Gənc rəssamlar “Böyük
sənət
astanası” sərgisində
Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin
(BŞGİBİ) təşkilatçılığı ilə
Abşeron Rəsm Qalereyasında “Böyük sənət
astanası” layihəsi çərçivəsində yeniyetmə
və gənclərin rəsm işlərindən ibarət sərgi
keçirilib.
Sərginin açılış mərasimində
çıxış edən BŞGİBİ-nin rəis
müavini Aydın Yusifov ölkəmizdə gənclərin hərtərəfli
inkişafı, bütün sahələrdə onların daha
fəal iştirakının təmin edilməsi, bilik və
bacarıqlarının üzə çıxarılması
üçün dövlət tərəfindən göstərilən
diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu
diqqətin bariz nümunəsi olaraq yaradıcı gənclərimizin
sorağı dünyanın müxtəlif arenalarından gəlir.
Aydın Yusifov “Böyük sənət astanası” layihəsi
çərçivəsində təşkil olunan sərgidə
yeniyetmə və gənclərimizin yaratdıqları
tabloların xarakterinə uyğun rənglər seçməklə
müxtəlif janrlarda bir-birindən maraqlı rəsm əsərləri
yaratdıqlarını vurğulayıb. Abşeron Rəsm
Qalereyasının direktoru Eldəniz İbrahimov gənclərimizin
potensialının üzə çıxmasında belə sərgilərin
təşkilinin vacibliyini vurğulayıb.
Sərgidə 35 gənc rəssamın 50-dən
çox rəsm əsəri nümayiş etdirilib. Rəsm
işləri rəngkarlıq və qrafika texnologiyası
üzrə işlənmiş və burada milli motivlər,
portretlər, Azərbaycan təbiəti və mənzərələri
əks olunub. Sərgiyə baxış keçirildikdən
sonra ən yaxşı rəsmlərə görə gənclərə
BŞGİBİ tərəfindən sertifikat və xatirə
hədiyyələri təqdim edilib.
Leyla
QURBANOVA
Xalq qəzeti.- 2014.- 16 oktyabr.- S.6.