Sərsəngin
harayı dünyaya çatır
AŞPA-da bu problemlə bağlı məruzəçi təyin edilmişdir
AŞPA-nın
2014-cü il payız sessiyası Azərbaycan üçün
vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Sessiyada həm
siyasi, həm iqtisadi əhəmiyyətli
problemlərə dair qərarların qəbul
edilməsi- Azərbaycandan millət vəkili Elxan
Süleymanovun təqdim etdiyi
“Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair”
qətnamə layihəsi əsasında məruzəçinin (Bosniya və Herseqovinadan
Miliça Markoviç)
və “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində
gərginliyin artmasına dair” məruzəçinin
(İngiltərədən Robert Volter) təyin edilməsi 10 illik
sükutdan sonra ədalətsizliyə
son qoyularaq, problemin nüfuzlu beynəlxalq
təşkilatın diqqətinə yönəldilməsi
baxımından Azərbaycanın növbəti diplomatik qələbəsi, AŞPA-da
ermənipərəst qüvvələrin və erməni
nümayəndə heyətinin məğlubiyyətidir.
Hər iki məruzəçi öz
missiyasına görə Dağlıq Qarabağa
səfərlər edəcək, qaldırılan problemlə
yerindəcə tanış olacaq, Azərbaycan
tərəfinin AŞPA-ya təqdim etdiyi məlumatları, faktları öyrənəcək
və ağlagəlməz mənzərəni öz
gözləri ilə
görəcək, Azərbaycanın işğal
olunmuş ərazilərində ermənilərin
törətdikləri vəhşiliklərin və illərlə
bu regionda davam edən gərginliyin şahidi
olacaq. AŞPA məruzəçiləri
həm də 20 ildən çox Sərsəngin
suyuna həsrət qalmış 6 rayonumuzda mülki əhali
ilə, mütəxəssislərlə görüşüb
söhbət edəcək, onlara təqdim
ediləcək rəsmi sənədlərdəki faktların nə
qədər həqiqətə uyğun
olduğunu öz
gözləri ilə görüb qiymətləndirəcəklər.
Sərsəngə
baxarkən onlar 20 ildən çox
erməni işğalı altında qalan bu nəhəng dəryaçanın texniki qulluq göstərilməməsi
və baxımsızlıq üzündən qəzalı vəziyyətə
düşdüyünün şahidi olacaqlar. Bu böyük sututarın
bugünkü durumunun
Azərbaycan üçün real qorxu olduğunu,
dağıntı və faciə törədəcəyi məruzəçinin
diqqətindən kənarda qalmayacaq. Mütəxəssislər AŞPA məruzəçisinə
məlumat verəcəklər ki,
rayonlarımızın Sərsəng suyundan
məhrum edilməsi bu regionun
təbii relyefini tamamilə dəyişmiş,
torpaqlar yararsız hala
düşmüş, qrunt
sularının səviyyəsi 100 metrdən çox
aşağı enmişdir. Susuzluqdan respublikamızın kənd təsərrüfatına
ciddi ziyan dəymiş,
yaşıllıqlar quruyub məhv olmuş, bölgədə ekoloji
gərginlik xeyli artmışdır.
Bu
problemin yaratdığı gərgin vəziyyət
və hər an baş
verə biləcək ağlasığmaz fəlakətlərlə
əlaqədar Azərbaycanda Vətəndas Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası il
yarım bundan əvvəl dünyaya
“Sərsəng harayı” salmağa
başlamışdır.
Layihənin rəhbəri AVCİYA-nın prezidenti, millət vəkili, AŞPA-da
Azərbaycan nümayəndə heyətinin üzvü
Elxan Süleymanov dünya ictimaiyyətini və beynəlxalq təşkilatları
məlumatlandırmaqla problemə dair konkret qərarlar, qətnamələr qəbul
etdirmək üçün davamlı səylərlə,
təkidlərlə mübarizəyə
başlamışdır.
Ermənipərəst
qüvvələrin, onlara himayədarlıq
edən bəzi AŞPA rəhbərlərinin maneçilik
göstərmələrinə, əsassız arqumentlər gətirmələrinə,
Ermənistan nümayəndə heyəti üzvlərinin hər
cür cəhdlərinə baxmayaraq, Azərbaycanın işğal
altında qalmış strateji obyektinin beynəlxalq
səviyyədə müzakirəyə
çıxarılması və bu mühüm məsələyə dair məruzə hazırlanması barədə
razılıq əldə edilmişdir. Bundan əlavə, Dağlıq Qarabağ və onun ətrafında
yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçinin təyin edilməsi
məqsədilə Elxan Süleymanovun
təklifinə əsasən, qərarın qəbul edilməsi
də uğurla nəticələnmişdir.
AŞPA-da və onun büro
iclasında müzakirəyə çıxarılan təkliflərin
müəllifi Elxan Süleymanov
bildirir ki, məruzəçiyə
real sübutlar və
sənədlər təqdim olunacaq, Azərbaycanın
isğaldankənar cəbhəyanı rayonlarındakı
acınacaqlı vəziyyət AŞPA ilə yanaşı,
beynəlxalq ictimaiyyət üçün
də məlum olacaq. Nəticədə,
illərlə üzləşdiyimiz humanitar
fəlakət təhlükəsi dünya
ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətindən
kənarda qalmayacaq. Problemin
həlli ilə əlaqədar məruzəçinin siyasi iradə göstərəcəyi təqdirdə
Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı daha
bir vacib sənədə
imza atılmasına nail
olacaq.
Xatırladaq
ki, Azərbaycanın millət vəkili Elxan Süleymanovun AŞPA-da qaldırdığı iki mühüm problemin müzakirəsi zamanı Ermənistan
nümayəndə heyətinin və onlara
qəyyumluq edən antiazərbaycan qüvvələrin və bu beynəlxalq təşkilatın katibliyinin Sərsəng dəryaçası
ilə əlaqədar məruzənin adının “Azərbaycanın
sərhədyanı rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” kimi
təsdiq edilməsinə qarşı çıxmaq üçün problemin
mahiyyətindən tamamilə uzaq olan müxtəlif adlar
uydurmaları, təklifləri, hər cür
cəhdləri boşa
çıxmışdır. Sual olunur:
nə üçün ermənilər və
onların tərəfdarları həm işğal,
həm də Sərsəng dəryaçası ilə
bağlı məruzəçilərin təsdiq edilməsinə
qarşı çıxır və hətta məruzələrin
artıq təsdiq edilmiş
başlıqlarının dəyişdirilməsinə
çalışırdılar?
Bu məqama təkliflərin
müəllifi Elxan Süleymanov
belə aydınlıq gətirdi: “Ermənistan və
onun qəyyumları bu
bədnam dövlətin adının beynəlxalq aləmdə
yenidən işğalçı kimi
tanınmasını istəmirdilər, digər tərəfdən,
həm Ermənistan tərəfi, həm də AŞPA-dakı
ermənipərəst qüvvələr gözəl başa düşürdülər ki,
hər 2 məruzə və onların başlıqları problemin mahiyyətini obyektiv
əks etdirdiyi halda,
hazırlanacaq və gələcəkdə müzakirələrə
çıxarılacaq problemlər Ermənistanın digər üzv dövlət olan Azərbaycanın
ərazilərini işğal etməsinin tam çılpaqlığı ilə etiraf edilməsi olacaq və
yaranmış vəziyyətdə Ermənistana qarşı
sanksiyaların tətbiq edilməsi ilə nəticələnəcək.
Bunun qarşısını almaq üçün
opponentlərimiz bütün vasitələrdən
istifadə etməyə çalışırdılar. Onlar
respublikamıza siyasi təzyiqlər
göstərilməsi məqsədilə geniş
kompaniyaya başlamaqla,
Azərbaycan tərəfini mübarizədən çəkindirmək,
son nəticədə Ermənistanı gələcək
sanksiyalardan sığortalamaq və ərazilərimizin
erməni işğalı kimi faktı unutdurmaq üçün
hər cür cəhdlər göstərirdilər.”
Elxan Süleymanov sonda
dedi ki, bu gün bizim
üçün başlıca əhəmiyyəti
olan bu mövzular
ictimai formada tamamilə
yenilənib. Ümidvarıq ki, digər
beynəlxalq təşkilatlar da bu məsələlərlə məsğul olacaq və həmin mövzuları öz gündəliklərinə daxil edəcəklər. Bundan başqa, biz dünyaya bəyan etmişik
ki, öz haqlı tələblərimizdən
əl çəkən deyilik və ərazi
bütövlüyümüzün bərpası
üçün mübarizəni davam etdirəcəyik. Məruzələr qərəzli
deyil, mövcud vəziyyəti
obyektiv əks etdirərsə, bütün dünya 100
minlərlə məcburi köçkünümüzün
başına gələnlərdən xəbərdar olacaq. Bu bir daha Qərb
dünyasının gözünü açacaq və ermənilərin zaman-zaman söylədikləri arqumentlərin,
yalanların və qonşusunun ərazisinin
qanunsuz işğalını
ört-basdır etmək üçün
saxta bəhanələr gətirdiklərini
görəcəklər.
Millət
vəkilinin dediklərinə onu da əlavə edək ki,
ABŞ kəsfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin
sırasına planetimizdə su
qıtlığını da əlavə
etmiş və buna görə
gələcəkdə yeni müharibələrin
başlaya biləcəyi barədə xəbərlər yaymışdır. Amerika xüsusi xidmət
orqanı hesabatında su
qıtlığını kütləvi qırğın
silahlarının sürətlə yayılması, terrorçuluq, mühüm
infrastruktur obyektlərinə kiberhücumlar kimi təhdidlərlə
bərabərləşdirib. Amerika kəşfiyyatı
indi su
qıtlığından əziyyət çəkən bir sıra ölkələrin siyahısına
Azərbaycanı da daxil
edib. BMT-nin proqnozuna görə isə, 2018-ci ilə qədər
dünyada su
çatışmazlığından əziyyət çəkən
ölkələr arasında Azərbaycan 37-ci yerdə olacaq.
Azərbaycan artıq
20 ildən çoxdur ki,
su qıtlığı problemi
ilə üzləşib. Ermənilər
torpaqlarımızı işğal etdikləri
üçün respublikamızın 6 rayonu neçə illərdir ki,
su qıtlığından əziyyət
çəkir. Sərsəng dəryaçasının
erməni işğalı altında qalması nəticəsində
sərhədyanı rayonlarımız olan
Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtərin
400 mindən çox əhalisi, və bu rayonların on min hektarlarla əkin sahələri,
bağ və bostanları daim
su qıtlığından əziyyət
çəkməklə yanaşı, həm də ciddi humanitar, iqtisadi və ekoloji problemlə
üz-üzə qalıb.
Bir sözlə, bu gün istər Sərsəng harayı, istərsə
də ərazilərimizin işğalı ilə bağlı
faktlar beynəlxalq təşkilatların
sənədlərinə salınmaqla Avropa
Şurası kimi nüfuzlu
təşkilatı hərəkətə gətirməkdədir.
Ənvər QAFARLI,
AVCİYA-nın
eksperti
Xalq
qəzeti.- 2014.- 22 fevral.- S.6.