Paytaxtın enerji təchizatı
yüksək səviyyədə
təmin olunur
20 Oktyabr — Energetiklər Günü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri daha da genişləndirib və sənayeləşməni sürətləndirib. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.
Sənaye sahəsindən
və ümumilikdə, ölkənin sənaye
potensialının daha da
yüksəldilməsindən bəhs edərkən elektroenergetika sənayesi xüsusi
qeyd olunmalıdır. Bu
məsələyə bir neçə rakursdan baxmaq
lazımdır. Birincisi, Azərbaycanın
elektrik energetikası tarixinin
təxminən əsrdən də artıq bir
dövrü əhatə etməsi, ikincisi, bütün sənaye
sahələrinin fəaliyyətinin bilavasitə elektrik enerjisi ilə
bağlı olması göz önünə
alınmalıdır.
Əvvəlcə
tarixə ekskurs edək. Təsadüfi deyil ki, “Bakının
işıqları” təsadüfən və ya
keçmiş SSRİ məkanında deyildiyi kimi, “İliç lampası”nın mövcud
olması ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü,
ən inkişaf etmiş
şəhərlərindən daha öncə
Bakıda elektrik enerjisi
istehsal və istehlak olunub.
Hazırda
Bakı şəhərinin və ümumilikdə, Abşeron yarımadasının elektrik enerjisi ilə təchiz
olunması fəaliyyətini həyata keçirən
“Bakıelektrikşəbəkə” ASC-nin
tarixi eyni zamanda Bakıda elektrik enerjisinin tarixi ilə birgə
formalaşıb. Əldə olan sənədlərə
əsasən Bakıda ilk elektrik
stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki
“Bakinski dok”da quraşdırılıb. Azərbaycan
Respublikası Dövlət Tarix Arxivinin sənədlərinə görə, cərəyan
alman istehsalı olan “Algemayne” sisteminin
dinamo-maşınından verilirdi.
1903-cü ildə elektrik
stansiyalarının sayı artıq 70-ə
çatmışdır. Hələ 1880-ci ildə Volqa
çayında və Xəzər dənizində gəmiçiliklə
məşğul olan “Qafqaz”
və “Merkuri” gəmiçilik şirkətləri
Bakıda sərnişin limanında yeni elektrik fənərləri
quraşdırmışdı. Fənərlər axşamdan sübhə qədər üzgün, tutqun rəngli
işıqla yanırdı ki, bu da şəhər əhalisində
və bura gələn qonaqlarda
xüsusi bir
heyranlıq hissi doğururdu.
Bu şirkətlərin reyslərinə sərnişin
sayı çoxalmış, liman isə
şəhər sakinlərinin ən sevimli
gəzinti yeri olmuşdu.
Azərbaycanda neft sənayesinin inkişafı elektroenergetikaya daha böyük stimul vermişdir. Bu zaman Bakı neft sənayesinin
məşhur sahibkarlarından biri olan Şəmsi Əsədullayev də
limanın elektrikləşdirilməsinə biganə
qalmayıb. O, şəxsi elektrik
stansiyasına sahib olub
və ona xidmət üçün
xaricdən mütəxəssislər dəvət edib. Elektrik stansiyası
sahibkarın Bakının mərkəzində yerləşən
çoxmərtəbəli evinin
işıqlandırılması üçün
də xidmət göstərirdi.
Beləliklə, bir sıra kiçik stansiyalar meydana
çıxdı. 42 kV gücündə
3 buxar maşınından ibarət olan bu stansiyalardan
biri 1882-ci ildə “Nobel
Qardaşları Birliyi” tərəfindən
neftayırma zavodunda sexlərin və ərazinin
işıqlandırılması üçün
qurulmuşdu. Daha sonra 1897-ci ildə elektrik
stansiyasının gücünün 550 kilovolta qədər yüksəldilməsi qərara
alınmışdı.
1906-cı ilin mart ayında
Rusiyanın tabeliyində olan ölkələr
arasında ilk
dəfə olaraq Ağ
şəhərdəki elektrik stansiyasından
Balaxanı neft sahəsinə 8,1 kilometr uzunluğunda 20 kilovolt gərginlikli iki elektrik hava xətti çəkildi.
1916-cı ildə Abşeron mədənlərində fəaliyyətdə
olan 3750 neft quyusundan 1638-i elektrikləşdirilmişdi ki, bu da
təxminən 50 faizi təşkil edirdi. ABŞ-da isə o vaxt bütün
neft yataqları üzrə bu göstərici 20 faizdən çox
deyildi.
1920-ci
ildən sonrakı dövrdə SSRİ məkanında olan elmi-texniki inkişaf fonunda bu sahədə də bir
sıra işlər görüldü. Lakin görülmüş
işlərin dönüş mərhələsi
- iritutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi
ötən əsrin 70-ci illərindən
etibarən geniş vüsət aldı. Həmin
dövrdə görülən bu işlərin
təşəbbüskarı respublikaya yeni rəhbər təyin edilmiş
ümummilli lider Heydər
Əliyev idi.
Ulu öndərin başladığı işləri uğurla davam etdirən Azərbaycan
Respublikası Prezidenti möhtərəm İlham Əliyev bu sahəyə
diqqəti daha da
artırdı. Dövlət başçısının təşəbbüsü
ilə qəbul edilmiş dövlət
proqramları və meqalayihələr əsasında bütün ölkə üzrə olduğu kimi,
Bakı şəhərinin sosial-iqtisadi
inkişafı ilə əlaqədar olaraq
istehlakçıların elektrik enerjisi təchizatının yüksək səviyyədə
təmin edilməsi üçün
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
irimiqyaslı tədbirlər həyata keçirilir,
paytaxtın elektrik şəbəkələri
dünya standartlarına uyğun müasir texnologiyalar tətbiq olunmaqla
yenidən qurulur. Bu məqsədlə elektrik şəbəkələrində geniş əhatəli yenidənqurma işləri
aparılmaqla yeni güc
mərkəzləri yaradılır, elektrik
enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar həyata keçirilir.
“Bakıelektrikşəbəkə”
ASC üzrə təsdiq edilmiş investisiya proqramlarına əsasən
2006-cı ildən bu günədək
dövlət büdcəsi və daxili imkanlar hesabına görülmüş
yenidənqurma işləri tamamilə özünü
doğruldub və ötən dövr çoxşaxəli fəaliyyətlərlə
yadda qalıb.
Bunlara nümunə kimi
hazırda şəbəkənin aktivində olan
110 kilovoltluq yarımstansiyalardan 23 ədədinin,
35 kV-luqlardan isə 62 ədədinin tikilməsi,
yenidən qurulması və
rekonstruksiyası göstərilə bilər. Görülən
işlərin nəticəsi son 8 il ərzində şəbəkənin güc toplama və paylama qabiliyyətinin 3048 MVA-dan
5980 MVA-ya
çatdırılaraq
89,6 faiz artmasında, texniki
itkilərin səviyyəsinin 16,98 faizdən 8,9 faizə qədər
azaldılmasında da büruzə verib. Paralel olaraq şəbəkənin ifrat
yüklənməsi halları aradan tam qaldırılıb, 2006-2014-cü illər ərzində 2000-dən çox transformator məntəqəsi
və komplekt transformator
məntəqələri tikilib və ya əsaslı təmir olunub.
Müxtəlif güclərdə (110, 35, 10 kV-luq)
çəkilmiş elektrik veriliş xətlərinin
ümumi uzunluğu isə
təxminən 10 min kilometrdir. Şəhərətrafı kənd
və qəsəbələrin şəbəkələrinə
xüsusi diqqət yetirilib.
Konkret desək, mövcud
olan 12 100 kilometrdən çox
0,4 kV-luq hava xətləri
müasir tipli
özünüdaşıyan izolyasiyalı naqillərlə
(ÖİN) yenidən qurulub. Mühüm amillərdən biri
isə istehlak olunan elektrik enerjisi haqları
üzrə illik yığımın səviyyəsinin
98 faizə çatdırılmasıdır.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev tərəfindən həyata
keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsini
ölkədə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması təşkil
edir. “Sahibkarlığın
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
3 mart 2014-cü il tarixli, 119 saylı fərmanı bu konsepsiyanın mühüm
tərkib hissəsi olub sahibkarlıq fəaliyyətinin
dövlət tənzimləməsinin daha da təkmilləşdirilməsində və əlverişli
biznes mühitinin formalaşdırılmasında çox böyük əhəmiyyətə
malikdir. Fərmanda aidiyyəti
nazirliklərə və dövlət orqanlarına elektrik təchizatı şəbəkəsinə
qoşulma ilə əlaqədar sənədlərin
elektron qaydada qəbulunun
təşkili, prosedur, müddət və
xərclərin azadılması üçün
qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi
tapşırılmışdır ki, bu məqsədlə “Bakıelektrikşəbəkə”ASC
tərəfindən təxirəsalınmaz təşkilati-texniki
tədbirlər görülüb və
qanunların qəbulu zamanı nəzərə
alınması üçün konkret təkliflər verilib.
Belə ki, elektrik
enerjisinə görə yaranmış borcun
araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə
qoşulmasına dair texniki şərtlərin
verilməsi üçün müraciətlərin
və sənədlərin qəbulu, elektrik
enerjisi haqqının internet
vasitəsilə ödənilməsi, aşkar
edilmiş qüsurlarla əlaqədar
olaraq sayğacın dəyişdirilməsi
üçün müraciətin qəbulu,
borcun olmamasına dair
arayışın verilməsi və
elektrik enerjisi
istehlakçısının dəyişdirilməsi online qaydada, 7 may 2014-cü il tarixdən
isə “ASAN Xidmət” vasitəsi ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki,
abunəçilərin istehlak etdikləri
enerji haqlarının ödənilməsi
üçün “Bakıelektrikşəbəkə”
ASC-də bir çox
ödəniş sistemlərindən istifadə olunur. Hazırda abonentlər enerji haqları
üzrə ödənişləri internet
resurslarından istifadə etməklə, bank
və poçt vasitəsilə, həmçinin
“APUS”, “Paypoint”
və digər ödəniş
növlərinin köməyi ilə həyata keçirir.
Bununla yanaşı, müasir
metodlarla elektrik enerjisi borcları haqqında abunəçilərə
məlumatların çatdırılması üçün
müəyyən layihələr işlənib
hazırlanıb və həyata keçirilib.
Telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün
“SMS” ilə xəbərdarlıq
sistemləri qurulub.
“Bakıelektrikşəbəkə” ASC-nin bütün
strukturlarının vahid bir
sistemlə idarə edilməsini təmin etmək məqsədilə
dünyada və enerji
sahəsində ən müasir sistem sayılan
“SAP” informasiya sistemi tətbiq olunur.
Həyata keçirilən
islahatlar çərçivəsində
“Bakıelektrikşəbəkə” ASC-nin
Tədris Mərkəzi yaradılıb. Mərkəz MDB məkanında
və yaxın xarici ölkələrdə
analoqu olmayan,
dünyanın elektroenergetika sahəsində
inkişaf etmiş
qabaqcıl şirkətlərinin istehsal
etdikləri avadanlıq və müasir cihazlarla təchiz olunub. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev tərəfindən
2012-ci ildə Tədris Mərkəzinin yeni
inşa edilmiş I inzibati korpusunun, 31 yanvar 2013-cü il tarixdə
isə II korpusunun
açılışı olub. Tədris
Mərkəzində elektroenergetika sahəsi
üçün mütəxəssislər
hazırlanır və səhmdar cəmiyyətdə
çalışan əməkdaşların peşə
hazırlığı artırılır. Burada
xarici ölkələrdən dəvət
olunmuş, habelə yerli mütəxəssislərin
iştirakı ilə beynəlxalq standartlara
uyğun seminarlar və
dərslər təşkil edilir.
2015-ci
ildə Bakı şəhərində keçiriləcək
I Avropa Oyunları, habelə
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın icrası ilə bağlı bir sıra həllivacib işlərin yerinə
yetirilməsi də nəzərdə tutulub.
I Avropa
Oyunları ilə bağlı “Su
oyunları” idman kompleksi,"Crystall Hall", “Əl
oyunları” və Yeni Bulvar
ərazisinin etibarlı və fasiləsiz elektrik
təchizatı üçün xeyli işlərin görülməsi
planlaşdırılıb. Görüləcək
işlərə nümunə olaraq sisteməhəmiyyətli
“Müşfiq”, “Badamdar”
və “Bayıl” yarımstansiyaları arasında 110 kV-luq “Şıx”, 108 saylı, 108 və
109 saylı yarımstansiyalar
arasında 35 kV-luq, “Ulubəy” və
109 saylı yarımstansiyalar arasında 35 kV-luq
ikidövrəli kabel
xəttinin çəkilməsi
göstərilə bilər.
Olimpiya stadionu, Olimpiya kəndi, Böyükşor
gölünün təmizlənməsi ilə
əlaqədar elektrik təchizatı üçün də tədbirlər icra ediləcək. Bu məqsədlə
220/110/35 kV-luq “Zabrat”
yarımstansiyası ilə 35/6 kV-luq, 19 saylı yarımstansiya ilə 35
saylı yarımstansiya, 35 saylı yarımstansiya ilə Olimpiya stadionu və “Koroğlu” yarımstansiyası ilə Olimpiya stadionu
arasında 35 kV-luq ikidövrəli kabel xətlərinin çəkilməsi
reallaşdırılacaq. 35/6 kV-luq 19 saylı, 35 saylı, 208 saylı yarımstansiya ilə 35/6 kV-luq “Koroğlu” yarımstansiyası arasında 35 kV-luq
kabel xətti çəkiləcək.
“Stend Atıcılığı Kompleksi” nin elektrik təchizatı üçün
35/6 kV-luq 80 saylı
yarımstansiyasının tikintisi, 88 saylı
35/6 kV-luq yarımstansiyadan 511 və 424, 511 - 424 və 88-470
saylı TM-lər arasında 6 kV-luq kabel xətlərinin çəkilməsi və
quraşdırılması işləri aparılacaq. Eyni zamanda,
layihə çərçivəsində “Dərnəgül-2"
yarımstansiyası ilə 88
saylı yarımstansiya arasında 35 kV-luq
ikidövrəli kabel xəttinin çəkilməsi
işləri reallaşdırılacaq.
Yeni Bulvar ərazisində
tikilməkdə olan otel
komplekslərinin (Ağ Şəhərin
qarşısı) və s. obyektlərin elektrik təchizatının təmin edilməsi
ilə əlaqədar olaraq görüləcək
işlərin də həcmi böyükdür.
Burada
110/35/10 kV-luq Ağ
şəhər yarımstansiyasının tikintisi, “Liman”
yarımstansiyasında yeni yuvaların və
mühafizə sistemlərinin quraşdırılması, “Liman” yarımstansiyası ilə Ağ Şəhər yarımstansiyası
arasında 110 kV-luq ikidövrəli kabel xətlərinin çəkilməsi
görüləcək işlərdəndir.
“2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində
reallaşdırılacaq tədbirlər də çoxşaxəlidir.
Bura müxtəlif güclərdə yeni yarımstansiyaların, hava
xətlərinin tikintisi, yenidənqurulması
və kompleks trtansformator
məntəqələrinin (KTM) quraşdırılması daxildir.
Əvvəldə
qeyd etdiyimiz kimi, 2014-cü ilin “Sənaye
ili” elan olunması ilə
bağlı “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətində də xeyli canlanma müşahidə
edilməkdədir. İqtisadiyyatın bütün
sahələrində olduğu kimi, son illərdə Azərbaycanda
sənayeləşmə siyasəti də geniş
miqyasda həyata keçirilib
və yüzlərlə
sənaye müəssisəsi inşa edilərək
bu sahədə güclü
potensial yaradılıb.
Hazırkı mərhələdə
müasir çağırışlar və
yeni təşəbbüslər nəzərə
alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi
üçün bir
sıra tədbirlər həyata keçirilir.
Bütün bunlar isə mövcud
təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin,
sənaye parklarının yaradılması, regionlarda
sənaye potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında
inkişafını təmin edəcək imkanların
formalaşdırılması zərurəti yaranıb.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən
2014-cü ilin “Sənaye ili”
elan olunması ilə əlaqədar olaraq
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin
fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində irimiqyaslı tədbirlər
həyata keçirilir. Belə ki, neft-qaz sənayesinin
inkişafı ilə əlaqədar olaraq
bir sıra konkret tədbirlər
həyata keçirilib. Nizami
rayonunda yerləşən və Heydər
Əliyev adına neft emalı zavodunu elektrik enerjisi ilə təmin edən 110/35/6 kV-luq 80 (2x40) MVA gücündə 204 saylı
yarımstansiya yenidən qurularaq istifadəyə
verilib. Bundan başqa, Qaradağ rayonunda yerləşən və Əmirov
adına NQÇİ-nin mədənlərini
elektrik enerjisi ilə
təmin edən 35/6 kV-luq 509 və 516
saylı yarımstansiyalar yenidən qurulur. “Səngəçal”
yarımstansiyasında 35 kV-luq
paylayıcı qurğu inşa
edilib və 2 ədəd 35/6 kV-luq transformator
quraşdırılıb.
Səbail rayonunda yerləşən və “Bibiheybət”
NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin
edən 109 saylı yarımstansiya yenidən qurularaq
istifadəyə verilib. Binəqədi
rayonundakı “Binəqədi OYL” şirkətinin mədənlərinin
elektrik enerjisi təchizatını
həyata keçirən 35/6 kV-luq 92 və
94 saylı yarımstansiyalar isə yenidən qurulmaqdadır.
Qeyd olunanlarla yanaşı, Sabunçu rayonunda “Balaxanıneft”
NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin
edən 35/6 kV-luq 35 saylı
yarımstansiyanın yenidən qurulması davam
etdirilir, Pirallahı qəsəbəsində
NQÇİ-yə məxsus 6/0,4 kV-luq
paylayıcı qurğunun və 6 kV-luq qidalandırıcı xətlərin
yenidən qurulması
işlərinə başlanılması nəzərdə tutulur.
Maşınqayırma
sənayesi obyektlərinin enerji təchizatının
yaxşılaşdırılması məqsədi ilə Sabunçu rayonu ərazisində
yerləşən, Bakı maşınqayırma və oksigen zavodlarını elektrik
enerjisi ilə təmin edən 35/6 kV-luq 190 saylı yarımstansiya yenidən qurulur. Bakı Metropoliteni
stansiyalarının kefiyyətli və fasiləsiz enerji təchizatını təmin etmək üçün Xətai rayonunda
yerləşən “Həzi Aslanov” və
Binəqədi rayonu ərazisində olan 80 saylı yarımstansiyalar yenidən qurulur, Xətai rayonu ərazisində
110/35/10 kV-luq 210 saylı “Ağ
Şəhər” yarımstansiyası inşa
edilir.
Su
və kanalizasiya sistemlərinin elektrik enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə Xətai
rayonu ərazisindəki 201 saylı
yarımstansiyasının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə
verilib və Binəqədi rayonu ərazisində yerləşən 35/6 kV-luq 80 saylı yarımstansiyada yenidənqurma işləri davam etdirilir.
Daş karxanalarının elektrik
təchizatının yaxşılaşdırılması üçün Qaradağ
rayonu ərazisində şəbəkənin
gücləndirilməsi istiqamətində müvafiq
tədbirlər həyata keçirilir. Bu məqsədlə 35 kilometr
məsafədə 35 kV-luq kabel
xətləri çəkilib, 12 kilometr 35
kV-luq hava xətləri
isə yenidən qurulub. Hazırda yeni 35 və 6 kV-luq elektrik şəbəkələrinin
yaradılması üçün zəruri
tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd olunan sənaye obyektlərinin elektrik enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
2014-cü ildə həyata keçirilən layihələrin
icrası zamanı, bir qayda
olaraq, yerli istehsal məhsullarından istifadə edilir. Belə
ki, tikinti
quraşdırma işlərində istifadə olunan
güc transformatorları, elektrik
avadanlıqları, kabel məhsulları , naqillər, transformator yağı, tikinti
materiallları çoxsaylı yerli müəssisələrin
istehsal etdiyi məhsullardır.
Bu günlər bütün
ölkə ərazisində fəaliyyət göstərən
şərəfli peşə sahibləri — energetiklər bayram əhval-ruhiyyəsindədirlər. Onlar öz peşə
bayramlarını — Energetiklər gününü
qeyd etməyə hazırlaşırlar.
Məlum
olduğu kimi, ümummilli liderimiz Heydər Əliyevin 20 oktyabr
2000-ci ildə 1 nömrəli Bakı İstilik
Elektrik Mərkəzinin birinci
növbəsini açdığı gün
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Energetiklər
Günü peşə bayramı kimi təsis
edilib.
Ulu öndər 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin
birinci növbəsi istifadəyə verilərkən
açılış mərasimindəki
çıxışında demişdir: “Bizim bugünkü
toplantımız və bu nəhəng istilik elektrik mərkəzinin
açılışı tarixi bir hadisədir. Burada, həmin
bu yerdə əsrin əvvəlində —
1902-ci ildə bax, orada
gördüyünüz, artıq köhnəlmiş,
çürümüş,
qaralmış istilik elektrik
mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman
üçün bu, böyük hadisə idi.
O vaxt Azərbaycanda neft
sənayesi xarici şirkətlərin
iştirakı ilə güclü inkişaf edirdi,
neftayırma zavodları yaranmışdı, burada
həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir
ki, o vaxta
görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq
o vaxtdan 100 il keçibdir.Ona görə
də mən deyirəm ki, bu,
bizim həyatımızda tarixi
hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası
yaratdıq. Demək, XXI əsrə biz,
bax belə gözəl, müasir
texnologiyalı müəssisələrlə gedirik.
Onlardan biri də budur.”
Heydər
Əliyev siyasi kursunun
ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkə iqtisadiyatının bütün
sahələrinə olduğu kimi, elektroenergetika sahəsinə
də, o cümlədən paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərir. Məhz elə bunun
nəticəsidir ki, hazırda tələbatçılara
ötürülən elektrik enerjisinin fasiləsizliyi ilə yanaşı,
keyfiyyət dəyişikliyi də açıq şəkildə
hiss olunmaqdadır. Bu da özünü, heç şübhəsiz ki,
paytaxt sakinlərinin gündəlik məişətlərində,
xüsusən də qaranlıq gecələrin nura
bürünməsində daha aydın
şəkildə göstərir.
Bütün ölkə energetiklərini
peşə bayramları münasibətilə təbrik edir və şərəfli işlərində
onlara uğurlar diləyirik.
Baba RZAYEV,
“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri
Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.9.