Ümummilli lider Heydər
Əliyevin Prezident
kimi birinci dəfə andiçməsindən 21 il
keçir
1993-cü il oktyabrın 10-da xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan Prezidenti kimi birinci dəfə and içmişdir. İyirminci əsrin ortalarından başlayaraq tarixi şəxsiyyət, güclü siyasi xadim kimi formalaşan Heydər Əliyev dərin məntiqi, təfəkkürü, düşüncə tərzi ilə insanları daim özünə cəlb edib, tələbkarlığı və qayğıkeşliyi ilə bütün mərhələlərdə adamları səfərbər etməyi bacarıb. Heydər Əliyev dövləti idarə etməyin mahir ustası idi, dünya siyasətini yaxşı bilirdi, xalqı, cəmiyyəti öz arxasınca aparmağı bacarırdı. Heç təsadüfi deyil ki, AXC-Müsavat iqtidarı bir illik hakimiyyətləri zamanı ölkəni xarabalığa çevirəndə, insanları vətəndaş qarşıdurması həddinə çatdıranda xalq tərəddüd etmədən Heydər Əliyevə üz tutdu. Azərbaycanı düşdüyü dərin böhrandan, bəlalardan yalnız Heydər Əliyevin xilas edəcəyi hamıya aydın idi. 1993-cü ilin prezident seçkilərində xalqın 98 faizinin ulu öndər Heydər Əliyevin namizədliyini dəstəkləməsi bu inamın təsdiqi idi.
Qeyd etmək
lazımdır ki, XX əsrin sonu dünyada köklü dəyişikliklərə gətirib
çıxaran siyasi
proseslərlə zəngin olmuşdur. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət,
əsrlərdən bəri bəslədiyi ümidlərinə,
arzularına çatmış, əsrin əvvəlində
qazandığı müstəqilliyini yenidən bərpa etmişdir. Azərbaycan
Respublikasının dövlət müstəqilliyini əldə
etməsi dünyada,
keçmiş Sovetlər
İttifaqında gedən ictimai-siyasi
proseslərin məntiqi nəticəsi olmuşdur.
Ümummilli liderimizin o illərdə dediyi kimi, Azərbaycan Respublikasının müstəqilliyi
tarixi bir hadisədir.
Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir
və bu müstəqilliyin əldə
olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin
müstəsna xidmətləri olduğunu heç vəchlə
qəbul etmək olmaz.
Eyni zamanda Azərbaycanın
müstəqilliyinin qorunması respublika rəhbərliyinin
qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyurdu.
Dövlət müstəqilliyini möhkəmləndirmək,
Azərbaycan Respublikasının ərazi bütövlüyünü,
tam suverenliyini təmin
etmək, ölkəni
müharibə şəraitindən çıxarmaq,
respublikanın vətəndaşlarının rifahını
yaxşılaşdırmaq, onların normal
yaşaması üçün lazımi
şərait yaratmaq qarşıda duran ən ümdə vəzifələr idi. Müstəqilliyin ilk
illərində ölkəyə rəhbərlik etmiş Ayaz Mütəllibov və Əbülfəz
Elçibəy həmin vəzifələrin öhdəsindən
gəlmək qabiliyyətinə malik
deyildilər. Buna görə də Azərbaycanda
tez-tez çaxnaşmalar
baş verirdi.
Müstəqillik
kimi məsul və çətin vəzifələri yerinə yetirmək Heydər Əliyevin taleyinə yazılmışdı.
Xalqımızın böyük oğlu bunu yaxşı bilirdi, Prezident kimi fəaliyyətində
də həmin vəzifələr
əsas istiqamətləri təşkil edirdi. Ulu öndər
qarşıda duran son
dərəcə çətin və mürəkkəb vəzifələri
həyata keçirmək üçün
gecəni gündüzə qatmışdı. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə
mərasimində təcrübəli
dövlət qurucusu qeyd
etmişdi ki, bizim üçün ən ağır məsələ
beş ildən artıq müddətdə
ölkənin müharibə
şəraitində olmasıdır. Azərbaycanın
qanlı müharibə şəraitinə düşməsi
Dağlıq Qarabağ problemi
başlanan dövrdən respublika
rəhbərliyinin, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin
buraxdığı kobud səhvlərin nəticəsidir.
Təəssüf ki, ötən
dövr ərzində respublikanın bu
vəziyyətdən çıxarılması üçün lazımi tədbirlər
görülməmiş, əksinə ağır iqtisadi, sosial-siyasi və mənəvi böhran daha da dərinləşərək
1993-cü ilin ortalarına yaxın son həddə çatmış, vətəndaş
müharibəsi ilə nəticələnmişdi. Həmin
ilin iyun ayında
ölkədə daxili sabitlik
tam pozulmuş, respublikada
ayrı-ayrı qüvvələrin
qarşıdurması, bəzi cinayətkar qrupların,
separatçı dəstələrin Azərbaycanı parçalamaq meyilləri güclənmişdi.
Bütün bunların
ağırlığını öz
çiyinlərində çəkən, gündən-günə
müflisləşən xalq artıq buna dözə
bilmədi. Müqavimətlərə, təhdidlərə,
hədə-qorxulara məhəl qoymayan xalq, yaxşı tanıdığı,
qabiliyyətinə, iş
bacarığına dərindən bələd olduğu və öz
xilaskarı kimi gördüyü
Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Xilaskarlıq missiyasını boynuna
götürən xalqın böyük oğlu ölkədə baş
alıb gedən xaos və anarxiyanın
qarşısını qısa müddət ərzində almağa müvəffəq oldu,
bəzi cinayətkar qruplar zərərsizləşdirildi, respublikanın daxilində ictimai-siyasi sabitlik təmin
edildi, separatçı hərəkətlərə
son qoyuldu. Heydər
Əliyevin ətrafında sıx birləşən xalq az vaxtda
çətin imtahanlardan üzüağ
çıxdı. Bir daha
sübut edildi ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik bütün
çətinliklərin qarşısını ala bilər. Xalqla rəhbərliyin
vahid birliyi, həmrəyliyi
respublikanı düşdüyü
ağır böhrandan
çıxarmağa inamı qat-qat
artırmışdı.
Bir anlığa 1993-cü ili
göz önünə gətirək.
Ölkədə vəziyyət son dərəcə
ağır idi. Ermənistan silahlı qüvvələrinin beş ildən bəri davam
edən təcavüzü nəticəsində Azərbaycanın tarixi
torpağı olan Dağlıq Qarabağ tamamilə işğal
olunmuş, xalqımız üçün
əziz və unudulmaz sayılan, məğrurluq
simvoluna çevrilən gözəl Şuşa şəhəri əldən getmişdi. Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan rayonları da erməni
qəsbkarlarının tapdağına çevrilmişdi.
Yüzlərlə kənd, qəsəbə,
yaşayış məntəqəsi Ermənistan silahlı
qüvvələri tərəfindən talan
olunmuş, dağıdılmış və
yandırılaraq viranəyə çevrilmişdi.
Bu ərazilərdə yaşayan
soydaşlarımız – bir milyona yaxın Azərbaycan vətəndaşı
öz doğma
yurd-yuvasından didərgin düşmüşdü.
Buna görə də müharibənin
qarşısını almağı ən ümdə vəzifə
hesab edən Heydər Əliyev təxirəsalınmaz
tədbirlər həyata keçirməyi nəzərdə tutmuşdu.
Bu
məqsədə çatmaq üçün güclü milli ordu yaradılmasını qarşıya
müstəsna vəzifə kimi qoyan Heydər
Əliyev diplomatik səyləri
artırmağın vacibliyini də xüsusi vurğulayırdı. Deyirdi ki, biz,
ümumiyyətlə, sülhsevər mövqe tutaraq,
Dağlıq Qarabağ problemini
birinci növbədə sülh yolu ilə,
danışıqlar yolu ilə həll etməliyik.
Biz BMT-nin, ATƏT-in, BMT Təhlükəsizlik
Şurasının, bu münaqişənin
aradan qaldırılmasında vasitəçilik
edən böyük dövlətlərin
və bütün beynəlxalq təşkilatların
imkanlarından səmərəli istifadə edərək, Azərbaycanı
müharibə şəraitindən çıxarmaq, işğal olunmuş
torpaqlarımızı geri qaytarmaq üçün səylə
çalışmalıyıq.
Müstəqil Azərbaycan
Respublikasının qarşısında duran
əsas vəzifələrdən
danışan Heydər Əliyev ölkədə müasir, demokratik dövlət
quruculuğunu təşkil etməyi əsas
amil kimi dəyərləndirirdi.
Bu məsələnin incəliklərini açıqlayan
dahi siyasi xadim bildirirdi ki, bizim yolumuz aydındır, bunu
dəfələrlə bəyan etmişik.
Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət
qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər
əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən
bəhrələnərək, dünya
demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək, demokratik
dövlət quruculuğu yolu
ilə getməlidir. Bizim yolumuz bu yoldur.
Bu yol ilə getmək
həm tarixi keçmişimizə uyğundur, həm də bir
müstəqil dövlət kimi dünya sivilizasiyasına daha
yaxından qovuşmaq üçün
lazımi şərtdir.
Demokratik, sivil cəmiyyətdə
insan hüquqlarının qorunması
dövlətin əsas vəzifələrindən biridir. Cəmiyyətdə insanın tam azad olması üçün etibarlı şərait
yaradılmalıdır. Bu baxımdan vicdan azadlığının təmin
olunması dünyəvi prinsiplərə
uyğun gəlməlidir. Bunlardan
ən əhəmiyyətlisi dini dəyərlərdir. SSRİ
dövründə xüsusi qadağalara tuş gəlmiş
İslam dini
xalqımızın mənəviyyatına,
elminə, zəkasına, qüdrətinə böyük təsir
göstərmişdir. Milli ənənələr,
mədəniyyət bir çox
hallarda İslam dini vasitəsilə
nəsildən-nəsilə keçib. Azərbaycanda İslam dininə
insanların sərbəst etiqad etməsi üçün hər cür
şərait yaradılmışdır. Vətəndaş həmrəyliyi,
vətəndaş birliyinin yaranmasında İslam
dininin rolu heç nə
ilə ölçülə bilməz. Məhz İslam
dininin dəyərlərindən bəhrələnən
vətəndaşlar
çoxmillətli respublika olan Azərbaycanda
tolerantlıq şəraitində mehriban
bir ailənin üzvü
kimi yaşayırlar.
Azərbaycan Prezidenti Heydər Əliyev birinci
andiçmə mərasimində respublikamızın dövlət
müstəqilliyini əbədiləşdirmək üçün
ölkənin mənafeyini dünya
miqyasında müdafiə edəcək
balanslaşdırılmış xarici
siyasət yeridəcəyini bəyan etmişdir:
“Bizim xarici siyasətimiz
sülhsevər siyasətdir, biz heç bir dövlətin
suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük.
Lakin eyni zamanda nəyin bahasına olursa-olsun
respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü
xarici siyasət vasitəsilə təmin
etməyə
çalışacağıq. Güman
edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın
daha geniş
tanınmasına şərait yaradacaqdır və
respublikamız dünya dövlətləri
birliyində öz layiqli
yerini tutacaqdır”.
Ölkəni
ağır böhran vəziyyətindən
çıxarmaq üçün sosial-iqtisadi sahədə böyük
işlər görüləcəyini vəd edən Heydər
Əliyev bu məsələdə islahatlara geniş meydan açılacağını,
sahibkarlığa önəm veriləcəyini
vurğulamışdı. Qeyd etmişdi ki, Azərbaycanın daxili və xarici siyasəti dünya
demokratiyasının açdığı yolla
demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın
daxilində demokratik prinsipləri bərqərar
edərək sivil dünyaya
qovuşacağıq. Həmin fikirlərin hər biri bu gün
bütün dünyaya
məlum olan Azərbaycan həqiqətləri
kimi reallığa çevrilib.
Ümummilli lider Azərbaycan
Respublikasının Prezidenti kimi andının sonunda bir daha bəyan etmişdi ki, biliyini, təcrübəsini,
qüvvəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının
rifahına həsr edəcək, Prezident vəzifəsini ali
məqsədlər, amallar naminə yerinə
yetirəcək və Azərbaycan
Respublikasının tam müstəqilliyini,
suverenliyini, ərazi bütövlüyünü
təmin etmək üçün əlindən gələni əsirgəməyəcəkdir.
Azərbaycan
xalqının milli və mənəvi ənənələrinə
daim sadiq
qalacağına və bu ənənələrin
müstəqil dövlətimizdə bərqərar
olmasına, yaşamasına və inkişaf
etdirilməsinə şərait yaradacağını bildirən
ümummilli lider şərəfli
ömrünün sonunadək öz andına sadiq qalaraq
qüdrətli bir dövlət qurdu. Odur ki,
hər birimiz fərəhlə müstəqil
Azərbaycanı Heydər
Əliyevin şah əsəri
adlandırırıq.
Xalqımızın
böyüklüyü, müdrikliyi bir daha onda təsdiqlədi
ki, ulu öndərdən
sonra ölkənin sükanını məhz
onun siyasi kursunun ən layiqli
davamçısı olan İlham
Əliyevə etibar etdi.
Artıq on bir ildir ki, Prezident
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan inkişafda olan dünya dövlətləri
sırasında inamla irəliləyir. Heydər
Əliyevin siyasi kursuna
sədaqət nümayiş etdirən
möhtərəm Prezidentimiz ölkəni
xoş gələcəyə inamla aparır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.3.