Elmi əsaslara söykənən inkişaf
strategiyasının uğurlu davamı
Azərbaycanın
dinamik inkişafında keyfiyyətcə yeni mərhələnin
əsasını qoymuş 2013-cü ilin 9 oktyabr prezident
seçkilərindən 1 il ötür. Müasir Azərbaycan
tarixinin şanlı səhifəsinə çevrilmiş bu
seçkilər tamamilə azad, demokratik və şəffaf
şəraitdə keçməklə müdrik
xalqımızın siyasi iradəsini əks etdirmiş, əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş çoxşaxəli islahatlar kursunun davam etdirilməsində
keyfiyyətcə yeni mərhələ açmış,
demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə
yeni nəfəs vermişdir. Dünəninə, bugününə
və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının
yüksək mütəşəkkilliyi, siyasi fəallığı
ilə müşayiət olunan son prezident seçkiləri,
eyni zamanda, ölkədə 2003-cü ildən həyata
keçirilən siyasətin alternativsizliyinin əyani təcəssümü
kimi yadda qalmış, yeni ictimai münasibətlər
sisteminin əsasını qoymuşdur.
Xalqın bu müdrik seçimi Heydər
Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri
olduğunu, milli inkişafda mühüm rol
oynadığını növbəti dəfə təsdiqləmiş,
hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata
keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə
malik olduğunu göstərmişdir. Azərbaycanı
davamlı inkişaf və tərəqqi yoluna çıxaran
siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici
çoxluğunun iradəsi kimi önə
çıxmış, xalq birmənalı olaraq növbəti
beşillikdə də öz taleyini cənab İlham Əliyevə
etibar etmişdir. Bu dəyişməz seçim, eyni zamanda, Azərbaycan
cəmiyyətinin öz layiqli liderinin fenomenal liderlik keyfiyyətlərinə,
parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin
əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları
alternativi olmayan bu siyasətin son 10 ildə həyatımıza
gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları
bu uğurlarla möhkəmlənən, xoşbəxt
sabahına doğru inamla irəliləyən, inkişaf edən
qüdrətli Azərbaycana səs vermişlər.
Son seçkilərdə uzun illərin
sınağından çıxmış rasional siyasətin
- ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi,
sosial-iqtisadi və humanitar mütərəqqi islahatların
davamlılığının təmin edilməsi zərurəti
mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun
qənaəti kimi özünü göstərmişdir. Həm
də ona görə ki, ötən 2003-2013-cü illərdə
xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət
məsələləri Prezident İlham Əliyevin
yürütdüyü siyasətin ana xəttini,
başlıca ideya istiqamətini təşkil etmişdir. Bir
sıra qabaqcıl ölkələrin onilliklər boyu
keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində
sürətlə adlayan Azərbaycan azad və mütərəqqi
düşüncə tərzinin diktə etdiyi bazar
iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti
quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb
dəyərlərinə sadiqliyini sübuta yetirmişdir.
Mövcud siyasi kursun varisliyinin qorunub
saxlanılması zərurəti həm də dünyanın
bir çox aparıcı dövlətlərinin və beynəlxalq
təşkilalarının strateji maraq dairəsində
olmuşdur. Cənab İlham Əliyevin ulu öndərin təkmil
siyasət məktəbində yetişmiş peşəkar
diplomat kimi təmiz keçmişə, eləcə də
praqmatik, müasir lider imicinə malik olması,
çağdaş dünya reallıqlarını
düzgün qiymətləndirməsi, qlobal proseslərə
xalqın mənafeyinə uyğun nüfuz etmək
bacarığı, respublikanı qısa zamanda bölgədə
və bütövlükdə, Avropa məkanında nüfuzlu
dövlətə çevirməsi onun həm daxildə, həm
də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək
almasına zəmin yaratmışdır.
Cənab İlham Əliyevin prezidentlik
dövrü ölkə həyatı üçün strateji əhəmiyyət
kəsb edən inkişaf proqramlarının
hazırlanması və işlək mexanizmlər əsasında
həyata keçirilməsi, ən müxtəlif sahələrdə
intibah və tərəqqi prosesinin geniş vüsət
alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş
tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrinin uğurla gerçəkləşdirilməsi,
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın
rolunun artırılması, neft strategiyasının milli mənafelərə
uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun
ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi,
regionların tarazlı və davamlı inkişafı, yeni
istehsal müəssisələrinin açılması,
işsizlik, yoxsulluq problemlərinin tədricən aradan
qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi, infrastrukturun bütün sferalarda
yeniləşdirilməsi məsələləri ötən
müddətdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin
əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana
inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti
quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin
formalaşdırılması, habelə ölkədə
güclü insan kapitalının
formalaşdırılmasına xidmət edən milli
maarifçilik hərəkatının başlanması, cəmiyyətdə
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
və s. məsələlər də dövlət
başçısının xüsusi diqqət mərkəzində
olmuşdur.
Qısa müddətdə Azərbaycanın
müdafiə potensialı 15 dəfədən çox
artmış, respublikamızın yalnız hərbi büdcəsi
bütövlükdə işğalçı Ermənistanın
dövlət büdcəsini ötmüşdür. İstər
sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də
demokratik ənənələrin cəmiyyət tərəfindən
əxz olunması baxımından “Avropa ailəsi”nin
nüfuzlu üzvü kimi tanınan Azərbaycan ötən
müddətdə bu geosiyasi məkanın enerji təhlükəsizliyində
də mühüm dövlətə çevrilmişdir.
İdarəetmə sisteminə novator
düşüncə tərzi, dinamizm və müasirlik
çalarları gətirən dövlət
başçısı hər yeni il üçün hökumətin
həyata keçirməli olduğu tədbirlərin əhatə
dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə,
onların icra prosesini şəxsi nəzarətdə
saxlamış, habelə ölkənin strateji
resurslarını milli inkişafa təkan verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
etmişdir. Bu nöqteyi-nəzərdən son beş ildə
regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə
həyata keçirilmiş tədbirləri xüsusi
vurğulamaq olar. Bölgələrin tarazlı və
davamlı inkişafının təmin olunması, yeni iş
yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi,
mövcud problemlərin aradan qaldırılması məqsədilə
imzaladığı dövlət proqramlarının, fərman
və sərəncamların icrası vəziyyəti ilə
yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla
birbaşa ünsiyyət quraraq mövcud çətinliklər
barədə informasiyaları ilkin mənbədən almaq
üçün vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına təşkil edilən səfərlər də cənab
İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən
biri kimi diqqəti çəkir.
Ulu öndərin elmi-intellektual potensialın
gücləndirilməsi sahəsindəki siyasətini ötən
11 ildə inamla davam etdirən dövlət
başçısı İlham Əliyev bu sahədə
ardıcıl islahatlar həyata keçirmişdir.
“İqtisadi inkişaf sürətinə görə Azərbaycan
qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi
dəyərləri, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik. Çünki insanın
savadı, biliyi onun gələcək həyatını müəyyən
edir, ölkənin hərtərəfli inkişafına xidmət
edir və beləliklə, ölkənin intellektual
potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir
ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” – deyən
cənab İlham Əliyev neftdən əldən olunan gəlirlərin
insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü
siyasət həyata keçirir. Elmdə islahatlar prosesinin son
illər daha geniş vüsət alması isə təsadüfi
olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara
imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin
artımı ölkə rəhbərliyinə bu sahənin
inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə,
mövcud problemlərin həlli istiqamətində qətiyyətli
addımlar atmağa imkan verir.
Şübhəsiz, hər hansı islahatı
uğurla həyata keçirmək, səmərəli nəticələr
əldə etmək üçün ilk növbədə onun
qanunverici bazasını formalaşdırmaq lazımdır. Bu baxımdan Prezident
İlham Əliyevin son
illərdə imzaladığı “Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında”, “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Elmin
İnkişafına Yardım Fondunun
yaradılması haqqında” və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən
islahatların aparılmasını təmin etmişdir.
Şübhəsiz, cəmiyyət
inkişaf etdikcə, elmin
qarşısındakı prioritet vəzifələr
də dəyişir. Yeni dövrün
gerçəklikləri elmi tədqiqatların
bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar
həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda,
elmi tədqiqatların bütövlüklə
insan amilinin rifah və tərəqqisinə xidmət etməsi
qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin
təmini, bu sahəyə yönəldilən
vəsaitlərin səmərəliliyinə nail
olunması yeni mərhələdə
qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin
hazırkı və gələcək sosial-iqtisadi
inkişaf modelləri ilə bağlı
sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində
həyata keçirilməsi, ali təhsilin
müasirləşdirilməsi, dünya
elminə çevik inteqrasiyanın təmin
edilməsi alimlər qarşısında ciddi
vəzifələr qoyur.
Sosial-iqtisadi inkişafın hazırkı mərhələsində
insanların maddi imkanlarının
yüksəlməsi bəzən ifrat
maddiləşməyə, praqmatizmə, hətta bazar “əxlaqı”nın, biznes
maraqlarının insani münasibətlərə
sirayət etməsinə gətirib çıxarır. Problemi
aktuallaşdıran həm də odur ki, qarşısıalınmaz qloballaşma
prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq
olmuş hər bir
xalqı yad təsirlərə məruz qoyur. Milli ideal
və dəyərlər maddiləşmiş sosial
münasibətlər fonunda müəyyən
aşınmaya məruz qalır. Belə bir şəraitdə xalqın milli
“Mən”inin, mənəviyyatının, mədəniyyətinin,
adət-ənənələrinin qorunması vacibliyi
elm xadimlərinin, ziyalıların,
ümumən, cəmiyyətin intellektual təbəqəsinin
qarşısında yeni vəzifələr
qoyur. Müstəqil
dövlətin dilinin, tarixinin,
mədəniyyətinin, habelə xalqımızın əsrlərlə
formalaşmış milli-mənəvi dəyərlər sisteminin elmi-konseptual əsasda
tədqiqi və ümumiləşdirilməsi milli
ideologiyanın əsas tələbləri sırasında yer alır.
Milli ideologiyası olmayan
hansısa xalqın uğurlu gələcəyindən,
dünya arenasında layiqli
yer tutmasından, bir
sözlə, mütərəqqi inkişafından söhbət
gedə bilməz. Milli ideologiya
hər bir xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərindən
olub, onun təfəkkür,
adət və inanclar sisteminin
məcmusu kimi özünü
göstərir. Lakin bu
gün qloballaşan
dünyanın qaçılmaz reallıqları fonunda mənəvi dəyərlərin
fövqünə qalxan ifrat
maddiləşmiş münasibətlər xalqları kor-koranə
ideologiyasız cəmiyyətə sürükləyir. Qloballaşan dünyanın yeni
nizamı həqiqi mahiyyətindən çox-çox
uzaqlaşmış “qərbləşmə”, “avropalaşma”
kimi kosmopolit dəyərləri
zorən kiçik millətlərə
sırımağa çalışır. Azərbaycan
xalqının bu qaçılmaz prosesə
tarixən formalaşmış mənəvi-əxlaqi dəyərlər
sistemi və ideologiyası ilə layiqli müqavimət potensialının
gücləndirilməsi vacibdir. Bu sahədə əsas iş
yenə də ictimai və humanitar
sahədə çalışan alimlərin, elm
xadimlərinin üzərinə düşür.
Azərbaycanın
innovasiyalı inkişafına keçidin
zəruriliyi insan kapitalının
gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli
realizəsinə əsaslanan elmi
strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət
şəraitində respublikanın elmi
potensialının davamlı şəkildə yüksəldilməsi,
gənc, yaradıcı, yüksək intellektual
səviyyəli insanların istedadından maksimum
istifadə edilməsi dövlətin innovasiyalı
inkişafının təmini baxımından son
dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə
informasiya-kommunikasiya
texnologiyalarının inkişafı sahəsində uğurlu nəticələr əldə edir. 2010-2014-cü illərdə Azərbaycanda
İKT üzrə 20-30 faiz artım da bu sahənin uğurlu inkişaf
perspektivlərinin olduğunu göstərir.
Fəqət, respublikamız əldə olunan nəticələrlə kifayətlənmir,
nanotexnologiyaların, kosmik sənayenin
inkişafı üçün məqsədyönlü
tədbirlər həyata keçirir.
Şübhəsiz, nisbətən yeni olan bu sahələrin inkişaf istiqamətlərinin düzgün
müəyyənləşdirilməsi fundamental
və tətbiqi elmlərin qarşısında mühüm vəzifələr kimi dayanır.
Gənclərin
intellektual yüksəlişinə sərmayə
qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin
inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş
yeni menecerlər sinfinin
yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi də
hazırda milli elm
qarşısında dayanan əsas vəzifələrdən biridir.
Cənab İlham Əliyev də
çıxışlarında daim
vurğulayır ki, iqtisadi
resursların insan kapitalının
inkişafına yönəldilməsi yolu
ilə formalaşan yeni
təfəkkürlü intellektual elita ölkənin perspektiv
inkişafının əsas lokomotivi –
aparıcı qüvvəsi kimi
çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə
son illərdə gənclərin xarici ölkələrdə ali
təhsil almasına imkan yaradan
mühüm dövlət proqramları, sərəncamlar
imzalanmışdır. Azərbaycan Prezidentinin 19 oktyabr
2006-cı il tarixli “Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət
Proqramı haqqında” sərəncamı bu
sahədə həyata keçirilən dövlət siyasətində
ardıcıllığının və sistemliliyin
təmin olunması baxımından təqdirəlayiqdir.
Proqram məhz azərbaycanlı gənclərin
müəyyən elmi istiqamətlər
üzrə dövlət hesabına xaricdə təhsil
almalarını nəzərdə tutur.
2010-cu il
9 fevral tarixli Azərbaycan
Prezidentinin “Azərbaycan Milli
Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura
təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncam
da məhz bu məqsədə
xidmət edir. Sərəncam
respublikada elmi tədqiqatların
müasir standartlar səviyyəsində
aparılmasını, ölkənin elmi kadr potensialının
artırılmasını, Azərbaycan elminin
elm məkanına inteqrasiyasının təmin
olunmasını sürətləndirmək məqsədi
daşıyır.
Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr
üzrə proqnozlar verir,
səmərəli istehsal üsul
və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların
qəbulu prosesinə təsir göstərir. Yəni elmi tədqiqatlar futuroloji
– gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda
da müxtəlif elm
sahələrinin qarşısında duran
əsas vəzifələrdən biri elmlə
idarəçiliyinin əlaqələndirilməsidir. Dövlət başçısı İlham
Əliyev beynəlxalq təcrübəni və ilk növbədə, respublikamızın
hazırkı sosial-iqtisadi inkişaf
tempini nəzərə alaraq,
2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
yaradılmasına qərar vermişdir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası da respublikanın inkişafının elmi təmələ əsaslandığını
bir daha təsdiqləyir.
Hazırda Azərbaycan yeni inkişaf mərhələsinin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə
önləyici inkişaf trendinin
təmini, əhalinin rifahının layiqli,
qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,
habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır.
Prezident İlham Əliyevin neftdən əldə
olunan vəsaitlərin böyük
qisminin insan
kapitalına yönəldilməsini təmin etmək istiqamətində
yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra
dövlətlərin təcrübəsində özünü
tam doğrultmuşdur.
İntellektual potensial
əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu
gün hətta zəngin təbii sərvətləri
belə üstələyir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər
deməyə əsas verir ki,
respublikamız yaxın gələcəkdə dayanıqlı
iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil,
məhz bilik, müasir
informasiya texnologiyaları, elmtutumlu
sahələrin dinamik inkişafı, güclü insan
kapitalının formalaşması sayəsində təmin
edəcəkdir.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru
Xalq qəzeti.- 2014.- 11 oktyabr.- S.3.