Azərbaycanın neft-qaz ehtiyatları
Avropanın enerji təhlükəsizliyinin
təminatına mühüm töhfə verir
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, 1994-cü il sentyabr ayının 20-də dünyanın yeddi ölkəsini təmsil edən transmilli neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, ölkəmizin suverenliyinin başlıca təminatına çevrilmişdir. “Əsrin müqaviləsi” çərçivəsində ilk neftin çıxarılması Azərbaycanda neft sənayesinin sürətli inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasi və iqtisadi nüfuzunun artmasına imkan yaratmışdır.
Azərbaycanın
iqtisadi müstəqilliyinin əsasını
qoymuş bu mühüm neft sazişinin imzalanmasından 20 il
keçir. Ötən müddətdə
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın
neft sənayesinin infrastruktur
imkanları xeyli genişləndirilmiş,
Xəzər dənizində unikal platformalar quraşdırılmış,
sualtı neft boru kəmərləri çəkilmiş,
Səngəçal terminalı inşa olunmuşdur. Təsadüfi deyil
ki, hazırda Azərbaycanın neft və qaz ölkəsi kimi dünya
miqyasında tanınması məhz “Əsrin müqaviləsi”
çərçivəsində görülən işlərin
məntiqi nəticəsidir. Eyni zamanda, “Əsrin müqaviləsi” Azərbaycanda
neft hasilatının rekord
səviyyəyə çatdırılmasına imkan yaratmışdır. Belə ki, 1997-ci ilin noyabr ayında
“Çıraq” yatağının istismara
verilməsi ilə ölkəmizdə neft
hasilatı sürətlə artaraq 9 milyon tondan 2010-cu ildə
51 milyon tona
çatmışdır. Hazırda “Çıraq”, “Azəri”
yataqlarında və “Günəşli” yatağının dərinsulu
hissəsində 80 hasilat quyusundan
ayda orta hesabla 2,7 milyon tona qədər neft və
1,5 milyard kubmetr səmt
qazı hasil olunur.
Bütövlükdə isə ötən illər ərzində
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanda
340 milyon tondan
artıq neft
çıxarılmışdır.
Azərbaycanda neft hasilatının ilbəil artması
çoxşaxəli ixrac
marşrutları sisteminin
yaradılmasını labüd edirdi. Doğrudur, ilkin dövrlərdə xam neft Bakı-Novorossiysk və
Bakı-Supsa boru kəmərləri ilə
müvafiq olaraq Şimal və Qərb istiqamətlərinə
ixrac edilirdisə də, getdikcə artmaqda olan neft
həcmləri daha geniş
imkanlara malik boru kəmərinə zərurət
yaradırdı. Belə bir şəraitdə
Azərbaycan xalqının maraqlarını daim uca tutan
ulu öndər Heydər Əliyev
Bakı-Tbilisi-Ceyhan marşrutu
ideyasını irəli sürdü və
bu yolda əsl xarakter nümayiş etdirərək
sözügedən layihənin həyata vəsiqə
qazanmasına nail oldu.
Nəhayət, “Üç dənizin əfsanəsi”
adlandırılan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri reallığa çevrildi. Bununla da, zaman
ümummilli lider Heydər
Əliyevin siyasi müdrikliyini
və uzaqgörənliyini sübut etdi, Azərbaycanın
uzunmüddətli strateji maraqları
üzərində qurduğu
çoxşaxəli ixrac
strategiyasının həqiqiliyini bütün
dünyaya nümayiş
etdirdi. Hazırda
xalqımızın ümummilli lideri Heydər Əliyevin adını
daşıyan bu kəmərin ötürücülük qabiliyyəti ildə
50 milyon ton təşkil
edir. 2014-cü il
sentyabrın 1-dək Azərbaycanın ixrac
neft kəmərləri sistemi
ilə dünya bazarlarına 384 milyon tona yaxın neft ixrac olunmuşdur ki, bunun da 254,9 milyon tonu məhz
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına
düşür. Bundan
əlavə, ötən illər ərzində Bakı-Supsa kəməri
ilə 69,1 milyon ton,
Bakı-Novorossiysk kəməri ilə 39,1 milyon
ton və dəmir yolu
ilə 20,5 milyon ton neft ixrac edilmişdir.
Artıq uzun illərdir ki, ulu öndər Heydər Əliyevin qalibiyyətli
neft strategiyası Azərbaycan dövlətinin
iqtisadi qüdrətinin artmasına və
xalqımızın rifah halının
yaxşılaşmasına xidmət edir. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev demişdir:
“1994-cü ildən Azərbaycan dövləti özünün
yeni neft
strategiyasını həyata keçirir və
bu strategiyanın da əsas
mənası, əsas prinsipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən, o
cümlədən neft və qaz sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən
ibarətdir”. Xam neftin satışından əldə
olunan gəlirlərin idarə olunması,
onun ölkəmizin iqtisadi
inkişafının və xalqın həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilməsini
təmin etmək məqsədilə ulu
öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə
Azərbaycan Respublikası Dövlət Neft
Fondu təsisi edildi.
Artıq 15-ci ildir ki,
layihənin iştirakçıları, o
cümlədən Azərbaycan mənfəət neftindən gəlir
əldə edir. Yeri gəlmişkən,
1999-cu ilədək neftin
satışından əldə edilən gəlirlər neft yataqlarının işlənilməsinə
sərmayə qoyuluşu şəklində
sərf edilirdisə, həmin ilin
dekabrından etibarən isə Azərbaycanın mənfəət
nefti xarici bazarlara çıxarılır. Ötən
müddətdə Azərbaycanın
payına düşən 185 milyon tona yaxın mənfəət nefti
dünya bazarlarına göndərilmişdir.
Ölkəmizə çatan mənfəət
neftinin həcmi isə ilbəil artır.
Təkcə onu qeyd
etmək kifayətdir ki, 2014-cü ilin altı ayı ərzində “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan hasil edilmiş 16 milyon ton neftin
11,2 milyon tonu, yəni
70 faizi Azərbaycanın payına
düşən mənfəət nefti olmuşdur. Mənfəət neftinin
satışından əldə edilən gəlirlər Azərbaycan
Respublikası Dövlət Neft Fondunda toplanır. Fondun vəsaitlərinin əsas
hissəsi gələcək nəsillər üçün
saxlanılmaqla yanaşı, müəyyən hissəsi də
ölkəmizdə bir sıra ümummilli layihələrin
reallaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə
və xalqın rifahının
yaxşılaşdırılmasına sərf olunur.
Neftin satışından əldə olunan gəlirlərin ilbəil artması ilə
Azərbaycanın maliyyə imkanları genişlənir ki, bu da
ölkəmizi regionun investor
dövlətinə çevirir.
Məlum
olduğu kimi, Azərbaycanın
yeraltı sərvətləri təkcə neft
ehtiyatları ilə məhdudlaşmır. Ölkəmizdə,
həm də zəngin qaz yataqları mövcuddur. Ötən müddətdə həmin
ehtiyatların işlənməyə cəlb edilməsi istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan
özünü dünyaya
zəngin qaz ölkəsi kimi
də təqdim etmişdir. Ölkəmizin
dünyanın potensial qaz
ixracatçısı kimi tanınmasında isə “Şahdəniz”
yatağı mühüm rol
oynamışdır. “Şahdəniz” qaz-kondensat
yatağının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsünə
dair saziş 1996-cı il iyun ayının 4-də Bakıda Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti
ilə xarici şirkətlər
arasında imzalanmışdır. “Şahdəniz” yatağı dünyanın ən böyük qaz
yataqlarından biridir. Təkcə onu qeyd etmək kifayətdir
ki, ölkəmizin qaz
potensialının təqribən 50 faizi məhz
bu yataqda cəmlənmişdir.
Üç il ərzində
aparılmış kəşfiyyat işlərindan sonra 1999-cu ilin yayında
“Şahdəniz” yatağının qaz
ehtiyatları ilə zəngin olması tam
təsdiqini tapmış və ulu öndər
Heydər Əliyevin iştirakı ilə nəticələrin
təqdimatına həsr olunmuş mərasim
keçirilmişdir. 2003-cü ilin fevral ayında
“Şahdəniz” yatağının birinci mərhələsinin
işlənilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Ötən müddətdə
layihə çərçivəsində genişmiqyaslı
tikinti-quraşdırma işləri həyata keçirilmiş,
Xəzər dənizinin Azərbaycan sektorunda
ilk unikal qaz hasilatı platforması, sualtı boru kəməri, “mavi
yanacağı” qəbul edib ixraca yönəltmək məqsədilə Səngəçal
terminalında nəhəng qurğular inşa olunmuş,
Bakı-Ərzurum boru kəməri çəkilib
istismara verilmişdir.
2006-cı ilin sonlarında “Şahdəniz”
platformasından hasilata
başlanılması ilə Azərbaycanda yeni
qaz erasının əsası qoyulmuşdur. Xatırladaq ki, “Şahdəniz”
yatağının ümumi ehtiyatları
1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. “Şahdəniz”
yatağı istismara verilən gündən
indiyədək 54,4 milyard kubmetr qaz və 14 milyon ton kondensat hasil
edilmişdir. 2007-ci ilin
əvvəllərindən etibarən isə “Şahdəniz”
qazı Cənubi Qafqaz boru kəməri ilə Qərb istiqamətinə—Gürcüstana
və Türkiyəyə ixrac olunur. Bununla da, Azərbaycan dünyanın potensial
qaz ixrac edən
ölkələrindən birinə çevrilmişdir.
Artıq yeddi ildən çoxdur
ki, Azərbaycan öz
qazını regional bazarlara
çıxarır. Bu da
ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
təminatındakı rolunu və əhəmiyyətini
getdikcə artırır.
Son illər Avropa ölkələri “mavi yanacağa” olan tələbatının ödənilməsində
Azərbaycan qazına daha çox
ümid bəsləyirdilər. “Şahdəniz”
yatağının zəngin ehtiyatları isə ölkəmizə
marağı getdikcə artırırdı. Ötən il dekabr ayının 17-də “Şahdəniz”
yatağının ikinci mərhələsi ilə
bağlı yekun investisiya
qərarının imzalanması ilə Azərbaycanın regionun əsas qaz tədarükçüsü
kimi əhəmiyyəti bir
qədər də artdı. Təsadüfi deyil
ki,
dünyanın bir çox
ölkələrinin dövlət və hökumət rəhbərlərinin
iştirakı ilə Heydər Əliyev Mərkəzində
keçirilən təntənəli imzalanma
mərasimində Prezident İlham
Əliyev “Şahdəniz-2" layihəsini ”XXI əsrin
müqaviləsi" adlandıraraq demişdir:
“...Bu gün mən 19
il bundan öncəyə
- Azərbaycanın enerji
strategiyasının yarandığı 1994-cü ilə
dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi
və uzaqgörənliyi nəticəsində nail
olmuşuq. Müstəqillik əldə
etdikdən cəmi üç il sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə
”Əsrin müqaviləsi"ni imzalamışdır. Bu hadisə ilk dəfə
Xəzər dənizini xarici sərmayələrə
açmışdır və ölkəmizin uğurlu
iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin
müqaviləsi adlandırılmışdır. “Şahdəniz”
isə, düşünürəm ki, XXI əsrin
müqaviləsi olacaqdır".
“Şahdəniz-2"
layihəsi Avropa iqtisadi
məkanı, köhnə qitənin qaz
bazarı üçün həyata
keçirilən ən böyük infrastruktur layihəsidir. Bu
layihə yeni ”Cənub" qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının
və enerji təhlükəsizliyinin
artırılmasına mühüm
töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan
bu layihə reallığa çevrildikdən
sonra yatağın birinci
işlənmə mərhələsi çərçivəsində
hasil edilən illik 9 milyard kubmetr qazın həcmi
xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq.
Çıxarılacaq əlavə qaz həcmlərinin
ildə 10 milyard kubmetri
Avropa ölkələrinə, 6 milyard kubmetri isə
Türkiyəyə ixrac olunacaq.
Bu isə “Şahdəniz”in hazırda
dünyanın ən böyük qaz işlənməsi
layihələrindən biri olduğunu tam sübut edir. Sevindirici haldır ki, Azərbaycan
belə bir tarixi layihənin
təşəbbüskarı olmaqla
yanaşı, həm də onun həyata
keçirilməsində lider rolunu oynayır.
Azərbaycan
Respublikası malik olduğu
zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxarılmasında alternativ ixrac marşrutlarının
yaradılmasını özünün enerji siyasətinin prioriteti
hesab edir. Belə ki, hazırda ölkəmiz neft-qaz
sərvətlərini yeddi marşrut
vasitəsilə ixrac edir.
Yaxın illərdə ölkəmizdə qaz
hasilatı kəskin şəkildə artacaq
və “mavi yanacağın” xeyli hissəsi Qərbi Avropaya
ixrac olunacaq. Bu isə yeni bir qaz nəqli dəhlizinin
yaradılmasını tələb edir.
Ölkəmizin nümayiş etdirdiyi siyasi iradə, eləcə
də beynəlxalq aləmdə qazandığı inam və etibar bu məsələnin
də öhdəsindən gəlməyə imkan
verdi. Nəticədə bu
il sentyabrın 20-də Bakıda “Əsrin
müqaviləsi” nin 20-ci ildönümünün
qeyd olunduğu gündə
“Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimi keçirildi.
Xatırladaq
ki, uzunluğu 3500 kilometr təşkil edən “Cənub” qaz dəhlizinin tikintisi üç mərhələdə
reallaşdırılacaq. İlkin olaraq hazırda
“Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan
və Türkiyəyə nəqlini həyata keçirən və
regionda enerji təhlükəsizliyinin mühüm
amilinə çevrilən Cənubi Qafqaz boru kəməri genişləndiriləcək.
XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin ikinci mühüm və birləşdirici seqmenti Trans-Anadolu (TANAP) boru kəməridir . Bu, həm
də iki qardaş
ölkənin - Azərbaycan və Türkiyənin birgə
layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr təşkil
edəcək. Sonradan bu
göstəricinin 30 milyard kubmetrədək
artırılması imkanları da nəzərə
alınmışdır. Belə ki,
uzunmüddətli perspektivdə bu kəmər
həm Azərbaycan
yataqlarından hasil ediləcək
qazı, həm də Mərkəzi Asiya,
habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi
hövzəsində hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə “Cənub” dəhlizinə
ötürməyə və Avropaya
daşımağa imkan yaradacaq.
“Cənub” qaz dəhlizi Trans-Adriatik qaz boru kəməri (TAP)
ilə tamamlanacaq. Uzunluğu
870 kilometr olacaq TAP kəməri
Türkiyə-Yunanıstan sərhədində TANAP-la
birləşəcək, sonra isə
Yunanıstan və Albaniya ərazilərindən
Adriatik dənizinin altından keçməklə
İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi
Avropanı təbii qazla təmin edəcək
TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii
qazın qitənin digər böyük qaz istehlakçılarına—Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş
imkanlar açacaq.
Kəmərin ilkin ötürücülük
qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək. Göründüyü
kimi, “Cənub” qaz dəhlizini
formalaşdıracaq “Şahdəniz-2", TANAP və TAP
dünyanın ən iri enerji
layihələrindəndir. Bu mühüm enerji
dəhlizinin yaradılmasına 45 milyard dollar məbləğində sərmayə cəlb
ediləcək, marşrut boyu
yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri
açılacaqdır. Ən əsası isə ”Şahdəniz-2"
layihəsinin reallaşması Avropanın enerji
xəritəsinin zənginləşməsinə səbəb
olacaqdır. Bir məsələni də qeyd edək ki, artıq Azərbaycan
təkcə regionda
reallaşdırılan enerji layihələrinin
təşəbbüskarı olmaqla kifayətlənmir.
İndi ölkəmiz həm də bu layihələrin əsas investorlarından biri kimi
çıxış edir. Elə TANAP layihəsində
səhmlərin böyük hissəsinin
Azərbaycana məxsus olması da bunu təsdiq edir. Bununla yanaşı, ölkəmiz TAP və
“Şahdəniz-2" layihələrinin maliyyələşdirilməsində
də yaxından iştirak edəcək. Bu da Azərbaycanın
getdikcə artmaqda olan
iqtisadi gücünün
məntiqi nəticəsidir.
Elman İSKƏNDƏROV,
texnika elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 15 oktyabr.- S.7.