Azərbaycanın
metallurgiya
sənayesinin
inkişafında yeni mərhələ
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi Azərbaycan iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə yol açmışdır. Nəticədə müstəqil Azərbaycan dövləti iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş və bu gün ölkədə dayanıqlı, sabit iqtisadi sistem formalaşmışdır.
Ölkə
iqtisadiyyatında baş verən köklü dəyişikliklər
sənayedən də yan keçməmişdir. Yeni neft strategiyasının uğurla həyata
keçirilməsi, sənaye sahələrinin, xüsusilə
qeyri-neft sənayesinin şaxələndirilməsi bu sahənin
inkişafını şərtləndirmişdir. Ölkə
iqtisadiyyatının neft sənayesindən
asılılığının azaldılması və
dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti,
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrası ilə bağlı görülən
işlər və bu sahədə reallaşdırılan digər
tədbirlər ölkədə neft sektoru ilə
yanaşı, qeyri-neft sahələrinin, o cümlədən
emal sənayesinin inkişafına zəmin
yaratmışdır. Beləliklə, ötən 10 ildə
yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli
texnologiyaların tətbiqi sürətlənmiş, yeni
müəssisələr yaradılmış, mövcud müəssisələrin
istehsal potensialı artırılmışdır.
Ölkədə
qeyri-neft sənayesinin inkişafı istiqamətində
görülən tədbirlər artıq öz müsbət
nəticəsini verməkdədir. Cari ilin birinci
yarısında qeyri-neft sektorunda 7 faiz artım qeydə
alınıb. Bu da ölkədə həyata keçirilən
sənayeləşmə siyasətinin doğruluğunu bir daha
təsdiq edir. Ümumiyyətlə, sənayenin
inkişafı, xüsusilə ağır sənayenin
inkişafı metal təminatından bilavasitə
asılıdır.
Ölkəmizdə
bol xammal bazasının, təbii resursların, metal tələbatlı
sənaye və tikinti sahələrinin və təcrübəli
kadr potensialının olması ağır sənayenin, o
cümlədən metallurgiya sənayesinin inkişafı
üçün geniş imkanlar açır. Sənayenin ümumi
inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini
nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunları və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında demişdir: “2014-cü ildə metallurgiya sənayesinin
inkişafı ilə bağlı ciddi addımlar
atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə
nəzərə alsaq ki, metallurgiya sənayesinin
inkişafı üçün bizdə kifayət qədər
yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya
kombinatının tikintisi, əlbəttə ki, çox
böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il
bu sahəyə xüsusi diqqət yetirilməlidir”.
Azərbaycan regionda ən perspektivli
metallurgiya ölkəsidir. Hələ
2001-ci ildə Bakıda istehsal gücü ildə 350 min ton
olan müasir “Bakı Polad istehsal şirkəti” (Baku Steel
Company) işə salınmışdır. Müasir Azərbaycan
metallurgiyasında xüsusi çəkisi olan bu müəssisə
hazırda da böyük uğurla fəaliyyət
göstərir. Ümummilli liderimiz Heydər
Əliyev şirkətin açılış mərasimindəki
çıxışında vurğulamışdır ki,
metallurgiyanın dirçəldilməsi və inkişafı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli
strateji məsələdir. Bu məsələnin
həlli üçün respublikamızın dünya ölkələri
ilə iqtisadi əlaqələr yaradılmasına imkan verən
əlverişli coğrafi mövqeyi, zəngin enerji və
material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənayesi
təcrübəsi vardır.
Azərbaycanın şimal-qərb bölgəsinin
dağlıq ərazilərində zəngin filiz
yataqlarının mövcudluğu çoxdan məlum olsa da,
metallurgiya sahəsində əsas işlərə 1867-ci ildə
Siemens qardaşları Daşkəsəndə keyfiyyətli
kobalt filizini aşkar etdikdən sonra başlandı və
Rusiya imperiyasının ərazisində yeganə olan Daşkəsən
kobalt zavodu yaradıldı. Zavod
1915-ci ilədək fəaliyyət göstərmiş və
yataqdan 615 ton kobalt çıxarılaraq emal olunmuşdu.
1865-1867-ci illərdə “Siemens” mis əritmə sobası da işə
salındı. XX əsrin əvvəlinədək
bu zavodda ildə 2300 tondan çox mis istehsal edilirdi. Almaniyanın “Siemens” şirkətinin XIX əsrdə
Azərbaycanda kobalt və mis yataqlarının istismarına
başlaması təsdiqləyir ki, bölgənin faydalı
qazıntı yataqlarının işlənməsinə hələ
o vaxt inkişaf etmiş ölkələr ciddi maraq göstərmişlər.
Ötən əsrin 80-ci illərində 2500 nəfərə
qədər işçisi olan, ildə 1 milyon tondan çox dəmir
konsentratı və 900 min tona qədər bentonit gili istehsal edən
Azərbaycan Filizsaflaşdırma Kombinatı keçmiş
SSRİ məkanında qara metallurgiya sənayesinin ən
qabaqcıl müəssisələrindən biri
sayılırdı. Bu kombinatda alınan filiz
Gürcüstanın Rustavi şəhərindəki metallurgiya
zavoduna göndərilirdi. Mərkəzi
hakimiyyətin məkrli siyasəti belə idi. Respublikaları bir-birindən asılı vəziyyətə
salmaq üçün Azərbaycanda da son məhsula gətirib
çıxaran metallurgiya kompleksinin yaranmasına imkan vermirdi.
Hazırda Azərbaycanda metallurgiya sənayesinin
daha böyük perspektivləri vardır. Bu da öz növbəsində digər sənaye sahələrinin
– maşınqayırma, cihazqayırma, avtomobilqayırma,
energetika, məişət texnikası sənayesinin
inkişafına əlverişli imkan açır. Qara metallurgiya
qeyri-neft sektorunun strateji sahələrindən biri
sayılır. Bu sahənin müasir
texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi,
dünya bazarına rəqabət qabiliyyətli məhsullar
çıxara bilən yeni müəssisələrin
yaradılması olduqca vacibdir.
Ən iri qara metallurgiya mərkəzləri
olan Bakı, Sumqayıt, Gəncə və Daşkəsən
bu sahədə geniş potensiala malikdir. Əlvan metallurgiyaya gəlincə, Daşkəsən
alunit, Naxçıvan Muxtar Respublikası volfram, molibden,
qurğuşun-sink, Kəlbəcər, Laçın,
Göygöl, Tovuz, Gədəbəy rayonları qızıl
və mis yataqları ilə zəngindir. Bu yataqların
istismarını təmin etməklə ölkədə
metallurgiyanın sürətli inkişafına nail ola bilərik. Müstəqil
dövlət kimi bizim öz sərvətlərimizdən yetərincə
bəhrələnmək, sənaye məhsullarını
dünya bazarına çıxarmaq imkanlarımız tam
realdır. Dövlətimizin başçısı
İlham Əliyev demişdir: “Hesab edirəm ki, texnoparklarla
yanaşı, biz sənaye klasterlərinin yaradılmasına
başlamalıyıq. Bu da dünyada uğur gətirən
bir təcrübədir. İnkişaf
etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir
- xüsusilə bu layihənin icrası nəticəsində
poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin
inkişafı sahəsində biz bütün bu zənciri–istehsal,
emal, kiçik və orta sahibkarlığın
inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul
buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə
əlavə tədbirlər də görülməlidir”.
Ölkə başçısının 23 aprel 2013-cü
il tarixli sərəncamı ilə “Azərbaycan Polad
İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması da
bu strategiya üçün bazanın
formalaşdırılmasına hesablanmışdır. Cəmiyyətə həvalə olunan əsas vəzifə
polad istehsalı kompleksinin layihələndirilməsi, tikintisi
və idarə olunmasından, bu sahədə yeni
texnologiyaların tətbiqindən, maddi-texniki bazanın
müasirləşdirilməsindən və ondan səmərəli
istifadə edilməsindən ibarətdir. “Azərbaycan
Polad İstehsalı Kompleksi” QSC yeni texnologiyaları, texniki
vasitələri tətbiq etməklə yüksək keyfiyyətli
poladın, digər qara metalların istehsalını,
emalını, onlardan müasir tələblərə cavab verən
rəqabətədavamlı məhsulların istehsalı,
daxili və xarici bazarlarda satışını həyata
keçirəcək. Cəmiyyət həmçinin
dəmir filizinin hasilatından polad istehsalına qədər
bütün mərhələləri əhatə edən,
habelə poladdan, digər qara metallardan hazır məhsulların
istehsalı üzrə müasir zavodların və istehsal sahələrinin
mühəndis-axtarış, layihələndirmə və
tikintisi işlərinin həyata keçirilməsini
reallaşdıracaq.
Hazırda “Azərbaycan Polad
İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən
Filizsaflaşdırma” ASC ötən əsrin ortalarında fəaliyyətə
başlamış Azərbaycan Dağ-Mədən
Filizsaflaşdırma Kombinatının varisidir. Kombinatın Saflaşdırma Fabrikində
1954-1974-cü illərdə həm quru, həm də yaş
üsulla dəmir filizi konsentratı mənimsənilib. İstehsal olunan konsentrat asma kanat yolu ilə
Quşçu dəmiryol stansiyasına daşınır,
oradan isə dəmir yolu vasitəsilə istehsalçılara
göndərilirdi.
2013-cü ilin 23 aprelindən “Azərbaycan Polad
İstehsalı Kompleksi” QSC-nin tərkibinə daxil edilən “Daşkəsən
Filizsaflaşdırma” ASC-də cari ilin may-iyun aylarında aparılan ilkin
işlər sayəsində aylıq istehsal gücü 20 min
tona çatdırılıb. 2015-2018-ci illərdə
planlaşdırılan yenidənqurma işləri başa
çatdırıldıqdan sonra müəssisənin
aylıq istehsal gücünün 110 min tona
qaldırılması nəzərdə tutulub. Bu da
bölgədə minlərlə yeni iş yerlərinin
açılması deməkdir. Ümumiyyətlə, “Azərbaycan
Polad İstehsalı Kompleksi” QSC rəhbərliyinin nəzərdə tutduğu
işlərin həyata keçirilməsi nəticəsində
respublikamızın qərb bölgəsinin inkişafı ilə
yanaşı, demoqrafik vəziyyət də xeyli
yaxşılaşacaq və insanların mərkəzi şəhərlərə
axınının azaldılmasına müsbət təsir
göstərəcək.
Müasir dövrün tələblərinə
uyğun olaraq dəmirin birbaşa reduksiya metodu ilə
istehsalı mənimsəniləcək. Ətraf
mühitin qorunması və onun bərpası, işçilərin
sosial müdafiəsi və əmək şəraitinin
yaxşılaşdırılması, əməyin mühafizəsi
istiqamətində
tədbirlərin həyata keçirilməsi səhmdar
cəmiyyətin qarşısında duran əsas hədəflərdəndir.
Artıq “Azərbaycan Polad İstehsalı
Kompleksi” QSC-də ölkə rəhbərinin sərəncamından
irəli gələn vəzifələrin icrasına
başlanıb. Bu məqsədlə məsləhətçi
şirkət də seçilib. Yaponiyanın
“Marubeni Corporation” konsaltinq şirkəti Gəncə və
Daşkəsəndə dəmir filizinin hasilatından polad
istehsalına qədər bütün mərhələləri
əhatə edəcək polad istehsalı kompleksinin
yaradılması ilə bağlı Azərbaycan tərəfinə
məsləhət xidməti göstərəcək.
Müqaviləyə əsasən “Marubeni Corporation” bu sahədə
Azərbaycanda xammal bazasını araşdıracaq, dəmir
filizi hasilatı və polad istehsalında müasir
texnologiyaların tətbiqi, istehsal olunan məhsulların
çeşidi barədə təkliflər verəcək,
ölkə və region üzrə perspektivli hesab olunan digər
bazarları təhlil edəcək. Məsləhətçi
şirkət həmçinin, istehsal ediləcək müasir
texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsulların
iqtisadiyyatın müxtəlif sahələrində - tikinti,
maşınqayırma, neft sənayesi, gəmiqayırma sahələrində
istifadə imkanları barədə müvafiq təkliflər
hazırlayacaq. Hazırda yaponiyalı,
kanadalı və ingiltərəli mütəxəssislər
Azərbaycandadır və onlar tədqiqatlara
başlayıblar.
Bu il iyun ayının 27-də QSC-nin struktur vahidi olan
“Daşkəsən Filizsaflaşdırma” ASC ilə Belarus Respublikasının
“BelAZ” Açıq Səhmdar Cəmiyyətinin “İrridio
Motors” lizinq şirkəti arasında lizinq və zəmanət
müqavilələri imzalanmışdır. Müqaviləyə
əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC
sözügedən şirkətdən 12 ədəd yeni
“BelAZ” markalı yük avtomaşını alacaq. Lizinq müqaviləsi sərfəli maliyyə şərtlərilə
uzunmüddətli dövr üçün bağlanıb.
Belə ki, şərtlərə əsasən müqavilənin
müddəti 4 il, ödəniləcək
faiz dərəcəsi isə illik 4 faiz həcmində müəyyənləşdirilib.
Alınacaq “Belaz-7547” markalı 10 ədəd
avtomaşının yükqaldırma qabiliyyəti 45 ton,
“Belaz-75131” markalı 2 ədəd avtomaşının
yükqaldırma qabiliyyəti isə 140 tondur.
Avtomaşınlar “Daşkəsən Filizsaflaşdırma” ASC
tərəfindən istifadə ediləcək və nəticədə
hasil olunan dəmir filizinin maya dəyəri aşağı
salınacaq.
Rəsmi statistikaya görə hər il Azərbaycana 1,3 milyard dollar həcmində polad və polad məhsulları
idxal edilir. Bu idxalın qarşısını almaq
üçün “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC
2015-2018-ci illərdə ölkədə mövcud müəssisələrin
yenidən qurulmasını və yeni müəssisələrin
işə salınmasını nəzərdə tutan tədbirləri
reallaşdıracaq. İlkin olaraq dənəvər dəmir
istehsalı,
reduksiya yolu ilə dəmir istehsalı və polad
istehsalı zavodları işə salınacaq. Respublikada
poladdan istehsal olunan məhsulların (armatur, şveller, rels,
borular, polad məftil və s.) istehsalı ilə məşğul
olacaq zavod və
sexlərin yenidən
qurulması işləri davam etdiriləcək. Cəmiyyətin
strukturunda olan “Daşkəsən
Filizsaflaşdırma” ASC-də hazırda texniki bazanın yenidən
qurulması, işçilərin sosial müdafiəsinin və
əmək şəraitinın
yaxşılaşdırılması, əməyin mühafizəsi
tədbirlərinin həyata keçirilməsi, onların
müvafiq sosial xidmətlərlə təmin edilməsi
üçün komissiya yaradılıb və
araşdırmalara başlanıb.
Qarşıya qoyulan vacib vəzifələrdən
biri də istehsalatda çalışacaq kadrların
hazırlanmasıdır. Səhmdar cəmiyyətdə
qarşıda duran tədbirlərin uğurla həyata
keçirilməsi üçün Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil Nazirliyi və müvafiq ali
təhsil müəssisələri ilə sıx əməkdaşlıq
yaradılacaq. Əsas məqsəd yerli kadrların
hazırlanması və onların potensialından səmərəli
istifadə edilməsidir. Zərurət yarandıqda
mütəxəssislərin ixtisaslarını
artırmaları üçün xarici ölkələrə
göndərilmələrinə də şərait
yaradılacaq.
Qeyd olunanlardan da göründüyü kimi, ölkə
iqtisadiyyatının digər sahələri ilə
yanaşı, “sənayenin çörəyi” olan metallurgiyanın
inkişafı üçün artıq normal şərait
yaradılmışdır. Bu baxımdan ölkə Prezidenti cənab
İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi,
həm də “Azərbaycan Polad İstehsalı Kompleksi”
Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması ilə bağlı sərəncamları Azərbaycanda metallurgiya sənayesinin
inkişafına mühüm töhfə verəcək. Beləliklə, ölkəmiz digər dövlətlərdən
idxal edilən polad məhsullarına görə kənara
çıxan maddi vəsaiti bu vacib sahənin inkişafına
yönəldəcək. Nəticədə isə qazanan zəngin təbii sərvətlərə
və şaxələnən iqtisadiyyata malik Azərbaycan
dövləti olacaq.
Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.5.