Lerik: il sona
yaxınlaşdıqca
nailiyyətlərin sayı da artır
Uca
dağlar qoynunda qərar tutmuş Lerik rayonunun sosial-iqtisadi
inkişaf dinamikası fərəh doğurur. Bu barədə
doqquz ayda görülmüş işlər və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş şura iclasında ətraflı
danışılıb.
İcra hakimiyyətinin başçısı
Rövşən Bağırov hesabat məruzəsində
bildirdi ki, rayonun bütün ərazisində tikinti,
abadlıq-quruculuq işləri və yol çəkilişi
böyük vüsət alıb. Rayonun inkişafına
dövlətimizin başçısı İlham Əliyev tərəfindən
daimi qayğı göstərilir.
Prezidentin sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilib, çox keçmədən daha
bir sərəncamla 50 yaşayış məntəqəsini
birləşdirən 36 kilometrlik
Noda-Şingədulan-Xanəgah yolunun
tikintisinə başlanıb. Ərazidə yaşayan
əhaliyə sözün əsl mənasında
əfsanə kimi görünən yolun
tam yarısı
asfaltlaşdırılıb, qalan hissəsində isə tikinti işləri sürətlə davam etdirilir.
Lerik şəhərinin İ.Yaqubov, E.Qarayev, H.Aslanov
küçələrində yeni istinad divarları, səkilər inşa edilib,
işıqlandırma sistemi yenilənib, ərazidə
yol genişləndirilib, yeni
hörülmüş divarlar
ağlay daşlarla
üzlənib, park və xiyabanlarda
bəzək ağacları, gül
kolları əkilib. Daxili imkanlar hesabına
XV-XVI əsrlərə aid “Xəlifə Zəkəriyyə”
türbəsinin, Lerik və Noda kənd qəbristanlıqlarının ətrafı
abadlaşdırılıb, ərazilər milli
ornamentli hasarla əhatələnib.
Lerik şəhərində “Azercell Ekspress” ofisi inşa edilib. Rayon büdcəsinin vəsaiti hesabına şəhərin
bütün küçələri, Noda, Piran, Günəşli,
Cəngəmiran, Blaband, Qosmalian,
Osnağakücə, Monidigah, Xəlifəkücə,
Əliabad kəndlərinin daxili
yollarının 10 kilometrdən çox
hissəsi asfaltlaşdırılıb.
Rayon icra hakimiyyətinin daxili imkanları və iş
adamlarının, kənd sakinlərinin köməyi ilə
vaxtaşırı olaraq kəndlərarası
yollarda təmir-bərpa işləri
aparılır. Milli Məclisin deputatı İqbal Məmmədovun
köməyi ilə Almu kəndinə gedən
yolun üzərində yeni
körpü inşa edilib, Veri və Tikəband
ərazilərində yaşayan sakinlərin
təklifləri nəzərə alınaraq Davradibi
çayı üzərində körpünün
tikintisinə başlanıb. Əhalinin müraciətləri
əsasında 24 kilometrlik Piran-Hamarat-Vijaker
avtomobil yolunda əsaslı
təmir işləri aparılıb. Yeni
Dövlət Proqramında yolun tikilməsi
nəzərdə tutulub. Tülüconu
kənd inzibati ərazi dairəsinin Kaqoy kənd sakinlərinin xahişi
ilə oraya gedən yolun
əsaslı təmiri üçün rayon icra hakimiyyəti tərəfindən
maliyyə köməyi göstərilib.
Vətəndaşların
müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına Vistən, Vizəzəmin
və Orand kəndlərində tibb məntəqələrinin tikintisinə
başlanıb. Lerik şəhər uşaq bağçası əsaslı təmir
edilib. İş
adamları tərəfindən Lerik şəhərində
şadlıq sarayı, Lənkəran-Lerik yolu
boyunca və rayonun digər
ərazilərində turizm-istirahət mərkəzləri, onlarca ticarət və iaşə obyekti inşa edilib. Piran kəndində
fəaliyyətə başlayan broyler fabrikində “Lebro” əmtəə
nişanlı məhsullar buraxılır.
İş cəbhələrinin yaradılması
hesabına doqquz ayda rayon sakinlərindən 476 nəfəri tikinti-quruculuq tədbirlərinə cəlb olunub. Onlardan 266 nəfəri
daimi iş yeri qazanıb.
Cari il kənd əməkçiləri
üçün uğurlu
olub. Havaların quraqlıq keçməsinə
baxmayaraq, sahələrdə bol məhsul yetişdirilib,
heyvandarlıq məhsulları əvvəlki illərə nisbətən
artıb. Payızlıq əkinlər üçün
herik şumu
qaldırılıb, taxıl səpininə
başlanıb.
Rayon üzrə bütün
ATS-lər elektronlaşdırılıb. Yeni
nəsil ATS-lər rayon əhalisinin
sürətli internet xidmətindən
istifadəsini asanlaşdırıb.
Yeni tədris ilində təzəcə inşa edilmiş Nücü, Vizəzəmin və əsaslı
təmir edilmiş Mastail
kənd tam orta məktəbləri
müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 180 şagird
yerlik Pirasora, Boykəndil,
Ambu kənd tam orta, 80 şagird yerlik Əvilə kənd ümumi
orta məktəblərinin tikintisi
aparılır. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın təşəbbüsü, Heydər
Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik
uşaq bağçasının
tikintisində işlər sürətlə davam
etdirilir, şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü əsaslı
təmir edilir.
Ötən tədris ili rayon məktəblərinin
məzunları üçün uğurlu sayıla bilər. Belə ki, 151 nəfər məzun, o
cümlədən builki məzunlardan 114 nəfəri
ali məktəblərə qəbul olunub, onların 38-i qızlardır. 234 məzun,
o cümlədən builki
məzunlardan 192 nəfəri orta ixtisas məktəblərinə qəbul olunub, onların da
83-nü qızlar təşkil edir.
Leriklilərin Vətən
qarşısında xidmətləri daim
yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə rayon polis şöbəsinin
rəisi Hüseynəli Məlikov “Vətən uğrunda” medalı ilə, Pirasora
kənd ərazi icra nümayəndəsi
Əligüşat Xalıqov “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə, Vizəzəmin
kənd tam orta məktəbinin
riyaziyyat müəllimi Nüşabə
Əmirova “Tərəqqi” medalı ilə təltif olunublar.
Daha sonra icra
hakimiyyətinin başçısı regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət
Proqramında hər bir rayon
üzrə konkret vəzifələrin,
tapşırıqların olduğunu və
bir çox sosial-iqtisadi məsələlərin növbəti
beş il ərzində
həlli üçün böyük
imkanlar yaradılacağını qeyd etdi.
Rayon üzrə maliyyə idarəsinin rəisi
Elman Abbasov, meşə
mühafizəsi və bərpası müəssisəsinin direktoru Eyvaz Babayev, gənclər və idman
idarəsinin rəisi Rövşən Rüstəmov məruzə
ətrafında çıxış etdilər.
Sonda rayon
icra hakimiyyətinin
başçısı Rövşən Bağırov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə rayona
göstərdiyi qayğı və diqqətə görə əhali
adından minnətdarlıq duyğularını ifadə etdi, qarşıya qoyulan vəzifələrin
bundan sonra da uğurla yerinə
yetiriləcəyini söylədi.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.10.