Nuhun məskən
seçdiyi diyar
Naxçıvana ilk dəfə idi gedirdim. Uzun illər blokada şəraitində
yaşayan, həm
fərqli təbiəti, həm özünəməxsus ictimai
ab-havasıyla maraq doğuran
bölgəmizə dəfələrlə səfər
etmək istəsəm də, müxtəlif səbəblərdən
niyyətimi gerçəkləşdirə bilməmişdim.
Görünür,
qədim tarixi, sirli əfsanələriylə Cənubi
Qafqazın Mesopotomiyası adlandırılan bu diyara ilk
yolçuluğum film çəkilişlərində
iştirak üçün
olmalıymış.
Naxçıvan Muxtar Respublikasının 90 illiyinə
həsr olunan sənədli film Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin “Salnamə” studiyası tərəfindən lentə alınırdı. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə
sevimli sənətkarımız, Əməkdar incəsənət
xadimi Ayaz Salayevdir. Ayaz
müəllim ənənədən kənara
çıxaraq filmdə daha
çox Naxçıvanın daşını,
torpağını, tarixi abidələrini deyil,
insanlarını, onların xarakterini, yaşam tərzini
göstərməyi və müxtəlif təbəqələrdən
olan insanların tale yolundan keçərək onların diliylə
Naxçıvanın tarixini, adət-ənənələrini,
bugünkü ictimai həyatını, mədəniyyətini,
təhsilini, iqtisadiyyatını göstərmək istəyirdi.
Bu insanlarla söhbət etmək, onların
bir-birindən maraqlı həyat hekayəsinə, necə deyərlər,
güzgü tutmaq da mənim payıma
düşmüşdü. Beləliklə, rejissor Ayaz
Salayevin, quruluşçu operator, Əməkdar incəsənət
xadimi Rövşən Quliyevin, icraçı prodüser Azad
Axundovun, səs rejissoru İlqar Kazımovun, işıq
ustası Ramin İsmayılovun, operator Rafis Fərzəliyev və
texnik Sərxan Fərzəliyevin və mənim daxil olduğum
8 nəfərlik yaradıcı qrup Heydər Əliyev adına
Hava Limanından Naxçıvana yola düşdük.
Naxçıvan şəhərində diqqətimizi ilk
cəlb edən hədsiz təmizlik və ictimai asayişə yüksək səviyyədə
riayət olunması oldu. Hava limanında cərgə
ilə düzülən taksilərin sürücüləri
səliqəli və vahid geyimdə idilər. Hər kəs digərinə mane olmadan, səssizcə
öz növbəsini gözləyirdi. Bizim
üçün ayrılmış mikroavtobusla yerləşəcəyimiz
otelə gedərkən də yol boyu eyni mənzərənin
şahidi olduq. Naxçıvanın
quru-kontinental iqliminə rəğmən tərtəmiz
küçələr yaşıllıq və gül-çiçəklə
dolu idi. Xüsusən də rəngbərəng
qızılgüllər göz oxşayırdı. Sonrakı günlər rayonlara çəkilişlərə
gedərkən bu mənzərəni tez-tez görürdük.
Belə təəssürat yaranırdı ki,
Naxçıvanda qızılgülü çox sevirlər.
Şəhərdə ictimai nəqliyyatdan
daha çox taksilər gözə dəyir. Bu da yəqin
ki, şəhər daxilində qət edilən məsafədən
asılı olmayaraq gediş haqqının cəmi 2 manatlıq
standartı ilə əlaqədardır. Taksilər Naxçıvan Avtomobil
Zavodunun istehsalı olan sarı “NAZ-Lifan”lardır. Yeri gəlmişkən, bu zavod 2010-cu ildən fəaliyyət
göstərir. Çinin nəhəng
avtomobil korporasiyalarından biri ilə müştərək
işləyir. İllik istehsal gücü
4-5 min ədəd minik avtomobili olan zavod Azərbaycanda yeganə
müəssisədir ki, avtomobillərin bütün hissələri
burada yığılır. Bu da zavodda istənilən
modeldə minik və yük avtomobilinin istehsalına imkan verir.
Şəhərin küçələri
kimi insanları da sanki aşırı dərəcədə
səliqəlidirlər. Bunu onların hər
davranışından sezmək mümkündür. Müşahidələrimə
görə deyə bilərəm ki, Naxçıvanın
insanları qonaqpərvər, istiqanlı olmaqla yanaşı, həm də
xüsusi bir kübarlığa, alicənablığa malikdirlər.
Bunu ilk olaraq hava limanında bizi
qarşılayan Naxçıvan Televiziyasının əməkdaşı
Akif Seyidin və sürücümüz Rüstəmin
simasında gördük. Akif ilk görüşdüyümüz andan komandamızın üzvünə çevrildi və
filmin çəkilişlərində böyük əməyi oldu.
Rüstəm isə öz maraqlı söhbətləri, orta
təhsilli olmasına baxmayaraq geniş
dünyagörüşü, mühakimə qabiliyyəti, incə
yumoru ilə sevimlimizə çevrildi.
Ümumən Naxçıvanda
insanların dünyagörüşü çox yüksəkdir. Bu da çox güman, təhsilin səviyyəsindən
irəli gəlir. Orada olduğumuz müddətdə
əhalinin müxtəlif təbəqələri ilə
ünsiyyətdə olduq. Aralarında
çoban da, fəhlə də, taksi sürücüsü də,
adi kəndli də, ziyalı da var idi. Bu
insanların hər biri ilə söhbət etmək o qədər
maraqlı idi ki. Naxçıvan haqda filmə
baxarkən bir daha bunun şahidi olacaqsınız.
Çəkilişlərimiz
Naxçıvanın bütün sahələrini əhatə
etdiyindən demək olar ki, bütün bölgələrdə
olduq. Bəzi yerlərdə isti kələyimizi kəssə
də, soyuqdan
donduğumuz anlar da oldu. Məsələn, gözəl təbiəti
ilə məşhur olan Şahbuzun yaylaları, dəniz səviyyəsindən
2500 metr hündürlükdə yerləşən, üzən
adaları ilə gözoxşayan Batabat gölü ərazisi
yayın cırhacırında belə üşütməyi bacarır. Azərbaycandakı iki
rəsadxanadan biri - Batabat Astrofizika Rəsədxanası burada
yerləşir. Hansısa toplumun rəsədxanaya sahib
olmasının onun yüksək inkişafından xəbər
verdiyi hələ qədim deyimlərdən məlumdur.
Naxçıvanda bir neçə hərbi
hissədə olduq. Hərbçilər üçün
yaradılmış şərait olduqca xoş təsir
bağışladı. Təmirli otaqlar, təmizlik,
sağlamlıq və asudə vaxtın təşkili üçün
görülmüş tədbirlər yaxın qohumu bu bölgədə
hərbi xidmət keçən biri kimi məni çox
sevindirdi. Hərbi hissələrdə Azərbaycanın digər
yerlərindən olan əsgərlərə xüsusi qayğını
və yalnız
Naxçıvana məxsus, çox gözəl bir adəti isə filmə baxanda görəcəksiniz.
Ekran əsərində yalnız bunlardan deyil, Ermənistanla
sərhəd olan ucqar Kərməçatan kəndinin sakinləri
Tahar kişi ilə xanımı Kəklik xalanın sevgi hekayəsindən, güllə sədaları
altında cəmi 9 şagirdə
usanmadan bilik öyrədən müəllimlərin fədakarlığından,
düşməndən zərrəcə
qorxmadığını şən qəhqəhələriylə
bildirən kənd uşaqlarından əzizlərini 1918-ci il
Yaycı soyqırımında itirmiş Həsən
babanın ürək dağlayan xatirələrindən, çoban
Eldənizin təbiət aşiqliyindən, Dilavərin
Qarabağ müharibəsinin od-alovundan keçib
Naxçıvan Avtomobil Zavoduna gəlib çıxan həyat
yolundan, Batabat Rəsədxanasında, obrazlı şəkildə
desək, göylə əlləşən Qulu Həziyevin
maraqlı söhbətlərindən, Kültəpədə
fransalı arxeoloqlarla birgə yerin təkində tarix axtaran Vəli
Baxşəliyevin
tapıntılarından, fədakarlığı,
cəsurluğu ilə qadın adını ucaldan
Naxçıvanın yeganə qadın taksi
sürücüsü Vəsilə xanımın qəribə
taleli həzin həyat hekayəsindən də xəbər
tutacaqsınız.
Səfərimiz zamanı Naxçıvan
Dövlət Televiziyasının da qonağı olduq. Televiziya rəhbərliyi və kollektiv tərəfindən
mehribanlıqla qarşılanaraq hər səhər rəngarəng
mövzuları, musiqi sovqatıyla tamaşaçıları
salamlayan “Günaydın” proqramına qatıldıq. Müasir avadanlıqlarla təchiz olunmuş televiziya
muxtar respublikanın ən böyük kütləvi informasiya
vasitəsidir.
Naxçıvan barədə
danışarkən onun mətbəxinə toxunmamaq
mümkün deyil. Qədim diyarın mətbəxi,
onun mineral suları qədər zəngindir. Naxçıvanlıların qonaqpərvərliyi bizə
bu ləziz mətbəxin dadına baxmaq imkanı yaratdı.
Hətta çəkiliş qrupumuzda yeganə qadın olaraq mənə
nəfis tərtib edilmiş “Naxçıvan mətbəxi” kitabı da hədiyyə
edildi.
Və biz yenə yol gedirik. Ətrafımız hər biri bir əfsanə
söyləyən boz, sıldırım qayalarla əhatə
olunub. Qeyd etdiyim kimi, Naxçıvanın
iqlimi quru-kontinental iqlim olduğundan burada yaşıl bitki
örtüyü olan yerlər azdır. Əvəzində
möhtəşəm dağlar, küləyin xüsusi
formalara saldığı vahiməli, mistik, eyni zamanda cazibədar
yüksəkliklər çoxdur. Akif sanki kərpicləri
üst-üstə yığaraq insan əliylə yaradılmış
kimi görüntü yaradan qayaları göstərib-“Bilirsiz
nə əziyyətlə tikirik bu qayaları”-deyir. Onun zarafatına
gülürük. Onu da deyim ki,
çəkiliş qrupumuzdakı insanların bir-biriylə
xoş münasibəti Naxçıvan təssüratlarımızı
daha da zənginləşdirdi.
Səfərimizin son günü qədim əfsanənin
sirli örpəyinə bürünmüş müqəddəs ziyarətgaha
- “Əshabi-Kəhf”ə baş çəkirik. Artıq çəkiliş üçün deyil,
ürəyimizin istəyiylə gəlmişik bura. Qurani-Kərimin “Əl-Kəhf” surəsində bəhs
edilən qədim məbəd pillələri qalxdıqca bizi
mistik ab-havaya bürüyür. Sanki hər an zalım hökmdarın əlindən
qaçıb bu qayalığa sığınmış
müqəddəslərin ruhuyla
qarşılaşacağıq kimi nəfəsimizi içimizə
çəkib irəliləyirik. Gözətçi
bizə məkan haqda məlumat verib deyir ki, əvvəllər
zəvvarlar bura çox çətinliklə
qalxırlarmış. Son illər Naxçıvan rəhbərliyinin
tapşırığı ilə məkan xeyli
abadlaşdırılıb, görülən işlər nəticəsində ziyarətçilərin
rahatlığı üçün hər cür şərait
yaradılıb. Muxtar respublikanın hər
yerində olduğu kimi, burada da ideal təmizlik hökm
sürürdü. Ziyarətgahın girəcəyindəki
köşklərdə gələnlər pulsuz çaya qonaq
edilirdilər. Onu da öyrəndik ki,
buranı yalnız müsəlmanlar deyil, uzaq ölkələrdən
gələn yəhudilər, xristianlar da ziyarət edirlər.
Naxçıvanı uğurlu çəkiliş
prosesindən doğan sevinc və bir az da
ayrılığın gətirdiyi həsrət
qarışıq kədərlə tərk edirdik. 15 gün ərzində bu gözəl diyara, onun
mehriban insanlarına xeyli öyrəşmişdik. Bizi yola salarkən sürücümüz Rüstəmin
gözləri dolmuşdu, Akif isə deyəsən arada burnunu
çəkirdi. Beləcə filmimizin təqdimat mərasimində
yenidən görüşmək ümidiylə qədim əfsanəyə
görə, Nuh peyğəmbərin bəşəriyyətin
yenədən təşəkkül tapması
üçün seçdiyi bu sirli torpaqdan ayrıldıq.
Aida AYSA
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.5.