Axan sular... Həyəcan
təbili
Biz suyun qədrini yalnız quyu quruyandan sonra bilirik.
Benjamin FRANKLİN,
yazıçı, dövlət xadimi və
diplomat
Keçən
əsrin yetmişinci illərindən başlayaraq qəzetimizin
səhifələrində vaxtaşırı sanballı,
problematik məqalələrlə çıxış edən
Əziz Əbdüləziz imzası oxuculara yaxşı
tanışdır. O, ulu öndər Heydər Əliyevin
ictimai-siyasi və dövlətçilik fəaliyyətinə
həsr olunmuş məqalələr müsabiqəsində I
dərəcəli mükafata layiq
görülmüşdür.
Peşəkar
diplomat, fəlsəfə elmləri doktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Əziz Əbdüləziz
bu gün bütün bəşəriyyəti
düşündürən çox mühüm bir məsələyə
- içməli su probleminə dair mətbuatda dərc
olunmuş bir neçə ciddi təhlili məqalənin də
müəllifidir. Bu mövzuya bəşəri
mövqedən yanaşaraq, həyəcan təbili çalan vətəndaş
ziyalının növbəti məqaləsini oxucuların diqqətinə
təqdim edirik.
Bəşər
sivilizasiyasının tərəqqisində su ehtiyatları həmişə
ön sırada durmuş, sənayenin və kənd təsərrüfatının
inkişafında əsas rollardan birini oynamışdır.
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrinin
su ilə etibarlı
təchizatı cəmiyyətin dayanıqlı
inkişafının şərtlərindəndir. Əsrlər boyu insan öz fəaliyyəti ilə
su ehtiyatlarına təsir göstərmiş, bəzi əraziləri
okean və dənizlərdən alıb şəhərlər
salmış, bəzi əraziləri isə səhralara
çevirmiş, bataqlıq sahələrini genişləndirmiş
və torpaqların şoranlaşmasına təkan
vermişdir. Dünyanın çox ərazilərində
artıq içməli su qıtlığı hiss olunur.
İçməli su istənilən
dövlət üçün ən qiymətli resurslardan
biridir. Bu məsələnin həll olunması
energetika, kənd təsərrüfatı, əhalinin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması və ümumilikdə,
ölkənin sanitar sisteminin inkişafı üçün əhəmiyyətli
dərəcədə vacibdir.
Alimlərin hesablamalarına görə, planetin su
ehtiyatları bu gün 1,4 milyard kubkilometr təşkil edirsə,
bunların cəmi 2,5 faizi, yəni 35 milyon kubkilometri şirin
sulardır və onun da 99 faizi yerin altındadır. Xalq təsərrüfatında
daha geniş istifadə olunan çay suları və şirin
sulu göllər Yer üzərində olan şirin su
ehtiyatlarının yalnız 0,27 faizini təşkil
edir. Çay sularının payına isə bu miqdarın
yalnız 0,006 faizi, yəni 46 800 kubkilometri düşür ki,
bu da ərazilər üzrə qeyri-bərabər
paylanmışdır.
Məlumdur ki, XXI əsrdə bəşəriyyət
qarşısında duran əsas problemlərdən biri insanların
içməli suya olan tələbatını ödəməkdir.
İnsanların fəaliyyəti nəticəsində son
150-200 il ərzində mövcud su mənbələri
çirkləndirilmiş, suvarılan əkin ərazilərinin
sahəsi kəskin azalmış, içməli su
çatışmazlığı yaranmışdır. BMT
ekspertlərinin məlumatına görə, planetdə 500
milyon insan keyfiyyətsiz su
istehlakı səbəbindən müxtəlif infeksion xəstəliklərdən
əziyyət çəkir, gündə 5 min nəfər
içməli su qıtlığından dünyasını
dəyişir. Bu
sahənin aparıcı mütəxəssislərinin fikrincə,
2015-ci ildə suyun müntəzəm olaraq
çatışmazlığını dünya əhalisinin
yarısı, 2025-ci ildə isə üçdə-ikisi hiss
edəcək. Vəziyyət qorxulu həddə
çatmışdır, çünkü insanlar planetin verə
biləcəyindən artıq içməli sudan istifadə
edir, su istehlakının artım templəri Yer kürəsi
əhalisinin artım tempini iki dəfə üstələyir.
İçməli suyun miqdarının həmişə
kifayət qədər olmadığı və qeyri-bərabər
bölündüyü Azərbaycanda onun səmərəli
şəkildə istifadə olunması məsələsi həmişə
gündəlikdə durub. Şabran rayonu ərazisində
inşa edilmiş Taxtakörpü su anbarı,
Taxtakörpü Su Elektrik Stansiyası və
Taxtakörpü-Ceyranbatan su kanalının
açılış mərasimində çıxış
edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Su
ehtiyatlarından səmərəli şəkildə istifadə
etmək, yeni layihələri icra etmək, yeni kanalları
inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan
üçün strateji əhəmiyyətli bir məsələdir.
Bu gün dünyada daha çox neft-qaz
resursları uğrunda mübarizə aparılır və
xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın
rifahı, ölkənin inkişafı naminə səmərəli
şəkildə istifadə edir. Amma vaxt gələcək,
su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir.
Biz artıq bu mübarizənin təzahürlərini
görməkdəyik. Belə olan halda su təhlükəsizliyi
Azərbaycanda tam şəkildə təmin edilməlidir”.
23 may 2007-ci il tarixində təsdiq olunmuş “Azərbaycanın Milli Təhlükəsizlik
Konsepsiyasına müvafiq olaraq,
milli təhlükəsizliyə
çağırışlar sırasında, digərləri
ilə yanaşı, ekologiya və ətraf mühitin qorunması problemləri, həmçinin,
ilk növbədə su təchizatı problemi ilə
bağlı olan təhdidlər durur. Ölkə iqtisadiyyatina
dörd istiqamət üzrə təhdidlər oluna bilər:
– Su ehtiyatlarının azlığı;
– su
ehtiyatlarının aşağı keyfiyyətli olması;
– təbii fəlakətlər, terror
və digər səbəblərdən əkin və
yaşayış sahələrinin su altında qalması;
– Kür çayı vasitəsilə Xəzər dənizinin
çirklənməsi.
Bir daha diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın çay şəbəkəsi təqribən
8300 çaydan ibarətdir.
Bunlardan böyükləri - Zaqafqaziyanın ən iri çayı Kür
və onun əsas qolu olan
Arazdır. Ölkənin əksər çayları Kür hövzəsinə aiddir. Daha sərhəd
boyu axan iki böyük çay
– Samur və Qanıxdır
(Alazan).
Azərbaycanın su ehtiyatları məhduddur.
Ölkə üzrə ümumi su ehtiyatları orta hesabla 28,5 - 30,5
kubkilometr təşkil edir, quraqlıq illərdə bu göstərici 22,5 kubkilometrə qədər
azalır. Azərbaycanın su təchizatı 50-80 faiz xarici mənbələrə
bağlıdır.
Burada qeyd etmək yerinə düşər ki, dünya ölkələrinin
dörddəbiri (dünya əhalisinin təqribən 40 faizi)
transsərhəd çay hövzələrində yerləşir.
Avstraliyadan başqa bütün qitələrdə
belə çay hövzələri vardır. Müxtəlif ölkələrdə transsərhəd
çaylarla bağlı olan problemlər oxşardır.
Bu, ilk növbədə sosial, hüquqi, siyasi
problemlər və onlarla əlaqədar olan həm texniki, həm
də hidroekoloji problemlərdir.
Qəbul olunmuş qaydalara görə, iri şəhərlərin
bir neçə
müstəqil su təchizatı mənbəyi
olmalıdır. Ölkəmizim paytaxtı Bakı şəhərində
bu məqsədlər
üçün Kür və
Samur çaylarının
(yerüstü), Şollar (yeraltı) və Oğuz-Qəbələ-Bakı su
kəməri vasitəsilə Oğuz rayonunun bulaq sularından
istifadə olunur. Bu gün Baki, digər iri şəhərlər,
və ümumilikdə, ölkə içməli suyun
çatışmazlığı problemi ilə üz-üzədir.
Bu vəziyyətdə Azərbaycan ərazisindən axan iki
böyük çayın - Kür və Araz
çaylarının və onların bəzi qollarının
aşağı axınında yerləşməsi respublikanın su problemlərini
daha da dərinləşdirir və onun su
ehtiyatlarını qonşu
ölkələrdə bu çay sularının istifadə səviyyəsindən asılı edir.
Transsərhəd çayların və ölkələrarası göllərin istifadəsi və
mühafizəsi ümdə məsələlərdən olub,
onun həlli hərtərəfli əməkdaşlıq əsasında
qurulmalıdır. Çünki qısa və ya uzunmüddətli
istifadə prosesində bu su məntəqələrinə digər
ölkələrdən mənfi təsir ola bilər və
üçüncü ölkənin ekoloji şəraitinə,
iqtisadiyyatına, xoş güzaranına zərbə vurula bilər.
Kür, Araz və onların bəzi tranzit
qolları bu cür ölkələrarası çaylardır
və onların istifadəsində bir çox problemlər
ortaya çıxır. Problemlərdən biri ondadır
ki, ərazisindən axdıqları ölkələr Kür və Araz
çayları suyunu istehlak edərkən, heç bir
saziş imzalamadan kortəbii yolla, kim nə həcmdə və
necə istəyir istifadə edir.
Bəs
bizimlə qonşu olan ölkələrdə və ümumiyyətlə,
dünyada bu sahədə vəziyyət necədir?
BMT ekspertlərinin hesablamalarına görə,
Rusiya, Kanada, və Skandinaviya ölkələri adambaşı
şirin su istehlakına görə dünyada qabaqcıl yerləri
tuturlar. Bu göstərici 20 min kubmetr
artıqdır. 13 dövlət, o cümlədən sabiq
SSRİ-dən Türkmənistan, Moldova, Özbəkistan və Azərbaycan içməli
su sarıdan ən zəif təmin olunmuş ölkələrdir. Beynəlxalq Dünya Ehtiyatları
İnstitutunun qiymətləndirməsinə əsasən,
dünya üzrə adambaşına ildə 7,4 min kubmetr
içməli su düşürsə, Azərbaycanda bu
göstərici 972 kubmetr, yəni kritik hesab edilən 1,7 min
kubmetr həcmindən 2 dəfə azdır.
Qonşularımızda isə: Rusiyada - 29,4,
İranda -19,9, Gürcüstanda - 11,3
və Ermənistanda - 2,9
min kubmetrdir. BMT İnkişaf Proqramı ekspertlərinin gəldiyi nəticəyə
görə, Azərbaycanda su təchizatının vəziyyəti
ölkənin milli təhlükəsizliyi üçün
artıq qorxulu həddə çatmışdır.
İstehlak olunan suyun, ələlxüsus, içməli
suyun keyfiyyət göstəriciləri heç də kəmiyyət
göstəricilərindən az önəm kəsb etmir. Nəzərə
alsaq ki, ölkənin
su təchizatı
Gürcüstan və Ermənistanın ərazilərindən
axan çaylar vasitəsilə təmin olunur və bu
çayların suyu
qonşularımız tərəfindən cirklənməyə
məruz qalır, gələcəkdə ölkənin milli təhlükəsizliyinin
nə kimi təhdidlərlə üzləşə biləcəyini
təsəvvür etmək
çətin deyil. Həm içməli su, həm
suvarma suyu defisiti nəticədə bu problemlərin milli genofonda mənfi
təsirindən başlayaraq, ərzaq qıtlığına qədər
böyük ehtimalla mümkün fəsadlara yol açır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mütəxəsissləri Kür və Araz
çaylarının monitorinqi zamanı suyun fenol
və mis birləşmələri ilə
çirklənməsini aşkar etmişlər. Gürcüstanın Qardabani şəhəri
yaxınlığında Kürə mütəmadi olaraq azot
birləşmələri tullanılır. Ermənistanla
sərhəddə,
Araz çayında fenol
və mis birləşmələrinin
miqdarı normadan bir neçə dəfə artıqdır.
Son 40 il ərzində Salyan və
Saatlı şəhərləri yanında Kür
çayı suyunun minerallığı 3 dəfədən
çox artaraq, hər litrdə 1020-1030 milliqram olmuşdur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin
əsas səbəbi Kür-Araz ovalığında
suvarılan sahələrdən qayıdan suların və
kollektor-drenaj sularının Kür çayına və onun
qollarına daxil olmasıdır. Son zamanlar
Kür-Araz hövzələri ilə əlaqəsi olmayan və
birbaşa Xəzər dənizinə tökülən
çaylarda da (Böyük Qafqazın şimal-şərq
hissəsi və Lənkəran bölgəsinin
çayları) ciddi çirklənmə müşahidə
olunur. Quba-Xaçmaz bölgəsində yerləşən
Qusarçay, Qudyalçay, Vəlvələçay,
Qaraçay, Ataçay, Gilgilçay, Lənkəran bölgəsində
yerləşən Lənkərançay, Viləşçay
və b. çaylar yaşayış məntəqələri
və aqrar-sənaye təsərrüfatları tərəfindən
aramsız çirklənməyə məruz qalır.
Yerli mütəxəssislərin hesablamalarına görə,
Gürcüstan və Ermənistan ərazilərindən gələn
çirklənmiş suların ümumi həcmi ildə 470 milyon kubmetr təşkil
edir. Ölkənin 75 şəhər və rayon mərkəzlərindən
yalnız 40-da təmizləmə qurğuları fəaliyyət
göstərir. Bir sıra rayonlarda sanitar-gigiyenik normalara cavab verən keyfiyyətli
içməli su mənbələri yoxdur. Kür və Araz çayları
boyunca məskunlaşmış əhali arasında çirkli
sudan istifadəyə görə infeksiya xəstəlikləri
epidemiyasına da təsadüf edilir.
Təəssüflə qeyd etmək lazımdır ki,
son illər Azərbaycanda əvvələr çox az rast gəlinən xəstəlik yayılmaqdadır. Söhbət
diaqnostikası mürəkkəb, müalicəsi cox bahalı
və orta gəlirli insanlar üçün belə əlçatmaz
olan uşaq autizmindən gedir. Həkimlərin fikrincə,
xəstəliyin əsas səbəbi hamiləlik
dövründə ananın keyfiyyətsiz içməli sudan istifadə etməsi olur. Müxtəlif mənbələrdən
daxil olmuş, lakin dəqiqləşdirilməmiş məlumatlara görə, bu
gün Azərbaycanda 40 minə qədər uşağın
bu bəlaya düçar olduğu bildirilir. Fikirləşəndə
ki, bu fidanlar böyüyüb yaxşı müəllim, həkim,
mühəndis, idmançı ola bilərdi...
Əslində, bu, millətin genefonduna bədxahlarımızın,
bizə düşmən kəsilənlərin
düşünülmüş şəkildə vurduğu
sağalmaz yaralardır. Bu barədə ciddi
düşünmək lazımdır. Özü
də yubanmadan.
Digər bir məsələ də diqqətdən
yayınmamalıdır. İnsanların sıx yaşadığı
Kür-Araz hövzələri boyunca əhalıni həm
mövsümi xarakter daşıyan çayların su səviyyəsinin
artması, təbii fəlakət və yaxud terror nəticəsində
geniş ərasilərin su altında qalması təhlükəsi
gözləyir.
Azərbaycan dünyanın sel və daşqınlara
tez-tez məruz qalan regionlarından biridir. Respublikada
selgələn çaylar çoxdur. Bunlardan
61-i Böyük Qafqazın cənub yamacından axan təhlükəli
çaylardır. Ölkənin 30 rayonunda təqribən
200 yaşayış məntəqəsində 1,5 milyon nəfər əhali
və infrastruktur obyektləri sel və daşqın riskləri
zonasında yerləşir.
Cəbrayıl rayonu ərazisində İran hökumətinin
vəsaiti hesabına inşa olunmuş və su tutumu 1,6
kubkilometr olan Xudafərin su
anbarında (suyun səviyyəsi Sabirabad şəhərinin səviyyəsindən
283 m hündürdür) ehtimal olunan qəzanın
qarşısını almaq üçün də fikirləşmək
lazımdır.
Ekspertlərimizin fikrincə, burada istənilən terror aktı nəticəsində
suyun Bakı şəhərinə qədər gəlib
çatması mümkündür
və bunun dəhşətli fəsadlarını təsəvvür
eləmək çətin
deyil.
Ümumi həcmi 15,7 kubkilometr olan Mingəçevir
su dəryaçası, həcmi 0,27 kubkilometr olan
Taxtakörpü su anbarı və digər iri su tutumları da
bu gün ölkəmiqyaslı qəza mənbələri
hesab olunmalıdır. Azərbaycan ərazisinin 60-70 faizinin aktiv zonada yerləşdiyini
nəzərə alsaq, adı çəkilən su
tutumları daim diqqət mərkəzində
saxlanılmalıdır.
Ölkənin elektrik enerjisinə olan tələbatının
təqribən 60 faizini ödəyən, 1953-cü ildən istismarda olan Mingəçevir SES-də
hər hansı bir səbəbdən qəza baş verərsə,
biz dəhşətli fəsadlarla üzləşə bilərik –
Ələtdən Lənkərana qədər
böyük bir ərazi su altında qala, 20 rayon, 400 kənd
yer üzündən silinə,
yəni milyon yarım əhali evsiz-eşiksiz qala bilər.
İran və Ermənistan 2008-ci
ildə Mehridə, Araz çayı üzərində 130 MVT
layihə gücü olan Mehri SES-in inşasına
başlamışlar. Bu obyekt 2017-ci ildə istifadəyə
veriləndən sonra Azərbaycan rayonları üçün
daha bir potensial təhlükə mənbəyinə
çevriləcəkdir.
Dördüncü istiqamət üzrə
təhdidlər – Kür çayı vasitəsilə Xəzər
dənizinin çirklənməsi – siyasi xarakterli fəsadlara
gətirib çıxara bilər. Bu, tək Azərbaycanın
deyil, həm də bütün Xəzəryanı ölkələrin
– Rusiyanın, İranın, Qazaxıstanın və Türkmənistanın
da ekoloji durum və iqtisadiyyatlarına mənfi təsir göstərəcəkdir.
Burada təəssüflə qeyd etmək istəyirəm
ki, Azərbaycan ətraf mühitin qorunması sahəsində
17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən
BMT-nin “Sərhədyanı su axınlarının və beynəlxalq göllərin
qorunması və onlardan istifadə haqqında” Helsinki
Konvensiyasının iştirakçısı olsa da, Rusiya
və İrandan fərqli
olaraq, bu konvensiyalara qoşulmayan Gürcüstan və
xüsusilə Ermənistanla adı çəkilən
problemin hüquqi müstəvidə həlli imkanları məhduddur.
Bu səbəbdən, Kür və Araz çaylarından asılılığın
qismən azaldılması, ölkə ərazisində
adı çəkilən çayların sularının təmizlənmə
dərəcəsinin artırılması üçün təxirəsalınmaz tədbirlər həyata
keçirilməlidir.
“Ölkənin dayanıqlı sosial-ekoloji inkişafı
Milli Proqramı”na uyğun olaraq, 2015-ci ilə qədər Azərbaycanın
hər bir vətəndaşına
təmiz və keyfiyyətli içməli su əldə etmək
imkanı yaradılmalıdır. Hazırda bir
çox şəhər və rayonlarda su təchizatı
sistemlərinin bərpası və inklişafı
proqramları həyata keçirilir. Lakin bu gün
ölkədaxili supaylama şəbəkələrində
mövcud itkilər təchizat məsələlərində ən
böyük problemlərdən biri olaraq qalır. Yerli mütəxəssislərin
müxtəlif
vaxtlarda apardığı hesablamalara görə,
bu itkilər 25-30 faiz civarındadır. Yaranmış vəziyyətin
əsas səbəbləri bir tərəfdən,
supaylama şəbəkəsi infrastrukturunun, xüsusən qəsəbədaxili
məhəllə və küçələrdə, çox köhnə olması,
içməli suyun park və xiyabanların, eləcə də
şəxsi bağ və bostanların suvarılmasına,
çoxsaylı avtoyuma məntəqələrində və
müxtəlif sənaye müəssisələrində texniki
su əvəzinə istifadə olunması, digər tərəfdən,
su həcmləri uçotunun qeyri-dəqiqliyi, milli, regional və
yerli səviyyələrdə zəif təşkilatçılıq,
istismar və idarəçilik kadrlarının
azlığı, ümumilikdə, su təsərrüfatının
texniki geriliyidir. Bu siyahıya, yəqin ki, qanunvericilik
bazasının zəifliyini, suya qənaət konsepsiyası və
prinsiplərinin olmamasını, zəif təbliğat işini da ələvə
etmək olar.
Bu gün Azərbaycanda kənd əhalisinin
ən yaxşı halda, üçdəbirinin keyfiyyətli və
əlçatan içməli su mənbələrinə
çıxış imkanları vardır. Regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarında kənd yerlərində su təchizatının
yaxşılaşdırılması nəzərdə tutulsa
da, bu sahədə hələ görüləsi işlər
çoxdur.
Yeri gəlmişkən, ayrı-ayrı
ölkələrin və beynəlxalq təşkilatların
içməli suyun keyfiyyəti və əlçatanlıq səviyyəsi
fərqli yanaşmalarla ölçülür. Bu yanaşmalarda ümumi cəhət budur ki,
insanların suya əlçatanlığı
üçün optimal çıxış məsafəsi
olmalıdır. Məsələn,
Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə
əsasən, 1 kilometrdən artıq məsafədə yerləşən
su mənbələri insanlar üçün əlçatan
sayılmır. Həmçinin su mənbəyinə
piyada bir dəfə gediş-gəliş 30 dəqiqədən
çox vaxt apararsa, bu da əlçatan hesab olunmur. Yerli
ekspertlərin fikrincə, insanlar içməli su ilə mərkəzləşmiş
sistem vasitəsilə təmin olunmalıdır - yəni mərkəzləşmiş
anbarlar tikilməlidir, su xüsusi paylayıcı sistem vasitəsilə
ev təsərrüfatlarına
paylanmalıdır.
Azərbaycan kəndlərinin içməli
su təchizatındakı çatışmazlıqları
ölkəmiqyaslı problem kimi qəbul edilməli, bu problem
xüsusi dövlət proqramı vasitəsilə həll
olunmalıdır.
Ölkənin regionlarında beynəlxalq
maliyyə təşkilatlarının dəstəyi ilə
kanalizasiya sistemlərinin
yaxşılaşdırılması, sutəmizləyici
qurğuların inşası davam edir. “Azərsu”
QSC Dünya Bankı, Asiya İnkişaf Bankı və digər
maliyyə qurumlarının, eləcə də ölkə
büdcəsinin vəsaitləri hesabına su
anbarlarının, kəmərlərin, təmizləyici
qurğuların tikintisi və yenidən qurulması işlərini
həyata keçirir. Lakin görülən
işlərin keyfiyyəti və sürətinə diqqət
artırılmalıdır.
Sudan istifadənin əsas problemlərindən biri, bəlkə
də, ən əsası, ondan ibarətdir ki, fərqli növ
sulardan (içməli, suvarma, texniki) istifadə müxtəlif
qurumlar tərəfindən idarə edilir, çayların
çoxu isə bəzi sərhəd və etnik konfliktlər
olan ərazilərdən keçir. SSRİ vaxtında bu idarələrin
vahid hesabatları
var idi, informasiya mübadiləsi mövcud idi,
problemlər koordinasiyalı şəkildə həll olunurdu,
indi isə praktiki olaraq, ümumi informasiya yox dərəcəsindədir.
Yerlərdə bazar idarəetmə üsullarının tətbiqi, müxtəlif
obyekt və infrastrukturun özəlləşdirilməsi,
suya və su xidmətlərinə görə ödəmələr bazar tələbatının
formalaşmasına xidmət edir. Bunu müsbət
hal kimi qiymətləndirmək olar, lakin keyfiyyət məsələlərinin
həlli dövlətin öhdəsinə buraxılıb.
Cənubi Qafqazda suyun keyfiyyəti və onun səmərəli idarə olunması problemləri
konflikt şəraitində olan
tərəflərin qarşılıqlı əlaqələrində
əlavə problem amilinə çevrilib.
Bəs yaranmış vəziyyətdən çıxış
yolları hansılardır?
Mənim və bu sahədə həmfikir
olduğum təcrübəli alim və mühəndislərin
gəldiyi nəticə budur ki,
qarşılaşdığımız vəziyyətdən
çıxmaq üçün təcili tədbirlər həyata
keçirilməlidir.
1. Hazırda ölkədə su təchizatı ilə məşğul
olan bütün strukturları özündə cəmləyən
xüsusi vahid bir qurum yaradılmalıdır və bu
quruma əsas vəzifələr kimi aşağıdakılar
tapşırılmalıdır:
- Ölkədə bu sahədə fəaliyyət
göstərən bütün təşkilatların işini koordinasiya etməklə su
ehtiyatlarının idarə edilməsi proseslərini beynəlxalq tələblər səviyyəsinə
qaldırmaq, o cümlədən Kür və Araz
sularının təmizlənmə
dərəcəsinin artırılması, bu və ölkə
ərazisində axan digər çaylara ekoloji standartların
tələblərinə cavab verməyən sənaye və məişət tullantılarını
axıdılmasının qarşısını almaq
üçün təxirəsalınmaz tədbirlər həyata
keçirmək;
- perspektiv inkişaf
proqramlarını hazırlayıb ölkə rəhbərliyinə təkliflər təqdim etmək,
o cümlədən Kür və Araz
çaylarının suyundan asılılığın qismən
azaldılması məqsədilə növbəti 5-6 il ərzində ölkə ərazisində yeni su
ehtiyatlarını aşkar edib onlarıın istismara daxil
edilməsi təkliflərini hazırlamaq;
- FHN ilə razılaşdırılmış plan üzrə Kür və
Araz çayları hövzələrində, Azərbaycanın digər su tutumları ətrafında
müxtəlif qəza vəziyyətlərini qabaqlayan tədbirləri
həyata keçirmək;
- ölkənin su ehtiyatlarının
idarə edilməsi strategiyasının hazırlanmasında və
həyata keçirilməsində əsas icraçı vəzifələrini
yerinə yetirmək.
2. Ölkənin su sənayesinin inkişafında
yaxın perspektiv üçün əsas hədəflər kimi
su təchizatı infrastrukturunun yenilənməsi, itkilərin
xeyli azaldılması, su təsərrüfatının
istismarı və idarə edilməsi üzrə
müasir tələblərə cavab verən kadrların yetişdirilməsı,
suya qənaət konsepsiyası
və prinsiplərinin hazırlanması müəyyən
olunmalıdır.
Bu təkliflərə əlavə olaraq qeyd etmək
lazımdır ki, yeni yaradılacaq qurum həm də “su diplomatiyası”
prinsiplərini əsas turaraq, öz səylərinin önəmli
bir hissəsini qonşu dövlətlərlə beynəlxalq
su problemlərinin həllinə yönəltməlidir.
Gürcüstanla danışıqlar aparmaq, problemlı məsələləri
addım-addım həll etmək real görünsə də,
düşmənçilik və terror yolunu seçmiş Ermənistanla ortaq məxrəcə gəlmək,
inkişafı kritik həddə çatmış bir
çox problemlər üzrə konsensus əldə etmək
çox çətin olacaq.
Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində Ermənistanın ərazisində Kür və
Araz çaylarına zəhərli
maddələrin, çirkabın axıdılması və
beynəlxalq göl olan Xəzər dənizinin ekologiyasına
vurulan zərbə amilindən yararlanmalı, Qazaxıstan,
Türkmənistan və İranın, eləcə də
ekologiya sahəsində fəaliyyət
göstərən beynəlxalq qurumların bu prosesdə daha yaxından iştirakını
labüd etmək üçün müvafiq hüquqi baza yaradılmalı, müxtəlif
vasitələrdən istifadə edilməlidir.
Burada cəmiyyətin
bütün imkanları – alim və
mütəxəssislərin samballı təhlil və təklifləri, millət vəkillərinin,
ictimai xadimlərin və mətbuat nümayəndələrinin
həm ölkədaxili, həm də xarici ölkələrdə
fəal təbliğatı, nəhayət, diaspor nümayəndələrinin aktiv fəaliyyəti
tələb olunur.
Gəlin, Allahın
bizə verdiyi bu neməti çirkləndirməyək, israf
etməyək! Suya qənaət gələcəyimizi təmin
etməkdir. Su israfçılığı gələcək
nəslin həyatını məhv etmək deməkdir. Bu
gün hər anımız üçün Allaha şükr
edək və suyumuzu təmiz şəkildə gələcək
nəsillərə ötürək!
Əziz ƏBDÜLƏZİZ,
fəlsəfə elmləri doktoru,
Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü
Xalq qəzeti.- 2014.- 21 oktyabr.- S.10.