumda
da qonaqların ölkəmiz,
xalqımız, dövlətimiz və dövlət
başçımızın yeritdiyi siyasət
barədə səmimi və qətiyyətlə söylənilən
təqdiredici fikirlərini eşitdik.
Rusiya Federasiyası Federal
Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenko forumdakı
çıxışından istifadə edərək ölkələrimiz
arasındakı əməkdaşlığın yüksək
səviyyəsindən də danışdı: “Rusiya-Azərbaycan
əlaqələri qədim və geniş
humanitar qarşılıqlı fəaliyyətin
parlaq nümunəsidir. Bu
əməkdaşlıq artıq bu gün möhkəm qanunverici
əsasa da malikdir. Onun dinamik
inkişafının əsas amili Rusiya və Azərbaycan rəhbərlərinin
dialoqudur. Dövlətlərimizin prezidentləri
ölkələrimiz arasında münasibətlərin
möhkəmlənməsinə şəxsən xüsusi töhfə veriblər. Belə ki, keçən ilin avqustunda Vladimir Vladimiroviç Putinin
Bakıya səfəri zamanı Rusiya ilə
Azərbaycan arasında humanitar sahədə
Əməkdaşlıq Proqramı imzalanıb. Rusiya Federasiyasının Federal
Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq əlaqələri yaranıb. 2003-cü
ildən bəri birgə parlamentlərarası komissiya
fəaliyyət göstərir. Bu komissiya humanitar sahədə
müqavilə-hüquqi bazanın inkişafında bizim parlamentlərin qarşılıqlı fəaliyyətinin
ən aktual məsələlərinə daim diqqət yetirir.
Rusiya-Azərbaycan
regionlararası forumları humanitar əlaqələrin
dinamik inkişafına mühüm
töhfə verir. Xatırladıram ki, bu il
iyun ayında Qəbələ şəhərində
“Regionlararası əməkdaşlıq: yeni
artım imkanları” mövzusunda V
Rusiya-Azərbaycan Forumu uğurla
keçdi. Humanitar sahədə
əməkdaşlığın perspektivli
istiqamətləri həmin forumun əsas
mövzularından biri oldu".
Ölkəmizin
beynəlxalq təşkilatlarla əməkdaşlıq
zamanı nümayiş etdirdiyi
səmimiyyət, etimad, prinsipiallıq və
sədaqətdən söz açan BMT-nin İnkişaf Proqramının rəhbəri
xanım Helen Klark öz
çıxışında Azərbaycan həqiqətlərinin
ifadə olunması baxımından çox
dəyərli məqamları
yada saldı:
“İllər öncə BMT-nin İnkişaf Proqramı “qara
qızıl”ın insan kapitalına
çevrilməsi konsepsiyasının
formalaşdırılması üçün
Azərbaycana kömək etmişdir. Bu təşəbbüs isə rəqabətədavamlı
qeyri-neft sektorunun inkişaf etdirilməsinə və insanların
bacarıqlarının gücləndirilməsinə yönəlmişdir.
Cənab Prezident bir qədər əvvəl söylədiyi kimi, Azərbaycan bu illər
ərzində yoxsulluq səviyyəsinin kəskin
azaldılmasına, sosial xidmətlərə
yeni sərmayələrin
yatırılmasına, sosial müdafiə
sisteminin qurulmasına və əməkhaqlarının
artırılmasına nail olmuşdur.
Hazırda
“qara qızıl”ın insan
kapitalına çevrilməsi konsepsiyası tətbiq olunduğu ilk gündəki
qədər vacibdir. İnsan
inkişafının artırılması istiqamətində fəaliyyət
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğur qazanması üçün
vacib idi. BMT-nin İnkişaf Proqramı olaraq,
biz bu konsepsiyanın
reallaşdırılması işində Azərbaycana dəstək
verməyə sadiqik".
UNESCO-nun baş direktoru,
xanım İrina Bokovanın forum iştirakçılarına
videomüraciətində bu beynəlxalq təşkilatın
Azərbaycanın təşəbbüslərinin dəstəklənəcəyi
ifadə olunur, adıçəkilən forum dünyanın problemlərinə vacib yanaşma kimi qiymətləndirilirdi: “UNESCO-nun mandatı
məhz sülhün və davamlı
inkişafın təmin edilməsindən ibarətdir... Bu, insanların əsas tələbatlarına cavab vermək, onlara
kömək etmək üçün vacibdir. UNESCO öz tərəfindən
hazır olduğunu bildirir
ki, mandatından irəli gələrək
bu vacib yanaşmaya dəstək verəcək”.
Başqa bir beynəlxalq təşkilatın
rəhbəri - İSESCO-nun baş direktoru Əbdüləziz
bin Osman
Əl-Tüveycri isə öz
çıxışında Bakı Forumunu
dünyada yaşanan humanitar böhranlardan
çıxış yolunun
axtarıldığı bir tədbir kimi qiymətləndirdi və təəssüf
etdi ki, Azərbaycanın
özü həmin problemlərdən biri ilə
üz-üzədir: “Əfsuslar
olsun ki, beynəlxalq
ictimaiyyət yenə də bir çox faktlara laqeyd yanaşır. Bunların arasında
ayrı-seçkilik, ədavət, ekstremizm
var. Təəssüflər olsun ki, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin
erməni qüvvələri tərəfindən
işğalı və Fələstin xalqının çəkdiyi
əziyyətlər davam edir.
Bu iki problemə gəldikdə,
bununla bağlı bir
çox təşəbbüslər irəli
sürülmüşdür. Əslində,
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri var.
Bu qətnamələr hələ ki, həyata keçirilməyib. Bu, əslində beynəlxalq hüquqa
məhəl qoyulmaması deməkdir. Mən hesab
edirəm ki, işğala
son qoyulmalıdır. Bu,
yeganə yoldur. Mən bunu
İSESCO adından bəyan edirəm və bu,
həyata keçirilməlidir”.
Beləliklə,
Azərbaycanın sülhsevərliyə,
qarşılıqlı inam və etimada, sosial birgəyaşayış
normalarına və ən başlıcası bəşəri
dəyərlərə sədaqət nümunəsi kimi formalaşdırdığı beynəlxalq
humanitar forumlardan daha biri dünya
ictimaiyyətinin ixtiyarına verildi. Forum
iştirakçılarının böyük
əksəriyyəti bildirdi ki, müasir
dünyanın mövcud böhranlardan
xilas edilməsi üçün
məhz bu cür beynəlxalq
tədbirlərə, hamılıqla aparılan müzakirələrə
ehtiyac vardır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.6.