Amalını, məqsədini,
məramını xeyirxahlıq
üstə kökləmiş nəcib insan, əsl elm
fədaisi,
kamil şəxsiyyət — Aida İmanquliyeva
Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum gündür. Təsadüfi deyil ki, qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.
Həyatının
bütün dövrlərində amalını, məqsədini, məramını
xeyirxahlıq üstə kökləmiş bu
nəcib insan, böyük
alim 53 illik ömür yolunda dünya şərqşünaslıq elminə
dəyərli töhfələr vermişdir. Bəli, Aida
İmanquliyeva haqqında alim,
təşkilatçı, ana, zərif
qadın kimi çox
yazılıb və bundan sonra
daha çox
yazılacaqdır. Çünki zaman ötdükcə biz Aida xanımın böyüklüyünü,
kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik.
Onun hansı cəhətini daha
qabarıq vermək, hansı məziyyətini ön
plana çəkmək müşkül
məsələdir. Çünki Aida xanımdakı bu cəhətlər
bir-biri ilə elə möhkəm
çulğalaşır ki, onları
ayırmaq qeyri-mümkündür. İstər-istəməz
ona hərtərəfli yanaşmalı, ondan
hərtərəfli bəhs etməli olursan.
Fikirlərimizi Aida
xanımla eyni dövrdə yaşayan müasirləri də təsdiq edərək
deyirlər ki, o, Azərbaycan
qadınlarına xas olan
ən nəcib keyfiyyətləri təcəssüm etdirirdi. Zərif, kövrək qəlbli alim əhatəsində olan
hər bir insanın problemləri ilə
maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi...
Aida xanım İmanquliyeva
1939-cu il oktyabrın 10-da Bakı şəhərində
dünyaya gəlmişdir. 1957-ci ildə
Bakı şəhərinin 132 saylı orta
məktəbini qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan
Dövlət Universitetinin (indiki
BDU-nun) şərqşünaslıq
fakültəsinin ərəb filologiyası bölməsinə
daxil olmuşdur.
1962-ci ildə universiteti bitirəndən sonra həmin universitetin
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş Sovetlər
Birliyinin Elmlər
Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil
almışdır. 1966-cı ildə namizədlik
dissertasiyasını uğurla müdafiə
edən Aida xanım İmanquliyeva
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda məhsuldar elmi
fəaliyyətə başlamışdır. Zəhmətkeşliyi,
zəkası, qabiliyyəti , istedadı ilə diqqətləri
cəlb edən Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə
keçərək kiçik elmi işçidən baş
elmi işçi,
şöbə müdiri, elmi
işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru
vəzifəsinə qədər
ucalmışdı. 1989-cu ildə Aida
xanım İmanquliyeva Tbilisi
şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri
doktoru elmi dərəcəsi
və tezliklə bu ixtisas
üzrə professor adını
almışdır. Onu da deyək ki,
aspiranturada təhsil aldığı
müddətdə Aida xanım özü üçün
tədqiqat obyekti kimi ərəb
məhcər (mühacirət) ədəbiyyatını seçmişdir. Şimali
Amerikada təşəkkül tapıb
formalaşmış məhcər ədəbiyyatı,
xüsusilə 1920-ci ildə təsis edilmiş
“Qələmlər birliyi” ərəb
ədəbiyyatı tarixində xüsusi
çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində
namizədlik dissertasiyası müdafiə etmiş,
məhcər ədəbiyyatının görkəmli
nümayəndələri Mixail Nüaymə
və Cübran Xəlil Cübran
haqqında monoqrafiyalar yazıb çap etdirmişdir. Aida xanım öz
istedadı və əməksevərliyi sayəsində
qısa zaman kəsiyində keçmiş Sovet
İttifaqında yeni ərəb ədəbiyyatı
üzrə ən tanınmış mütəxəssislərdən
birinə çevrilmişdir.
Çoxşaxəli
yaradıcılığı, ictimai həyatda
da geniş fəaliyyəti
olan Aida xanım bütün bunların fövqündə ailə
ocağının müqəddəsliyini, Şərq
qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat
yoldaşı, övlad sevgisi
ilə yaşayan mehriban
ana, qayğıkeş nənə, əsl xanım, zərif
qadın idi. Yüksək vəzifələr,
elmi titullar, ictimai həyatda fəallıq onu
bu ümdə insani
keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi.
İnanılmaz zəka, zəhmətkeşlik,
qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət,
yüksək əxlaq – bütün bunlar Aida xanıma xas olan keyfiyyətlər idi.
Təbii
ki, bu, həm də ailədən gələn genetik
xüsusiyyət idi. Çünki
Aida xanımın doğulduğu,
böyüdüyü ailənin və gəlin
gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni
fikrində öz yeri
və sanbalı vardır.
Belə bir mühit onun ədəbi-elmi yaradıcılıqla gərəyincə
məşğul olması üçün
mənəvi zəmin yaratmışdır. Aida
xanımın atası - görkəmli jurnalist,
pedaqoq, əməkdar elm
xadimi Nəsir İmanquliyev
Azərbaycan mətbuatında inkişafın bünövrəsini
qoyanlardan biri olmuşdur, uzun müddət
“Bakı” və “Baku” qəzetlərinin baş redaktoru işləmişdir.
Anası Gövhər İmanquliyeva
(Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olmuşdur. Aida xanım görkəmli Azərbaycan
yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa
çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir
ki, Aida xanım
İmanquliyevanın həyat və
yaradıcılığı milli
ziyalı qadınlar içərisində bənzərsizliyi,
yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Böyük alim keçmiş
SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət
Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi
üzrə Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Professor Aida İmanquliyeva çox az insana nəsib olan elmi istedadı, təşkilatçılıq
qabiliyyəti və pedaqoji fəaliyyəti
özündə birləşdirən bir alim idi. O, 20 ildən
artıq müddətdə Bakı Dövlət Universitetinun şərqşünaslıq
fakültəsində ərəb ədəbiyyatından
mühazirələr oxumuş, xüsusi kurslar
aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.
Aida İmanquliyevanın maraqlı mühazirələrini
dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi
olduğunu qeyd edirlər.
Bu günün tələbələri
isə onun kitablarından, məqalələrindən,
əlyazma şəklində olan
mühazirələrindən bəhrələnirlər. Bu gün hər kəs etiraf edir ki,
uzun illər pedaqoji fəaliyyətlə
məşğul olan Aida
xanım Sovet İttifaqında və Azərbaycanda
yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarındandır.
Aida xanım İmanquliyevanın tədqiqat əsərləri
və tərcümələri ədəbiyyat və mədəniyyət
xəzinəmizin zəngin sərvətləridir. Qələmə
aldığı bütün əsərləri
bu insanın əsl elm
fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu
təsdiq edir. Aida
xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan
elminin inkişafı yolunda
bacardığını etmişdir. Aida
İmanquliyevanın Şərq müdrikliyi
ilə Qərb həssaslığını özündə
cəmləşdirən ərəb məhcər ədəbiyyatının
yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri,
spesifikası, onun başqa
ədəbi məktəblərdən fərqli cəhətləri,
məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi
səciyyələndirən məziyyətlər barədə
mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində
görkəmli mütəxəssislər tərəfindən
bəyənilir və qəbul edilir.
Yuxarıda
işarə etdiyimiz kimi,
3 monoqrafiyanın (“Mixail Nüaymə və
”Qələmlər birliyi", “Cübran Xəlil
Cübran”,
“Yeni ərəb ədəbiyyatı
korifeyləri” və 70-dən
artıq elmi məqalənin müəllifi
olan Aida xanım İmanquliyeva Şərq filologiyası sahəsində
yazılmış bir çox
elmi əsərlərin redaktoru olmuşdur. O, həmçinin Azərbaycan Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda fəaliyyət göstərən
“Asiya və Afrika xarici ölkə ədəbiyyatları”
ixtisası üzrə müdafiə şurasına sədrlik etmişdir. Şübhəsiz ki,
Aida xanım İmanquliyeva
Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi
əlaqə və təsirini sistemli
şəkildə araşdıran ilk azərbaycanlı
alimdir. O, Şərq və
Qərb mədəniyyətlərinin qarşılıqlı
təsir və əlaqələrini öyrənərkən hər
iki ədəbiyyatın ümumbəşəri
dəyərlərini əsas götürmüş,
mədəni tərəqqini şərtləndirən amillərə
istinad etmişdir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən
“Ərəb filologiyası məsələləri”, “Şərq
filologiyası məsələləri”, “Şərqin problemləri:
tarix və müasirlik”
və onlarca digər məqalə və elmi əsərləri alimin
elmi maraq və tədqiqat
əhatəsinin çox geniş
və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar
elmlərin sərhədlərinə də nüfuz
etdiyinin göstəricisidir.
AMEA-nın
Şərqşünaslıq İnstitutunda
direktorun müavini, direktor vəzifələrində
çalışdığı dövrlərdə Aida xanım dəyərli elmi
təşkilatçılıq fəaliyyətində yüksək
ixtisaslı ərəbşünas kadrların
hazırlanmasını daim diqqət mərkəzində
saxlamışdır. Təsadüfi
deyil ki, institutun “Ərəb filologiyası” şöbəsinə
başçılıq etdiyi qısa
müddət ərzində onun bilavasitə
səyləri ilə 10-dan artıq namizədlik
dissertasiyası müdafiə edilmişdir.
Akademik Ziya Bünyadov
görkəmli şərqşünasın elmi-pedaqoji
fəaliyyətinin bu cəhətini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Aida xanım həmişə
öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür,
əlindən gələn köməyi onlardan
əsirgəmirdi.
Böyük alimlə 15 il birgə
çalışan Milli Məclisin
deputatı, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
filologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva onun fəaliyyətindən, nümunəvi insani keyfiyyətlərindən söz
açarkən deyib: “Ulu Tanrı Aida xanımı yaradarkən çox
səxavətli olmuş, ona
yüksək şəxsi və intellektual
keyfiyyətlərlə yanaşı, qibtədoğuran bir zahiri gözəllik də
bəxş etmişdi. Onun gözəlliyini vəsf
etmək üçün bəlkə də
Füzuli qələmi, Vaqif
təbi, Ələsgər sözü gərəkdir.
Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi
dünyası, incə ruhu və həssas
qəlbi ilə tam bir
harmoniya təşkil edirdi.
Çox təəssüf ki, görkəmli şərqşünas-alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın ömür yolu qısa oldu. Amma onsuz ötən illər
bir həqiqəti də ortaya
qoydu: Aida xanım bizdən
yalnız cismən ayrılıb - adı dillərdən düşmür, xatirəsi ürəklərdən
silinmir. Onun ruhu aramızda dolaşır,
övladlarında, əsərlərində, tələbələrində,
həmkarlarında yaşayır, yolumuzu
işıqlandırır, bizi sabaha səsləyir. Əsərləri dönə-dönə
oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur,
yenidən işıq üzü görür. Nə qədər
ki, onun alim qələmi ilə uğrunda
mübarizə apardığı ideya və
amallar aktuallığını itirməyib,
nə qədər ki, Şərq və Qərb
münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə professor
Aida İmanquliyevanın əsərlərinə
müraciət edəcək və gələcək nəsillər
onu daim minnətdarlıqla
xatırlayacaqlar”.
Aida xanım İmanquliyevanı tanıyanlar
onun son dərəcə
zəhmətkeş və özünə qarşı həddindən
artıq tələbkar bir alim
olduğunu yaxşı bilirdilər. Onun qələmindən çıxan hər bir əsər gərgin, böyük
bir zəhmətin nəticəsidir. Tədqiqatçıların
haqlı olaraq qeyd
etdikləri kimi, Aida
xanım bu gün ərəb
məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı
tədqiqatçısıdır. Bunu nəinki
Azərbaycan və əski sovet ərəbşünasları,
hətta Avropa şərqşünasları,
ərəblərin özləri belə, etiraf
edirlər.
AMEA-nın
müxbir üzvü,
professor Səlahəddin Xəlilovun “Şərq
ruhunun Qərb həyatı. Aida İmanquliyeva
yaradıcılığının izi ilə”
kitabında (elmi redaktoru
professor Nərgiz xanım
Paşayevadır) görkəmli şərqşünas-alim Aida xanım İmanquliyevanın elmi-nəzəri
irsindən söz açılır və
müxtəlif səhifələrində
diqqətçəkən məqamlara toxunularaq
deyilir: “Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə
təcəssüm etdirən, eyni zamanda müasir Qərb mədəniyyətinə
dərindən bələd olan, sovet məkanında bizə görə Qərb
sayılan Moskva və Sankt-Peterburqda
Şərq ruhunu böyük
ləyaqətlə təmsil edən bir
Azərbaycan qadını, Qərb üçün
şərqşünas, Şərq üçün
qərbşünas alim idi...
Aida
xanımın əsərlərində izahını tapan bir çox
nəzəri məsələlərlə yanaşı, ədəbi-bədii
komparativistika təcrübəsi də milli ədəbiyyatşünaslığımız
üçün böyük
əhəmiyyətə malikdir. Şərq
və Qərb düşüncə tərzlərinin
xüsusiyyətlərini nəzərə almaqla aparılan müqayisələr Azərbaycan
ədəbiyyatının da dünya ədəbiyyatı kontekstində nəzərdən
keçirilməsi və Qərb romantik
poeziyası ilə paralellər yaradılması üçün geniş imkanlar açır... Aida xanıma qədər nəinki
ərəb məhcər ədəbiyyatı, habelə Qərb
romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, Emerson, Uitmen kimi görkəmli
şairlərin həm bədii yaradıcılıq
metodları, həm də ideya mövqeləri
Azərbaycan oxucularına ilk dəfə
olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur...”
Bu məqamda qeyd etmək
yerinə düşər ki, müasir Qərb fəlsəfəsində və
mədəniyyətində hermenevtik metodlarla mətnlərin və simvolların kəşf
edilərək interqetasiya (şərh-təfsir)
məsələsi öz
aktuallığını mühafizə edir.
Belə ki, məşhur
fransız filosof və hermenevtik
mütəxəssis Pol Rikora
görə bir mədəniyyəti şərh
etmək və ya onun
simvollarını yozmaq o
mədəniyyəti müəyyən dərəcədə
dəyişdirmək mənasına gəlir. Nəticədə,
bu şərh və yozumlar
sayəsində “şərhlərin-yozumların
toqquşması” (conflict of
interpretations) məsələsi ortaya çıxır. Bu
isə normaldır və ancaq hermenevtik metodologiya ilə
izah oluna bilər. Maraqlıdır ki,
Aida xanım İmanquliyevanın yaradıcılığı həm
fəlsəfi, həm də ədəbi mətnlərin
anlaşılması və şərh olunmasında müasir dövrdə geniş
tərzdə tətbiq olunan hermenevtik tezis və təhlillər
ilə zəngindir. Məhz Aida
xanımın əsərlərində hermenevtik
metod vasitəsi ilə ixtisaslararası (interdisipliner) əlaqələrin ən aktual nümunələrinə rast
gəlmək mümkündür. Nəticədə, professorun bütün yaradıcılığı ekzistansial olaraq varlığı, mətnləri və
ümumiyyətlə, ədəbi əsərləri anlayaraq öz həyat
anlayışımızı və mənəvi
dünyamızı zənginləşdirməyimizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir. Aida xanımın
bütün elmi-bədii
yaradıcılığı, ictimai fəaliyyəti
də bütövlüyə, vəhdətə can atan xarakterin
ifadəsi olmuşdur. Böyük
alim Azərbaycan
qadınlarına xas olan
ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür
yolu, həyatın, varlığın əsasında
duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir
insan idrakının, bir
ana, bir qadın ruhunun təcəssümü olmuşdur.
Ancaq heç bir insan əbədi ömür sürmək üçün
dünyaya gəlməyib. Hər birimiz bu dünyanın
müvəqqəti sakinləriyik. Bununla
belə insan öz əməlləri,
yaratdığı əsərləri, insanpərvərliyi ilə
bu müvəqqəti həyatda ölməzlik qazana bilər.
Böyük alim, professor
Aida xanım İmanquliyeva
da öz əməlləri,
yaradıcılığı ilə ölməzlik abidəsinə
çevrilmişdir. O, 1992-ci il sentyabrın 19-da vəfat etsə də bu gün də ürəklərdə
yaşayır, onun elmi
fəaliyyəti bu gün
də tədqiqatçıların diqqət mərkəzində
saxlanılır. Qürurla deyə bilərik ki, bu gün də Aida xanım
ölməz tədqiqat əsərləri ilə Qərb ilə
Şərqin sivilizasiyalararası toqquşmadan
yan keçməsinə, dialoqun
və qarşılıqlı anlaşmanın ədavətə,
dini fanatizmə qalib gəlməsinə
kömək edir.
Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.5.