Qubadlı: doqquz ayın yekunları

 

21 ildir  yurd-yuvalarından  ayrı  düşmüş  Qubadlı əhalisi bu gün  doğma  torpaqlarına  qayıtmaq arzusu ilə yaşayır. Harada məskunlaşmalarından asılı olmayaraq onlar ölkənin ictimai- siyasi həyatında yaxından iştirak edirlər.

 

Qubadlı Rayon İcra Hakimiyyəti   bu illər ərzində  rayonun əsas infrastrukturunu  qoruyub saxlaya bilmiş, əhalinin  sosial vəziyyətinin yaxşılaşdırılması üçün  mühüm layihələrin reallaşmasını təmin etmişdir. Son 9 ay ərzində görülən işlər də təqdirəlayiqdir. 2014-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş yığıncaqda  da  bu dövr ərzində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs olunmuşdur.

Yığıncaqda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan  Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda irəli sürülmüş müddəa və göstərişlərlə əlaqədar  rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının vəzifələri barədə  məruzə etmişdir.

Məruzədə bildirilmişdir ki, hazırda Qubadlının 35,9 min nəfər  əhalisi respublikanın 42 müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.  Bu dövr  ərzində onların həyat şəraitinin yaxşılaşması, kommunal problemlərinin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Sumqayıt şəhərində 118 ailənin məskunlaşdığı “Şəfa” sanatoriyasının və 42-ci məhəllədə 79 ailənin yaşadığı 10 saylı peşə liseyinin ümumi istifadə sahələrində əsaslı təmir işləri aparılmışdır. Hazırda “İnşaatçılar” qəsəbəsində məcburi köçkünlərin yığcam məskunlaşdıqları  1 və 8 saylı peşə liseylərində ümumi istifadə sahələrində təmir işləri aparılır. Müxtəlif ünvanlarda məskunlaşmış 7 ailənin mənzili və  Xələc kənd tam orta məktəb binasının dam örtüyü  təmir edilmişdir.

Məruzəçi  bildirmişdir ki, ötən 9 ay ərzində 220  ailənin mənzil-məişət şəraitinin buya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə abadlıq işləri, eləcə də onların istirahətləri üçün münasib şəraitin yaradılması da diqqətdən kənarda qalmamışdır.  Bu məqsədlə 9 ay ərzində 15 min kvadratmetrə qədər asfalt işləri görülmüşdür.

Qeyd olunmuşdur ki, rayonda idarə, müəssisə və təşkilatların şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, İnşaatçılar qəsəbəsində 2 mərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri, demək olar ki, başa çatdırılmışdır. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri yerləşdiriləcək. Eyni zamanda binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyektinin və istirahət guşəsinin tikintisi və həyətdə aparılan  abadlıq işləri tamamlanmaqdadır.

Məruzədə 2014-cü ilin ötən dövrü ərzində rayon əhalisinin aztəminatlı hissəsinə, şəhid ailələrinə göstərilən  qayğıdan da bəhs olunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən  şəhid ailələrinə ərzaq yardımı göstərilmiş, yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı sakinlərə müəyyən yardımlar edilmişdir.

Bütün növ müavinət və pensiyalar vaxtlı-vaxtında ödənilmişdir. 2014-cü ilin ötən dövrü ərzində rayonda 3 min 17 yeni yeri yaradılmışdır .

Məruzədə kənd təsərrüfatı məhsullarının istehsalında da irəliləyiş olduğu bildirilmişdir. Arıçılıq bu istiqamətdə nümunə ola bilər. Belə ki, hazırda rayonda 4 min 188 arı ailəsi saxlanılır. Bu da ötən ildəkindən 548 ailə çoxdur. Fərdi təsərrüfatlarda saxlanılan iri mal-qaranın  sayı  xeyli artırılmışdır.

Rayon təhsil sistemində dərs ilinin yekununa görə müvəffəqiyyət göstəricisi  99,8 faiz olmuşdur. Tam orta təhsil pilləsini bitirən 355 nəfər məzunun 281 nəfəri, yaxud 79 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 163 nəfəri respublikanın, 7 nəfəri isə Türkiyənin ali məktəblərinə qəbul olunmuşdur. Beləliklə, rayon üzrə ali məktəblərə qəbul  60,5 faiz  olmuşdur ki, bu da ötən ilki nəticədən (55,7 faiz) yaxşıdır Ötən 9 ay ərzində Mərkəzi Xəstəxananın Poliklinika şöbəsində və 2 tibb məntəqəsində 18 min 673 ambulator xəstə qəbul edilmişdir. Poliklinikada hazırda 398 xəstə şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatındadır  bütün xəstələr vaxtlı-vaxtında dərman preparatları ilə təmin olunurlar.

Vətəndaş müraciətlərinə həssas yanaşma rayon  icra hakimiyyətinin ciddi önəm verdiyi məsələlərdən biri olduğunu qeyd edən natiq demişdir ki, 2014-cü ilin may ayında rayon icra hakimiyyəti başçısının əmrinə əsasən yaradılmış işçi qrupları tərəfindən bir sıra idarə, təşkilat və müəssisələrdə vətəndaş müraciətlərinə baxılması, müvafiq kargüzarlıq işlərinin aparılması vəziyyəti araşdırılmışdır. Araşdırmanın nəticəsi rayon icra hakimiyyətinin başçısı yanında şurada müzakirə edilmiş, nöqsanlara yol vermiş şəxslər barəsində ciddi intizam tədbirləri görülmüşdür.

Sonda bildirilmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyən Qubadlı rayonunun əhalisi, idarə, müəssisə, təşkilat rəhbərləri və digər  fəallar bundan sonra da öz mövqelərini qoruyub saxlayacaqPrezident İlham Əliyevin 2014-cü ilin 9 ayının yekunu ilə əlaqədar etdiyi çıxışdan irəli gələn vəzifələrin həllinə çalışacaqlar.

Yığıncaqda Qubadlı rayon maliyyə şöbəsinin müdiri Kəmaləddin Rüstəmov,  Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, rayon icra hakimiyyəti başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Mikayılov çıxış etdilər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 18 oktyabr.- S.9.