Milli balet tariximizdə mühüm hadisə
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, nümayiş
Kaliforniya ştatının böyük və gözəl şəhərlərindən
biri San-Dieqonun üç minlik
tamaşaçı salonuna malik, ştatın ən böyük
səhnəsi kimi tanınan Civic Teatrında gerçəkləşib.
Tamaşanın xoreoqrafı beynəlxalq mükafatlar
laureatı Xavier Velaskodur.
Baletin musiqisi San-Dieqo şəhərində fəaliyyət
göstərən nüfuzlu Grossmont Simfonik Orkestrinin ifasında səsləndirilib, bütün rollar
amerikalı balet ustaları tərəfindən
ifa edilib.
Tamaşanın premyerasında
iştirak etmək üçün
Azərbaycandan San-Dieqo şəhərinə
xüsusi nümayəndə heyəti ezam olunub. Nümayəndə
heyətinə Milli Məclisin
deputatları Səməd Seyidov, Asim Mollazadə, ARDNŞ-in
vitse-prezidenti Xaliq Məmmədov,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Mədəniyyət
və Turizm Nazirliyinin
muzey işi sektorunun müdiri Azadə
Hüseynova, Xalq artisti, xoreoqraf Mədinə
Əliyeva, dirijor Əyyub Quliyev daxil idilər.
1965-ci
ildə əsası qoyulan və
dünyanın məşhur incəsənət
ustalarının çıxış etdiyi
San-Dieqo Civic
Teatrında bu günə kimi
yüzlərlə opera və balet tamaşası səhnəyə qoyulub, Brodvey
şouları göstərilib, klassik və
müasir musiqi
axşamları təşkil olunub. Dahi bəstəkarımız
Qara Qarayevin Azərbaycan
balet sənətinin incisi
olan “Yeddi gözəl”
əsərinin bu teatrda
səhnəyə qoyulması milli balet tariximizdə mühüm
hadisədir. Yeri gəlmişkən demək
lazımdır ki, tamaşanın
sorağı San-Dieqodan çox
uzaqlara yayılıb, bütün
biletlər nümayişdən xeyli əvvəl
satılıb.
Baletin librettosu, xoreoqrafiya və səhnələşdirilməsini
həyata keçirmiş Civic
Teatrının bədii rəhbəri Xavier
Velasko 70-dən artıq uğurlu
tamaşanın müəllifidir. Tanınmış dirijor Randall Tvidin rəhbərliyi ilə Grossmont
Simfonik Orkestrinin
ifasında Qara Qarayev musiqisi teatrın səhnəsində möhtəşəm
səslənib. Randall Tvid tamaşadan
öncə Amerikada yaşayan
həmyerlimiz, sənətşünaslıq doktoru,
Dallas şəhəri Texas
Universitetinin professoru
Cəmilə Cavadova-Spilstberq ilə
söhbətində Qara Qarayev
musiqisinin ecazkarlığından
danışaraq, bu musiqiyə valeh olduğunu və onu geniş
tamaşaçı kütləsi qarşısında ifa etmək arzusu ilə
yaşadığını deyib. O, belə bir imkanın
yaradılmasına görə layihəni həyata keçirən
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, layihənin təşəbbüskarı
və təşkilatçısı olan
Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna, San-Dieqo şəhəri Diplomatiya
Şurasına dərin minnətdarlığını bildirib.
Balet amerikalı tamaşaçıların gurultulu alqışları ilə
qarşılanıb. Tamaşadan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən
rəsmi ziyafət verilib. ABŞ
federal və yerli
orqanlarının rəsmiləri, San-Dieqo
və digər şəhərlərin bələdiyyə
şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət
xadimləri, rejissor və bəstəkarlar,
universitet professorları, media
nümayəndələri ziyafətdə iştirak
ediblər.
Mərasimdə
çıxış edən baş konsul Nəsimi Ağayev “Yeddi gözəl” baletinin San-Dieqoda nümayişini
Azərbaycan mədəniyyəti tarixində əlamətdar
hadisə kimi dəyərləndirib. O, uğurla keçən tamaşanı Azərbaycan
mədəniyyət diplomatiyasının zəfəri kimi qiymətləndirib.
Mərasimdə
konqresmen Syuzan Deyvis, Milli Məclisin
deputatı Səməd Seyidov və digərləri
çıxış edərək tamaşanın məziyyətlərindən,
“Yeddi gözəl” əsərinin tərənnüm
etdiyi tolerantlıq, multikulturalizm
kimi bəşəri dəyərlərdən
bəhs edib və öz
təəssüratlarını
bölüşüblər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 16 oktyabr.- S.7.