Lənkəranda ili uğurla başa
vurmaq üçün möhkəm zəmin
yaradılıb
Cənub bölgəsinin mərkəzi sayılan Lənkəran sürətlə inkişaf edir və gözəlləşir. Şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında 2014-cü ilin doqquz ayının yekunları ətraflı müzakirə olunub və nailiyyətlərlə arxayınlaşmamaq əzmi ifadə edilib.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin doqquz ayının
yekunlarına həsr olunmuş
iclasındakı çıxışından irəli gələn
vəzifələri və bu yöndə görülmüş işləri nəzərə
çatdıran icra hakimiyyətinin
başçısı Taleh Qaraşov bildirdi ki, ilin əvvəlindən
ölkədə makroiqtisadi vəziyyət sabit
olub, ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunda istehsal 6 faiz artıb.
Ölkədə böyük tikinti layihələri icra
olunub, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilib, yeni iş
yerləri açılıb. Həmişə olduğu
kimi, hökumətin fəaliyyətində
sosial siyasət öndə olub. Əhalinin yaşayış səviyyəsi
xeyli yüksəlib, pul
gəlirləri 5,4 faiz çoxalıb.
Sonra icra hakimiyyəti
başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov
məruzə etdi. Bildirdi
ki, rayonda bir çox sahələr
üzrə yüksək nəticələr əldə olunub. Ümumi məhsul
buraxılışı 3,1 faiz artaraq 291,4 milyon manat təşkil edib. Sənayedə
14,8 milyon manatlıq və ya
ötən ilin müvafiq
dövrünə nisbətən 5,6 faiz çox məhsul istehsal olunub. Doqquz ayda 2024 yeni iş yeri
açılıb ki, bunun
da 1583-ü daimidir.
Məruzəçi
ayrı-ayrılıqda rayonun nəqliyyat,
telekommunikasiya və poçt
sahələrində görülmüş
işlər barədə məlumat verdi, aqrar sahədə həyata keçirilən tədbirlərdən
danışdı, sahibkarlığın inkişafından bəhs
etdi. Qeyd olundu ki, rayonda
geniş abadlıq və quruculuq
işləri aparılıb.
Azərbaycan
Prezidentinin müvafiq
sərəncamı ilə ayrılmış vəsaitə uyğun olaraq üç yaşayış məntəqəsini
birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolu yüksək
səviyyədə çəkilib. Şəhər rəhbərliyinin
müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən
2-ci dərəcəli
Ələt-Astara magistral avtomobil
yolunun Lənkəran ərazisindən
keçən hissəsinin dörddə-biri əsaslı təmir
olunaraq istifadəyə verilib,
bu yolun daha 3,5 kilometr hissəsinin
təmiri nəzərdə tutulur. Bundan başqa, icra hakimiyyəti
tərəfindən dövlət vəsaiti hesabına şəhər
daxilində 39,2 min kvadratmetr
yol əsaslı təmir edilib,
Məruzəçi həmçinin tikinti-quraşdırma
işlərindən, əhaliyə göstərilən ticarət
xidmətindən danışdı. Əmək
pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə
ünvanlı dövlət sosial
yardımlarının vaxtlı-vaxtında verilməsinin daim diqqətdə olduğunu
vurğuladı. Bildirdi ki,
əhalinin normal işıq və qazla təchiz olunması, şəhərin
içməli su və kanalizasiya
sisteminin yenidən qurulması və digər
kommunal xidmətlər üzrə də
zəruri tədbirlər həyata keçirilib.
Doqquz ayda 42 saylı yol istismar idarəsinin
balansında olan avtomobil
yollarında cari təmir işləri
aparılıb. Tükəvilə-Diryan-Gəgiran,
Hirkan-Daşdatük-Biləsər avtomobil
yollarında körpülər tikilib, Daşdatük kəndi ərazisində Bəşəru
çayın üzərində yeni körpünün inşası başa çatdırılıb. Qumbaşı kəndində isə avtomobil
körpüsü əsaslı təmir edilib. Şəhər icra
hakimiyyətinin daxili imkanları
hesabına Günəhir-Türkəncil kəndarası yolunun 4 kilometri əsaslı
təmir edilib, Göhnəgəgir və
Biləsər kəndarası yollarında təmir
aparılıb.
Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi də
prioritet vəzifə sayılır. Ötən
tədris ilində orta məktəbi bitirən
1699 məzundan 900-ü ali məktəblərə
sənəd verib, onların 473 nəfəri
tələbə adını qazanıb. 33 nəfər 600-dən yuxarı bal
toplayıb, 1 nəfər məzun Prezident
təqaüdünə layiq görülüb. Təhsilin maddi-texniki
bazasının gücləndirilməsi üçün
də tədbirlər davam etdirilib.
Cari tədris
ilinin əvvəlində şəhər
8 saylı, Qurumba, Yuxarı Nüvədi,
Daştalığjar, Tütəpeştə, Xanbulan,
Bəliton, Şağlaser, Separadi,
Tükəvilə məktəbləri üçün
tikilən yeni binalar
istifadəyə verilib və şəhər
2 saylı orta məktəbi əsaslı
təmir olunub. Darquba
kənd tam orta məktəbinin
inşası davam etdirilir.
Sahibkar tərəfindən 120 yerlik uşaq
bağçasının tikintisinə başlanıb.
Lənkəran Mərkəzi
Rayon Xəstəxanasının müəssisələrində
əhaliyə xidmətinin səviyyəsini
yaxşılaşdırmaq üçün
tədbirlər həyata keçirilib. Cənab
Prezidentin göstərişinə əsasən,
yazda əhalinin ümumi
profilaktik müayinələri uğurla sona
çatdırılıb. Ümumilikdə, 144104 nəfər
müayinədən keçib. Hazırda
18 yaşadək uşaqların müayinədən
keçirilməsi davam etdirilir.
Səhiyyə ocaqlarında bir sıra təmir
işləri də aparılıb. Ağ
ciyər xəstəlikləri müalicəxanası cari təmir olunub. Təcili
və təxirəsalınmaz tibbi
yardım stansiyasında əsaslı təmir işləri görülüb. Biləsər kənd tibb məntəqəsi üçün
yeni bina tikilərək
istifadəyə verilib. Ruhi
əsəb xəstəlikləri klinikası üçün
yeni binanın tikintisinə
başlanıb.
Hazırda rayonda 1 teatr, 4 muzey, 71 kənd kitabxanası və 76 klub fəaliyyət göstərir. Mədəniyyət
obyektləri təmir olunur. Lənkəran
şəhərində Q.Vəliyev adına Mədəniyyət
Mərkəzində əsaslı təmir və yenidənqurma
işləri görülüb.
Tarix-diyarşünaslıq muzeyində ilk
dəfə olaraq aparılan əsaslı
təmir və bərpa işləri başa
çatmaqdadır. Həqiqət Rzayeva
adına 2 saylı musiqi məktəbində
təmir işləri aparılıb. Rayonda gənclər siyasətinin
uğurla davam etdirildiyini diqqətə çatdıran məruzəçi
gənclərlə əlaqədar keçirilmiş
tədbirlərdən, gənc idmançıların respublika və beynəlxalq yarışlarda rayonu uğurla təmsil
etməsindən söhbət açdı, Lənkəran
şəhərində müasir Olimpiya Kompleksinin
tikintisinə başlanıldığını diqqətə
çatdırdı.
Yeni istifadəyə verilmiş
Gənclər Mərkəzi asudə vaxtın səmərəli
keçirildiyi əsas ünvana
çevrilib. Mərkəzdə idman dərnəkləri fəaliyyət
göstərir, milli intellektual
oyunlar keçirilir.
Məruzəçi
daha sonra gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsi
yönümündə görülən tədbirlər barədə
məlumat verdi, rayonun
hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa
qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində
görülən ardıcıl tədbirlərdən
danışdı.
Lənkəranda vətəndaş
müraciətlərinə həssaslıqla
yanaşılır. Doqquz ay
ərzində şəhər icra hakimiyyəti
başçısının 36 qəbulu keçirilib
və 3823 vətəndaş qəbul edilib.
Həmin dövrdə icra
hakimiyyətinin başçısı tərəfindən
ayrı-ayrı yaşayış yerlərində 28 səyyar
qəbul-görüş keçirilib və
bu görüşlərdə 9870 nəfər
iştirak edib, 245 vətəndaş
dinlənilib və onlar tərəfindən
288 məsələ qaldırılıb. Vətəndaşların
müraciətlərinə əsasən icra
hakimiyyəti tərəfindən əhaliyə 96 min manat dəyərində
tikinti materialı, 130 min
manatlıq ərzaq və maddi yardım verilib.
Məlum olduğu kimi, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilib.
Bununla əlaqədar Lənkəran
sahibkarları və iş adamları ilə
söhbət aparılıb, onlara rayonun iqtisadi tələbatına
uyğun istehsal və
emal müəssisələrinin
yaradılması tövsiyə edilib. Bunun nəticəsində şəhərdə
1 çörək zavodu, 1 yem fabriki tikilərək
istifadəyə verilib, digər 2
çörək zavodunda və “Lənkəran
Mexanikiləşdirmə” MMC-də yeni istehsalat sexlərinin tikintisi
davam etdirilir. Bu sahələr fəaliyyətə
başladıqdan sonra daha
420 nəfər işlə təmin olunacaq.
Dövlət idarə və müəssisələrində iş şəraitinin
yaxşılaşdırılması üzrə də tədbirlər
görülür.
Turizmin inkişafı ilə əlaqədar
şəhərdə 11 mərtəbəli, 5 ulduzlu
otel-kottec kompleksinin tikintisi davam etdirilir.
Məruzə ətrafında
müzakirələrdə bir sıra sahə
kollektivlərinin işləri barədə məlumatlar verildi.
Şura iclasını yekunlaşdıran icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd etdi ki,
lənkəranlılar görülmüş
işlərlə kifayətlənməməli,
uğurların sayını artırmalı, bütün
imkanları səfərbər etməlidirlər.
Payız-qış mövsümünü
nümunəvi keçirmək üçün
müvafiq qurumların rəhbərlərinə
konkret tapşırıqlar verildi. Eyni zamanda
şəhər, qəsəbə və kəndlərdə səliqə-sahmanın
daim diqqət mərkəzində
saxlanılması vacibliyi önə
çəkildi. Yaşıllaşdırma və ağacəkmə
kampaniyasının mütəşəkkil yerinə yetirilməsi
üçün tövsiyələr verildi.
Əli NƏCƏFXANLI
Xalq
qəzeti.- 2014.- 16 oktyabr.- S.6.