Füzuli: inkişaf sürətli
və davamlıdır
Füzuli
Rayon İcra Hakimiyəti Aparatının 2014-cü ilin 9
ayında rayonun sosial-iqtisadi inkişafı barədə
hesabatında əksini tapmış sevindirici uğurlar, fakt və
rəqəmlər bir daha təsdiq edir ki, bölgənin hərtərəfli
inkişafı sürətli və davamlıdır. Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
bugünlərdə keçirilmiş iclasından irəli gələn
vəzifələrin və rayonun sosial- iqtisadi inkişaf
göstəricilərinin müzakirəsinə həsr
olunmuş müşavirədə əminiklə bildirildi ki,
füzulililər ilin sonuncu rübünü də nailiyyətlərlə
başa vurmaq üçün bütün sahələrdə
səylərini artıracaqlar.
Hesabat məruzəsi ilə
çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin
başçısı Alı Alıyev bildirdi ki, 2014-cü
ilin 9 ayının rayonumuz üçün ən əlamətdar
hadisəsi möhtərəm Prezidentimiz İlham Əliyevin bu
il avqustun 28-də rayona səfəri olmuşdur. Son bir il 8 ayda
ölkə başçısının Füzuliyə 2 dəfə
gəlməsi cənab İlham Əliyevin füzulililərə
böyük inamı, füzulililərin isə Prezidentə
böyük məhəbbətini ifadə edir.
Prezident İlham Əliyevin bilavasitə himayəsi
ilə son illərdə Füzulidə həyata
keçirilmiş geniş quruculuq işləri və ölkə
rəhbərinin son səfəri barədə ətraflı məlumat
verən rayon rəhbəri qeyd etdi ki, cənab İlham
Əliyev Horadiz şəhərində yaradılan əzəmətli
Bayraq meydanının, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan 2 nömrəli körpələr
evi-uşaq bağçasının, işğal zamanı
dağıdılmış 227 evin və çoxmənzilli 3
binanın, Əhmədalılar - Mollaməhərrəmli -
Arayatlı - Babı kəndlərarası avtomobil yolunun və
Tarix-Diyarşünaslıq Muzeyinin
açılışlarında iştirak etdi. Ölkə rəhbəri Horadiz
şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin
yeni binasında yaradılan şəraitlə
və Mil – Muğan
hidroqovşağının fəaliyyəti ilə də
tanış olub.
Məruzəçi
daha sonra məlumat verdi ki, Prezident
İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda növbəti 5 ildə
Füzuli rayonunda cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik,
meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri
taxılçılıq təsərrüfatlarının
yaradılması, kənd təsərrüfatı
istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki
bazasının möhkəmləndirilməsi,
yaşayış məntəqələrində modul tipli su
təmizləyici qurğuların
quraşdırılması, kəndarası yolların tikintisi, yenidən qurulması və
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi kimi silsilə tədbirlər
nəzərdə tutulmuşdur. Bu layihələrin artıq bir
çoxu uğurla yerinə yetirilir.
Ayrı-ayrı sahələrdə
qazanılan uğurları şərh edən natiq
bildirdi ki, bu il 30 min hektardan 90 min tona
yaxın taxıl əldə edilmişdir. Hər
hektarın məhsuldarlığı 30 sentnerə yaxın olmuşdur: “Biz yaxın gələcəkdə
taxılçılığı özümüz
yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcək və builki nəticəni 160-200 min
ton səviyyəsinə yüksəldəcəyik.
Hazırda rayonda 31622
baş qaramal, 115490
baş qoyun-quzu, 407190 min baş
ev quşları vardır.
Cari ilin 9 ayı ərzində
3489 ton ət, 13473 ton süd, 5840 milyon ədəd yumurta, 152 ton yun istehsal edilmişdir. Bunlar isə
öz
növbəsində əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə xeyli
çoxdur. Başqa kənd
təsərrüfatı məhsulları istehsalında da nəticələrimizin yüksək
olacağı proqnozlaşdırılır.
Son 3 ildə Əhmədbəyli kəndi ərazisində
5 min ton kənd təsərrüfatı
məhsulları saxlayan soyuducu
anbar kompleksi, ildə
2,5 – 3 min ton quş əti istehsal edən
“Qarabağ-Broyler” MMC fəaliyyətə
başlamış, müasir üslubda “Qarabağ” Ailəvi
İstirahət Mərkəzi, bir neçə
şadlıq evi tikilərək istifadəyə verilmişdir.
İş adamları rayonun
Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük
istiqamətində heyvandarlıq kompleksi və
sutkada ilk növbədə
10 ton süd qəbul
edəcək zavodun tikintisini
sürətlə davam etdirirlər. Üçüncü Zobucuq
qəsəbəsində isə gündə 40 ton
çörək- un məmulatları istehsal edən zavodun istifadəyə verilməsinə
az qalmışdır. Yaşayış məntəqələrində
20 ədəd artezian quyusu
qazılmasına yaxın günlərdə başlanacaq.
İndiyədək 29 yaşayış məntəqəsinə
təbii qaz verilib, ilin sonunadək 39 yaşayış məntəqəsinin
hamısında əhali qazdan istifadə
edəcək. Yaxın vaxtlarda
Qayıdış qəsəbələrinin yolları bərpa
olunacaq, rayonda yolla bağlı problem olmayacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz
şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq
bağçaları tikilmişdir. Böyük Bəhmənli kənd xəstəxanası
üçün 15 çarpayılıq
yardımçı binalar tikilməkdədir.
Qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda
məskunlaşmış 721 ailə üçün
yeni qəsəbə salınmasına
yaxın günlərdə başlanacaq.
Məruzə
ətrafında çıxışlarda müxtəlif sahələrdə
qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı
söhbət açıldı. Bildirildi ki, əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq,
respublikanın müxtəlif şəhər və
rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların
qayğı və müraciətlərini həll etmək, dövlət
proqramlarının, Prezidentin fərman və sərəncamlarının yerinə
yetirilməsini təmin etməklə, bundan
sonra da
qarşıda dayanan vəzifələrə layiqincə əməl ediləcək.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 17 oktyabr.- S.9.