Azərbaycanda insan hüquq və
azadlıqlarının
qorunması dövlət siyasətinin
prioritet istiqamətidir
Prezident İlham
Əliyevin oktyabrın 17-də imzaladığı
yeni əfv sərəncamı
bunun daha bir təzahürüdür
Artıq ölkənin kütləvi informasiya vasitələrinin xəbərlərindən də məlum olduğu kimi, Prezident İlham Əliyevin humanist addımlarından daha biri - növbəti əfv sərəncamı icra olunmaqdadır. Dövlət başçımızın məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı növbəti sərəncamla müxtəlif illərdə törətdikləri əməllərinə görə ədalət məhkəməsi tərəfindən cəzalandırılmış 84 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
Hüquq ekspertlərinin, QHT təmsilçilərinin
və ölkə ictimaiyyətinin hamısı cənab Prezidentin bu
addımını ulu öndər Heydər
Əliyevin siyasi kursunun
mühüm tərkib hissələrindən
olan vətəndaş və insan hüquq və
azadlıqlarının qorunması məsələsinə sədaqət kimi qiymətləndirir.
Bütün bunları görə-görə bəzi
beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və
azadlıqlarının qorunması haqqında qərəzli və
uydurma fikirləri hamı kimi,
məni də narahat edir.
Fikrimcə, respublikamızın son illər
sürətlə inkişaf etməsi
antiazərbaycan dairələrin, o cümlədən
erməni lobbisinin maliyyəsi ilə fəaliyyət
göstərən bir sıra beynəlxalq
təşkilatlarda ciddi qısqanclıq yaradıb. Human Rights Watch,
Freedom House Amnesty İnternational, Sərhədsiz
Reportyorlar məhz belə qərəzli və
böhtançı qeyri-hökumət təşkilatlarındadır.
Avropa Parlamenti də ölkəmiz haqqında qeyri-obyektiv xarakter
daşıyan, əsassız və subyektiv
mülahizələrdən ibarət qətnamə qəbul etməklə,
beynəlxalq aləmdə heç bir reytinqə malik olmayan həmin qurumlarla eyni səviyyədə olduğunu
təsdiqlədi. Əvvəlki illərin təcrübəsi də
təsdiq edir ki, Avropa
Parlamentində bu tipli
qərəzli sənədlər Azərbaycanın
inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun
islamofob və antiazərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır
və olduqca məhdud sayda
parlament üzvlərinin iştirakı ilə
keçirilən iclasda qəbul olunub. Qətnaməni hazırlayan 46 Avropa Parlamenti
deputatının və onların Azərbaycandakı xəbər
ötürənlərinin kimliyi bu sənədin necə və hansı məqsədlə
ərsəyə gəldiyini bir daha təsdiqləyir. Faktlar
da göstərir ki, bu qətnamə donosların, təhdid xarakterli, yalan
informasiyaların karusel mexanizmi
əsasında hazırlanıb. Həmin yalan və qərəzli informasiyalar
xarici bədxahlarımızın sifarişi əsasında AXCP, Milli
Şura, onların təsiri altında olan QHT-lərin və radikal
müxalifətin himayədarlığında olan
kütləvi informasiya vasitələrinin
mətbəxində hazırlanır, Human
Rights Watch, Freedom House Amnesty İnternational, Sərhədsiz
Reportyorlar və Avropa
parlamenti kimi muzdla fəaliyyət göstərən böhtançı qurumlar
tərəfindən dövriyyəyə buraxılır. Təbii
ki, bütün bunlar xəyanətkar müxalifət nümayəndələrinin
və bir qrup ermənipərəst
işbazın ölkəmizin getdikcə yüksələn
reytinqinə ləkə vurmaq cəhdindən
başqa bir şey deyil.
Azərbaycana
qarşı qərəzli olan bəzi ermənipərəst
beynəlxalq qurumların Ermənistanın işğalcı
siyasətini və bir milyondan
artıq soydaşımızın öz doğma ata-baba
ocaqlarından didərgin salınmasını görməməsi
siyasi korluqdur. O cümlədən, Avropa Parlamentinin də Ermənistanın
işğalçılıq siyasətinə son
qoymaq tələbi ilə
çıxış etmək əvəzinə, xalq diplomatiyası adı altında
düşmənlə sıx əməkdaşlıq edən
bəzi üzdəniraq hüquq müdafiəçilərini
və xəyanətkarları siyasi məhbus
hesab etməsi və onların azad olunmalarını tələb etmələri
bu qurumun qərəzli
olmasından və kimlərinsə sifarişlərini yerinə
yetirməsindən xəbər verir.
Əgər
Avropa Parlamentinin deputatları həqiqətən də
ümumbəşəri insani və demokratiya təəssübünü çəksəydilər,
həqiqətən də insan hüquq və azadlıqlarının
müdafiəçisi olsaydılar, 20 ildən artıqdır
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrilməsi, adi insani
hüquqlarının pozulması, işğal
altında olan ərazilərdə etnik təmizləmə siyasətinin
aparılması və bu kimi
faktları da məlum qətnaməyə daxil edər, Ermənistandan beynəlxalq hüququn
norma və prinsiplərinə
hörmətsizlik etməyə son
qoymağı qəti şəkildə tələb edərdi.
Belə qərəzli və böhtançı qətnamələr
ölkəmizi tutduğu demokratik
yoldan çəkindirə bilməz. Sözsüz
ki, erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, qəbul edilən yalançı qətnamələr
və böhtanla dolu hesabatlar Azərbaycanın dünya
birliyində getdikcə artan nüfuzuna heç bir təsir edə bilməz . Çünki
artıq ölkəmizdə insan hüquq və azadlıqlarının
müdafiəsinin yüksək səviyyədə təşkil
olunması beynəlxalq aləmdə də yüksək səviyyədə
qəbul olunur. Özü
də indi yox, 20 il bundan əvvəl. Faktlar da bunu
təsdiq edir.
Azərbaycanın
müstəqillik əldə etdikdən sonra güclü
dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində böyük
uğurlar qazanması, son
illərdə isə sürətli
inkişaf yolunda
inamla irəliləməsi nüfuzlu
beynəlxalq qurumlar, ayrı-ayrı
dövlət və hökumət
başçıları, digər rəsmi şəxslər,
tanınmış ekspertlər və politoloqlar
tərəfindən yüksək dəyərləndirilir. Bu dövrdə
demokratik proseslərin inkişafına,
xüsusilə də insan hüquq və
azadlıqlarının müdafiəsinə böyük
önəm verilirdi.
Bəşər
sivilizasiyasının ən müdrik kəşflərindən
sayılan insan hüquqları bu gün hamının
anladığı və qəbul etdiyi əvəzsiz
nailiyyətdir. Tarixi hadisələr də
təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə
dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya
qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli
inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və
onların müdafiəsi hər bir
dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya
birliyində müstəqil, hüquqi, demokratik dövlət
kimi tanınması, ölkədə insan hüquq və
azadlıqlarının təmin edilməsi, habelə müdafiə
olunması məhz ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
1991-1993-cü
illər ərzində ölkəmizin ictimai-siyasi
həyatında baş verən təlatümlü
hadisələr, vətəndaş qarıdurması, xaos, anarxiya və
özbaşınalıq insan
hüquqlarının real həyatda təmin
olunmasına öz mənfi təsirini
göstərmişdir. Amma ulu öndər
Heydər Əliyevin xalqın təkidli xahişlərindən
sonra hakimiyyətə
qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü
islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini
və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi
bazanın yaradılması istiqamətində mühüm
addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi
dövründə insan hüquq
və azadlıqlarının təmin edilməsi ölkəmizdə
gedən böyük demokratik
proseslərin tərkib hissəsi kimi diqqət
mərkəzində saxlanılan prioritet məsələlərdən
biri olub. Bu hüquqlar gündəlik
həyatımızda öz real təminatını almaqla
yanaşı, həm də hüquqi normativ sənədlərdə öz
əksini tapıb.
Ulu öndər insanların
hüquqlarının qorunmasını prioritet
vəzifə hesab edir,
bu sahədə riskli
və prinsipial addımlar atmaqdan
da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən
ölüm hökmü
cəzası üzərində moratorium
qoyulmasını, 1998-ci ildə isə bu
cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək
lazımdır. Ölüm cəzasının
ləğv edilməsi həm də nüfuzlu
beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu
quruma üzv dövlətlər
qarşısında müəyyənləşdirdiyi
başlıca tələblərdən idi.
Avropa
Şurasının 1983-cü ildə qəbul etdiyi
İnsan Hüquqlarına dair
Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün
yolverilməzliyi birmənalı olaraq öz əksini tapmışdır. Ölüm hökmünün
ləğvi tələbi, şübhəsiz, təşkilatın
insan hüquq və
azadlıqlarına, insanın yaşamaq
hüququna necə yüksək dəyər
verdiyinin əyani təzahürüdür.
Bu məsələ müstəqil Azərbaycanın
Konstitusiyasında da təsbit olunub.
Qüdrətli
şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə
1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik,
hüquqi dövlət quruculuğu
və insan haqlarının qorunması
dövlətimizin ali, strateji
məqsədi kimi önə
çıxarılıb. İlk dəfə
olaraq,
həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını
özündə ehtiva edir.
Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş
insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək
və qorumaq qanunvericilik,
icra və məhkəmə hakimiyyəti
orqanlarının borcu hesab
edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz. Hər kəsin hüquq və
azadlıqları bu Konstitusiyada
və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin
hüquq və azadlıqları ilə məhdudlaşır.
Konstitusiyanın heç bir
müddəası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının ləğvinə
yönəlmiş müddəa kimi təfsir
edilə bilməz. Azərbaycan Respublikasının ərazisində
insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir.
İnsan hüquqları sahəsində tədbirlərin
məqsədyönlü şəkildə həyata
keçirilməsi üçün Heydər
Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o
cümlədən insan hüquq
və azadlıqlarının qorunması sahəsində 40-dan
çox mühüm beynəlxalq konvensiyaya
qoşulmuşdur. Bu konvensiyalardan
1966-cı il Mülki
və Siyasi Hüquqlara
dair Beynəlxalq Pakt,
1966-cı il İqtisadi,
Sosial və Mədəni Hüquqlara
dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi
Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin
Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunmasına dair 1979-cu il
Konvensiyası, İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv olunmasına dair
1965-ci il Beynəlxalq Konvensiyasını və
digərlərini göstərmək olar.
Ümummilli lider Heydər
Əliyevi böyük şəxsiyyət
kimi xarakterizə edən mühüm
keyfiyyətlərdən biri də
günahkarı cəzalandırmağı da,
şans verərək
bağışlamağı, islah etməyi
də bacarması ilə bağlı idi.
Əfvetmə institutunun bərpası və
Azərbaycan Respublikasının Prezidenti
yanında Əfv Məsələləri
Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm
addımlar kimi dəyərləndirilməlidir.
Bu sahədə
islahatlar davam
etdirilmiş,1998-ci il fevralın 22-də İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində fərman
imzalanmış və 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramıı təsdiq
edilmişdir.
Heydər
Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə
İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında Qanun, İnsan
hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında Konstitusiya Qanunu
qəbul olundu.
Ulu öndər Heydər Əliyevin siyasi
xəttini layiqincə davam etdirən
möhtərəm Prezidentimiz İlham
Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində də
qətiyyətli addımlar atmışdır. Onu da qeyd edək ki, dövlətimizin
başçısının insan hüquq və azadlıqlarının
qorunması istiqamətində həyata keçirdiyi
tədbirlər bu gün
dünya birliyində də yüksək dəyərləndirilir.
Təkcə bir faktı diqqətə
çatdıraq ki,
ölkə Prezidentinin sərəncamları
ilə son on ildə 35
min160 nəfərdən çox məhkum
azadlığa buraxılmışdır.Yüksək humanizm prinsipləri ilə daim
diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən 2013-cü ilədək
23 əfv sərəncamı imzalayıb.
Dövlətimizin
başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza
atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə
9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun, şəxsən fondun
prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya
aktı qəbul olunub. Bu
mərhəmət sayəsində on minlərlə
məhkum azadlığa qovuşmuşdur.
Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixili sərəncamı
ilə respublikamızda hər il 18 iyun- İnsan
Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Prezidenti,
hətta cinayət əməlinə yol vermiş insanların da
taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, insan
hüquqları üzrə müvəkkilin müraciətlərinə
əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini,
bu müddətdə
davranışlarını nəzərə alan,
cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini
önə çəkən Prezident
İlham Əliyev hər il
milli bayramlarımız ərəfəsində
əfv sərəncamları imzalayır, on
minlərlə ailəyə sevinc bəxş
edir. Bu addım Azərbaycanda
insan hüquqlarının etibarlı təminatını
və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
İnsan hüquq və
azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının
şərəf və ləyaqətinin qorunması Prezident İlham
Əliyevin həyata keçirdiyi dövlət
siyasətinin əsasını təşkil edir.
Bu istiqamətdə tədbirlər ölkəmizin
beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Biz ölkəmizdə
demokratiyanın, insan
hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət
veririk - deyən Prezident
İlham Əliyevin birbaşa
tövsiyə və göstərişləri əsasında
görülən sistematik işlər insan və vətəndaş hüquq
və azadlıqlarının müdafiəsi sahəsində
xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd
edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan
Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı nüfuzlu
beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmişdir. Həmin rəylərin birində
bildirilir: ATƏT Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafı sahəsində atılan
addımları, xüsusən də insan hüquq və azadlıqlarının
qorunması ilə bağlı qəbul olunmuş
Milli Fəaliyyət Planını yüksək
qiymətləndirir.
Belə faktlar istənilən qədərdir. Bəzi muzdlu beynəlxalq təşkilatların,
o cümlədən Avropa
Parlamentinin konkret cinayət
əməllərinə görə həbs olunmuş
və ya məhkum edilmiş
şəxslərin dərhal, qeyd-şərtsiz azad olunması,
anarxiya və
özbaşınalığa yol aça biləcək sərhədsiz
azadlıq tələbləri Azərbaycanla əməkdaşlıq
edən digər beynəlxalq qurumlara
qarşı təzyiq və şantaj cəhdidir.
Belə tələb irəli sürən beynəlxalq təşkilatların məkrli simaları özünü
açıq şəkildə büruzə verir. Avropa Parlamentinin Azərbaycana təzyiq göstərmək
üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma
üzv olan ölkələrə
çağırışı bunu bir daha təsdiq edir. Bu da
aydındır. Görünür 2015-ci
ildə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını digər məkrli qurumlar kimi, Avropa Parlamenti də həzm
edə bilmir. Ancaq bütün bunların heç
bir faydası yoxdur. Çünki Azərbaycan müstəqil siyasət
yeridən demokratik bir
dövlətdir.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.8.