“Axan sular...”ın əks-sədası
Peşəkar diplomat, fəlsəfə elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Əziz Əbdüləzizin qəzetimizin 21 oktyabr 2014-cü il tarixli sayında dərc edilən “Axan sular...” sərlövhəli məqaləsi ölkənin elmi ictimaiyyətinin diqqətini çəkib. Bir daha xatırladaq ki, hazırda bütün bəşəriyyəti düşündürən çox mühüm bir məsələyə – içməli su probleminə həsr olunan “Həyəcan təbili” rubrikası altında verilən bu yazı ilə bağlı alim və mütəxəssislər də müəllifin narahatlığına qoşulur, mövzuya bəşəri mövqedən yanaşan vətəndaş ziyalının mövqeyini bölüşürlər. Aşağıda onlardan bir neçəsini təqdim edirik:
Məmməd SALMANOV,
AMEA-nın Mikrobiologiya
İnstitutunun
direktoru, akademik:
– Fəlsəfə elmləri doktoru
Əziz Əbdüləzizin “Axan sular...” adlı məqaləsi
müəllifin ziyalı mövqeyinin bariz ifadəsidir, – desəm,
elə bilirəm ki, səhv etmərəm.
Çünki
bir alim, mütəxəssis kimi məni daim
düşündürən, narahat edən içməli su
probleminə Əziz müəllim bir daha nəzər
salmış, konkret elmi faktlar əsasında bu məsələ
ilə bağlı qənaətini ifadə etmiş,
yaranmış vəziyyət barədə, sözün əsl
mənasında, həyəcan
təbili çalmışdır. Doğrudan
da, bu mövzuda çoxsaylı məqalələr müəllifi
kimi deyə bilərəm ki, Azərbaycanda içməli su
probleminin həlli yolları ilə əlaqədar fikir bildirmək,
təklif vermək hər bir ziyalının mənəvi
borcu, vətəndaşlıq mövqeyidir.
Bu dəyərli
məqalə ilə bağlı əvvəlcə
bir məqama toxunmaq istərdim. Məlum həqiqətdir
ki, dünyada əhalinin sayı artdıqca həyat
qaynağı olan içməli su mənbələri azalır.
Bu səbəbdən də mövcud çaylar,
göllər, bulaqlar və digər yeraltı su mənbələri
yaxşı qorunmalı və yeniləri
aşkarlanmalıdır. Çünki
qarşıdakı onilliklərdə dünya əhalisinin
yarıdan çoxunun
içməli su problemi ilə üzləşəcəyi
də danılmaz faktdır.
Əhali sayının artması, suvarma
sahələrinin genişləndirilməsi və şəhərləşmə
kimi amillər ucbatından dünyada su qıtlığı
getdikcə daha ciddi problemə çevrilir. Digər tərəfdən, dünya əhalisinin
böyük əksəriyyəti su mənbələrindən
düzgün istifadə etmir, onu çirkləndirir, dolayısı
ilə təmiz su qaynaqları azalır.
Bu narahatlıq Azərbaycanda da
özünü qabarıq büruzə verir. Belə ki, Azərbaycan Respublikası şirin su
ehtiyatları məhdudluğu ilə səciyyələnir.
Narahatlığa səbəb olan əsas problem
ondan ibarətdir ki, sularımızın üçdə-iki
hissəsi kənarda formalaşır. Bu, o
deməkdir ki, su balansının 70 faizdən çox hissəsinin
taleyi, kəmiyyət və keyfiyyətinin sabit saxlanması
özümüzdən asılı deyil. Düzdür,
respublikamız su mənbələri – çaylar, göllər,
bulaqlar və yeraltı sularla zəngindir. Eyni
zamanda, Kür və Araz çayları da içməli su mənbələri
sırasındadır.
Onu da deyim ki, başlıca su
ehtiyatımız məhz Kürün hövzəsi hesabına
əldə edilir. Bir neçə dövlətin
ərazisi ilə bağlı olan bu çayın ümumi
hövzəsi 188 min kvadratkilometrə bərabərdir.
Lakin hər iki çay Gürcüstan və Ermənistan ərazisində
çirkləndirilir. Hər il
Gürcüstanda Kür hövzəsinə 2 milyard kubmetrdən
çox çirkab axıdılır. Kür
çayını çirkləndirən əsas mənbələrdən
biri də Xramçaydır. Bu çay Ermənistanda
olan mis mədəninin, metalsaflaşdırma zavodlarının
tullantılarını özü ilə gətirib Kürə
tökür.
Onu da etiraf edək ki, respublikamızın ərazisində
də Kürü çirkləndirən mənbələr az deyil.
Burada bir məqamı da unutmaq olmaz. Belə ki, Ermənistanın
işğalı altında olan ərazilərdəki Azərbaycan
çaylarının nəinki məişətdə, həmçinin
kənd təsərrüfatında istifadə edilməsi
olduqca təhlükəlidir. Bundan başqa, Araz
çayı üzərində eyniadlı su anbarının
çirklənməsinin əsas səbəbi Ermənistanın
bütün çirkabının birbaşa ora
axıdılmasıdır. Ağstafa
çayı və onun üzərində yaradılmış
eyniadlı su anbarının da Ermənistanın Dilican və
İcevan sənaye mərkəzlərindən və
yaşayış məntəqələrindən
axıdılan tullantılarla ciddi surətdə çirklənməsi,
habelə çirkləndiricilərin ildən-ilə
artması da çox böyük narahatlıq doğurur.
Kür çayında ekoloji durum tam
böhranlı vəziyyətdədir. Araz
çayı ilə daha da çirklənməyə məruz
qoyulan Kürdə artıq canlıların yaşaması
imkanı ildən-ilə məhdudlaşır.
Kürün Gürcüstanda maksimum çirklənməyə
məruz qalması təkcə paytaxt və Abşeron
üçün deyil, həm də ölkənin buradan
içməli su götürən digər yaşayış məntəqələri
üçün təhlükə yaradır.
Çaysahili bölgələrin əhalisi bu sudan
içir, həm də əkinləri suvarırlar. Bu zaman əkilən məhsulun tərkibi də zəhərlənmiş
olur.
Fikrimi yekunlaşdırıb deyə bilərəm
ki, ifrat çirkli su insanları böyük fəlakətlərə
sürükləyir. Qana daxil olan çirkləndiricilər
insanın gen strukturlarına dağıdıcı təsir
göstərir – genetik informasiyanı pozur, gen kodlarını
dağıdır. Bu da insan orqanizmində ən
müxtəlif patalogiyaların və mutagen proseslərin
başlanmasına gətirib çıxarır.
Ramiz
MƏMMƏDOV,
AMEA-nın
Coğrafiya
İnstitutunun
direktoru,
AMEA-nın
həqiqi üzvü:
– Su məsələsi bu gün bəşəriyyəti
narahat edən ən ciddi problemlərdən biridir. Bu məsələ
möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət
mərkəzindədir. Əziz müəllimin də
qeyd etdiyi kimi, içməli suyun miqdarının həmişə
kifayət qədər olmadığı və qeyri-bərabər
bölündüyü Azərbaycanda onun səmərəli
şəkildə istifadə olunması məsələsi həmişə
gündəlikdə durmalıdır. Şabran rayonu ərazisində
inşa edilmiş Taxtakörpü su anbarı,
Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-
Ceyranbatan su kanalının açılış mərasimində
çıxış edən cənab İlham Əliyev
bildirib: “Su ehtiyatlarından səmərəli şəkildə
istifadə etmək, yeni layihələri icra etmək, yeni
kanalları inşa etmək və su anbarlarını yaratmaq
Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir.
Bu gün dünyada daha çox neft-qaz
resursları uğrunda mübarizə aparılır və
xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın
rifahı, ölkənin inkişafı naminə səmərəli
şəkildə istifadə edir. Amma vaxt gələcək,
su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir.
Biz artıq bu mübarizənin təzahürlərini
görməkdəyik. Belə olan halda su təhlükəsizliyi
Azərbaycanda tam şəkildə təmin edilməlidir”.
Azərbaycanın Milli Təhlükəsizlik
Konsepsiyasına müvafiq olaraq,
milli təhlükəsizliyə
çağırışlar sırasında, digərləri
ilə yanaşı, ekologiya və ətraf mühitin qorunması problemlərinin, həmçinin,
ilk növbədə su təchizatı ilə bağlı olan
təhdidlərin durması da
deyilən fikrin bariz ifadəsidir.
Bəli, ölkəmizdə içməli
su problemi ilə bağlı narahatlıq əbəs deyil. Bu yaxınlarda mətbuatda belə bir məlumat oxudum
ki, dünyada su qıtlığı problemi ilə üzləşən
13 ölkə var və onlardan biri də Azərbaycandır.
BMT-nin iqlim dəyişmələri
ilə bağlı son
hesabatında da bu məsələ xüsusi vurğulanır. Burada diqqəti ABŞ-ın Mərkəzi Kəşfiyyat
İdarəsinin hesabatında qeyd edilən bir fakta da yönəltmək
istərdim. Bildirilir ki, hazırda
dünyada 49 ölkə içməli su
qıtlığı ilə üzləşib. Həmin
ölkələr arasında Azərbaycan ilk sıralarda yerləşir.
Hesablamalarımıza görə, respublikamızda
irriqasiya sistemlərinin nasaslığı üzündən ildə 6 kubkilometr su
boş-boşuna axıdılır. Bu, Araz
çayının bir illik resursu deməkdir. Başqa
sözlə, biz bununla
həm içməli su itirir, həm də
torpaqlarımızı şoranlaşdırır, dövriyyədən
çıxarırıq. Mən bir faktı da deyim: Vaxtilə Bakıya gələn
içməli suyun 40 faizi yeraltı sulara
qarışırdı. Bunun nəticəsində Abşeronda qrunt
sularının səviyyəsi qalxmışdı. Hidrogeoloqlar deyirdilər ki, köhnə Avtovağzal ərazisində
qrunt sularının səviyyəsi 22 metrə
çatmışdı. Bu, bayaq dediyim
kimi, bir tərəfdən, əhalinin
sağlamlığına mənfi təsir göstərir, yəni
binaların zirzəmilərinə dolan su getdikcə
çirkab halını alır, antisanitariya vəziyyəti
yaradır, həmçinin, bəzi ərazilərdə
biomüxtəlifliyin məhvinə gətirib
çıxarırdı.
Yəqin ki, yaşlılar yaxşı
xatırlayırlar, Bulvar ərazisində yerləşən
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi
kompleksinin sağ tərəfində bir yaşıllıq
zolağı vardı, sanki ora xalı sərilmişdi. Həmin ərazidə
dünyanın müxtəlif yerlərindən gətirilmiş
ağaclar əkilmişdi. Qrunt sularının səviyyəsinin
qalxması nəticəsində o ağaclar məhv oldu...
Yuxarıda dediyim kimi, artıq möhtərəm
dövlət başçımız Azərbaycanda ekoloji
problemlərin həllinə həssaslıqla yanaşır, içməli
su probleminin həlli istiqamətində ciddi tədbirlər həyata
keçirir.
Sonda deyərdim ki, Əziz müəllim bu məsələyə
– içməli su probleminə münasibət bildirməklə
ləyaqətli vətəndaş, xalqla, torpaqla
bağlı narahatlıq hissi
keçirən və bu barədə vətəndaş mövqeyini
ortaya qoyan bir ziyalı, bir alim kimi dərin hörmətə,
diqqətə və qayğıya
layiqdir.
Şahvələd
KÖÇƏRLİ,
Azərbaycan
Milli Geofizika Komitəsinin
vitse-prezidenti, prezident təqaüdçüsü:
– Son illərdə Azərbaycanda içməli su
probleminə dair bir sıra maraqlı məqalələrlə
çıxış edən tanınmış ziyalı –
alim Əziz Əbdüləziz “Xalq qəzeti”ndə dərc
edilmiş son məqaləsində, sözün əsl mənasında,
“SOS!” təbili çalmış, məsələyə
özünə xas olan böyük təşkilatçılıq
və dərin təfəkkürlə araşdırma
aparmışdır.
Yaranmış kritik vəziyyətlə əlaqədar
respublikanın bütün əlaqədar təşkilatları,
eləcə də geniş ictimaiyyət həyəcan
siqnalına reaksiya verməli, əməli tədbirlər
görülməlidir.
Dövlət və ümumxalq əhəmiyyətli
bu məsələnin bir neçə aspektinə mən də
xüsisi diqqət yetirmək istərdim. Birincisi, geniş kütlənin içməli su
mövzusunda maarifləndirilməsi zərurəti önə
çəkilməlidir. Açığını
söyləməliyik ki, soydaşlarımızın xeyli hissəsi
hələ də su ehtiyatlarımızın sonsuzluğuna və
çirklənmə qorxusunun olmamasına inanır. Bununla əlaqədar alim və mütəxəssislərin
mətbuat orqanlarında tez-tez çıxışları təşkil
edilməli, yaxınlaşan təhlükə insanlara izah
olunmalıdır. İkincisi, suyun
azlığı kimi, onun çoxluğu da bəzən ətraf
mühitə ziyan vurur, ekoloji sarsıntılar yaradır.
Məsələn, Bakı şəhərinin Zabrat,
Maştaga, Buzovna, Pirşağı və s. qəsəbələrində
çirkab və artıq su basmaları nəticəsində
qrunt sularının səviyyəsi yüksəlmiş,
duzluluğu artmışdır. Üçüncüsü,
izafi su sızmaları nəticəsində subasması baş
verərək bir sıra təbii-geoloji proseslərə, məsələn,
sürüşmələrə, uçqunlara və s. yol
açılmış olur. Bakı şəhərinin
Bayıl ərazisində dəfələrlə baş
vermiş sürüşmələr Qanlıgöl və digər
mənbələrdən gələn susızmaları ilə əlaqədardır.
Yaşlı bakılılar, yəqin ki,
yaxşı xatırlayırlar, 1950-ci illər Yasamaldan
aşağıda mövcud olan daş karxanalarının ərazisi
qupquru idi. Sızan sular indi burada xəstəliklər
mənbəi olan ölü göllər
yaratmışdır. Dördüncüsü,
içməli su mənbəyinin qıtlğı ilə əlaqədar
yeni yeraltı mənbələrin geofizik üsullarla
axtarışı təşkil edilməlidir. Bu mənada dağlıq və dağətəyi
zonaların perspektivliyi daha yüksək qiymətləndirilir.
Beşincisi, su istehlakçılarının
maraqları (meliorasiya, suvarma, əhalinin su təminatı və
s.) bəzən bir-birinə zidd hərəkətlərə gətirib
çıxarır. Bununla əlaqədar,
Əziz müəllimin dediyi kimi, vahid dövlət qurumunun
yaradılması, müvafiq konsepsiya və qanun
hazırlanması olduqca vacibdir. Altıncısı,
Abşeron yarımadası və rayonlarda özbaşına
qazılan su quyuları təbii su hövzələrinin
rejiminin pozulmasına və suların çirkənməsinə
gətirib çıxarır. Yeddincisi, Azərbaycan su və ekoloji məsələlərlə
əlaqədar 15-dən artıq müxtəlif beynəlxaql
konvensiyalara qoşulmuşdur. Gürcüstan və Ermənistan
bu konvensiyalara
qoşulmayıblar və Kür və Araz
çaylarının kəskin şəkildə çirklənməsinə
qarşı onlara təsir mexanizmi yoxdur. Bu,
olduqca ciddi məsələdir və onun həlli
üçün Xəzər hövzəsinə daxil olan
ölkələrin yardımına ehtiyac yaranır.
Nazim
HACIZADƏ,
ARDNŞ-in baş ofisinin
aparıcı mütəxəssisi:
– Həqiqətən, yeni minillikdə geosiyasi məsələlərdə
və beynəlxalq münasibətlərdə qlobal problemlərin
təsiri güclənməkdədir. Artıq dövlətlərarası
münasibətlərdə ətraf mühitin çirklənməsi,
antropogen mənşəli iqlim dəyişiklikləri, kosmik fəzadan
istifadə və s. kimi amillər mühüm rol oynayır. Təəssüflə qeyd etmək lazımdır
ki, bu amillər dövlətlərin biri-biri ilə münasibətlərində
təzyiq alətinə çevrilir.
Bu baxımdan içməli su problemi də
müasir siyasi münasibətlərdə ən mühüm
komponentlərdən biridir. Son
vaxtlar beynəlxalq arenada su resurslarından siyasi təzyiq vasitəsi
kimi istifadə etmək üsulları “su diplomatiyası” deyilən
bir anlayışı gündəmə gətirib. Başqa sözlə, XXI əsrdə su geostrateji təsirinə
görə, neftin XX əsrdəki əhəmiyyətinə bərabər
tutula bilər. Neft uğrunda aparılan
gizli və açıq mübarizələrin və hətta
müharibələrin yeni minillikdə su uğrunda olma
ehtimalı da vardır. ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsinin proqnozlarına görə,
2020-ci ilədək inkişaf etmiş ölkələr
arasında enerji resursları üstündə deyil, məhz
içməli su üstündə müharibə ehtimalı
daha böyükdür.
Hazırda planetimizdə 2 və daha artıq dövlətin
ərazisindən keçən 261 çay vardır. Bu
gün dünyada su ehtiyatlarının yaratdığı
dövlətlərarası gərginlik nöqtələri də
mövcuddur. İsraildən Hindistana,
Türkiyədən Botsvanaya qədər su uğrunda
mübahisələr münaqişələrə çevrilmək
üzrədir.
Afrikada Nil hövzəsində Misir-Sudan-Efiopiya, Yaxın
Şərqdə İordan çayı hövzəsində
İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində
Türkiyə-Suriya-İraq və İran-İraq, Amerikada
Uruqvay-Argentina, Braziliya-Paraqvay, Asiyada Tailand-Kamboca-Vyetnam, Mərkəzi
Asiyada keçmiş SSRİ respublikaları arasında kəskin
su mübahisələri mövcuddur.
Azərbaycan
bu gün, haqlı olaraq, Cənubi Qafqaz regionunun
lider dövləti kimi qəbul olunur – iqtisadiyyat, hərbi
potensial, siyasi nüfuz, əhalinin həyat səviyyəsi və
s. amillər buna sübutdur. Bəs su təchizatı
sahəsində necə? Bu sualın cavabında deyə
bilərəm ki, bəli, Azərbaycan bu
gün ölkə Prezidenti cənab İlham Əliyevin
apardığı balanslaşdırılmış və
uzağgörən siyasəti nəticəsində həm Cənubi
Qafqazın lider dövləti
kimi, həm də dünyanın neft-qaz bazarında önəmli
oyunçulardan biri, siyasət aləmində öz yerini
tutmuş və sözünü deyə bilən dövlət
kimi qəbul olunur.
Lakin bizim
bugünkü nailiyyətlərimizin su təchizatı məsələlərinə
nüfuzu hələ ki, özünü lazımınca biruzə
verməyib. Bunun da
səbəbləri var. Bildiyiniz kimi, Azərbaycanın
su təchizatı əsasən Kür, Araz, Samur, yəni
qonşu dövlətlərin ərazisindən axıb gələn
caylar hesabına təmin olunduğu üçün bu gün
mövcud problemlərin həlli
tək bizdən asılı deyil.
Hazırda Azərbaycanda suvarma dövriyyəsində
olan suyun miqdarı bizi heç cür qane etmir. Lakin bu gün
bizi su qıtlığı problemindən daha çox həmsərhəd
ölkələrin tranzit çay sularının həddindən
artıq çirklənməsi problemi narahat etməlidir.
Bəs içməli su təchizatında
vəziyyət necədir? Deyə
bilərəm ki, həyata keçirilən infrastruktur layihələri
ilə yanaşı, Azərbaycanda Bakı və regionlarda
içməli su təchizatı sisteminin tikintisi və yenidən
qurulması üzrə işlər aparılır.
2003-2013-cü illər ərzində su təchizatı və
kanalizasiya sahəsinə müxtəlif mənbələrdən
2,8 milyard manatdan çox vəsait xərclənib.
Ekspertlərin rəyinə görə, ölkədə su təchizatının
yaxşılaşdırılması üzrə işlərin
yerinə yetirilməsi üçün daha çox vəsait tələb
oluna bilər.
Hazırda ölkə başçısı tərəfindən
Bakıda, eləcə də bütün regionlarda su
problemini birdəfəlik həll etmək üçün
konkret hədəflər müəyyənləşdirilib və
bununla əlaqədar bir sıra mühüm tədbirlərin
icrasına başlanılıb.
Ümidvaram ki, xalqımızın dəyərli
oğlu, ləyaqətli ziyalı Əziz Əbdüləzizin
məqaləsində qaldırılan məsələlər həm
su təsərüfatı rəhbərlərinin, həm bu sahədə
çalışan alim və mütəxəssislərin, eləcə
də ictimai xadimlərin böyük marağına səbəb
olacaqdır.
Göründüyü kimi, toxunduğumuz məsələlər
su probleminin yalnız müəyyən qismidir, bu problemlər
vaxtında və kompleks şəkildə həll edilməzsə,
xalqın genofondu təhlükə qarşısında qala bilər.
Söhbəti
qələmə aldı:
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 23 oktyabr.- S.5.