Azərbaycanda təbii
fəlakətlərin iqtisadi
və sosial coğrafiyasını öyrənən
ilk alim
Azərbaycanın
tanınmış alimi, coğrafiya elmləri doktoru, Bakı
Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya
kafedrasının professoru Neron Babaxanovun 75 yaşı tamam olur.
Neron müəllim Qazax rayonu, Ağstafa bölgəsinin
Yenigün kəndində ziyalı ailəsində dünyaya gəlmişdir.
Ziyalı demişkən, görkəmli şairimiz Hüseyn
Arifin müəllimi olmuş və şeirlərində böyük hörmətlə
anılan Aslan müəllim Neron Babaxanovun atası idi.
Orta məktəbi əla qiymətlərlə
bitirən Neron Babaxanov 1957-ci ildə
o zamankı Azərbaycan Dövlət Universitetinin
(hazırkı Bakı Dövlət Universiteti)
geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə
daxil olmuş və 1962-ci ildə ali təhsilini başa vuraraq
iqtisadi coğrafiya ixtisası almış və ömrü
boyu bu vicdanla qulluq göstərmişdir.
Əvvəlcə Azərbaycan Dövlət Universitetinin
laborantı işləmiş, sonra əyani aspiranturasına
daxil olmuş və Moskva Dövlət Universiteti SSRİ-nin
iqtisadi coğrafiyası kafedrasının məqsədli
aspiranturasında təhsilini davam etdirmişdir. O zamanlar
respublikada suvarılan ərazilərin genişləndirilməsi,
yeni torpaq sahələrinin mənimsənilməsi, Kür-Araz
ovalığı və Mil-Muğan düzlərində əhalinin
məskunlaşması problemləri
aktuallaşmışdı. Belə bir mürəkkəb
problemin həllini N.Babaxanov özünün namizədlik
dissertasiyasında qarşıya qoyur və görkəmli sovet
alimi N.Y.Kovalskayanın rəhbərliyi ilə müdafiə edərək
1970-ci ildə elmlər namizədi alimlik dərəcəsi
alır, 1973-cü ildə isə kafedranın dosenti olur. 1966-1989-cü
illərdə professor N.Babaxanov
Azərbaycan Xalq Təsərrüfatı və Leninqrad Maliyyə
– İqtisad İnstitunun Bakı filalında
çalışmışdır.
Keçmiş SSRİ-də təbii fəlakətlər
və onların törətdiyi fəsadlar haqqında
açıq mətbuatda məlumat vermək, demək olar ki,
yasaq edilmişdi. Belə bir şəraitdə Moskva Dövlət
Universitetinin əyani doktorantı olan N.Babaxanov özündə
cəsarət taparaq Azərbaycanda həmin problemlərin elmi həlli
ilə məşğul olmağa başlayır. “Təbii fəlakətlərin
iqtisadi-coğrafi cəhətdən öyrənilməsinin
elmi əsasları (Azərbaycanın timsalında)”
mövzusunda doktorluq dissertasiyasını 1986-cı ildə
Leninqrad (indiki Sankt – Peterburq) Universitetinin Elmi Şurasında
müdafiə edir və bir il sonra 1987-ci ildə coğrafiya
elmləri doktoru alimlik dərəcəsinə, 1990-cı ildə
isə professor adına layiq görülür. Onun müdafiə
etdiyi doktorluq dissertasiyası SSRİ Ali Attestasiya
Komisiyasının qərarına ilə 1987-ci ilin
mühüm elmi işi kim
qeydiyyata alınmışdır. Onu da demək lazımdır
ki, o zamanlar keçmiş SSRİ məkanında və həmçinin
respublikamızda təbii fəalkətlərin iqtisadi
coğrafiyasına həsr olunmuş çox az sayda işlərdən
biri də məhz Neron Babaxanovun apardığı tədqiqat
idi.
Professor
N.Babaxanov uzun illərdən bəri elmi-pedoqoji sahədə
müvəffəqiyyətlə fəaliyyət göstərir.
1966-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı
və Sankt-Peterburq (keçmiş Leninqrad) Maliyyə –
İqtisad institutlarında iqtisadi coğrafiya kursları
üzrə mühazirələr
oxumuşdur. 1989-cu ildən
müsabiqə yolu ilə
Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya
kafedrasının müdiri vəzifəsinə seçilir,
1989-1991-ci illərdə Azərbaycanın təhsil nazirinin
müavini vəzifəsində
çalışmışdır. Həmin illərdə onun rəhbərliyi
altında müqavilə əsasında Azərbaycanda orta təhsil və
texniki peşə məktəblərinin coğrafi şəbəkəsini
əks etdirən orijinal xəritə
hazırlanmışdır. O, həmçinin bir müddət Dağlıq
Qarabağa ezamiyyə olunur və orada təhsil şəbəkələrinin
yenidən qurulmasında, Xocalı Rayon Maarif Şöbəsinin
təşkilində yaxından iştirak edir və
bütün bu fəaliyyətinə görə nazirlik tərəfindən
mükafatlandırılır. Yenidən Bakı Dövlət
Universitetinə qayıdan professor N.Babaxanov 1991-1992-ci illərdə
iqtisadi məsələlər üzrə prorektor olmuşdur.
1992-ci ildən indiyədək
iqtisadi və sosial coğrafiya kafedrasının professoru vəzifəsində
çalışır.
Təbii fəlakətlərin iqtisadi və
sosial coğrafiyasının öyrənilməsi sahəsində
keçmiş Sovetlər Birliyində və Azərbaycanda ilk
tədqiqatçı alimlərdən Neron müəllimin
şəxsi təşəbbüsü ilə BDU-nun coğrafiya fakültəsində
ilk dəfə olaraq təbii fəlakətlərin iqtisadi-coğrafiyası
ixtisas kursu tədris olunmağa başlanmışdır.
Daim axtarışda olan alimin qələmindən
çıxan 200-ə qədər
elmi əsəri, o cümlədən 5 monoqrafiyası Azərbaycanda
və Müstəqil Dövlətlər Birliyi ölkələrində
işıq üzü görmüşdür.
Bütövlükdə, professor Neron Babaxanov
Azərbacanda təbii fəlakətlərin iqtisadi və sosial
coğrafiyasının öyrənilməsində
mühüm nailiyyətlər qazanmışdır və indi
də bu sahədə yüksək ixtisaslı kadrlar
hazırlığına rəhbərlik edir. O, Azərbaycanın
regionlarında baş verən təbii fəlakətlər,
onların növləri, yayılmasının
coğrafiyası, əsas səbəbləri və törətdikləri
dağıntılar və s. haqqında aparılan tədqiqatların
müəllifidir. Bu hadisələri əks etdirən kompleks xəritələrin
hazırlanması sahəsində apardığı tədqiqatlardan,
topladığı təcrübədən respublikanın
müvafiq təşkilatları tərəfindən istifadə
olunması dağıntıların təsirinin xeyli dərəcədə
azaldılmasında, əhalinin və onların təsərrüfatlarının sığortalanmasında əhəmiyyətli
rol oynaya bilər. Onun rəhbərliyi ilə 4 nəfər
namizədlik dissertasiyası müdafiə etmişdir. O,
hazırda da magistrant, dissertant və
fəlsəfə doktorlarının dissertasiya işlərinə
rəhbərlik edir. 2002-ci ildə professor N.Babaxanovun
akademik Budaq Budaqovla Moskvada
çap etdirdikləri “Təbii dağıdıcı hadisələr
və onların iqtisadi nəticələri (Azərbaycan
Respublikasının timsalında)” elmi məqaləsi
2003-cü ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Yer elmləri bölməsində ilin
mühüm elmi işi kimi qeydiyyata alınmışdır.
Neron məllim həm də peşəkar
mühazirəçi və təcrübəli pedaqoqdur. Onun
mühazirələri bir qayda olaraq, tələbə
auditoriyalarında maraqla qarşılanır. Onun Kür
çayında baş verən daşqınları və onun
fəsadlarını gözləri ilə görmələri
üçün tələbələri Salyan, Neftçala,
Sabirabad və s. rayonların ərazilərinə çöl
təcrübəsinə aparması ənənə şəklini
alır və maraqla qarşılanır. Professor bakalavr pilləsində
oxuduğu “Təbii fəlakətlərin
iqtisadi-coğrafiyası”, magistratura pilləsində “Azərbaycan
regionlarının sosial-iqtisadi inkişaf problemləri” fənlərinin
proqram və metodiki göstərişlərini çap etdirmişdir.
O, coğrafiya fakültəsinin nəzəri seminarlarında təbii fəlakətlər
və onların Azərbaycan iqtisadiyyatına, regionlara
vurduqları ziyanlar və buna qarşı mübarizə tədbirləri
haqqında tez-tez məruzələrlə
çıxış edir. Həmçinin, Azərbaycanın
dövlət qəzetlərində elmi-publisistik məqalələrini
dərc etdirir, müxtəlif televiziya kanallarında bu
mövzuda çıxışlar edir.
Professor Neron Babaxanov respublikanın elmi həyatında da fəal iştirak
edir. Bir çox konqres,
beynəlxalq simpozium, konfrans və qurultaylara nümayəndə
seçilib, məruzələrlə
çıxışlar edib.
Hazırda AMEA-nın akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutunda
fəaliyyət göstərən
Dissertasiya Şurasının
üzvü, Coğrafiya
üzrə Problem Şurasının
sədr müavini,
BDU-nun coğrafiya fakültəsi
Elmi Şurasının
üzvüdür. Görkəmli alimin xidmətləri universitet rəhbərliyi və digər təşkilatlar tərəfindən
müxtəlif fəxri
adlar və mükafatlarla təltif edilmişdir. Neron müəllimi
75 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür,
cansağlığı və
yeni yaradıcılıq
nailiyyətləri arzulayırıq.
F.İMANOV,
Bakı
Dövlət Universiteti
coğrafiya
fakültəsinin dekanı,
professor,
T.HƏSƏNOV,
iqtisadi və sosial coğrafiya
kafedrasının müdiri,
professor
Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.6.