Erməni
saxtakarlığına daha bir ağır zərbə
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı elmi məqaləsini oxuyarkən yadıma düşən ilk məqam ondan ibarət oldu ki, ulu öndər Heydər Əliyev alimlərimizə məhz bu qəbildən olan əsərlərin qələmə alınmasını tövsiyə edirdi. Ümummilli liderimiz qeyd edirdi ki, biz yetişməkdə olan gənc nəslimizi istənilən elm sahəsində başqa alimlərin kitablarına, əsərlərinə istinadən oxuda bilərik. Ancaq milli tarix məsələsində bizim öz dərsliklərimiz, öz kitablarımız olmalıdır. Çünki öz tarixini yaxşı bilməyən insan heç zaman gələcəyini yüksək səviyyədə qura bilməz. Fikrimcə, bu, böyük bir uzaqgörənliyin, siyasi müdrikliyin və milli təəssübkeşliyin nümunəsi idi.
Bu, bir taledir
ki, biz əsrlərdən
bəri bütün fəaliyyəti
saxtakarlıqlar və uydurmalar üzərində
qurulmuş ermənilərlə qonşu kimi
yaşamalı olmuşuq. Ona
görə də öz tariximizi
öyrənərkən mütləq ermənilərin tarixinə
də bələd olmalıyıq. Əslində, bunun müsbət tərəfi daha
çoxdur. Belə ki,
erməni alimlərinin və ya “salnaməçilərin”
istənilən kitabının təməli saxtakarlıq və
miflər üzərində qurulub. Bunu ermənilərə
tarix boyu dönə-dönə
xatırladanlar olsa da,
yenə də abır-həya etmədən dediklərindən
dönmürlər. İndi isə zaman özgədir və dünya
siyasətçiləri artıq ermənilərin nazı ilə
oynamaq istəmirlər. Çünki
ermənilərin uydurduğu “Dənizdən-dənizə Böyük Ermənistan
dövləti mövcud idi”,
“Ermənistan xristianlığı qəbul edən ilk dövlət olub”, “Birinci Dünya müharibəsi
illərində milyonlarla erməni soyqırımına
məruz qalıb” kimi heç
bir əsası olmayan
miflər artıq dünyada hamını bezdirib. Akademik Ramiz Mehdiyevin sonuncu elmi məqaləsində
həmin miflərdən biri-Ermənistanın guya
ilk xristian dövləti
olması barədə cəfəngiyyat tamamilə alt-üst edilir.
Yadımdadır,
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Amerika
Birləşmiş Ştatlarına səfərlərinin
birində Asiya Cəmiyyətinin Kaliforniya Mərkəzi və Amerika-Azərbaycan
Ticarət Palatası tərəfindən Los-Anceles
şəhərində - erməni diasporunun
ən güclü mərkəzlərindən
birinin fəaliyyət göstərdiyi məkanda böyük
cəsarətlə çıxış etdi
və geniş yayılmış “erməni
mifi”nə ağır zərbə vuran ilk azərbaycanlı oldu. Sonra erməni diasporunun
liderlərinə, xalqı şəxsi maraqlarının girovuna çevirmiş daşnaklara mesaj göndərdi:
“Birdəfəlik başa düşmək
lazımdır ki, Dağlıq
Qarabağı heç bir
ölkə, heç bir
qurum müstəqil dövlət kimi tanımayacaq. Azərbaycan da
indi düşdüyü
vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Azərbaycan öz torpaqlarının bir
hissəsinin zəbt edilməsinə razı ola
bilməz. Ermənistan silahlı qüvvələri zəbt
etdikləri torpaqlarımızı gec-tez
tərk etməlidirlər”. Elə cənab İlham Əliyev hələ Milli
Məclisin deputatı olduğu illərdə
– Avropa Şurası Parlament
Assambleyasında Azərbaycanın daimi
nümayəndə heyətinin rəhbəri olduğu
zaman bilavasitə Avropadakı erməni diasporunun ən güclü
mərkəzlərinin fəaliyyət göstərdiyi bir şəhərdə erməni miflərinə
sarsıdıcı zərbələr vurmuşdu.
İndi isə erməni miflərini məhz
Prezident Administrasiyasının rəhbəri
özü də yüksək peşəkarlıq
və möhtəşəm elmi əsaslandırmalarla
darmadağın edir. Mütəxəssislər
akademik Ramiz Mehdiyevin bir müddət əvvəl
Moskvada, rus dilində çapdan çıxan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”
kitabını və sentyabrın üçüncü
ongünlüyündə ölkə mətbuatında
yayılmış “Ermənilərin mif
yaradıcılığı tarixdə ilk
xristian dövləti kontekstində”
adlı yeni elmi məqaləsini
məhz erməni miflərini parçalayıb dağıdan əsərlər
kimi qiymətləndirirlər.Alimlərin
fikrincə, bu elmi məqalə
çox dolğun və
dəyərli məzmuna malikdir.Akademik bu məqalədə erməni miflərinin ( yeri gəlmişkən,öncə
mif məfhumunun özünün)
mahiyyətini açaraq, erməni
saxtakarlıqlarını əsaslandırılmış faktlarla ifşa edir.
Məsələn, məqalədə
deyilir ki, erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi
elita, ideoloqlar və
“tarixçilər” ilə birlikdə dünya
ermənilərini miflər aləmində saxlamaqda
davam edir. Erməni
kilsəsi tolerant dünyaya
əsrlər boyu bunu
təlqin etməyə çalışır ki,
xristianlığı dövlət dini kimi ilk dəfə qəbul
edən məhz Ermənistan olub. Dünya “hörümçək toru” (internet nəzərdə
tutulur- red.) ermənilərin
bəşər tarixində guya “ilk xristian millət”
olması barədə məlumatlarla doludur.
Hətta Vatikandakı taxçaların birində saxlanılan
erməni katolikosu heykəlinin üzərində
“301" rəqəmi yazılıb. Hər halda,
özlərini tam ciddi
şəkildə ”tarixçilər" adlandıran erməni
mif yaradıcılarının praktiki məqsədini anlamaq
çətindir. Bununla belə, fakt faktlığında qalır - onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız 1-ci, hətta
onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə.
Yəni erməni
yalanları əsrlərdən bəridir ayaq
açıb yeriyir. Utanmadan
sübut etməyə
çalışırlar ki, guya daş dövrü
abidələrində də erməni tarixi
yazılıb. Mütərəqqi bəşəriyyəti
təmsil edən görkəmli şəxslərin yüz illərdən bəri yazıb ortaya qoyduqları dəyərli tarixi mənbələr bir
yanda qalır və ermənilər
dünyanın hər yerində insanları miflərə
inandırmağa çalışırlar.
Akademik yazır: “Ola
bilsin ki, erməni
müəlliflər ”xristianlıq" dedikdə, “sivilizasiya”, “maarif”, “mədəniyyət”
və ya başqa ali anlayışları nəzərdə tutur və bununla da erməniləri dünyaya
hansısa “yolgöstərən”, “xilaskar”
və digər qiyafələrdə təqdim etməyə
çalışırlar. Əslində isə, onlar özlərinin nə dərəcədə
“sivilizasiyalı” olmalarını 1992-ci ildə Xocalı şəhərində
bütün dünyaya
nümayiş etdirdilər. Prezident Serj Sarkisyanın etiraf etdiyi kimi,
onlar Xocalıda dinc azərbaycanlı
əhaliyə qarşı soyqırımı törətməklə
“stereotipləri alt-üst ediblər”. Bu yaxınlarda isə Parisdə, Fransa Milli
Assambleyasının binasında 40 nəfər erməni, biri qız olmaqla, iki gənc azərbaycanlıya hücum
çəkərək onları döyüblər. Buna qədər
isə, 1914-1922-ci illərdə Şərqi Anadoluda
və 1918-1920-ci illərdə Azərbaycanda ermənilər
silahlı dəstələr təşkil edərək yerli əhalinin kütləvi şəkildə
qətlə yetirilməsi və yüzlərlə
yaşayış məntəqəsinin məhv edilməsi yolu ilə özlərinə həyati məkan
yaradırdılar. Göründüyü
kimi, tarixi faktların
xəstə şüur sahibləri tərəfindən
qəsdən təhrif edilməsinin həqiqi mənasını
anlamaq doğrudan da çətindir. Lakin məlum
olduğu kimi, tarix elmi öz
qanunları üzrə inkişaf edir və bu məsələdə
çoxdan konsensus əldə
olunub. Xristianlığın dövlət
dini kimi qəbul edilməsində
birincilik heç də
etnik haylara mənsub deyildir”.
Bu
arqumenti oxucunun gözü qabağında sübut
etmək istəyən akademik qədim mənbələrə
müraciət edir və belə qərara
gəlir ki, Ermənistanın
xristianlığı qəbul etməsi barədə ilk və yeganə yazılı mənbə - Aqatangelosun qələminin məhsulu olan “Ermənilərin tarixi” əsəri şifahi tarixin məlumatlarına
əsaslanır və həmin mənbə ilə orada təsvir edilən hadisələr
arasında zaman intervalı 150 ildən çoxdur . Belə olan təqdirdə
ermənilərin şifahi tarixi
Efiopiyanın xristian rəvayətləri
ilə müqayisədə nə dərəcədə həqiqətə
uyğundur?
Axı, tarixçilərin çoxunun
fikrincə, Efiopiya daha
əvvəl yaranmış xristian dövlətidir.
Məqalədə oxuyuruq ki, 1894-cü ildə
Samuel Çetham
Osroyenanı ilk xristian
dövləti adlandırıb. Tarixi mənbədən
seçilmiş sitatda
göstərilir: “Nəzərlərimizi Şərqə
yönəltsək görərik ki, kilsə
ilk dəfə Osroyenanın paytaxtı Edessada taxt-taca sahib olub”. Başqa
bir sitat:
“Şotlandiyalı ilahiyyatçı Ceyms
Hastinq 1906-cı ildə nəşr edilmiş “İsanın lüğəti və
həyatı” əsərində yazırdı: “Belə güman etmək olar ki, sənədlər Yevsevi
onlardan istifadə edəndən əvvəl
saxtalaşdırılıb”. Hörmətli oxucular,
tarixi mənbədən seçilmiş
sitatdakı ifadəyə fikir verin - sənədlər filan
məsələdən əvvəl
saxtalaşdırılıb. Yəni ermənilərin bu sərsəm uydurmaları tarix
boyu həmişə saxtakarlıq kimi qiymətləndirilib. Əsərin başqa bir mənbəyə
istinadən qələmə alınmış abzasına baxaq: “Alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnak
1905-ci ildə yazırdı: ”... Şübhə yoxdur ki, xristianlıq hələ
190-cı ilə qədər bütün Edessada və ona bitişik vilayətlərdə fəal
yayılırdı və kilsəni (yəni,
xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha
əvvəl) qəbul etmişdi”. Yəni
dünya xəritəsində erməni
dövlətinin mövcud olmasından çox-çox əvvəllər
xristianlığı qəbul etmiş çar sarayları vardı.
Yaxud, Adolf fon Harnakın kitabı çapdan
çıxandan bir il
sonra Corc Mid yazırdı: “Bardesanes
öz dostu və himayədarı
çarı nəinki tezliklə xristiana
döndərmiş, hətta Abqarı sövq
etmişdi ki,
xristianlığı dövlət dininə çevirsin.
Bu, ilk xristian dövlətinin
yaradılmasında Bardesanesin müəyyən
rolu və xidməti olduğunu
göstərir” . Bu tarixi
faktlar hamının əli çatan səviyyədə mövcuddursa,
onda nə üçün
erməni kilsəsi və riyakar alimlər
ənənəvi saxtakarlıqlarından əl çəkmirlər?
Əslində, bəzi erməni alimləri bu yalandan üz
döndərmək istəyirlər. Ancaq
kilsə onların, bir addım da olsa, geri
çəkilməsinə imkan vermir.
Akademikin qənaətində oxuyuruq:
“Beləliklə, Ermənistan heç bir vəchlə tarixdə ilk
xristian dövləti ola
bilməzdi. Moisey Xorenski əsərində özü etiraf edir ki, bildiyimiz
kimi, VIII Abqarın xristianlığı qəbul
etməsində əsas rol oynamış Bardesanes ”bu vəhşi
bütpərəst xalqın içindən şagirdlər tapmaq ümidi ilə"
Ermənistanda da olmuş,
“lakin onu orada qəbul etmədiklərindən Ani qalasına yollanmış, burada
məbədlərin tarixini oxumuşdur...” . Yəni erməni “tarixçilər”
açıq-aşkar saxtakarlıq edərək Edessanın xristianlığı
birinci qəbul etməsinin əhəmiyyətini
kiçiltməyə çalışırlar. Bu halda “tarixçi”
qiyafəsinə bürünən erməni təbliğatçıları
nəzərə almırlar ki, onların
arqumentləri bilavasitə özlərini vurur.
Axı, dəqiq məlumdur ki, Osroyena xristianlığı qəbul edən zaman Ermənistan növbə ilə gah Romanın, gah da Parfiyanın vassal ərazisi
idi, hakimiyyətdə olan
Parfiya Arşakilər sülaləsinin isə
hay etnosuna qətiyyən
aidiyyəti yox idi. Elə
indi də həmin ənənəni
“yaşadırlar”.
Akademikin
ümumiləşdirməsi belədir: “ Erməni təbliğatçılar
məsələdən bixəbər olan
insanları ona görə müəyyən
qədər aldada bilirdilər ki, bu gün
aramidilli edessalılar qalmayıb. Bu xalq assimilyasiyaya
uğrayaraq tarixin səhnəsini
tərk edib. Odur ki, ermənilər saxtalaşdırma yolunda elə bir müqavimətlə
üzləşmirlər. Amma eybi yoxdur,
edessalıların əvəzinə vicdanlı tarixçilər
ermənilərin xristianlığı birinci
qəbul etmiş xalq
şöhrətini öz adlarına
çıxmalarına imkan verməzlər”.
Bax belə.
Akademik Ramiz Mehdiyevin erməni saxtakarlıqlarını ifşa edən növbəti əsəri də
geniş oxucu kütləsi
tərəfindən böyük maraqla qarşılandı və qısa
müddətdə öz
auditoriyasını tapdı. Bu əsərin
sevilməsinin və dərhal kütləviləşməsinin
əsas səbəbi isə təkzibolunmaz tarixi faktlar əsasında
qələmə alınması və elmi
ümumiləşdirmələrlə zəngin
olmasıdır.
Ziyafət HƏBİBOVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyası,
analitik
təhlil üzrə müşavir
Xalq
qəzeti.- 2014.- 16 oktyabr.- S.5.