Azərbaycan – Cənubi
Qafqazın lider dövləti
Bu,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirilən müdrik siyasi kursun təntənəsidir
Müstəqil
Azərbaycan dövləti 2014-cü ili möhtəşəm
nailiyyətlərlə başa vurmağa hazırlaşır.
Bu baxımdan xalqımız öz dövlət müstəqilliyinin iyirmi üçüncü
ildönümünü ölkəmizin həyatında
baş verən böyük
siyasi və tarixi hadisə
fonunda qarşılayır. Bu il sentyabrın 20-də
Bakıda Azərbaycanın təşəbbüsü,
iştirakı və dəstəyi ilə XXI əsrin möhtəşəm
layihəsinin, “Cənub” qaz dəhlizi tikintisinin təməli qoyulub.
Avropanın enerji xəritəsini tamamilə
dəyişdirəcək və Avropa ilə
Asiyanı birləşdirəcək bu tarixi layihə iştirakçı dövlət
və şirkətlərin geniş əməkdaşlığını
təmin edəcəkdir. Bu, əsası ulu öndərimiz tərəfindən qoyulan və son on bir ildə Azərbaycanın
və regionun yeni lideri cənab İlham
Əliyevin uğurla davam
və inkişaf etdirdiyi
müdrik siyasi kursun parlaq təcəssümüdür.
Müstəqil Azərbaycan
dövləti artıq 11 ildir ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurlu
gələcəyə doğru inamla irəliləyir. Bu gün
Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə,
sabitlik, bütün
sahələrdə sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji
mövqeyə malik olan,
qlobal enerji təhlükəsizliyinin
təminatında getdikcə vacib rol oynayan bir
dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri kimi tanınan Azərbaycan
artıq regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən
aparıcı rola malikdir
və təsadüfi deyil ki,
bölgəyə iqtisadi, siyasi
maraq göstərən dünya
dövlətləri, beynəlxalq təşkilatlar ilk növbədə Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.
“Əsrin müqaviləsi”nin
20 illiyinə və “Cənub” qaz dəhlizinin
təməlinin qoyulmasına həsr olunmuş
təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev
bütün bu məsələlərə
ətraflı toxunub: “Neft-qaz
resurslarımız, sadəcə olaraq, bizim üçün əlavə
bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz
investisiyalarımızı bu layihələrə
qoyaq. TANAP layihəsində
Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz
üzərinə götürəcəkdir. “Şahdəniz”də,
TAP-da və digər layihələrdə
Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə,
vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu
gün bizim ümumi maraqlarımıza xidmət edir. Bu layihə, eyni zamanda, tərəfdaş
ölkələrimiz üçün də
çox faydalıdır. Bu
layihənin icrası nəticəsində uduzan
tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək.
Tranzit ölkələri, onlar,
eyni zamanda,
istehlakçı ölkələrdir. İstehlakçı
ölkələr də qaz mənbələrinin
şaxələndirilməsinə nail olacaqlar. Bu layihə
Avropanın enerji təhlükəsizliyini
təmin edən layihədir. Təsadüfi deyil ki, üç
il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan
arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə
qoyur ki, Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində çox önəmli
rol oynayan bir ölkədir. Bu
gündən sonra bu rol daha da
artacaq”.
Tam müstəqil siyasət yürüdən Azərbaycan
dövləti beynəlxalq şəraitdən, maliyyə və
iqtisadi böhrandan
asılı olmayaraq dinamik
və hərtərəfli inkişaf edir, öz siyasi,
sosial-iqtisadi qüdrətini
artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycanın inkişaf
istiqamətlərinin müxtəlif və bir-biri
ilə sıx bağlı olduğunu
önə çəkən Prezident İlham Əliyev deyib: “Güclü iqtisadiyyat,
güclü sosial
siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi,
qanunun aliliyinin bərqərar
olunması, demokratiyanın inkişafı, siyasi
islahatların aparılması və dərinləşməsi
- bütün bunlar Azərbaycanı
hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir.
Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar
aparılır... Bizim əməlimizlə
sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil
siyasət aparırıq, öz
gücümüzə arxalanırıq, öz
hesabımıza yaşayırıq.”
Qazanılan nailliyyətlər
çox qısa bir zamanda əldə olunsa da, bu günün
müstəvisindən ötən əsrin 90-cı illərinin
əvvəllərinə- müstəqilliyimizin ilk illərinə
nəzər yetirəndə
ötən müddətdə keçdiyimiz
yolun bütün kəşməkeşləri,
təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur
ki, Azərbaycanda dövlət müstəqilliyi
haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də,
ölkəmiz yalnız müdrik dövlət
xadimi, dünya
şöhrətli siyasətçi Heydər Əliyevin
respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi
müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr
burulğanında boğulurdu, ölkədə
qarşıdurma son həddə
çatmışdı. Siyasi hakimiyyətdə
bir-birlərini əvəz edən səriştəsiz və
naşı iqtidarların günahı üzündən
ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni
sahələrdə dərin tənəzzülə
uğrayırdı, Azərbaycanda vətəndaş
müharibəsi qaçılmaz idi.
Xalqımız çətinliklə
bərpa etdiyi müstəqilliyini o vaxtkı səriştəsiz iqtidarların
günahı ucbatından cəmi iki il sonra yenidən itirmək
təhlükəsi ilə üzləşdi. Bəxtimiz
onda gətirdi ki, bu tarixi şansı
reallaşdıra biləcək dahi şəxsiyyət
Heydər Əliyev xalqın təkidi
və xahişinə biganə qalmadı, Azərbaycanın kövrək
müstəqilliyini qorumaq və möhkəmləndirmək
kimi olduqca mühüm bir
missiyanı üzərinə götürdü
və onu şərəflə yerinə
yetirdi.
Heydər Əliyev deyirdi: “Belə bir yüksək
və məsuliyyətli vəzifəni öz
üzərimə götürərkən,
birinci növbədə Azərbaycan
xalqının zəkasına, müdrikliyinə, qüdrətinə
güvənirəm, arxalanıram”. Tarix təsdiqlədi:
Ulu öndərimizin güvəndiyi,
arxalandığı bu yenilməz qüvvə
sonralar qarşıya çıxan
neçə-neçə təhlükəni sovuşdurmağa,
keçilməz maneləri dəf etməyə imkan verdi. Xalqın
öz sevimli rəhbəri
ilə birliyi, həmrəyliyi sayəsində
iki dövlət çevrilişi
cəhdinin, digər ciddi təxribatların
qarşısı alındı. Çox
keçmədən ölkədə ictimai-siyasi
sabitlik bərqərar edildi
və həmin sabitlik bu
gün də etibarlı şəkildə qorunur.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndərimiz
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü
önə çəkərək deyib:
“O, tarixi perspektivləri qabaqcadan
görmüş, ən çətin məqamlarda
yeganə düzgün qərarlar qəbul
etmək bacarığı ilə çoxlarını heyran qoymuşdu. Məhz onun dövründə Azərbaycan özünün coğrafi-siyasi
vəziyyətinin nadir imkanlarından
istifadə edə bildi. Bu yol nə
qədər enişli-yoxuşlu olsa da, Azərbaycan
xalqı öz gələcək
inkişafının üfüqlərini məhz Heydər
Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər
çərçivəsində görür.
Şübhəsiz ki, Heydər Əliyev öz xalqının psixologiyasının
xüsusiyyətlərini, mentalitetini çox gözəl bilən xarizmatik
liderdir. Onun həyatında
hadisələrin sanki öncədən
müəyyənləşdirilmiş gedişini
təkcə sözün gücü
ilə dəyişdirə bildiyi hallar çox olmuşdur. Heydər Əliyevin şəxsi
nümunəsi bizim hamımızı, onun həmvətənlərini
ruhlandırır və qurub-yaratmağa həvəsləndirir”.
Ulu öndərimizin bəşəri əhəmiyyətli
iki tarixi xidmətinin
üzərində xüsusi dayanmaq istərdim. Onun biri
dünya
miqyasında nəhəng dövlətlərin Azərbaycanla
bağladığı neft
kontraktlarıdır. “Əsrin müqaviləsi” adlanan bu möhtəşəm kontraktlar Xəzərin Azərbaycana məxsus
hissəsindəki zəngin təbii sərvətlərin birgə
işlədilməsini nəzərdə tuturdu
və iqtisadi
müstəqilliyimizin təməl daşına
çevrilərək, ölkəmizin dünyanın geosiyasi güc mərkəzlərindən
biri kimi qəbul
olunmasına yol açdı. Təbii ki, Azərbaycanın iqtisadi
qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizin,
ondan ölkəmizin və xalqımızın mənafeyinə uyğun
düzgün istifadə olunması mühüm rol oynayır.
Ümummilli liderimiz
Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə
işləyib hazırladığı, mərhələ-mərhələ
reallaşdırdığı milli neft strategiyası ötən əsrin
ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli
uğurlu inkişaf epoxasının təməlini qoyub.
Heydər Əliyevin ikinci mühüm xidməti
isə qədim İpək Yolunun bərpasıdır. Bu qüdrətli şəxsiyyət İpək Yolunun bərpasını reallaşdırmaqla
qarşısında həm tarixi ənənələri
yaşatmaq, həm də Azərbaycanın
strateji mövqeyini daha da gücləndirmək
məqsədi qoymuşdu. İndi
bu qlobal,
dünyamiqyaslı layihələrin bəhrəsindən yalnız
xalqımız deyil, bütün dünya bəhrələnir.
Azərbaycan
bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq
təşkilatlarla müştərək işlər görərək,
tarixi İpək Yolunun
bərpa olunması sahəsində - TRASEKA Proqramının
hazırlanması və yaradılmasında yaxından iştirak edib. Müstəqil Azərbaycan dövləti
1993-cü ilin may
ayında Brüssel şəhərində
keçirilmiş konfransda
Avropa Komissiyasının TRASEKA
Proqramının yaradılmasının təşəbbüskarlarındandır.
Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası
proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi
qəbul edilib.
Azərbaycanın
TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət
kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin
möhkəmləndirilməsi və genişləndirilməsi,
dünya iqtisadiyyatına inteqrasiyası və
beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük
imkanlar yaradır.
Bakı şəhərində
ildə 10 milyon ton neft məhsullarının boşaldılıb
yüklənməsinə imkan verən neft boşaltma limanı
istifadəyə verilib. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu sahəyə də xüsusi
önəm verib: “Keçən ay Ələtdə Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci
hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki,
ticarət limanı yaxın iki il ərzində tam şəkildə
istifadəyə veriləcək. Beləliklə, Xəzər
dənizində ən böyük beynəlxalq
ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük
və bir milyon konteynerdir. Bu, Xəzərdə
ən böyük liman
olacaqdır və Xəzərdə yük
daşımalarının həcminin artırılması
gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir”.
TRASEKA Proqramı və
Böyük İpək Yolunun
bərpa edilməsi bu gün
və XXI əsr üçün ən böyük proqramlardandır. Bu
proqramın hərtərəfli inkişafının təmin
edilməsi Cənubi Qafqaz və Orta Asiya ölkələrinin
Avropa ilə inteqrasiyasını daha da sürətləndirəcəkdir.
Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə son 11
ildə ölkə iqtisadiyyatı üçün
prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru
da əsas infrastrukturlardan
biri olaraq sürətlə
inkişaf edir. Əvvəlki
illərdə olduğu kimi,
2014-cü ilin 9 ayında bu
sektora investisiyaların yönəldilməsi,
körpülərin və yol
qovşaqlarının tikilməsi, yeni avtomobil yollarının çəkilişi,
yenidən qurulması və digər işlər davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti
sahənin inkişafına müsbət təsir göstərmişdir.
Ölkəmizdə uğurla həyata keçirilən
genişmiqyaslı iqtisadi islahatlar
nəticəsində əldə edilmiş
dinamik inkişaf nəqliyyat-yol
kompleksində də görülən işlərə mühüm təkan vermişdir.
Azərbaycanın regionun əsas
nəqliyyat qovşağına çevrilməsi ölkənin
nəqliyyat sektorunun müasir
standartlara uyğun
yenidən qurulmasını, xüsusən, respublika
ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişaf etdirməsini, eləcə də bu sahədə tənzimləmə və idarəetmənin
daha da təkmilləşməsini
zəruri etmişdir.
Ölkəmizin
nəqliyyat-yol kompleksinin müasir
səviyyədə qurulması, bu sahədə
islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsi, ölkə
iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi,
nəqliyyat qanunvericiliyinin təkmiləşdirilməsi,
texniki yeniləşmə və müasir
texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illər ərzində
ardıcıl olaraq davam
etdirilmişdir. Azərbaycanın
Cənubi Qafqazda mühüm
nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olduğunu
nəzərə alsaq, regionda
həyata keçirilən mühüm
layihələrin beynəlxalq mahiyyətini də dəyərləndirmək
lazımdır. Azərbaycan Prezidenti
cənab İlham Əliyev nəqliyyat sektorunun əhəmiyyətini dəyərləndirərkən
demişdir: “Biz bütün imkanlarımızdan istifadə edərək
nəqliyyat sektorunu daha
da sürətlə inkişaf
etdirəcəyik”. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Prezidenti İlham
Əliyevin məqsədyönlü siyasəti nəticəsində
sürətlə inkişaf edən
ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat
xidmətlərinə olan tələbatının
ödənilməsinə, ölkəmizin tranzit
potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə
yönəldilmişdir. Son illər görülən işlərin inkişaf dinamikasını geniş
təhlil edən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, bütün növ nəqliyyat infrastrukturunun
etibarlılığının təmin olunması, nəqliyyatın
işinin səmərəli təşkili
üçün zəruri tədbirlər
görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin
vaxtında və keyfiyyətlə icra
edilməsinə dövlət başçısının
şəxsi dəstəyi sayəsində nail
olunmuşdur.
Ölkəmizin hərtərəfli
inkişafında dəmir yolunun da rolunu xüsusi
qeyd etmək lazımdır. Azərbaycan
Dövlət Dəmir Yolu keçmiş
İttifaqın ən qocaman polad maqistrallarından biri
olmuş, İkinci dünya müharibəsi illərində Azərbaycan
dəmiryolçuları çox çətin
sınaqlardan müvəffəqiyyətlə
çıxmışdır. Ordunu yanacaq və neft məhsulları
ilə təmin etmiş, cəbhəyə
1 milyon 300 min o, cümlədən 600 min
sistern yanacaq dolu vaqon yola
salmışlar. Hazırda Azərbaycan
Dövlət Dəmir Yolunun yenidənqurulması
və inkişafı istiqamətində genişmiqyaslı
işlər görülür.
Dünya təcrübəsi təsdiqləyir ki, dövlətin və xalqın davamlı
inkişafını taleyüklü mərhələlərdə
ona rəhbərlik etmiş
fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir.
1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin xilaskarlıq
missiyası nə qədər önəmli idisə, 2003-cü ildən sonrakı
dövrdə də belə bir gərəklilik
ortada idi. O vaxt hətta ulu öndərimizdən
sonra ölkəmizin taleyinin
necə olacağı barədə düşünənlər
də az deyildi. Xalqımızın bəxti onda gətirdi ki, Heydər
Əliyev özündən sonra onun müdrik siyasi kursunu davam etdirmək iqtidarında olan
siyasi varisini,
xalqın yeni
liderini yetişdirmişdi.
Cənab İlham Əliyev
xalqın istəyi ilə Prezident
seçildikdən sonra ulu
öndərimizin əsasını qoyduğu
inkişaf strategiyasını layiqincə davam etdirmək, onu
zamanın tələblərinə uyğun
olaraq daha da zənginləşdirmək, Azərbaycanın
sürətli tərəqqi yolunda irəliləməsini
təmin etmək iqtidarında olduğunu
sübuta yetirdi. Bu mənada cənab
İlham Əliyevin missiyası ulu öndərin həyata keçirdiyi
işlərin miqyası qədər vacib xarakter daşımış və onun lider keyfiyyətlərini
təsdiqləmişdir. 2003-cü ildən sonrakı dövrdə
ölkənin möhkəmlənməsi, vahid
bir siyasi xətt
üzrə irəliyə aparılması, milli
həmrəyliyin qorunub
saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönələn adekvat reaksiyalar və digər
amillər bir daha sübuta yetirdi ki, Prezident İlham
Əliyevin malik olduğu
keyfiyyətlər onun lider
statusunu önə çəkir. Ümummilli liderin ciddi elmi təməllərə
söykənən inkişaf
strategiyasını inamla davam
etdirən cənab İlham Əliyev
qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən
sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə
çevirməyə müvəffəq oldu.
Məhərrəm MƏMMƏDOV,
respublikanın fəxri dəmiryolçusu,
iqtisadçı ekspert
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.3.