Bakı metrosu onun üçün milli sərvət idi
8 noyabr Bakı metropoliteni
işçilərinin peşə
bayramı günüdür
Bu il Bakı metropoliteni fəaliyyətə başlamasının 47-ci ildönümünü qeyd edir. Təqvimin bu günü 9 ildir ki, müasir tariximizdə metropoliten işçilərinin peşə bayramı kimi yer tutub.
Yaxın Şərqin
ilk, SSRİ-nin 5-ci metropoliteni olan Bakı metropoliteni ilk dəfə
qapılarını sərnişinlərin üzünə
1967-ci ilin 6 noyabrında açıb. Bakımız, Azərbaycanımız
üçün böyük əhəmiyyət kəsb edən
bu əlamətdar hadisənin tarixi daha uzaq illərə gedib
çıxa bilərdi. Xatırladaq ki, keçmiş Sovetlər
ölkəsində ilk elektrikləşdirilmiş dəmir yolu
xətti 1926-cı ildə istifadəyə verilən
Bakı-Sabunçu xətti olub. Otuzuncu illərin əvvəllərində
isə neft Bakısında yeraltı elektrik dəmiryolu yaratmaq
fikri meydana çıxıb. 1932-ci ildə Moskva metropoliteni ilə
bərabər Bakı metropoliteninin də layihələndirilməsini
nəzərdə tutan sənədlər bunu təsdiq edir.
Bu fikrin
reallaşdırılması İkinci dünya müharibəsindən
sonra mümkün oldu. 1948-ci ildə “Metrolayihə”
Ümumittifaq Layihə -Axtarış İnstitutu SSRİ Nazirlər
Sovetinin 4 dekabr 1947-ci il tarixli qərarına əsasən
Bakıda inşa ediləcək yeraltı xətlərin layihə
işlərini başa çatdırdı. İki il sonra isə qazma işləri
başlandı. Amma bu işlər davamlı olmadı,
1953-cü ildə mərkəzi hökumət tikinti işlərini dondurmaq barədə qərar qəbul
etdi. Həmin illərdə böyük SSRİ ərazisində
metrosu olan bir şəhər vardı, o da paytaxt Moskva idi.
İkinciliyi yaxın vaxtlarda istifadəyə veriləcək
Leninqrad metrosu əldə edəcəkdi. Bakıda yeraltı
inşaat işlərinin davam etməsi isə o demək idi ki,
SSRİ-nin 3-cü metrosu Bakıda işə düşməli
idi. İ.Stalinin ölümündən sonra SSRİ-yə rəhbərlik
edən N.Xruşşovun vətəni Ukraynanın paytaxtı
Kiyevdə metronun olmaması Bakıda tikintinin
dayandırılması qərarının səbəbləri
barədə gümanların yaranmasına əsas verir.
Nəhayət, 1961-ci
ildə N.Xruşşovun Bakıya səfəri zamanı ondan
şəhərin yeraltı nəqliyyatında tikinti işlərinin
davam etdirilməsi üçün razılıq almaq
mümkün olur.
1967-ci ilin 6 noyabrı
isə Bakı tarixində, onun sakinlərinin yaddaşında
həmişə yaşayacaq və xoş xatirələrlə
anılacaq. Həmin gün “Bakı Soveti” indiki “İçərişəhər”
stansiyasından ilk qatar uzunluğu cəmi 9.56 km olan xətt
üzrə hərəkətə başladı. Bu xətt
üzərində o vaxt “Bakı Soveti”ndən başqa daha 4
stansiya yerləşirdi –
“26 Bakı komissarı” (indiki “Sahil”), “28
Aprel” (indiki “28 May”), “Gənclik” və “Nəriman Nərimanov”.
Ötən əsrin 60-cı illərində
Azərbaycan SSRİ tərkibində olan müttəfiq
respublika kimi iqtisadi və sosial inkişaf sahəsində
ittifaqın digər 15 respublikası arasında sonuncu yerlərdən
birini tuturdu. Respublikanın idarə
olunmasında yaranmış böhran rəhbərlikdə kadr
dəyişikliyinin zəruriliyindən xəbər verirdi.
Ümummilli lider Heydər Əliyevin
1969-cu ilin iyul ayından başlayan respublikaya rəhbərlik
dövrünün ilk illərindən Azərbaycanda
böyük iqtisadi, sosial inkişafın təməli qoyuldu. Respublika cəmi
bir neçə il ərzində sənayedə,
kənd təsərrüfatında, sosial quruculuq sahəsində,
yeni infrastruktur layihələrin reallaşdırılması
üzrə planların yerinə yetirilməsində
böyük uğurlar əldə etdi. 1970-1980-ci illərdə
respublika Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin və
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi
Şurasının keçici bayraqlarına layiq
görüldü, paytaxt Bakı isə 2 dəfə Lenin
Ordeni ilə təltif edildi.
Ümumiyyətlə, ötən əsrin
70-80-ci, eləcə də müstəqillik dövrünün
ilk illərində Azərbaycanda iqtisadi quruculuğun elə
bir sahəsi yoxdur ki, Heydər Əliyevin adı ilə
bağlı olmasın. Tikinti, nəqliyyat, rabitə,
kənd təsərrüfatı və digər sahələr
məhz ulu öndərin ölkəyə rəhbərlik
etdiyi dövrlərdə yüksək inkişaf mərhələsinə
qədəm qoyub. Bakıda metro tikintisinin
sürətlə inkişaf etdiyi ilk dövrlərdən
başlayaraq, həyatının son anlarına qədər
Bakının yeraltı yollarının inkişafı və
istismarı onun nəzarəti altında olub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində işlədiyi dövrlərdə o, metro
tikintisində baş verən bütün prosesləri dərindən
izləyirdi. Sonradan respublikaya rəhbərlik
etdiyi ilk dövrlərdə Bakı metrosu ulu öndərin
diqqət və qayğısının nəticəsi olaraq
sürətlə inkişaf etməkdə idi.
Heydər Əliyevin respublika hökumətinin
başçısı kimi açılışında iştirak
etdiyi ilk stansiya “Ulduz” oldu. 1970-ci il
aprelin 17-də stansiyanın istifadəyə verilməsi
münasibətilə keçirilən mitinqə toplaşan
Bakı sakinlərini salamlayan Heydər Əliyev
inşaatçıların işinə böyük qiymət
verdi, onlara minnətdarlığını bildirdi. Sonra ulu öndər metromuzun 7-ci stansiyasının
qırmızı lentini kəsdi.
Tikinti sahəsində işlər
görünməmiş vüsət almışdı. Bakının yeraltı yolları o vaxt Montin qəsəbəsi
(Nərimanov rayonu ərazisi) adlanan ərazidən “8-ci kilometr”
qəsəbəsinə doğru uzadılırdı. 1972-ci
il noyabrın 6-da Bakı metropoliteni
özünün 5 yaşını qeyd etdiyi gün metro
inşaatçıları bakılılara daha 3 stansiya hədiyyə
etdilər. “Məşədi Əzizbəyov”indiki “Koroğlu”,
“Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər”
stansiyalarının açılışı münasibətilə
keçirilən mitinqdə “Bakımetrotuneltikinti” idarəsinin
rəisi Ə.Əbdürrəhimov Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevə tikintinin başa
çatması barədə məlumat verdikdən sonra,
respublika başçısı “Neftçilər”
stansiyasının girişi qarşısına çəkilmiş
qırmızı lenti kəsdi.
Ulu öndərin qayğı və diqqəti
sayəsində Bakı metropoliteni stansiyalarının sayı
artmaqda davam edirdi. 1976-cı ildə “Nizami”, 1979-cu ildə isə
“Bakmil” stansiyaları onun xeyir-duası ilə işə
başladı. 1982-ci ildə Heydər Əliyev
Moskvada yüksək dövlət vəzifəsinə -
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
olunduqdan sonra da Bakıda metro tikintisi onun diqqət və
qayğısından kənarda qalmayıb. Heydər
Əliyev xatirələrində bu barədə belə deyirdi:
“Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada
Sovetlər İttifaqının rəhbərliyində
olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul
olmuşam və bu işə nail olmuşam. Buna görə də
özümü xoşbəxt hiss edirəm”.
Moskvada işlədiyi illərdə Bakının
yeraltı yollarının inkişafına göstərdiyi
qayğı öz əksini 1985-ci ildə “Elmlər
Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar
Əcəmi”, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli”,
1993-cü ildə isə “Cəfər Cabbarlı”
stansiyalarının istismara verilməsində tapdı. 2002-ci
ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat
konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin
uzunluğu 31,5 kilometrə çatdı
ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət
və qayğısı sayəsində tikilmişdir.
Moskvada yüksək vəzifədə
çalışdığı dövrdə Bakı
metropoliteninin tikintisi ilə bağlı problemlərin həlli
üçün gördüyü tədbirləri ulu öndər
belə xatırlayırdı:
“Metronun tunellərində istifadə olunan
çuğun tübinqlərin və başqa ləvazimatın
istehsalını istənilən səviyyədə təşkil
etmək mümkün deyildi. Çünki
zavodlar buna hazır deyildi. Mənim xatirimdədir,
Moskvada Nəqliyyat Tikintisi Nazirliyinin kollegiyalarında biz bu məsələni
bir neçə dəfə müzakirə etmişdik. Göndərilən tübinqlər Bakı
üçün kifayət etmirdi. Mən
orada öz imkanlarımdan istifadə edərək, təbiidir
ki, Bakının bütün tələbatını
artıqlaması ilə ödəyirdim. Çünki
Bakıda işləməsəydim də, mənim qəlbim,
ürəyim burada idi. Ona görə də
mənim orada işləməyim və bilavasitə bu sahə
ilə məşğul olmağım o illərdə, ondan
sonrakı illərdə metro inşaatının çox
sürətlə keçməsinə çox kömək
etdi, çox böyük amil oldu”.
Müstəqilliyimizin ilk çətin illərində
metronun yaşadığı böhrandan yaxa qurtarmasında
Heydər Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Metronun maddi-texniki bazasının möhkəmləndirilməsi,
vaqon parkının yenilənməsi ulu öndərin Moskvada
işlədiyi illərdə qazandığı nüfuz və
hörmətinin nəticəsi idi. Moskva vilayətinin
Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin
rəhbərliyi Bakı metropoliteninə o vaxt qüvvədə olan
qiymətlərdən aşağı qiymətə vaqon
satmağa razı oldu. Bundan əlavə Moskva
metropolitençiləri metromuzu çətin vəziyyətdən
çıxarmaq üçün bakılı həmkarlarına
haqqı ödənilmədən saysız-hesabsız ehtiyat
hissələri göndərdilər. Heydər
Əliyev bu nüfuzu Moskvada işlədiyi illərdə
ölkə qarşısında göstərdiyi misilsiz xidmətləri
ilə qazanmışdı. SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində olarkən
qəbul etdiyi qərarlar SSRİ-nin, sonrakı illərdə
Rusiya şəhərlərində metro tikintisinə, dəmir
yolları şəbəkəsinin genişləndirilməsinə,
vaqonqayırma sənayesinin inkişafına böyük təkan
verib. 2002-ci ildə Heydər Əliyev sarayında
keçirilən Bakı metropolitenin 35 illik yubiley mərasimində
çıxış edən “Metrovaqonmaş” SC-nin direktoru
Yuri Soldatov qeyd etmişdir ki, Heydər Əliyev təkcə
Bakı metropoliteninə deyil, bizim ölkəmizdə də
metro tikintisinə, vaqonqayırma sahəsinin inkişafına
misilsiz töhfə vermişdir. Mıtişşi zavodunun yenidən
qurulmasında, istehsalat sahələrinin genişlənməsində
Heydər Əliyevin əməyini qeyd edən
çıxışçı dediklərinə sübut
üçün mərasim iştirakçılarına
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər
Əliyevin yanında 1983-cü il
dekabrın 23-də keçirilmiş iclasın protokolunu təqdim
etmişdir. 16 bənddən ibarət sənədin
15 bəndi vaqon istehsalının artırılması,
onların texniki səviyyəsinin yüksəldilməsi, bu
sahədə çalışan elmi-tədqiqat
institutlarında yeni vaqon layihələrinin hazırlanması
barədə göstərişlər idi.
Heydər Əliyev Bakı metropolitenini milli sərvət
adlandırırdı: “Vətəndaşlarımız,
ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin
əlində nə kimi böyük və nadir bir sərvət
var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə
yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan
xalqının zəhmətkeş insanlarının
böyük əməyi, əzmi nəticəsində
yaranıbdır və belə bir möcüzəli şəkil
alıbdır. Ona görə Bakı
metropoliteni Azərbaycan xalqının milli sərvətidir.
Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən
biridir”.
Heydər Əliyevin prezidentliyi
dövründə Bakı metropolitenində yeni texnika və
qabaqcıl texnologiyaların tətbiqi, hərəkəti idarəetmənin
avtomatlaşdırılması, kompüterləşdirilməsi,
təmir-tikinti işlərindəki sürət gündən
- günə artmağa başladı. Hərəkətin
və sərnişinlərin təhlükəsizliyinin,
asayişinin təmin olunması məqsədilə
bütün stansiyalarda videomüşahidə
quraşdırıldı. Kameralar gün ərzində
sərnişin axınına nəzarət edir, stansiyaların
giriş qapılarından daxil olan hər bir sərnişini
lentə alır. Maşinist kabinəsində
quraşdırılmış kameralar vasitəsilə vaqon
salonlarını müşahidə etmək sistemi hələ
2002-ci ildə sınaqdan çıxarılırdı. Həmin vaxtlar dərin özüllü stansiyalarda
eskalator sürahilərinin sürətinə nəzarət
cihazları quraşdırılmışdı. Bütün stansiyaların eskalatorları,
ventilyatorları, santexnika qurğuları vahid mərkəzdən
idarə olunurdu.
Heydər Əliyev Bakı metropoliteni
stansiyalarının memarlıq tərtibatının həllinə
də çox böyük önəm verirdi: “Metronun hər
bir stansiyası funksional vəzifəsini yerinə yetirməklə
yanaşı, öz tərtibatı baxımından Azərbaycanın
milli memarlıq sənətinin gözəl bir nümunəsidir.
Azərbaycan xalqının tarixinə, onun sənət
incilərinə müraciət edən memarlar müxtəlif
tikinti materiallarından, müasir texnologiyalardan, habelə
şəbəkə, miniatür kimi milli ornament elementlərindən
istifadə edərək, yaraşıqlı zalların
yaradılmasına nail olmuşlar”.
Stansiyaların memarlıq tərtibatı
ulu öndərin nəzarəti altında, tövsiyələri
əsasında işlənib. Öz nitqlərinin
birində Heydər Əliyev bu barədə demişdi: “Deyə
bilərəm ki, 1967-ci ildən sonra tikilən metro
stansiyalarının hamısının layihəsinə
baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi
verirdik. Beləliklə, biz yaxşı
metropoliten stansiyaları yaratmışıq”.
Burada “Nizami” stansiyasını xüsusi
olaraq qeyd etmək lazımdır. Gözəlliyi ilə fərqlənən
bu stansiyanın memarı Mikayıl Hüseynovla bərabər
ulu öndərimiz Heydər Əliyev olub.
Heydər Əliyev
Bakı metrosunun gələcəyini daim
düşünürdü, onun inkişafı, insanların
daha rahat hərəkətinin təmin olunması
üçün yeraltı yollarımızın daha geniş
surətdə şaxələnməsini arzulayırdı.
Ulu öndərimiz
deyirdi: “Biz metro inşaatını davam etdirməliyik... Məndə
hələ o illərdən metronun tikintisinin birinci, ikinci,
üçüncü növbələrinin cədvəli var.
Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik.
İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın
gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək
istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun
inşasının davam etdirilməsi üçün mütləq
istifadə etmək lazımdır. Mən bunu edəcəyəm
və güman edirəm ki, məndən sonra gələn
insanlar da bunu mütləq etməlidirlər”.
Bu
gün “Bakı metropoliteni” QSC-nin çoxminli kollektivi,
istismarçılar, inşaatçılar ulu öndərin
bu arzularını həyata keçirmək üçün
böyük əzmlə, yaradıcılıq
şövqü ilə çalışır, Heydər
Əliyevin arzuları və qiymətli tövsiyələrinə
uyğun olaraq işlənib hazırlanmış 20 illik
inkişaf planının
həyata keçirilməsinə nail olacaqlarına inanırlar.
Xalq
qəzeti.- 2014.- 24 oktyabr.- S.7.