Azərbaycanda tibbi sığorta:
vəzifələr, problemlər...
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı
ilə “Regionda səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və Azərbaycan üçün
seçimlər” mövzusunda “Fairmont hotel”ində seminar keçirilmişdir.
Seminarda Türkiyə, Moldova və Xorvatiyadan gələn
nümayəndələr, millət vəkilləri, səhiyyə
müəssisələrinin rəhbərləri iştirak
etmişlər. Baş Nazirin müavini Əli Əhmədov
qonaqları salamlamış və giriş nitqi ilə tədbiri
açmışdır.
Ə. Əhmədov Nazirlər Kabinetinin səhiyyə
şöbəsinin Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi
yolunda gördüyü işlərdən söz
açmış və seminarın bu sahədə tibbi
sığortanın geniş tətbiq edildiyi ölkələrin
təcrübəsindən bəhrələnmək, bilikləri
zənginləşdirmək və dünyada səhiyyənin
maliyyələşməsi ilə bağlı təcrübəni
bölüşmək məqsədi
daşıdığını bildirmişdir. İnsan amilinə
ölkəmizdə yüksək qiymət verildiyini, insan
sağlamlığının dövlətimiz
üçün böyük önəm kəsb etdiyini, bunu
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə
bəyan etdiyini diqqətə çatdıran natiq bu sahə
üçün dövlətlərin xərclədiyi
böyük vəsaitlərdən, islahatlar nəticəsində
əhalinin arzusuna uyğun səhiyyə yaradılmasından
söz açmışdır. Görülən işlər
nəticəsində həm də infrastruktur dəyişməsini
– yeni xəstəxanalar, müalicə ocaqları istifadəyə
verilməsini diqqətə çatdıran Ə.Əhmədov
demişdir ki, bu, bir tərəfdən dövlətin öz əhalisinə
göstərdiyi diqqəti şərtləndirirsə, digər
tərəfdən, insanların sağlamlığının
qorunmasına xidmət edir.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin
prioritetlərindən biri də insanların
sağlamlığı ilə bağlıdır. Son 10 il ərzində
ölkədə səhiyyə sahəsində xeyli islahatlar
aparılmış, indi də “İcbari tibbi
sığorta”nın tətbiq edilməsi üçün
işlər aparılır. Bu məqsədlə, yəni səhiyyənin
maliyyələşməsi prosesində üç əsas vəzifənin
həllinə diqqət edilməlidir. Birincisi, dövlətin
ayırdığı vəsaitin düzgün xərclənməsi,
ikincisi, səhiyyə xidmətlərinin keyfiyyətini
artırmaq üçün əlavə vəsaitlərin
tapılması, üçüncüsü, həkimlərin
təkmilləşdirilməsi, eyni zamanda, onların maddi vəziyyətlərinin
qaydaya salınması. Bu məsələlərdə
bütün səhiyyə xərclərinin
ağırlığını yalnız dövlətin üzərinə
qoymağın da düzgün olmadığını qeyd edən
natiq hər bir kəsin öz sağlamlığını
qoruması üçün maliyyə vəsaiti
olmasını da vurğulamış, bunun Azərbaycan vətəndaşlarının
xeyli hissəsinin imkanı daxilində, həm də ədalətli
və prinsipial mövqe olduğunu bildirmişdir. Səhiyyə
ocaqlarının və tibbi personalın fəaliyyətinin
gücləndirilməsi üçün
stimullaşdırıcı metodlar olmasını
düzgün hesab etdiyini qeyd etmişdir. Bu mənada o, Azərbaycanla
qonşu olan və olmayan dövlətlərin səhiyyənin
maliyyələşməsi prosesində gördükləri
iş təcrübəsini dinləməyin faydalı
olacağını bildirmişdir.
Türkiyənin sabiq səhiyyə naziri, professor Rəcəb
Akdağ ölkəsinin universal səhiyyə xidmətləri
barəsində çıxış etmişdir. O, 2002-ci ildən
2012-ci ilə qədər olan dövrdə səhiyyənin
inkişafına nəzər salmışdır. Ötən
10 ildə Türkiyədə səhiyyə sisteminin
qazandığı uğurlar və buna nail olmağın
yolları barədə danışmış, dünyanın
qəbul etdiyi bir proqramı gerçəkləşdirdiklərini,
Azərbaycanın da bu sahədə istədiyinə nail
olacağına inandığını bildirmişdir. O,
Türkiyədə tətbiq edilən müavinət paketindən,
ilkin tibbi yardımdan tutmuş, xarici ölkədə
müalicəyə qədər, plastik və rekonstruktiv cərrahiyyədən
başqa hər cür tibbi xidmətin artıq dövlət tərəfindən
aparıldığını qeyd etmişdir. Türkiyədə
dövlət xəstəxanasında çalışan
heç bir həkimin özəl tibb müəssisələrində
işləmək haqqı olmadığını,
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
1998-ci ildə nəzərdə tutulmuş bir planın–
“2025-ci ildə Türkiyədə orta ömür 75 yaş
olacaq” proqnozuna artıq 2009- cu ildə nail olunduğunu, bunun isə
məhz qurulan səhiyyə proqramının düzgün tətbiqi
sayəsində əldə edildiyini xüsusi
vurğulamışdır. O, böyük fərəhlə səhiyyənin
maliyyələşməsinin insanları yoxsulluqdan
qurtardığını, tibbi sığortanın tətbiqinə
qədər əhalinin böyük hissəsinin müalicəyə
çəkdikləri xərclərin bu proqramın tətbiqindən
sonra başqa problemlərini həllinə yönəltdiklərini,
bunun da onların maddi rifah halına müsbət təsirini
qeyd etmişdir.
Cənab Mircea Buga tibbi sığortanın icrasında
Moldova təcrübəsindən danışmışdır.
O, SSRİ dağıldıqdan
sonra Moldovada səhiyyənin qeyri-qənaətbəxş vəziyyətindən
söz açmış, ölkədə aparılan islahatlar
nəticəsində bu sahənin tədricən dirçəlməsindən,
2004-cü ildən tibbi sığortaya keçildikdən sonra
isə vəziyyətin yaxşılığa doğru dəyişməsindən
danışmışdır. O, ölkəsində əhalinin
55 faizinin dövlət hesabına müalicə
aldığını qeyd etmişdir. Tibbi sığorta sahəsində
Avropa dövlətləri ilə müqayisədə sonuncu
yerdə olduqlarını bildirən M. Buga əhalinin 51
faizinin dövlət hesabına stasionar müalicə
aldığını vurğulamışdır.
Sonra Xorvatiyada tibbi
sosial sığortanın vəziyyəti mövzusunda Tihomir
Strizrep, Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi
sistemi mövzusunda Corc Gotsadzenin, Azərbaycanda səhiyyə
sektorunda islahatlar mövzusunda isə Zəkiyyə
Mustafayevanın məruzələri dinlənilmişdir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2014.- 24 oktyabr.- S.4.