Azərbaycan sənayesi
yeni inkişaf mərhələsində
Biz öz gələcəyimizi yalnız neft sənayesi ilə bağlamamalıyıq, bu sahədə işlər müvəffəqiyyətlə irəliləyir və Azərbaycana böyük valyuta ehtiyatları gətirir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sənayesi inkişaf etsin.Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir. Regionların sənaye potensialının gücləndirilməsi kimi uzaqgörən siyasət reallaşdırılaraq Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılmışdır.
Ulu öndərin Azərbaycana
rəhbərlik etdiyi illərdə sənayenin
inkişafına mühüm önəm verməsi təsadüfi
deyildi. Çünki ümummilli lider yaxşı bilirdi ki,
respublikanın sosial-iqtisadi cəhətdən gücləndirilməsi,
ilk növbədə, bu sahənin potensialının
yaradılmasından asılıdır. Azərbaycanın
2020-ci ilədək inkişaf konsepsiyasında sənayenin
inkişafı ilə bağlı nəzərdə tutulan əsas
hədəflər də məhz
Heydər Əliyev ideyalarına əsaslanılaraq
hazırlanmışdır. Ulu öndərin dövlət
başçısı İlham Əliyev tərəfindən
müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən
sənaye strategiyası artıq reallığa
çevrilmiş, möhtəşəm uğurlar əldə
edilmişdir.
Prezident İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən
dövr ərzində respublikada
müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar
yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin
qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və
xarici investorlara bərabər şəraitin təşkili
üçün “İnvestisiya fəaliyyəti haqqında” və
“Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul
olunmuş, qeyri-neft sektorunun inkişafına xidmət göstərən
Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda
İnvestisiyaların Təşviqi
və İxracat Agentliyi, Sahibkarlığa Kömək
Milli Fondu təsis edilmişdir. Ölkədə
sahibkarlığın inkişafının sürətləndirilməsi,
biznes mühitinin əlverişliliyinin daha da
artırılması və biznesə başlama
prosedurlarının sadələşdirilməsi
üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq
fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə”
prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri
haqqında” sərəncam imzalanmışdır. Təbii ki,
bütün bunlar sənayenin inkişafına, bu sektorda
müsbət göstəricilər əldə edilməsinə,
yerli sahibkarlığın tərəqqisinə güclü təsir
göstərmiş, xarici və müştərək müəssisələrinin
sayının artmasına, minlərlə yeni iş yeri
açılmasına şərait yaratmışdır.
Hazırda Azərbaycanda
ən müasir texnologiyalara malik güclü sənaye
potensialı mövcuddur, geniş çeşidli sənaye məhsullarının
istehsalı mənimsənilmişdir. Bu isə əvvəllər
xarici ölkələrdən idxal olunan bir sıra malların
xeyli qisminin artıq respublikamızda buraxılması nəticəsində
daxili bazarın zənginləşməsi, idxaldan
asılılığın, demək olar ki, aradan qalxması
deməkdir.
Sənayeyə göstərilən diqqətin nəticəsidir
ki, sözügedən sahədə
bu ilin doqquz ayı ərzində müsbət göstəricilər
əldə edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, hesabat dövründə ölkə sənayesinin
təsərrüfat subyektləri tərəfindən 25,2
milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər
göstərilmişdir. Ümumi daxili məhsulun 44,3 faizi sənayedə
istehsal olunmuşur.
Emal bölməsində
istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,3
faizini təşkil etmiş, qida, tütün məmulatları,
geyim, kimya, tikinti materialları, hazır metal məmulatları,
elektrik avadanlıqları və s. istehsalında artım qeydə
alınmışdır. İstehsal olunmuş sənaye məhsulunun
5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların
təmizlənməsi və emalı sahəsinin payına
düşmüşdür. Sənayenin qeyri-neft sahələrində
istehsalın həcmi əvvəlki ilin yanvar-sentyabr
aylarının səviyyəsini 6 faiz üstələmişdir.
Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin),
6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına
düşmüş, məhsulun 80,7 faizi özəl bölmədə
istehsal olunmuşdur.
Dövlətimizin
başçısı cənab İlham Əliyev tərəfindən
2014-cü ilin “Sənaye ili” elan edilməsi də bu sahəyə ölkə rəhbərinin
mühüm önəm verməsinin bariz ifadəsidir. Bu, eyni
zamanda, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın
inkişaf etmiş dövlətlər səviyyəsinə
yüksəlməsi istiqamətində aparılan məqsədyönlü
fəaliyyətin məntiqi davamıdır. Başlıca məqsəd
isə ölkəmizin iqtisadi təhlükəsizliyini təmin
etmək, xarici dövlətlərdən
asılılığını minimuma endirmək, habelə
idxalı azaltmaq, buraxılan məhsulların rəqabətə
davamlılığını artırmaq və ixracatı
çoxaltmaqdan ibarətdir.
Ölkə Prezidenti cənab
İlham Əliyev “Sənaye ili”ndə qarşıda duran vəzifələrdən
danışarkən demişdir: “Azərbaycanın gələcək
inkişaf dinamikasını müəyyən edən sənaye
sahəsinə daha da böyük diqqət yetirmək ən
ümdə vəzifələrdən biridir. Texnoparklar, yeni sənaye
müəssisələri, ixracyönümlü sənaye məhsullarının
istehsalı, emal müəssisələrinin, böyük sənaye
komplekslərinin yaranması - bütün bu işlər
ölkəmizin gələcək inkişafını təmin
edəcək, neft-qaz amilindən asılılığı
daha da azaldacaq və ölkə iqtisadiyyatının
dayanıqlı şəkildə inkişafını müəyyən
edəcəkdir”.
Prezident İlham
Əliyev ölkəmizdə sənaye məhəllələrinin
yaradılmasının vacibliyinə də diqqət çəkərək
bildirmişdir ki, bu, dünyada
uğur gətirən bir təcrübədir. İnkişaf
etmiş ölkələrdə sənaye məhəllələri
vardır. Azərbaycanda da son illər belə məhəllələrin
yaradılması ən çox müzakirə olunan məsələlərdən
biridir. Yəni ölkə sənayesində sənaye məhəllələrinin
formalaşdırılması və inkişafına xüsusi
önəm verilir. Sənaye məhəllələri həm
onu əhatə edən sahələrin bir-biri ilə əlaqələrini
möhkəmləndirir, həm də həmin sahələrin
inkişafına təkan verir. İnkişaf etmiş ölkələrinin
təcrübəsi də göstərir ki, sənayenin
inkişafında sənaye məhəllələri
mühüm rol rol oynayır. Ümumiyyətlə, sənaye məhəllələri
müəyyən bir coğrafi ərazidə yerləşən,
tamamlayıcı, ortaq xüsusiyyətlərə malik müəssisələrin
və əlaqəli institutların toplusudur. Daha dəqiq desək,
son məhsul istehsal edən müəssisələr, təchizatçı
firmalar, əlaqədar xidmət sahələri, elmi-tədqiqat
institutları və digər qurumlar adətən sənaye məhəllələrini
təşkil edən əsas subyektlər hesab olunur.
Nazirlər Kabinetinin
2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev sənayenin
Azərbaycanın gələcək inkişafında prioritet
istiqamətlərdən olduğunu vurğulayaraq, sənaye məhəllələrinin
yaradılması prosesinin davam etdirilməsini mühüm vəzifə
kimi qarşıya qoymuşdur. Möhtərəm dövlət
başçımızın bu il oktyabrın 8-də
imzaladığı “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” fərmanı da məhz bunun bariz ifadəsidir.
Adıçəkilən sənəddə qeyd olunur ki, Azərbaycan
Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli
inkişafının təmin edilməsini, o cümlədən
yüksək texnologiyalar əsasında sənayenin dinamik
inkişafını və şaxələndirilməsini nəzərdə
tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi
olaraq son illərdə regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları çərçivəsində
müxtəlif təyinatlı yüzlərlə sənaye
müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə
yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı
sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə
bu gün sənaye parklarının yaradılması istiqamətində
geniş həcmdə iş aparılır.
Hazırda
İqtisadiyyat və Sənaye Nazirliyində sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili istiqamətində
ciddi tədbirlər reallaşdırılır. Qısa
müddətdə sənaye məhəllələrinin təşkili
üçün hüquqi bazanın təkmilləşdirilməsi
məqsədi ilə dünyanın inkişaf etmiş ölkələrinin
təcrübəsi öyrənilmişdir. “Sənaye məhəllələri
haqqında Nümunəvi Əsasnamə”nin layihəsi
hazırlanaraq aidiyyəti üzrə dövlət
qurumlarına təqdim olunmuşdur. Adı çəkilən nazirliyin əməkdaşları tərəfindən bu gün respublikanın müxtəlif
bölgələrində sənaye məhəlləsinin
yaradılması imkanları araşdırılır.
Sənayenin
inkişafından danışarkən, bir məqamı da
xatırlatmaq yerinə düşər. Prezident İlham
Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sənayenin
inkişafı ilə bağlı mühüm layihələrin
həyata keçirilməsi, o cümlədən bölgələrdə
sənaye texnoparklarının yaradılmasının
stimullaşdırılması nəzərdə tutulur. Məsələn,
Gəncədə hazırda metal (alüminium) məmulatların
istehsalı üzrə sənaye şəhərcikləri və
digər texnoparkların təşkili istiqamətində
iş aparılır. Çünki Gəncə-Daşkəsən
zonasında xammal bazasının mövcud olması yeni sənaye
müəssisələrinin yaradılmasına əlverişli
şərait yaradır. Mingəçevirdə isə
müasir tipli sənaye kompleksinin yaradılması
planlaşdırılır. Ümumiyyətlə, yerli xammala əsaslanan
yüngül və yeyinti sənayesi obyektlərinin fəaliyyətinin
keyfiyyətcə müasir səviyyədə qurulması, həmçinin yeni müəssisələrin təşkili
istiqamətində ölkənin bütün bölgələrində
tədbirlər həyata keçirilməsi qarşıda
mühüm vəzifə kimi durur.
Regional inkişaf
proqramlarından söhbət açarkən, dövlət
başçısının sənaye ilə bağlı bir
fikrini də xatırlatmaq yerinə düşərdi. Cənab
İlham Əliyev demişdir: “...2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən iki Dövlət
proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin
imzalanması və həyata keçirilməsi regionların
inkişafında dönüş nöqtəsi olmuş və
bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmiş,
sənayenin inkişafına müsbət təsir göstərmişdir.
Nəticədə son 10 ildə regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye istehsalı
isə 3,1 dəfə artmışdır...”.
Göründüyü
kimi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sənayeləşmə siyasətinə
uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılması, sənayenin
inkişafının sürətləndirilməsi, mütərəqqi
təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin
yaradılması istiqamətində işlər uğurla davam
etdirilir. Dövlət başçısı tərəfindən
2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işlərin
həcmini daha da genişləndirmiş və sənayeləşməni
sürətləndirmişdir. Azərbaycanda müasir standartlara
cavab verən, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən
çoxsaylı sənaye müəssisələrinin
uğurlu fəaliyyəti bunun əyani
nümunəsidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
jurnalistlər
arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Xalq qəzeti.- 2014.- 24 oktyabr.- S.5.