Prezident İlham
ƏLİYEV:
Biz iqtisadi cəhətdən tam müstəqilik,
heç kimdən asılı deyilik
Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqlədi. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Hesabat dövründə həyata keçirilən tədbirlərə
nəzər salanda, görülən işləri
müqayisəli şəkildə təhlil edəndə
yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini
tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında
yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik
inkişafı və ölkə iqtisadiyyatının
diversifikasiyası, özəl sektorun
inkişafına hərtərəfli dövlət dəstəyi,
regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması,
səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq,
dünya iqtisadiyyatına inteqrasiya
və son nəticədə ölkəmizin
hər bir vətəndaşının
rifahının yüksəldilməsi ilə bağlı
müsbət dəyişikliklər
baş vermişdir.
Azərbaycan Prezidenti cənab İlham
Əliyev iclasda
bu barədə demişdir:
“Doqquz ayın iqtisadi
göstəriciləri də çox
müsbətdir. İqtisadiyyatımız inkişaf
edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə
böhranı davam edir,
ancaq Azərbaycanda hər il
iqtisadi inkişaf
müşahidə olunur və bu ilin doqquz
ayında ümumi daxili
məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki,
bu, çox müsbət
göstəricidir. Ən önəmlisi ondan
ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft
sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir.
Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.
Prezident İlham Əliyev
çıxışında
inflyasiyanın çox cüzi olduğunu, ilin sonuna qədər də
onun aşağı səviyyədə
qalacağına əminliyini bildirmişdir.
Qeyd etmişdir ki, gələn il də bu göstəricinin
aşağı səviyyədə olmasına
çalışmaq lazımdır. Çünki
büdcə artır və bu il də büdcə xərcləri kifayət
qədər böyükdür. Maaşlar, pensiyalar
qalxır, doqquz ayda da qalxmışdır. Buna
baxmayaraq, inflyasiya
aşağı səviyyədədir və bu
da ölkədə makroiqtisadi
vəziyyətin sabit olmasının əsas
göstəricisidir.
Azərbaycanın son zamanlar davamlı
inkişafı və tərəqqisi yolunda
əldə olunan nailiyyətlər
xalqın və dövlətin təminatlı gələcəyinə
möhkəm zəmin yaratmışdır. Respublikamız
hazırda əsas investisiya layihələrini daxili
resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi də çıxış edir. Nazirlər Kabinetinin
iclasında Prezident İlham
Əliyev demişdir: “Bizim
kifayət qədər valyuta
ehtiyatlarımız var. İlin
əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var
ki, bu da
dünya miqyasında çox
böyük göstəricidir.
Adambaşına düşən valyuta
ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən
yüksək səviyyədədir”.
Göründüyü kimi, Azərbaycanın
maliyyə qüdrətinin güclənməsi, təbii ki, sosial məsələlərin
həllinə də öz müsbət təsirini
göstərmişdir. Ölkə rəhbəri bununla bağlı sözügedən iclasda bir sıra rəqəmləri
diqqətə çatdırmışdır.
Dövlətimizin başçısı qeyri-neft sənayesinin 6 faiz
səviyyəsinə çatmasını, inflyasiyanın çox aşağı səviyyədə -
cəmi 1,5 faiz olmasını, əhalinin pul gəlirlərinin isə 5,4 faiz
artmasını, beləliklə, hər il
olduğu kimi, əhalinin
gəlirlərinin inflyasiyanı üstələməsini və
bunun da bilavasitə
insanların yaşayış səviyyəsinə müsbət
təsir göstərməsini xüsusi
vurğulamışdır.
Qeyri-neft sektorunun sürətli
yüksəlişi həm də daxili
investisiyaların həcminin artımında özünü
göstərir. Bir sıra dövlətlərin təcrübəsində
uğurla sınaqdan
çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə
olunan gəlirlərin qeyri-neft
sektoruna, istehsal
sahibkarlığının inkişafına yönəldilməsini,
özəl sektorun ümumi
daxili məhsulda xüsusi
çəkisinin artırılmasını nəzərdə
tutur. İqtisadiyyatın bütün
sahələrinin inkişafı həm də makroiqtisadi
sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb
edir.
Son illərdə Azərbaycan xaricdən sərmayə
alan ölkədən xaricə sərmayə
yatıran ölkəyə çevrilmişdir.
Hazırda Türkiyə, Ukrayna, Gürcüstan, Moldova,
İsveçrə, Rusiya və digər
dövlətlərin iqtisadiyyatına böyük
həcmdə sərmayə qoyuruq. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan
ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini
nümayiş etdirir.
Əslində, Azərbaycan bu gün adambaşına düşən 7 min dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr
qrupunda yer alır.
Ölkə başçısı bununla
bağlı demişdir: “İnvestisiyalar
böyük həcmdə qoyulur.
İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11
milyardı daxili sərmayədir. Bu da son
illərdə müşahidə olunan mənzərədir.
İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük
hissəsi dövlət investisiyalarıdır. Bu
da təbiidir. Çünki
hələ də dövlət xətti ilə infrastruktur
layihələrinə, o cümlədən
sosial infrastruktur layihələrinin
icrasına vəsait ayrılmalıdır. Ancaq
Azərbaycana özəl sərmayə də qoyulur.
Azərbaycanda çox müsbət sərmayə
iqlimi vardır, yerli və
xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin
gələcəyinə inanırlar. Buna
görə Azərbaycana çox böyük həcmdə investisiyalar
qoyulur”.
Hazırda dünyanın
əksər ölkələri xarici
investisiyaları cəlb etmək üçün
rəqabət aparır. Çünki hər
bir ölkənin iqtisadi
inkişafını investisiyalar müəyyən
edir. Bu gün avrozonada
müşahidə olunan vəziyyət onu göstərir ki, investisiyalar olmasa, Avropa iqtisadiyyatının böhrandan
çıxması çox çətin
olacaq. Azərbaycan iqtisadiyyatına
yatırılan sərmayənin həcmi isə ilbəil
artmaqdadır. Bir az əvvəl
qeyd etdiyimiz kimi, doqquz ayda
ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulub. Heç
şübhəsiz, ilin sonuna
qədər bu rəqəm daha da artacaq.
Son illərdə Azərbaycanda yüzlərlə
yeni iri və orta sənaye müəssisəsi fəaliyyətə
başlayıb. Bu müəssisələrin bir çoxunun məhsulları xaricə ixrac olunur və dünya bazarında analoji
məhsullarla uğurla rəqabət apararaq özünə alıcılar
tapır. İndi ölkəmizin
qarşısında duran əsas məqsəd inkişaf etmiş dövlətlər sırasına
çatmaqdır. Buna nail olmağın yeganə yolu
isə ölkənin müasir texnologiyalara əsaslanan güclü
sənaye potensialının yaradılmasıdır. Hazırda
ölkədə aparılan iqtisadi siyasətin
başlıca hədəfi də budur. Bu baxımdan 2014-cü ilin
“Sənaye ili” elan
edilməsi təsadüfi deyil. Ölkə
Prezidenti cənab İlham
Əliyev demişdir:- “Bu
il “Sənaye ili”dir və əlbəttə ki,
sənaye istehsalının inkişafına xüsusi
diqqət yetirilmişdir. Bir
çox zavodlar, fabriklər,
istehsalat sahələri
açılmışdır... Azərbaycanda kifayət qədər
xammal və artıq sənaye
potensialımız da var.
Həm özümüzü maksimum dərəcədə təmin etməliyik,
həm də ixrac etməliyik. Burada alüminium,
poladtökmə, metallurgiya sənayesinin
inkişafı nəzərdə tutulur və
inkişaf etdirilir. Burada da böyük
potensial var. Dediyim kimi, biz
artıq özümüzü sement istehsalı ilə 100 faiz
təmin etmişik”.
İclasda sənayenin inkişafının zəruri
proses olması da diqqətə
çatdırılmışdır. Prezident
İlham Əliyev xüsusi
vurğulamışdır ki, Azərbaycanın gələcək
inkişafı sənayenin inkişafı ilə sıx
bağlıdır. Hazırda Azərbaycan dövlətinin
kifayət qədər vəsaiti var və
dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye
sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz
üzərinə götürməlidir və biz
xarici investorları cəlb etməklə bu işlərdə daha
yüksək nəticələrə nail
olmalıyıq.
Yeri gəlmişkən, sənayenin
inkişafından danışarkən bir
məqama da xüsusi
diqqət yetirmək istərdik. Bu da müasir sənaye məhəllələrinin
yaradlmasıdır. Xatırladaq ki, Azərbaycan
Prezidenti sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında 8 oktyabr 2014-cü il tarixli fərman
imzalamışdır. Sənəddə bildirilir ki, Azərbaycan
Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli
inkişafının təmin edilməsini, o
cümlədən yüksək texnologiyalar
əsasında sənayenin dinamik
inkişafını və şaxələndirilməsini nəzərdə
tutur.
Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq
son illərdə regionların sosial-iqtisadi inkişafına dair
Dövlət proqramları çərçivəsində
müxtəlif təyinatlı çoxlu sənaye müəssisəsi tikilib istifadəyə verilib,
yüzminlərlə yeni iş
yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları
istehsalını daha da
artırmaq məqsədilə hazırda sənaye
parklarının yaradılması istiqamətində böyük işlər görülür.
Regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsində və yerli
ehtiyatlardan səmərəli istifadə
edilməklə sənaye sahələrinin inkişaf
etdirilməsinin daha bir
istiqaməti ölkənin ayrı-ayrı şəhərlərində
sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri
istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin
azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsi və digər məsələlərin həlli
baxımından böyük əhəmiyyət
kəsb edir.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarında bir
qayda olaraq Azərbaycanın
kənd təsərrüfatında ənənəvi sahələr
olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin,
pambıqçılığın, tütünçülüyün,
çayçılığın, ipəkçiliyin və digər sahələrin
inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Aqrar bölmənin sürətli inkişafı baxımından bu sahənin normativ hüquqi bazasının, elmi-metodik
təminatının və kadr
hazırlığı sisteminin təkmilləşdirilməsinə,
onun xammal istehsalı və emalı sahələrinin
əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul
istehsalının artırılmasının
stimullaşdırılmasına, aqrar
bölməyə maliyyə dəstəyinin
artırılmasına və bu bölmənin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
həmişə xüsusi önəm verilmişdir.
İclasda bununla əlaqədar
bir daha
vurğulanmışdır ki, kənd əməkçilərinə,
fermerlərə və sahibkarlara göstərilən
qayğının təzahürü olaraq
kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahələrinin becərilməsində
istifadə olunan mineral
gübrələrin satışı
zamanı tətbiq olunan və dövlət
büdcəsindən maliyyələşən güzəşt
50 faizdən 70 faizədək artırılmışdır.
“Aqrolizinq” Səhmdar Cəmiyyətinə
dövlət büdcəsindən cari ildə
verilmiş 32 milyon manat vəsaitlə yanaşı, Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat
Fondundan kənd təsərrüfatı məhsulları
istehsalçılarına taxılyığan kombaynların
alınması, xaricdən damazlıq heyvanların idxalı və
Süni Mayalanma Mərkəzinin müasir tələblərə
uyğun yenidən qurulması üçün 30 milyon manat vəsait ayrılmışdır.
“2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair
Dövlət Proqramı”nın icrası üçün
cari ildə 105 milyon manat vəsait sərf edilmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə
müqayisədə həmin göstəricinin 3 faiz və yaxud 3 milyon manat artırılması
deməkdir.
Bu gün ölkəmizdə
Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi
inkişaf strategiyasının prioritetlərindən
olan sahibkarlığın inkişafı əhəmiyyətli
rol oynayır. Dövlət
başçımızın həyata keçirdiyi
iqtisadi siyasət sahibkarlığın tərəqqisinin
təmin edilməsində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli
kreditlərin ayrılmasında, insan
kapitalı və təbii ehtiyatlardan səmərəli
istifadə yolu ilə mövcud
potensialın reallaşdırılmasında,
yerli və xarici
investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni
bir səhifə açmışdır.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə
biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik
bazasının təkmilləşdirilməsi, müasir
texnologiyaların, idarəetmə təcrübəsinin cəlb
edilməsi və bu yolla
yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların
istehsal edilməsi Azərbaycan
Respublikası Prezidentinin müəyyən
etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Sahibkarlara güzəştli kreditlərin verilməsi
üçün dövlət büdcəsindən
cari ildə Sahibkarlığa Kömək
Milli Fonduna 150 milyon manat vəsait
ayrılmışdır və bununla da dövlət büdcəsindən fonda ayrılmış vəsaitin ümumi həcmi 830 milyon manata çatdırılmışdır. İclasda xatırladılmışdır ki,
Azərbaycan Prezidentnin tapşırığına uyğun olaraq kənd təsərrüfatı
məhsullarının istehsalçılarının əmlak
mənafelərinin daha etibarlı
qorunmasına şərait yaradılması məqsədilə
“Kənd təsərrüfatında sığortanın
dövlət dəstəyi vasitəsilə
stimullaşdırılması haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi
hazırlanmışdır.
İclasda yuxarıda deyilənlərlə
yanaşı, dövlət başçısının rəhbərliyi
altında həyata keçirilmiş
ardıcıl tədbirlər sayəsində ekoloji
durumun
yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyət daşıyan nailiyyətlər
əldə edildiyi barədə də ətraflı
söhbət getmişdir. Bildirilmişdir ki, hesabat
dövründə biomüxtəlifliyin mühafizəsi,
meşələrin inkişafı, yaşıllıqların
artırılması, geoloji kəşfiyyat,
içməli suyun ekoloji
keyfiyyətinin artırılması, tullantıların və çirkab suların idarə olunması, neftlə
çirklənmiş ərazilərin reabilitasiyası və s. sahələrdə inqilabi
dəyişikliklər baş vermişdir.
Göründüyü kimi, Azərbaycanın
bu günkü
inkişafının təmin edilməsi ilk
növbədə Prezident İlham
Əliyevin yürütdüyü çevik və düşünülmüş
iqtisadi siyasət kursunun
nəticəsidir. Bu baxımdan Dünya İqtisadi Forumunun yeni nəşrində
Azərbaycan Respublikası reytinq cədvəlində
ən yüksək yerlərdən birini tutmuşdur. Cənab İlham
Əliyev iclasda demişdir:
-“Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər
iqtisadi qurumları tərəfindən də
yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə
görə 38-ci yerə layiq görmüşdür. Biz
bir pillə də irəliyə getdik və dünya
miqyasında bu göstəriciyə
görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir
sözlə, biz dünyanın ən rəqabət
qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və
bizə əlavə inam verir.
Biz onsuz da bilirik ki,
düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər,
böyük nüfuzu
olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi,
əlbəttə ki, çox
önəmlidir”.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.1.