Dəmir yolunun tarixində
yeni mərhələ
İyirminci əsrin sonlarından başlayaraq, dəmir yolu bir sıra çətin sınaqlar dövrü keçdi. O zamankı çətinliklərə baxmayaraq, yaşadı, inkişaf etdi. Söhbət bizim yaxın tariximizdən gedir. O tarixdən ki, biz hamımız onun bir zərrəsi, o zamankı mövcud durumun iştirakçıları və müşahidəçiləri olmuşuq.
Bir neçə
gündən sonra - 13 oktyabrda dəmir yolu işçilərinin
peşə bayramı qeyd olunacaq. Azərbaycan
Respublikasının Prezidenti sənab İlham Əliyev 2005-ci
ilin oktyabrın 7-də imzaladığı sərəncamla 13
oktyabr - Azərbaycan dəmiryolçularının peşə
bayramı günü kimi təsis etmişdir. Sərəncama
uyğun olaraq, artıq 10 ildir ki, bu əlamətdar gün
ölkəmizdə təntənəli şəkildə qeyd
olunur. Bayram ərəfəsində dəmir yolunun yaxın
tarixinə qısa ekskurs etmək istəyirəm.
Müstəqil
Azərbaycanın bu gün dünyanın inkişaf etmiş
dövlətləri ilə bir sırada dayanması, beynəlxalq
qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq
kürsülərdən eşidilməsi, beynəlxalq və
regional layihələrdə
aktiv iştirak etməsi ümummilli lider Heydər Əliyevin uzun illər
apardığı mübarizənin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat
sektorunda da irihəcmli layihələr
reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya
sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas
qollarından olan Azərbaycan polad magistralı indi
özünün sürətli inkişaf mərhələsindədir.
Bu nəhəng işlər, şübhəsiz
ki, böyük siyasi xadim, ümummilli lider Heydər
Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim
qayğısı sayəsində mümkün olmuşdur. Ölkəyə rəhbərlik
etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü
iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət,
demokratikləşmə Azərbaycanın sosial-iqtisadi
inkişafının sürətlənməsini
reallaşdırdı.
Ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi
və hərtərəfli inkişaf dövrü adlandırmaq
olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə
gələn Heydər Əliyevin şəxsi fəaliyyəti
sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir
yolu nəqliyyatında da əsaslı dəyişikliklərə
və köklü inkişafa təkan verildi.
Təkcə bir
faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda
istifadəyə verilən mühüm obyektlərin
böyük əksəriyyəti məhz onun təşəbbüsü
və ciddi nəzarəti sayəsində istismara
verilmişdir. Böyük öndərin qayğısı ilə
dəmir yolunda həyata vəsiqə alan yenilikləri
sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas
fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə
metodu tətbiq edilmiş və bunlar dəmir yolunun
bütün sahələrini əhatə etmişdir. O, istər, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci
illər, istərsə də keçmiş SSRİ hökuməti
rəhbərliyində fəaliyyətdə olduğu 1983-87-ci
illər ərzində, ölkə dəmir yolunun müasir
xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə və
avadanlıqlarla təchiz edilməsinə səy göstərmişdir.
O illərdə Azərbaycan polad
magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu
SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur
ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və
dəmiryolçulara göstərdiyi böyük qayğı
və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir
yolunda da rəhbər vəzifələrdə
çalışan mütəxəssislərin böyük əksəriyyəti
məhz böyük siyasi xadim Heydər Əliyevin
qayğısı ilə 1970-1987-ci illərdə ölkədən
xaricdə təhsil almışlar.
Bunlar sadəcə
qısa xronologiya deyil, böyük bir sistemin inkişaf
strategiyasını müəyyən edən şərtlərdir.
Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər
bir addım gələcəyə hesablanmış
strategiyanın reallaşdıran əsas amillərdir.
Ulu
öndər Heydər Əliyev tərəfindən təməli
qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən
müasir dövrün iqtisadi islahatları respublikamıza
böyük uğurlar gətirmiş, ölkə
iqtisadiyyatının sürətli inkişafına səbəb
olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat
infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi
prosesi Prezident İlham Əliyev
tərəfindən daha intensiv şəkildə
aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və
“Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin
reallaşması prosesində aktiv iştirak edir.
Son illər ərzində
ölkə nəqliyyat sisteminin əsas sahələrindən
biri olan dəmir yolunun perspektiv inkişafı
üçün ölkə rəhbərliyi tərəfindən
mühüm qərarlar qəbul olunub, sərəncamlar
imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni
bir dönəm başlamışdır. Dəmir
yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq
standartlar səviyyəsinə çatdırılması məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
20 iyul 2009-cu ildə “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında” sərəncam imzalaması, əslində,
yeni bir mərhələnin başlanğıcı idi.
15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və
strukturu təsdiq olundu və bu sahənin inkişafı istiqamətində
işlər sürətləndi. Bununla da gələcəkdə
Azərbaycanın dəmir
yolunda islahatların aparılması və
restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında
mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin
müasirləşdirilməsi istiqamətində yeni islahatlar
prosesinə start verildi.
Görülən
işlərin məntiqi nəticəsi kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu
ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək
ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir
yolu nəqliyyatının sürətli inkişafını təmin
edən bütün məqamlar öz əksini tapıb. Dövlət proqramına uyğun olaraq, vaqon və
lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı,
işarəvermə və rabitə və s. təsərrüfatların
əsaslı təmiri, Bakı -- Böyük Kəsik istiqamətində
sabit cərəyandan dəyişən cərəyana
keçid, texniki vasitələrin modernləşdirilməsi
və digər mühüm vəzifələrin icrası
istiqamətində mühüm addımlar atılır. Dövlət proqramının əsas məqsədi
Azərbaycanın tranzit potensialının
artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin
səviyyəsinin yüksəldilməsi, sərnişin və
yük daşımalarında nəqliyyat xərclərinin
azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli
fəaliyyətini təmin etməkdir.
Beynəlxalq
maliyyə qurumları ilə son vaxtlar daha da intensivləşən
ikitərəfli və çoxtərəfli əlaqələr
dəmir yolunda islahatların
aparılmasına öz müsbət təsirini göstərəcəkdir.
Çünki dəmir yolunun
yenidən qurulmasını həyata keçirmək
üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün
yeni mərhələsinə qədəm qoyub.
“Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı” çərçivəsində dəmir yolu nəqliyyatının
fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını
müəyyənləşdirən Azərbaycan “Dəmir yolu
nəqliyyatı haqqında” Qanun layihəsinə Ədliyyə Nazirliyinin rəy və təklifləri
nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətində yenidən
baxılmış və Nəqliyyat Nazirliyinə təqdim
edilmişdir.
Qeyd edək
ki, görülən işlər çərçivəsində
5 vaqondan ibarət olan “Ekspress” qatarının vaqonları VEST
QAS müəssisəsi ilə “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında
bağlanmış müqaviləyə əsasən
vaqonlar 2009-cu ilin fevralında əsaslı-bərpa
təmiri
üçün Slovakiya Respublikasının “Sazvrudki” zavoduna
göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də
respublikamıza gətirilmişdir. Bu vaqonların istismar
müddəti 28 il, yəni sürəti saatda 160 kilometr olmaqla
2039-cu ilə qədər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu
stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir
edilərək paytaxta gətirilmiş sərnişin
vaqonları ilə tanış olmuşdur.
Ümumiyyətlə,
hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi
məqsədilə bir sıra tədbirlər
həyata keçirilir. İstifadədə olan vaqonlarda təmir
işləri aparılır və bu yaxınlarda Ukraynanın
Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni
zamanda, Rusiya Federasiyasının
Voronej şəhərinə göndərilmiş 16 vaqon təmir olunaraq Azərbaycana gətirilmiş,
Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və
Bakı-Balakən istiqamətlərində
xəttə buraxılmışdır.
Dövlət
proqramının icrası sürətlə təmin olunur. 10
dekabr 2013-cü ildə Bakı-Böyük Kəsik istiqamətində
317 kilometr yolun əsaslı təmiri başa çatdı.
Bunun da hamısı 800 metrlik uzunölçülü relslərlə
(pletlərlə) əvəzlənmişdir. Əsaslı təmir
işləri davam etdirilir.
Dövlət
proqramının icrası istiqamətində Azərbaycan
Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı qrupuna
daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin
və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin
bir hissəsini maliyyələşdirmək məqsədilə
kredit sazişi imzalanmışdır. Layihənin
əsas məqsədi Bakı-Böyük Kəsik dəhlizi
boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək
və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqabət
qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat-iqtisadi
effektivliyini və potensialını gücləndirməkdən
ibarətdir.
Layihə
çərçivəsində, dövlət proqramına
uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində
elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən
cərəyanlı dartı sisteminə keçməsinin təmin
edilməsi uzun müddətdir ki, müzakirə olunurdu. Bu məqsədlə 2010-cu ilin may
ayında mətbuatda tender elanı verilmişdir.
Enerji təchizatı üzrə keçirilmiş tender
vasitəsilə podratçı şirkət müəyyən
olunmuş və ATEF şirkətlər Qrupu (Podratçı)
ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
arasında 3 avqust 2012-ci il tarixli,
AZRTTFP-DSİ-PQ-21CB nömrəli müqavilə
imzalanmışdır.
Bu müqavilənin icra qrafikinə əsasən,
podratçı şirkət enerji təchizatı ilə
bağlı işlərə, “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə
razılaşdıraraq start vermişdir. Eyni zamanda
işarəvermə və rabitə təsərrüfatlarının
yenidən qurulması istiqamətində işlər isə
start mərhələsindədir, hazırda layihələndirmə
işləri aparılır. Yeni lokomotivlərin və müxtəlif
təyinatlı vaqonların alınması da gündəmdədir.
Dəmir yollarının təmiri və saxlanması
üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80
və USP-2000 markalı yol təmiri maşınlarının
fəaliyyəti və onların saxlanması üçün
Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın
və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib
istifadəyə verilmişdir.
22 fevral 2012-ci
ildə 24 saylı Salyan rels-qaynaqlama qatarında 800 metrlik
uzunölçülü relslərin hazırlanıb
daşınmasına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci ildə
imzaladığı “Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” Fərmanının dəmir
yolunda icrasını təmin etmək, Azərbaycan
Respublikası Nəqliyyat Nazirinin
25 iyun 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar
olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə
İşçi Qrupu yaradılmışdır.
İşçi Qrup “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətində yeni elektron xidmət
növlərinin müəyyən edilməsi və tətbiqi
istiqamətində gərgin iş aparır.
4 iyul 2012-ci ildə Qızılca
qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri
istismara verilmişdir.
1 mart 2012-ci ildən Bakı-sərnişin
stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin
plastik kartlardan istifadə etməklə bilet kassalarında
quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz
ödənişi tətbiq edilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində
aparılan yenidənqurma və abadlıq işləri xətt boyu bütün sahələri
əhatə edib. İdarə, müəssisə
və təşkilatlarda yeniləşmə prosesi
özünün yeni mərhələsinə qədəm
qoyub.
29 dekabr 2013-cü ildə Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il ərəfəsində
Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən
sonra istifadəyə verilmişdir. Təmir
işləri çərçivəsində burada qazanxana
inşa edilmiş, həmçinin bina mərkəzləşdirilmiş
kondisioner və istilik sistemləri ilə təchiz
olunmuşdur. Sərnişinlərin
rahatlığının təmin edilməsi məqsədilə
stansiyada VİP zalı, ana və uşaq otağı da
yaradılmışdır. Eyni zamanda, Yük
Daşımaları Departamentinin Qərb sahəsi üzrə
bölməsinin inzibati binasısının fasadı və
dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir
olunmuş, piyada keçid körpüsü
sağlamlaşdırılmışdır.
26 iyul 2014-cü ildə Poylu-Salahlı mənzilinin
73-cü kilometrindəki Kür çayı üzərindən
keçən ikinci dəmir yolu körpüsü istismara
verilmişdir. Qeyd edək ki,
körpünün tikintisinə 2008-ci ildə
başlanmış və işlər 2014-cü ildə
başa çatdırılmışdır. Körpünün tam uzunluğu 208, 44 metrdir.
Çarxı-Sarvan mənzilinin 2508 kilometrində Vəlvələçay
üzərində yerləşən dəmir-beton
körpünün və Saatlı-Becar mənzilinin 98
kilometrində Araz çayı üzərində yerləşən
metal körpünün rekonstruksiyası
görülən işlər sırasındadır.
Bildiyimiz kimi, beynəlxalq
daşımaların tərkibində konteyner
daşımalarının xüsusi çəkisi getdikcə
artmaqdadır. Respublikamızın nəqliyyat
sistemi üçün mühüm əhəmiyyət kəsb
edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə
konteyner yüklərinin cəlb olunması və dəmir yolu
nəqliyyatı üzrə daşımaların rəqabət
qabiliyyətinin artırılması məqsədilə “Azərbaycan
Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir
Yolları” SC ilə birgə 1996-cı ildə işə
salınmış, lakin sonralar fəaliyyəti
dayandırılmış, Bakı-Poti konteyner qatarının
hərəkətinin bərpası üzrə
danışıqlara başlanılmışdır.
Artıq Azərbaycan ilə Gürcüstan Poti-Bakı
marşrutu üzrə konteyner qatarı hərəkətini
bərpa etmişdir. 25 konteyner vaqonundan ibarət olan ilk qatar 17 iyul 2014-cü ildə Keşlə
stansiyasına çatmışdır.
Neft dağılmalarına qarşı
cavab tədbirlərində potensialın
yaradılmasının tərkib hissələrindən biri
kimi “Fövqəladə Hallar Qatarı” MMC-nin maddi-texniki
bazasının yenidən qurulması istiqamətində bir
sıra islahatlar aparılır. Bu məqsədlə
zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar
alınmış və “Fövqəladə Hallar Qatarı”
MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli,
Yevlax və Şabran bölmələri arasında
paylanmışdır.
17 sentyabr 2014-cü ildə “Azərbaycan Dəmir
Yolları” QSC “Fövqəladə Hallar Qatarı” MMC-nin yeni
tikilən inzibati binasının və təmir sexinin istismara
veriməsinə həsr olunmuş tədbir
keçirilmişdir. Tikinti işləri 1iyun 2013-cü ildə
başlamışdır və istehsalat bazası dəmir yolunda
fövqəladə və qəza hallarının aradan
qaldırılmasının təmin edilməsi məqsədilə, Biləcəri stansiyasında
keçmiş “Buz zavodu”nun ərazisində inşa
edilmişdir. Ümumi ərazisi 25296 kvadratmetr olan istehsalat
bazasında inzibati bina, təmir sexi, avtomobillərin
dayanacağı üçün talvar, su və çirkab
anbarları inşa edilmişdir.
Dövlət proqramının icrası ilə
bağlı layihələrin həyata keçirilməsində,
Texniki İqtisadi Əsaslandırmaların və texniki sənədlərin
işlənməsində, Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamının
icrasına uyğun
olaraq, dəmir yolunun 2020-ci ilədək
İnkişaf Konsepsiyasının hazırlanmasında
“Əsaslı Tikinti və Texniki Nəzarət” MMC tərəfindən
bir sıra mühüm işlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev dəmir yolu nəqliyyatında həyata keçirilən
islahatlarla və yenidənqurma işlərinə şəxsən
nəzarət edir, onlarla müntəzəm olaraq yerində tanış olur. Belə ki, o, 2011-ci il
noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək
paytaxta gətirilmiş sərnişin vaqonları ilə,
2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri
çərçivəsində dəmir yolunun Horadiz
stansiyasında sərnişin vağzalı binasının əsaslı
təmirdən sonrakı vəziyyəti ilə tanış
olmuş , 2014-cü il mayın 1-də Ağdaş rayonuna səfəri
çərçivəsində Ləki dəmir yolu
vağzalının yeni binasının
açılışında iştirak etmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC
müxtəlif beynəlxlaq layihələrin fəal
iştirakçısı olmaqla, üzərinə düşən
öhdəliklərin həyata keçirilməsinə ciddi
şəkildə əməl edir. Bu yöndə, XXI əsrin əsas
tikintilərindən olan və təkcə üç
xalqı və üç ölkəni deyil, həmçinin
onlarla xalq və ölkə arasında körpü rolunu
oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu
bağlantısının reallaşması istiqamətində
işlər sürətlə davam edir. Hazırda ümumi
uzunluğu 4,4 kilometr olan və
Gürcüstanla Türkiyə Respublikasını birləşdirəcək
tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi
başa çatdırılmışdır. Gürcüstan
ərazisində tunelin uzunluğu 2070 metrdir. Tunelin Gürcüstan ərazisində olan hissəsinin
tikintisi davam edir. Qeyd edək ki, bu ilin
sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə
buraxılması gözlənilir, 2015-ci ildən isə dəmir
yolunun tam istismara verilməsi planlaşdırılır.
Azərbaycanın nəqliyyat sisteminin əsas
tərkib hissələrindən sayılan dəmir yolu nəqliyyatında
həyata keçirilən yeniləşmə və
islahatların aparılmasında Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin
rolu əvəzsizdir. Dəmiryolçuların
hüquqlarının qorunmasında, onların sosial
qayğılarının həllində, sağlam iş və
istirahət şəraitinin yaradılmasında və əməyin
mühafizəsinin təşkilində MHİRK fədakarlıq
göstərir.
Ötən illər ərzində Azərbaycan
Dəmiryolçuları MHİRK-ın kollektivi dəmir
yolunda aparılan islahatlara daim yardımçı olmuş, dəmiryolçuların
sosial müdafiəsinin gücləndirilməsi,
sağlamlıqlarının qorunması və istirahətlərinin
təşkili istiqamətində bir çox layihələr həyata
keçirmişdir. Müstəqil Həmkarlar İttifaqı
Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında”
Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində
müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən
geniş istifadə edərək, həmkarlar ittifaqı
üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək
hüquqlarının müdafiəsi, onların maddi rifah
halının yaxşılaşdırılmasını
ön plana çəkərək bu istiqamətdə var
qüvvə ilə çalışır. “Azərbaycan
Dəmir Yolları” QSC ilə Dəmiryolçuların
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
arasında imzalanmış 2014-2016-cı illər
üçün Yolun sosial inkişafı üzrə sahə
“Saziş”i də bu məqsədə xidmət edir. Bu “Saziş”in yerinə yetirilməsi həm cəmiyyət
rəhbərliyi, həm də MHİRK tərəfindən
ciddi nəzarətdə saxlanılır.
Dəmiryolçuların fədakar əməklərinə
yüksək qiymət vermək məqsədilə 1997-ci ildən
başlayaraq MHİRK-nın Rəyasət Heyəti “Firidun
Ağayev” adına mükafat təsis etmiş, “Əla yol
işçisi-ilin ən yaxşı mütəxəssisi”,
“İlin ən yaxşı müəssisəsi” fəxri
adların verilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan dəmiryolçularının
sosial problemlərinin həlli və maddi rifahlarının
yaxşılaşdırılması Nəqliyyat Nazirliyinin,
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi və
MHİRK-ın daim diqqət mərkəzindədir. Nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təşəbbüsü
ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində
“Lokomotiv” İstirahət Mərkəzi tikilib dəmiryolçuların
istifadəsinə verilib. Son illər bu sahədə
aparılan genişmiqyaslı islahatlar dəmir yolunun fəaliyyətinin
beynəlxalq tələblərə tam
uyğunlaşdırılmasına, gəlirlərin
artırılmasına, əməkçilərin sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasına
hesablanmışdır. Dəmiryolçuların
məhsuldar və şərəfli əməyinin nəticəsi
və dövlət proqramına müvafiq qaydada yeniləşmə
prosesi polad magistralımızın parlaq gələcəyindən
xəbər verir.
Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular
əldə olunan nailiyyətləri bundan sonra daha da
artıracaq, dövlətin və hökumətin irəli
sürdüyü vəzifələrin uğurla yerinə
yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli
istifadə edəcək, onlara göstərilən etimadı əməli
işlərilə doğruldacaqlar. “Azərbaycan Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair” Dövlət Proqramı dəmir yolunun
inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi və ölkə Prezidenti cənab İlham Əliyevin
uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
dünyanın inkişaf etmiş ölkələrinin dəmir
yolları arasında özünün layiqli yerini
tutacaqdır.
Arif ƏSGƏROV,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Xalq qəzeti.- 2014.- 11 oktyabr.- S.9.