Açıq səma
altında tarix muzeyi
Abşeron
yarımadası Azərbaycanın tarixinin,
arxeologiyasının, folklorunun, etnoqrafiyasının öyrənilməsində
xüsusi əhəmiyyət kəsb edən bir regionudur. Bu
baxımdan yarımadada sistemli və
davamlı elmi tədqiqatlara XX əsrin 60 - cı illərindən
başlanılmışdır. İndi də davam etdirilən
bu tədqiqatlar göstərir ki, Abşeron yarımadası 20
min il bundan öncə qədim
insanların yaşayış məskəni olub və ənənə
indi də davam edir. Həmin bu tarix nəinki arxeoloji, memarlıq
abidələrində, həmçinin xalqımızın adət-ənənələrində,
musiqisində, dilində və məişətində öz əksini
tapmışdır.
Tarixçi və arxeoloqların tədqiqatları
göstərir ki, Bakıətrafı qəsəbələrin
böyük əksəriyyətinin tarixi daha qədimə, yəni
tunc dövrünə gedib
çıxır. Buna Qala
kəndi klassik nümunə sayıla bilər.
“Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunun, AMEA
Arxeologiya və Etnoqrafiya
İnstitutu və Abşeron
Arxeoloji Ekspedisiyası ilə birgə
apardığı elmi tədqiqatlar tam əminliklə
təsdiq edir ki, ən
azı 5 min il bundan öncə müasir
kəndin ərazisində qədim insanlar yaşamağa başlayıblar. Bunu həm arxeoloji
tapıntılar, həm də ibtidai insanın ilkin tikinti nümunələri təsdiq edir. Kəndin öz ərazisində
və ətrafında ibtidai insanın fəaliyyətinin
tunc və sonrakı dövrlərə aid külli miqdarda nümunələri
aşkar edilib. Alimlərin
fikrincə, XIV əsrə qədər Qala
kəndi Abşeronun vacib
ticarət və sənətkarlıq mərkəzi olub. Bu yerli
əhalinin zəhmətkeşliyi ilə yanaşı,
Qalanın ərazisindən intensiv karvan ticarət yolunun keçməsi ilə əlaqədar
olub. Bu fikri XIV əsrlərə aid
gil qablar, sikkə və
bəzək əşyaları bir daha təsdiq edir. Bəzi keramik qablarda emalatxananın, yaxud
ustanın damğası mövcuddur. Bu, bir daha
göstərir ki, Qalada
əmtəə istehsalı mövcud olub və buradan müxtəlif ölkələrə
satış üçün
ayrı-ayrı əşyalar göndərilib.
Orta əsrlərdə Qala
kəndi bir neçə məhəllədən
ibarət olub: Hacı Ramazan,
Çəmbərəkənd, Balaverdi,
Qalaaltı, Tərəkəmə və s. Kənd əhalisi dəmirçilik,
zərgərlik, xalçaçılıq,
boyaçılıq dulusçuluq, sərracçılıq
və s. sənətkarlıq sahələri
ilə məşğul olmuşlar. Həmçinin
karvansaralar, məscidlər, ovdanlar, hamamlar, həm sayca çox, həm də
memarlıq xüsusiyyətinə görə rəngarəng olub. Ticarət və sənətkarlıqla
yanaşı, Qala kəndinin əhalisi intensiv kənd təsərrüfatı ilə
də məşğul idi. Xəzər
dənizinin səviyyəsinin qalxması səbəbindən
Pirallahı adası ilə
üzbəüz ticarət limanı su
altında qalmışdı. Bununla əlaqədar
karvan yolu xəttinin
dəyişməsi Qalada maldarlıq
və əkinçilik istiqamətli təsərrüfatın
inkişafına təkan verdi. XX əsrə
qədər Qala qəsəbəsi
Bakı şəhərinin kənd
təsərrüfatı təyinatlı əsas xammal təchizatçısı olub. Azərbaycanın
bütün regionlarında Qala cins qoyunları ilə yanaşı, dəmyə
üsulu ilə yetişdirilən taxıl növləri də məşhur
olub. XIX əsr
rus imperiyası canişininin
arxivindən götürülən məlumatlara görə, Qala qəsəbəsi 7 min
desyatindən artıq torpaq sahəsinə
malik olub. Yəni, Qala icması Bakı kəndləri arasında
ən böyük torpaq
istifadəçisi idi.
Lakin tarix elə gətirib ki, XX əsrin əvvəllərindən başlayaraq ta 50-ci illərə
qədər bir sıra obyektiv
və subyektiv səbəblərə
görə kəndin əhalisi buradan köçməyə
başlayıb. Ətrafda sənaye üsulu
ilə neft çıxarılması, Qala torpaqlarının itirilməsi, su təchizatının çətinləşməsi, sonralar sovetləşmə və kollektivləşmə
prosesləri və bir sıra başqa səbəblər kəndin əhalisinin
böyük hissəsinin köçməsinə səbəb
oldu.
Yaşlıların
söhbətinə əsaslanaraq təəssüflə belə
qənaətə gəlmək olar ki, min illərlə burada yaşamış əhali ənənəvi
yaşayış tərzini dəyişməyə məcbur olaraq, burada öz gələcəyini görmədi. Lakin kənddən
köçən insanlar ata- baba yurdları ilə, demək olar
ki, hətta ev və həyətləri
ilə öz
bağlılıqlarını itirməyiblər. Üstəlik,
qeyd etmək lazımdır ki, əhalinin böyük
əksəriyyəti Şüvəlan ərazisinə öz keçmiş bağ sahələrinə köçmüşdü. Belə bir tarixi reallıq böyük sənaye mərkəzi olan paytaxt Bakı
yaxınlığında orta əsr
memarlıq xüsusiyyətini, infrastrukturunu
saxlamış, tarixi kəndin mövcudluğuna şərait
yaratmışdır.
Kəndin qədim
simasının saxlanmasının əsas səbəblərindən biri də o olmuşdur ki, siyasi rejimlərin
dəyişməsi, inqilabların baş
verməsinə baxmayaraq, adətin,
yazılmayan qanunların işləməsi nəticəsində
boşalan həyətlər, evlər zəbt edilmir və
sökülməyə məruz qalmırdı, onların, belə
desək, sahibləri bəlli idi. Bu və başqa səbəblərlə əlaqədar,
Azərbaycan Respublikası höküməti tərəfindən
Qala kəndindəki tarixi
mülkün qorunub
saxlanması üçün 18 aprel 1988-ci ildə 81,6 hektar
əraziyə malik olan
qoruğun elan edilməsi
haqqında sərəncam imzalanmışdır. Qoruğun bugünkü sərhədlərində
300-ə yaxın tarixi, memarlıq, arxeoloji abidələr mövcuddur.
Qoruq ərazisində 5 məscid, 3 hamam, ovdanlar,
samanlıqlar, sərdabələr, türbələr,
yeraltı yollar, qəsr,
yaşayış evləri mövcuddur.
Yarandığı gündən qoruğun
qarşısında memarlıq və arxeoloji
abidələrin mühafizəsi
və bərpası, Bakı və Bakıətrafı kəndlərin
əhalisinin yaşayış tərzini, etnoqrafiyasının
qorunması məsələləri qoyulmuşdu.
Kənddə bütün bu fəaliyyət
istiqamətlərinə və ümumiyyətlə, inkişaf üçün yeni bir təkan, yeni bir həyat
2008-ci ildə Heydər Əliyev Fondunun
Qala qəsəbəsi ərazisində
yenidənqurma, bərpa, tədqiqat işlərinə başlaması ilə əlaqədar oldu. Şəxsən
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan
Respublikasının birinci xanımı Mehriban
Əliyevanın təşəbbüsü və
iştirakı ilə Qala qəsəbəsində
bir sıra sosial
obyektlərin inşası ilə yanaşı, respublikada ilk dəfə olaraq açıq səma altında interaktiv muzey kompleksi yaradıldı. Qala
Arxeoloji Etnoqrafik Muzey Kompleksinin,
yaradılma konsepsiyası əsasında iki
ideya aparıcı rol
oynayırdı: birincisi, Abşeron
yarımadasının arxeologiyası, memarlığı və
etnoqrafiyasını əks etdirən muzey
kompleksi yaratmaq; ikincisi intensiv turizm məkanı
formalaşdırmaq.
Bu məqsədlə muzey
kompleksində uzun illər Abşeronda
aparılan arxeoloji tədqiqatlar nəticəsində
aşkar edilmiş və
ayrı-ayrı dövrləri əhatə edən materiallar toplanıb rekonstruksiya
və restavrasiya olunub.
Muzey kompleksi ərazisində
tunc dövründən başlayaraq
ibtidai insanların yaşayış yerləri,
müqəddəs məkanlar, kurqanlar, qayaüstü rəsmlər bərpa olunmuş və nümayiş
etdirilir. Bu
ekspozisiyanın davamı olaraq muzey kompleksi ərazisində,
orta əsrlərə aid
yaşayış evləri, həyətlər, emalatxanalar bərpa olunub.
Muzeyə gələn
qonaqlar sanki, tunc dövründən başlayaraq,
ta XX əsrə qədər tarixə ekskurs edirlər. Bu ünsiyyəti daha tam formada təmin etmək
məqsədilə qonaqlar üçün
xüsusi interaktiv turlar təşkil edilir və
onlar qədim yaşayış evində xalça toxuya, dulusçuluq emalatxanasında ustanın
köməkliyi ilə hər hansı əşyanı düzəltməyə
cəhd göstərə, emalatxanada dəmirçi,
nalbənd rolunu ifa
edə, təndirxanada isə çörək bişirə
bilər. Onlar, sanki bir gün orta
əsrlər Bakısının kənd həyatını
yaşamış olurlar.
Qala qoruğunun interaktiv
turizm sahəsində təcrübəsi əsasında
2014-cü ildə bu sahədə yeni layihə həyata keçirilmişdir.
2013-cü ildə pilot layihə olaraq, 2014- cü ildə Təhsil
Nazirliyi ilə birlikdə orta
məktəb şagirdləri üçün
təşkil olunmuş və tədris
proqramı ilə uyğunlaşdırılmış interaktiv tarix dərsləri Qala Muzey Kompleksi ərazisində
həyata keçirilmişdir. 1500-ə
yaxın şagird bu
layihə üzrə Qala qoruğunda
hər sinif üçün
fərqli tədris proqramına uyğun olaraq ekskursiyalardan keçmişdir.
Qeyd etmək lazımdır ki, həmin proses davam etdiriləcək.
Ümumiyyətlə,
2014-cü ilin 5 ayı ərzində 36
mindən çox qonaq
Qala qoruğuna ziyarət
etmişdir. Onların da
böyük əksəriyyəti məktəbli
uşaqlardır. Qeyd etmək
lazımdır ki, 2008-ci ildən başlayaraq Qala qoruğuna gələn turistlərin sayı hər
il 25-30 faiz artıb.
2014-cü ilin 6 aylıq göstəricisi,
2013-cü ilin illik
göstəricisini keçib. Bu göstəricilər Qala
Abidələr Kompleksinə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın xüsusi
qayğı və diqqətinin nəticəsidir.
2011-2012-
ci illərdə Qalada
Əntiq Əşyalar Muzeyinin tikilməsi,
Qala qəsrinin tam bərpası,
Etno-Ekoloji Gənclər Mərkəzinin təşkili,
bir neçə arxeoloji
abidələrin tədqiqi, bərpası və həmin obyektlərin
açılışında onların şəxsən
iştirakı bu qayğını bir daha nümayiş
etdirir.
Respublika Prezidentinin sərəncamı
ilə 2011-ci ilin dekabr
ayında Qala Dövlət Tarix-Etnoqrafiya
Qoruğu, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin
tabeliyinə verilmişdir. İçərişəhər
Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin
rəhbərliyi qoyulan strateji
xətti davam
etdirərək qoruğun ərazisində
həm sosialyönümlü tədbirlər,
həm də Qalanın turist məkanı
kimi inkişafında böyük
işlər görmüşdür. Bu, bir neçə il ərzində
qəsəbənin yolları asfaltlaşdırılıb, su və kanalizasiya sistemi yeniləşib, qoruqda
və qəsəbədə abadlıq,
yaşıllaşdırma
işləri aparılıb və muzeyin
müasir tələblərə uyğun fəaliyyəti üçün
şərait yaradılıb.
Fikrət ABDULLAYEV,
“Qala” Dövlət Tarix – Etnoqrafiya Qoruğunun direktoru,
tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.7.