Dövlət müstəqilliyi
Azərbaycan xalqına
taleyin bəxş etdiyi əvəzsiz töhfədir
Biz o
vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil
dövlətik. Xalqımız öz taleyinin,
torpaqlarının, öz ölkəsinin sahibidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan
öz gələcəyini Avropa ailəsinə inteqrasiyada
görür. Bu siyasət dəyişməz olaraq qalır və
bu, bizim strateji məqsədimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Təxminən bir il bundan əvvəl - beynəlxalq tədbirlərdən birində görüşüb söhbət etdiyim, eyni zamanda “Xalq qəzeti” üçün müsahibə aldığım təəssübkeş ümumtürk ziyalılarından olan yazışı-dramaturq, Qırğız Respublikası Dövlət Teleradio Verilişləri Komitəsinin birinci vitse-prezidenti Kayrat İmanəliyev söyləmişdi ki, indi Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik edən, kosmosa rabitə peyki çıxaran, iqtisadi inkişaf tempinə görə dünyada liderlər cərgəsində olan ölkədir. Ötən əsrin 90-cı illərinin başlanğıcında isə sizi tankla tapdalayıb əzir, zindanlara doldururdular. Sizin xoşbəxtliyiniz onda idi ki, həmin illər Heydər Əliyev kimi siyasətçiniz var idi. Heydər Əliyev Moskvada 20 Yanvar qırğınına kəskin şəkildə etiraz etməklə Azərbaycan xalq azadlıq hərəkatına yeni stimul, növbəti təkan vermişdi.
Qardaş xalqın ünlü
ziyalısının dilindən bunları eşitməkdən
çox məmnun idik.
18 Oktyabr – Müstəqillik Gününün növbəti ildönümü
münasibətilə bu sətirləri
qələmə almaq üçün
müraciət etdiyimiz mənbələrdən
birinə nəzər salanda isə həmin məmnunluğumuzu
növbəti dəfə yaşadıq. Biz
hamımız,
dostlarımız, Azərbaycanı və
xalqımızı sevən hər kəs qətiyyətlə
deyirik ki, bu müstəqilliyin qazanılmasında və
qorunmasında ulu öndərin möhtəşəm
rolu vardır. Ulu
öndərin özü isə bizə
xatırladırdı ki, bu
tarixi prosesi
ayrı-ayrı adamların və ya siyasi qüvvələrin adı ilə bağlamaq olmaz. Bütün bunlar bir tarixi prosesdin
nəticəsi, taleyin bizə töhfəsidir.
Ulu öndər Heydər Əliyevin Yeni
2001-ci il, yeni əsr və
üçüncü minillik
münasibətilə Azərbaycan xalqına müraciətində
milli tariximizin bütün dövr və
mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilmiş, geridə qalan əsrlərdə baş
vermiş ictimai-siyasi
proseslər barədə obyektiv mülahizələr səsləndirilmişdir. Həmin tarixi mərhələlərdən
biri də xalqımızın XX əsrdə
ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinə aparan yol, suverenliyin
bərpası və məlum Konstitusiya
Aktının qəbul edilməsindən sonrakı illərdə
şahidi olduğumuz
proseslər idi. “Azərbaycan
XXI əsrin və Üçüncü minilliyin ayrıcında” adlı həmin
müraciətdə qeyd olunur
ki, respublikamızın dövlət
müstəqilliyini əldə etməsi 80-ci illərin birinci yarısından başlayaraq
, keçmiş Sovetlər
İttifaqında və bütün dünyada gedən ictimai-siyasi
proseslərin zəruri nəticəsi idi.
Bu tarixi və obyektiv proseslər nəticədə SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarixi
səhnədən çıxmasına və müttəfiq
respublikaların hər birinin müstəqil
dövlətə çevrilməsinə gətirib
çıxarmışdır. Bunun ardınca baş verən hadisələr
- yeni müstəqil dövlətlərin
, o cümlədən Azərbaycan
Respublikasının dünya ölkələri,
müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş
Millətlər Təşkilatı tərəfindən
tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının təzahürü idi. Buna görə də
Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə
müəyyən ictimai-siyasi qüvvələrin,
təşkilatların, ayrı- ayrı şəxslərin
müstəsna xidmətləri hesab etmək
olmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin
Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının
xalqlarına əvəzsiz töhfəsi idi.
Yaxın
keçmişimizin tarixi hadisələri olduğuna
görə həmin proseslər bütün
soydaşlarımızın yadındadır. Ötən əsrin
sonlarında Sovetlər Birliyi məhz Kremlin yeritdiyi milli
ayrı-seçkilik siyasətinin nəticəsi olaraq ideoloji böhran həddinə
çatmışdı. Ona görə də 90-cı illərin
əvvəllərində SSRİ-nin demək
olar ki, əksər regionlarında
millətlərin və xalqların
azadlıq hərəkatı başlandı.
İmperiyanın siyasi beyin
mərkəzi olan Kreml
Sovet hərb maşınının
köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən
Bakıda qanlı qırğınlar törətməklə
SSRİ-yə süni nəfəs verməyə
çalışırdı. Lakin bu mümkün olmadı.
1991-ci ilin avqustunda
İttifaqın ləğv edilməsi haqqında qərar qəbul
edildi və Sovetlər Birliyi
dünya xəritəsindən silindi. SSRİ-yə daxil
olan digər müttəfiq respublikalar kimi həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi
və suveren Azərbaycan
Respublikası dünya
birliyinin üzvü oldu.
Bir çox kitablarda
və tarixçilərin əsərlərində
yazıldığı kimi Dövlət
Müstəqilliyi haqqında Konstitusiya
Aktı 1991-ci il oktyabrın 18-də qəbul
edilsə də, Azərbaycan özünün
əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə
qayıdışından sonra əldə
edə bilmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Heydər Əliyev özü
ilə bərabər Azərbaycan siyasi mühitinə
müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi və
yüksək idarəçilik
təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini
bütün təhlükələrdən
qurtardı. Ulu öndər ölkədə
xaos və anarxiyanı, cəmiyyətdə
hökm sürən iqtisadi,
siyasi və mənəvi-psixoloji gərginliyi
aradan qaldırdı. Müstəqil Azərbaycan
Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Heydər
Əliyevin bu istiqamətdə
atdığı ən müdrik
addımlardan biri də məhz ölkəmizi
Şərqdə ilk demokratik
respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin varisi
elan etməsi idi. Ümummilli lider müstəqilliyi
qorumağı onu əldə etməkdən
qat-qat çətin proses
adlandırmış və həmin
məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə
başlamışdı. Onun siyasi uzaqgörənliyi gənc müstəqil
dövlətimizin
qarşısına çıxan bütün
sərhədləri yardı və qısa vaxt
ərzində Azərbaycanın səsi ən nüfuzlu
beynəlxalq təşkilatların
tribunalarından gəldi.
Müstəqilliyin
əvəzsiz nemət olduğunu və xalqın tarixi
taleyində çox önəmli rol
oynadığını böyük qürur hissi ilə bəyan
edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini
əbədi və dönməz etməyi bacarmışdı.
Ulu öndərin qənaətincə əsl
müstəqillik öz sərvətlərinin tam
sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin
müəllifi olduğu “Əsrin müqaviləsi”
imzalandı. Bununla da
Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin
sahibi kimi
çıxış etdi. Dünyanın ən
aparıcı dövlətlərinin
qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırırdı.
1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin
möhkəmləndirilməsi istiqamətində görülən
işlər və atılan məqsədyönlü
addımlar Azərbaycanın bugünkü
uğurları üçün ən
etibarlı təməl oldu. Bir sözlə,
əgər müstəqillik Azərbaycanın suveren
dövlət kimi
mövcud olması tarixi
zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiləşdirilməsi və dönməz edilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti
ilə bağlıdır.
Ulu öndərin həmin siyasəti bu gün böyük qətiyyət
və prinsipiallıqla davam etdirilir. Bu arqumentin
bir neçə nümunəsini
yazının giriş hissəsində -
qırğız yazıçısına istinadən qeyd etdik. Burada isə onu
xatırlatmaq istəyirik ki, Azərbaycanın
inkişafı indi artıq illər, beş illər və ya on illərlə deyil, məhz
aylarla , rüblərlə ölçülür.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin
2014-cü ilin doqquz
ayının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasda qeyd olunub ki, Azərbaycanda hər il iqtisadi inkişaf
müşahidə olunur və bu ilin doqquz
ayında ümumi daxili
məhsul 2,5 faiz artmışdır.
Qeyri-neft sektorumuzda isə
bu göstərici 6 faiz
olmuşdur. İnflyasiya
çox aşağı səviyyədədir
- cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz
artmışdır. Doqquz ayda ölkə
iqtisadiyyatına 19 milyard dollar
investisiya qoyulub. İlin əvvəlindən
maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb.
Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta
ehtiyatlarımız var ki,
bu da dünya
miqyasında çox böyük
göstəricidir.
Qeyd olunub ki, Davos Dünya
İqtisadi Forumu Azərbaycanı
rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür.
Deməli, biz bir pillə
də irəliyə getmişik və dünya miqyasında bu
göstəriciyə görə 38-ci yerdə olmaq
tarixi nailiyyətdir. 2004-cü ildən bu günə qədər 1 milyon
300 min yeni iş yeri yaradılıb.
IV Bakı Beynəlxalq Humanitar
Forumunda iştirak edən
BMT İnkişaf Proqramının direktorunun çıxışında səslənib ki,
Azərbaycanda yoxsulluğun
azaldılmasında əldə edilmiş
təcrübə çox önəmlidir
və başqa ölkələr üçün də örnək ola bilər. Lap
yaxın gələcəkdə isə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə
veriləcək və həmin layihə ölkəmizin bundan sonra onilliklər ərzində
inamlı inkişafını təmin edəcək.
Azərbaycan
xalqı və dövləti ulu öndər
Heydər Əliyevin taleyin böyük
töhfəsi adlandırdığı dövlət müstəqilliyimizi
əbədiləşdirmək üçün
xalqın və dövlətin görə biləcəyi bütün işləri
reallaşdırır. Müasir ekspertlərin fikrincə, Azərbaycan
dövlətinin bu istiqamətdə
qazandığı ən böyük
nailiyyət məhz xalqla dövlətin
birliyinə nail olunmasıdır. Həmin
birlik Prezident İlham Əliyevin xalqa
inanması, valqın isə ona etimad göstərməsi nəticəsində
günün reallığına çevrilmişdir. Bu isə
bizim Müstəqillik Günümüzün
növbəti ildönümünə ən layiqli
töhfəmizdir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 18 oktyabr.- S.5.