Azərbaycan regionun lider dövlətinə çevrilib

 

Bu, ölkədə həyata keçirilən iqtisadi

siyasi islahatlar sayəsində mümkün olmuşdur

 

Son illər dünyanın inkişaf etməkdə olan ölkələri ilə bir sırada inamla addımlayan Azərbaycan Respublikasının beynəlxalq nüfuzu getdikcə artır. Artıq uzun illərdir ki, ölkəmiz bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınır.

 

 Hazırda Azərbaycan dövlətinin hərtərəfli inkişafına və xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş uğurlu sosial-iqtisadi siyasət dünyanın nüfuzlu reytinq agentlikləri tərəfindən də bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, son illər bir sıra beynəlxalq təşkilatlar hazırladıqları hesabatlarda, reytinq sıralamalarında ölkəmizin adını, bir qayda olaraq, öncül yerlərdə göstərirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artmış, ölkəmiz bu siyahıda 144 dövlət arasında 38-ci yerə yüksəlmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafı cari ilin ötən doqquz ayında da davam etmiş, ölkə iqtisadiyyatı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının giriş nitqi ilin əvvəlindən ölkəmizdə qazanılmış nailiyyətlər barədə hər birimizdə dolğun təsəvvür formalaşdırdı. Əslində, hamımız Azərbaycanda son illər  baş verən müsbət dəyişiklikləri, ölkədə gedən nəhəng abadlıq-quruculuq işlərini hiss edir, görürük. Bununla belə, ölkə Prezidenti cənab İlham Əliyevin giriş nitqində səsləndirilən nikbin fikirlər, bu ilin ötən doqquz ayında Azərbaycanın sosial-inkişafını xarakterizə edən rəqəmlər hər birimizdə qürur hissi yaratdı. Sevindirici haldır ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollara çatmışdır ki, bu da son 10-11 ildə ölkəmizdə baş verən sürətli iqtisadi inkişafın məntiqi nəticəsidir.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş və bu istiqamətdə məqsədli proqramlar qəbul etmişdir. Bu strateji hədəfə çatmaq üçün artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Hazırda bu düşünülmüş iqtisadi siyasətin real nəticələri açıq-aydın hiss olunur. Təkcə onu qeyd etmək yetərlidir ki, bu ilin doqquz ayında Azərbaycanın qeyri-neft sektorunda 6 faiz artım baş vermişdir ki, bu da dünya üzrə yüksək göstərici sayılır.

Ölkəmizin iqtisadi qüdrətinin və maliyyə gücünün artması investisiya imkanlarının da genişlənməsinə səbəb olmuşdur. 2014-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulmuşdur. Ümumi vəsaitin11 milyard dollarını yerli sərmayələrin təşkil etməsi isə onu sübut edir ki, artıq Azərbaycanın investisiya qabiliyyəti xeyli artmış, hətta ölkəmiz dünyanın investisiya yönəldən dövlətlərinin sırasına qoşulmuşdur. Bu da heç şübhəsiz, Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb olacaqdır. Hökumətin məlum iclasında bu mühüm məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaqqeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”.

Yeri gəlmişkən, ölkəmizin bugünkü sosial-iqtisadi inkişafının əsası  xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsi ilə qoyulmuşdur. Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü ölkəmizdə böyük təntənə ilə qeyd olundu. Həmin günlərdə isə ölkəmizin neft sənayesi üçün daha bir tarixi hadisə baş verdi: Azərbaycanın Avropanın enerji təminatındakı əhəmiyyətini bir qədər də artıracaq “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Prezident İlham Əliyevin təbirincə desək, “Cənub” qaz dəhlizi ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək, Azərbaycanın siyasi çəkisini artıracaq, iqtisadi sahədə yeni imkanlar yaradacaq.

Azərbaycanın maliyyə imkanlarının ilbəil genişlənməsi istər paytaxt Bakıda, istərsə də regionlarda bir sıra zəruri infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Artıq ölkəmizdə mühüm infrastruktur layihələrinin icrası uğurla başa çatdırılmış, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı istiqamətində zəruri tədbirlər görülmüşdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu kimi işlər hazırda da davam etdirilir, ölkədə yol infrastrukturu əsaslı şəkildə yeniləşdirilir, ən ucqar kəndlərə belə, müasir, rahat yollar çəkilir. Bütün bunlar isə, heç şübhəsiz,  dövlət başçısının vətəndaşların sosial qayğılarının azaldılması sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir.

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafına, regionların sosial-iqtisadi tərəqqisinə nail olmaq məqsədilə qəbul olunmuş regional inkişaf proqramları uğurla icra edilir. Bu da ölkəmizin hərtərəfli və tarazlı inkişafını təmin edən başlıca amillərdəndir. Onu da qeyd etmək lazımdır ki, həmin proqramların icrası ölkəmizdə məşğulluğun təmin edilməsinə, çoxsaylı yeni yerlərinin açılmasına səbəb olmuşdur. Artıq 2004-cü ildən indiyədək Azərbaycanda 1 milyon 300 min yeni yeri yaradılmışdır.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev yekun nitqində ölkənin ümumi inkişafının təmin edilməsi, ilin sonunadək nəzərdə tutulmuş bütün məsələlərin həllinə nail olunması üçün konkret hədəfləri nişan verdi.  Büdcədə kifayət qədər vəsaitin olduğunu diqqətə çatdıran dövlət başçısı bildirdi ki, ilin sonunadək nəzərdə tutulmuş bütün infrastruktur layihələri başa çatdırılmalı, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bundan əlavə, ölkə Prezidenti gələn ilin dövlət büdcəsində sosialinfrastruktur layihələrinin icrası üçün kifayət qədər vəsaitin ayrılacağını, sosial infrastruktur layihələri sırasında məktəb, uşaq bağçaları və səhiyyə ocaqlarının tikintisinə yenə də xüsusi diqqət yetiriləcəyini bildirdi. Yeri gəlmişkən, son illər ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi ilə bağlı böyük irəliləyişlər müşahidə olunsa da, bu sahədə ciddi problemlər hələ də qalmaqdadır.  Ölkə Prezidentinin hökumətin iclasında uşaq bağçaları ilə təminatın 100 faizə çatdırılmasına dair irəli sürdüyü tövsiyə onu deməyə əsas verir ki, yaxın illərdə bu problemöz həllini tapacaqdır.

Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını dövlətin sosial siyasətinin  prioriteti kimi müəyyənləşdirən ölkə Prezidenti cənab İlham Əliyev əvvəlki dövrlərdə olduğu kimi, gələn il də inflyasiyanın səviyyəsinin birrəqəmli olacağına dair nikbin proqnoz verdi.  Bu da, şübhəsiz, insanların rifah halının bir qədər də artmasına imkan verəcək.

Azərbaycanın iqtisadi tərəqqisinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2014-cü ili ölkəmizdə “Sənaye ilielan etmişdir. “Sənaye ili” çərçivəsində ölkəmizdə bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Hazırda həmin müəssisələrdə rəqabətqabiliyyətli mallar istehsal olunur. Eyni zamanda, Prezident İlham Əliyev ölkəmizdə alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı üçün böyük potensialın olduğunu bildirərək sənaye klasterlərinin yaradılması prosesinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırdı, dövlət investisiyalarının strateji əhəmiyyət daşıyan sənaye sahələrinə yönəldilməsinin vacibliyini önə çəkdi.

Son illər ölkəmizin ixrac potensialının artması müşahidə olunur, bu sahədə yeni imkanlar yaranır, Azərbaycan xaricə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirir. Nazirlər Kabinetinin iclasında ölkəmizdə bu məsələ ilə bağlı böyük işlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsinin vacibliyini önə çəkdi. Dövlətimizin başçısı, eyni zamanda, aqrar  sahəyə yönəldilən  investisiyaların həcminin artırılacağını, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər görməklə ixrac imkanlarımızın daha da genişləndiriləcəyini söyləməklə kənd təsərrüfatı məhsulları istehsalçılarını bir qədər də ümidləndirdi.

Bütövlükdə isə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin proqram xarakterli yekun nitqində səsləndirdiyi müddəalar, qarşıya qoyduğu vəzifələr, müvafiq qurumlara verdiyi konkret tapşırıqlar Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə və ölkə əhalisinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasına imkan yaradacaq.

 

Rəşad ƏLİYEV,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2014.- 10 oktyabr.- S.3.