Masallı: ilin əsas hədəfi dinamik
inkişaf və yüksək rifahın təmin
olunmasıdır
Cənub bölgəsinin gözəl diyarı Masallının siması ildən-ilə dəyişir, daha da gözəlləşir. Əhalinin həyat şəraiti yaxşılaşır, yeni iş yerləri yaradılır. Rayon ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevrilir. Cari ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında bu barədə ətraflı danışılıb.
Rayon icra hakimiyyətinin
başçısı Rafil Hüseynovun məruzəsi maraqla
dinlənildi. O bildirdi ki, Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin doqquz
ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş
iclasında çıxış edən ölkə
başçısı ilin əvvəlindən
Azərbaycan iqtisadiyyatının uğurla
inkişaf etdiyini konkret faktlarla əsaslandırıb.
Ölkədə aparılan islahatlar, irəli
sürülən təşəbbüslər ölkəmizin
dinamik inkişafını təmin edib.
Masallı rayonu üzrə göstəriciləri şərh
edən məruzəçi dedi ki, doqquz aylıq nəticələri
uğurlu saymaq olar. Abadlıq-quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda rayonun inkişaf
proqramında nəzərdə tutulmuş
sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov,
Azərbaycan küçələrində və
M.Talışxanov prospektində geniş
abadlıq işləri
aparılır. Bu işlər çərçivəsində
küçələrdə müasir
işıqlandırma sisteminin, səkilərin
qurulması və yaşıllıq zolaqlarının
salınması əsasən tamamlanıb. H.Aslanov
küçəsindəki kommunal
binaların fasadlarının və dam
örtüklərinin əsaslı təmiri başa
çatdırılıb. Bundan əlavə,
bəzi küçələrdə asfalt
örtüyü təzələnib.
Tarix-diyarşünaslıq
muzeyinin, uşaq incəsənət
məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1
saylı, Kolatan və Bədəlan kənd
tam orta məktəblərinin
əsaslı təmiri, Mahmudavar kənd əsas
məktəbinin tikintisi başa
çatdırılıb. Masallı şəhərində 2 uşaq bağçası üçün
yeni binanın tikintisinə başlanıb
ki, onlardan biri sosial təşəbbüslə
həyata keçirilir. Bədəlan kənd
uşaq bağçası və Kolatan kəndində 100 yerlik
uşaq bağçasının əsaslı
təmiri sona yetib. Viləş
çayının sahilində bəndbərkitmə işlərinin
aparılması məqsədilə layihə-smeta sənədləri
hazırlanıb və artıq işə başlanıb.
Növbəti mərhələdə Viləş
çayının hər iki sahilini əhatə edən park-bulvar
kompleksinin tikintisi nəzərdə
tutulur. Bundan əlavə,
4 yeni məktəbin — Şatıroba, Çayqıraq, Dəlləkoba
və Köhnə Zuvandlı kənd ümumi
orta məktəblərinin tikintisi
üçün razılıq
alınıb və yaxın günlərdə işlərə
start veriləcək.
Masallıda istifadəyə
verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin
açılmasını təmin edib. Doqquz ayda rayon
məşğulluq mərkəzinə 175 nəfər
müraciət edib ki,
onlardan 112-si işlə təmin olunub. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurlu
icrası nəticəsində Masallı rayonu
üzrə nəzərdə tutulan tədbirlər
yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər müsbət dinamikadan soraq verir.
Hesabat dövründə rayon
üzrə məhsul istehsalı və göstərilən
xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3,7 faiz artaraq 322031,5 min manat olub. Bu
dövrdə sənaye məhsullarının həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 25011 min manata, kənd təsərrüfatı
məhsullarının həcmi 77645,8 min manata çatıb. Adambaşına
düşən pul gəlirləri 1474 manat, bir işçiyə
hesablanmış orta aylıq əməkhaqqı
263 manat olub.
Masallı respublikanın mühüm
kənd təsərrüfatı rayonudur.
Dövlət himayəsinə xüsusi ehtiyacı olan
sahə kimi aqrar sahənin
inkişafı dövlət rəhbərliyinin
diqqət mərkəzindədir. Doqquz ayda rayonun kənd, meşə,
balıqçılıq təsərrüfatında 14,4 min manatlıq məhsul istehsal
edilib. Rayonda xeyli buğda, arpa və dənlik vələmir əkini
aparılıb. Bundan əlavə, kartof, bostan bitkisi və tərəvəz
əkini sahələri genişlənib. Əlaqədar təşkilatlarla
aparılan danışıqlar nəticəsində
“Yaşıl market”in
salınması ilə bağlı ilkin
razılıq əldə olunub ki, bu da
rayonda kənd təsərrüfatının
inkişafına öz töhfəsini
verəcək.
Rayonun işıq və qaz
təchizatı yaxşılaşır. Artıq
2 ildən çoxdur ki,
Prezidentin xeyir-duası ilə Masallı
şəhərinin içməli su təchizatının
və kanalizasiya sisteminin
yenidən qurulması işləri gedir.
Əvvəllər bu sahədə müəyyən
lənglik vardı. Artıq işlərin gedişində dönüş yaranıb.
Masallı
rayonunun əksər kəndlərində
içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin
gündəlik həyatında ciddi çətinliklər
yaratdığı üçün Prezident İlham Əliyev
tərəfindən müvafiq qurumlara verilən tapşırığa əsasən
Muğan zonası və
Qızılağac istiqamətində olan
kəndlərin su təchizatının
yaxşılaşdırılması üzrə layihələndirmə
işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin kəndlərə
xətlər çəkilməyə başlanıb. Artıq
19 kilometrə yaxın magistral xətt hazırdır. İlin sonuna qədər
layihə çərçivəsində bəzi kəndlərə
suyun verilməsi nəzərdə tutulur.
Son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və
modernləşdirilməsi istiqamətində tədbirlər həyata
keçirilib. Rayonda
42 yeni məktəb tikilib və ya əsaslı təmir olunub.
Yeni təhsil konsepsiyasında peşə
təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu il Masallıda Dövlət
Regional Kollecinin
açılması reallaşıb. İlkin
mərhələdə 5 ixtisas üzrə
fəaliyyət göstərəcək kollec
yeni dərs ilində fəaliyyətə
başlayıb. Burada əsasən turizm və kənd təsərrüfatı
mütəxəssisləri hazırlanacaq.
Mədəniyyət və
səhiyyə sahələri üzrə də müəyyən
tədbirlər həyata keçirilib. Rayonda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq
lisenziya ilə təmin olunub.
Bu istirahət mərkəzlərində
1176 turist yeri var. Cari ilin
9 ayı ərzində rayonda 16364 nəfər
turist istirahət edib ki, onlardan 916 nəfəri
əcnəbilər olub.
Hesabat yığıncağında çıxış
edənlər - maliyyə idarəsinin müdiri
Azər Abdullayev, Ərkivan qəsəbə
inzibati ərazi dairəsi üzrə
nümayəndə Sabiq Cahangirov
və başqaları
çalışdıqları sahələrdə doqquz ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat
verdilər.
Sonda cari ilin
uğurla başa
çatdırılması zərurəti bir
daha önə çəkildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.11.