Prezident İlham
ƏLİYEV:
Son illər ərzində aparılan islahatlar,
irəli sürülmüş təşəbbüslər
ölkəmizin
dinamik inkişafını təmin etmişdir
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında yuxarıda qeyd edilən məsələlərlə
bağlı geniş danışılmışdır. Prezident İlham Əliyev giriş nitqində
demişdir: “...İlin əvvəlində keçən ilin
yekunlarını müzakirə edərkən qeyd etmişdim
ki, 2014-cü il də Azərbaycan üçün uğurlu
il olacaqdır. Artıq doqquz ayın nəticələri onu
göstərir ki, həqiqətən bu il də tarixdə
uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər
ərzində aparılan islahatlar, irəli
sürülmüş təşəbbüslər ölkəmizin
dinamik inkişafını təmin etmişdir.
Doqquz ayın iqtisadi
göstəriciləri də çox müsbətdir.
İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə
qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı
davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf
müşahidə olunur və bu ilin doqquz ayında ümumi
daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud
olan vəziyyəti nəzərə alsaq, deyə bilərik
ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi
ondan ibarətdir ki, bunu biz hər dəfə məmnuniyyətlə
qeyd edirik, qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft
sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir.
Çünki bizim üçün əsas məsələ
qeyri-neft sektorunun inkişafıdır".
Dövlət
başçısı çıxışında
sosial-iqtisadi sahələrdə əldə edilən digər
müsbət göstəricilərə də diqqət çəkmişdir.
İnflyasiyanın çox aşağı səviyyədə
- cəmi 1,5 faiz olmasını, əhalinin pul gəlirlərinin
5,4 faiz artmasını, hesabat dövründə iqtisadiyyata 19
milyard dollar investisiya
qoyulmasını vurğulamışdır.
Prezident İlham
Əliyev Azərbaycanın
hazırda kifayət qədər
valyuta ehtiyatı olduğunu xatırlatmışdır. Bildirmişdir
ki, ilin əvvəlindən
maliyyə resursları 3 milyard 600 milyon dollar
artmışdır. Bütövlükdə
ölkənin 53 milyard dollardan çox valyuta ehtiyatları var
ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
Adambaşına düşən valyuta
ehtiyatları isə dünya miqyasında ən yüksək səviyyədədir.
İclasda qeyd edilmişdir ki, cari ilin 9 ayında ölkə
iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,5 faiz, onun qeyri-neft
sektoru isə 6 faiz artmışdır. Azərbaycanın maliyyə
mövqeyi daha da güclənmiş, məcmu valyuta
ehtiyatları 53 milyard ABŞ dolları səviyyəsinədək
yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz
artım əldə edilmişdir. Məcmu valyuta
ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən
artıq olmuşdur. Eyni zamanda, xarici dövlət borcunun
ümumi daxili məhsula nisbəti 8,5 faiz səviyyəsində
qərarlaşmışdır. Ölkəmizin
beynəlxalq qiymətləndirmə reytinqlərində əldə
etdiyi yüksək iqtisadi mövqeləri də qorunub
saxlanılmışdır.
Xatırladılmışdır ki, dünyanın
aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən
Azərbaycana verilən investisiya səviyyəli kredit reytinqləri
bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal
rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının
rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə
ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə
yüksəlmişdir. Qeyd olunan reytinqlər
respublikamızın investisiya baxımından cəlbedici
dövlətlər sırasında aparıcı ölkələrdən
biri olmasını növbəti dəfə nümayiş
etdirmişdir. Bunun bariz nümunəsi bu il
sentyabrın 20-də Azərbaycan qazının Avropa
bazarlarına çatdırılmasını təmin edəcək
“Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması
olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın
qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında
rolunun daha da artmasına, dövlətimizin texnoloji və
iqtisadi inkişafına, xalqımızın firavan
yaşamaşına əlavə təkan verəcəkdir.
İclasda diqqətə
çatdırılmışdır ki, təməli qoyulan
çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
tarixi ənənənin davamı, Prezident İlham
Əliyevin gərgin zəhmətinin
və siyasi məharətinin nəticəsidir. Bu, eyni zamanda, Avropanın
enerji təminatı ilə bağlı ilk andan Azərbaycanın
tutduğu mövqenin nə dərəcədə düzgün
olmasını sübut etmiş və ölkəmizin son illər
ərzində yürütdüyü enerji strategiyasına
verilən beynəlxalq dəstəyin miqyasını göstərmişdir.
Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili
operativ məlumata əsasən, 101,2 faiz yerinə
yetirilmiş, 14 milyard 71 milyon manat təşkil etmişdir. Təsdiqlənmiş
proqnoza Vergilər Nazirliyi tərəfindən 101,8 faiz əməl
olunmuş, dövlət büdcəsinə 5 milyard 324 milyon
manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə
394 milyon manat köçürülmüşdür. Dövlət
Gömrük Komitəsi isə 100,1 faiz və
yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123
milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin etmişdir.
Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar
keçən ilin eyni dövrü ilə müqayisədə
662 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454
milyon manat təşkil etmişdir.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri
12 milyard 694 milyon manat və yaxud 86 faiz icra olunmuşdur. Ötən
dövr ərzində dövlət büdcəsi xərclərinin
24,3 faizi və ya 3 milyard 82 milyon manatı
sosial təyinatlı xərclərin payına düşür
ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə
252 milyon manat və ya 8,9 faiz çoxdur. Hesabat
dövründə dövlət büdcəsinin əsaslı
vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil
etmişdir. Həmin vəsaitdən sosial-mədəni və
məişət təyinatlı obyektlərin tikintisi və
yenidən qurulması üçün 1 milyard 401 milyon manat,
enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya və digər infrastrukturların tikintisi və yenidən
qurulması üçün 2 milyard 184 milyon manat,
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
investisiya layihələrinin maliyyələşdirilməsi
üçün 44 milyon manat, müdafiə təyinatlı və
digər layihələrin maliyyələşdirilməsi
üçün 545 milyon manat vəsait yönəldilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası məqsədlərinə
cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon
manat vəsait sərf edilmişdir.
Hesabat dövründə əhaliyə tibbi xidmətin
keyfiyyətinin artırılması, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması, ölkənin turizm və
idman potensialının genişləndirilməsi,
xalqımızın nadir incilərindən olan
xalçaçılığın təşviqi, milli mədəniyyətin
öyrənilməsi və digər sahələr üzrə
dövlət büdcəsinin əsaslı vəsait
qoyuluşu hesabına maliyyələşdirilən bir sıra
layihələr istifadəyə verilmişdir. Buna misal
olaraq Bakı Sağlamlıq Mərkəzi,
respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu,
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni
Xalça Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Kitabxanası və “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Ağdam
rayonunda 632 məcburi köçkün ailəsi
üçün salınmış yeni qəsəbə, Milli
Gimnastika Arenası, Göygöl Olimpiya İdman Kompleksi və
digər obyektləri misal göstərmək olar.
İclasda ölkəmizdə nəqliyyat
sahəsində görülmüş işlərə də
toxunulmuşdur. Qeyd edilmişdir ki, son illərdə Qafqaz və Orta Asiya məkanında
ən iri hesab olunan Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin bərə terminalının istismara verilməsi
Azərbaycanın tranzit potensialının gücləndirilməsinə
öz müsbət təsirini göstərmişdir.
Regionlarda abadlıq və quruculuq işlərinin davam
etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın icrası,
kəndlərarası yolların tikintisi və digər zəruri
tədbirlərin maliyyələşdirilməsi
üçün bu ilin 9 ayında dövlət büdcəsinin
müvafiq xərc bölmələrindən 257 milyon manat, o
cümlədən kəndlərarası yolların inşasının
başlanması üçün ilkin olaraq Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 29 milyon manat vəsait
ayrılmışdır. Ölkə
regionlarının qazlaşdırılması proqramı
çərçivəsində hesabat dövründə 60
milyon manat ayrılmış, bütövlükdə isə
proqramın icrası üçün yönəldilmiş vəsaitin
həcmi 620 milyon manata çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının, ölkənin rayon
və şəhərlərinin əhalisinin içməli su
ilə təmin edilməsi üçün ilin əvvəlindən
256 milyon manat vəsait sərf edilmişdir.
İclasda ölkə
iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft
sektorunun inkişafına yönələn dövlət dəstəyi
tədbirlərinin hesabat dövründə də davam etdirilməsi,
dövlət büdcəsindən bu məqsədə
müvafiq vəsait ayrılması
vurğulanmışdır. Bildirilmişdir
ki, kənd əməkçilərinə, fermerlərə və
sahibkarlara göstərilən qayğının təzahürü
olaraq kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahələrinin becərilməsində
istifadə olunan mineral gübrələrin satışı
zamanı tətbiq olunan və dövlət büdcəsindən
maliyyələşən güzəşt 50 faizdən 70 faizədək
artırılmışdır. “Aqrolizinq” Səhmdar Cəmiyyətinə
dövlət büdcəsindən cari ildə verilmiş
32 milyon manat vəsaitlə
yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan kənd təsərrüfatı məhsulları
istehsalçılarına taxılyığan kombaynların
alınması, xaricdən damazlıq heyvanların idxalı və
Süni Mayalanma Mərkəzinin müasir tələblərə
uyğun yenidən qurulması üçün 30 milyon manat vəsait
ayrılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nın icrası üçün
cari ildə 105 milyon manat vəsait sərf edilmişdir ki, bu da
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
3 faiz və yaxud 3 milyon manat çox deməkdir.
Sahibkarlara güzəştli kreditlərin verilməsi
üçün dövlət büdcəsindən cari ildə
Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait
ayrılmışdır və bununla da dövlət büdcəsindən
adı çəkilmiş fonda
köçürülmüş vəsaitin ümumi həcmi
830 milyon manata çatdırılmışdır.
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan xidmət”
mərkəzlərinin maddi-texniki təminatının
yaxşılaşdırılması, həmin agentliyin regional
mərkəzlərinin yaradılması və işçi heyətlə
komplektləşdirilməsi, səyyar “asan xidmətlər”in əhatə
dairəsinin genişləndirilməsi üçün
dövlət büdcəsindən üst-üstə 22 milyon
manat vəsait ayrılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev
iclasın sonunda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı fikirlərini
bölüşmüşdür. Dövlət
başçısı demişdir: “Əfsuslar olsun ki, bu il də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində heç bir irəliləyiş
olmamışdır. Bunun başlıca səbəbi
Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi
davranışıdır. Ermənistan
çalışır ki, maksimum dərəcədə bu məsələni
uzatsın və status-kvo dəyişməz olaraq qalsın.
Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçıları dəfələrlə
bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi işğal
edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır,
Ermənistan buna məhəl qoymur. Bu bəyanatları
səsləndirən tərəflər isə ciddi
ölçü götürmürlər və belə olan
halda məsələ öz həllini tapmır. Biz çalışırıq və
çalışacağıq ki, bu məsələ tezliklə
öz həllini tapsın. Bizim prinsipial
mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən
tanınır. Azərbaycanın ərazi
bütövlüyü dünya birliyi tərəfindən
tanınır və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bunun başqa yolu yoxdur...
Göründüyü kimi,
bu ilin doqquz ayı da əvvəlki
dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin
beynəlxalq standartlara uyğunlaşdırılması və
maddi rifah halının yaxşılaşması, neft gəlirlərini
qeyri-neft sektoruna yönəltməklə və modern
texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin
yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat
sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin
hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar
olmuşdur. Bu
müddət ərzində ölkə boyu nəhəng
tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş,
bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət,
səhiyyə, idman, turizm, ekologiya sahələrində
böyük irəliləyiş baş vermişdir. Ölkə
rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni
həyatın çoxşaxəli spektrini əhatə edən
60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və
dövlət proqramları hazırda uğurla icra edilməkdədir.
Görülən
işlər və nəticələr deməyə əsas
verir ki, Azərbaycan dünyaya özünün uğurlu
inkişaf modelini təqdim edə bilmiş və qısa zaman
kəsiyində ölkəmizdə, sözün əsl mənasında,
inqilabi yeniləşmə və tərəqqiyə nail
olunmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.1.