Arif Məlikov: Məhəbbət
və incəsənət
sərhəd tanımır
Görkəmli Azərbaycan bəstəkarının
əsəri
yenidən
Rusiya Böyük Teatrının səhnəsində
Azərbaycanın
və SSRİ-nin Xalq artisti, “Heydər Əliyev” ordeni ilə təltif
edilmiş bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baleti yenidən Rusiya Böyük Teatrının
repertuarına daxil edilib.
Oktyabrın 23-də dünya şöhrətli
bu teatr Azərbaycan bəstəkarının ölməz əsərini
yeni quruluşda tamaşaçılara təqdim edib. Baletin
quruluşçu xoreoqrafı SSRİ Xalq artisti Yuri
Qriqoroviçdir. Səhnələr SSRİ Dövlət
Mükafatı laureatı, mərhum teatr rəssamı Simon
Virsaladzenin eskizləri əsasında qurulub. Yeni quruluşda
Mehmene Banu rolunu Rusiyanın Xalq artisti Svetlana Zaxarova, Fərhad
rolunu Böyük Teatrın aparıcı solisti Denis Redkin,
Şirin rolunu Rusiyanın Əməkdar artisti Nina Kaptsova ifa
edirlər.
Tamaşadan əvvəl Y.Qriqoroviç
AzərTAc-ın müxbirinə müsahibəsində baletin yeni quruluşu
barədə fikirlərini bölüşərək bildirdi ki, “Məhəbbət
əfsanəsi” görkəmli türk
yazıçısı Nazim Hikmətin pyesi əsasında ilk dəfə
1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq
Mariya Teatrı) səhnələşdirilib. Yeni quruluşda tamaşa Böyük Teatrın səhnəsində təmirdən
sonra ilk dəfə
tamaşaçılara təqdim edilir.
Görkəmli xoreoqraf dedi:
“Mən 33 il Böyük
Teatrın truppasına rəhbərlik etmişəm. “Məhəbbət
əfsanəsi" teatrın repertuarında həmişə olub. Tamaşanın yeni quruluşunda gənc balet
ustaları, o cümlədən Svetlana Zaxarova, Denis Redkin iştirak
edirlər. Gənclərin tamaşaya marağı
göstərir ki, “Əfsanə”
yaşayır”.
Baletin quruluşunda bəzi
dəyişikliklər edildiyini bildirən
Y.Qriqoroviç dedi:
“Təkcə musiqiyə toxunmamışam. Çünki
Arif Məlikovun musiqisi
füsunkardır. Mən xoşbəxtəm ki,
dostum Arif
tamaşanın premyerasında iştirak
etmək üçün Moskvaya
gəlib, tamaşa doğma
səhnəsinə qayıdıb və böyük
uğurla nümayiş
etdirilir”.
Bəstəkar Arif Məlikov vurğuladı ki,
Böyük Teatr dünya mədəniyyətinin ən
qabaqcıl nümunələrini özündə cəmləyən
sənət ocağıdır. A.Məlikov dedi:
“Məhəbbət əfsanəsi”nin Rusiyanın əsas səhnəsinə
qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir".
Y.Qriqoroviçlə dostluğundan
danışan görkəmli bəstəkar dedi:
“Yaradıcı insanların 50-60 il dostluq etməsi nadir hadisədir.
Biz gəncliyimizi qoruyub
saxlaya bilmişik və
“Əfsanə" də elə buna
görə yaşayır, çünki
incəsənət və məhəbbət sərhəd
tanımır".
Azərbaycanın mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev qeyd
etdi ki, “Məhəbbət
əfsanəsi”nin yeni quruluşda
Rusiyanın Böyük Teatrında
premyerası Azərbaycan mədəniyyəti üçün
çox önəmli hadisədir. Baletin yeni quruluşunun
hazırlanmasına Böyük Teatr kollektivinin
aparıcı və istedadlı nümayəndələri cəlb
olunublar. Teatrın təmirindən sonra bərpa olunan ilk tamaşalardan birinin “Məhəbbət əfsanəsi”
olması Arif Məlikov sənətinin
ölməzliyindən xəbər verir.
“Bu
gün Azərbaycan mədəniyyətinin
təntənəsidir. Yuri Qriqoroviç
“Məhəbbət əfsanəsi"nə, Arif
Məlikov musiqisinə, Nazim Hikmət
dramaturgiyasına qayıtmaqla böyük
iş görüb. Bu gün Yuri
Qriqoroviç də mənim gözümə
cavan göründü.
Bu, o deməkdir ki, istedad qocalmır. Çox
şadam ki, bu gün Böyük
Teatrın səhnəsində bayramdır". Bu sözləri isə AzərTAc-a müsahibəsində
Rusiya Federasiya
Şurasının üzvü Vitali İqnatenko dedi.
Premyera böyük uğurla keçdi. Arif Məlikov
musiqisi, Nazim Hikmət
fəlsəfəsi, Yuri Qriqoroviç
ustalığının ərsəyə gətirdiyi məhəbbət
nağılı və xalqına, Vətəninə,
torpağına sədaqət himni Moskva tamaşaçısını bir daha heyran
etdi. Əfsanəvi Böyük
Teatrın səhnəsində rəngarəng Şərq
motivləri əsasında yaradılmış maraqlı dekorasiyalar, işıq effektləri bir-birini əvəz edirdi.
Tamaşa başa
çatdıqdan sonra
tamaşaçıların sürəkli alqışları
altında səhnəyə Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyi və Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi
adından əklillər gətirildi. Oktyabrın 26-da balet Böyük
Teatrın rəsmi “YouTube” kanalı ilə
canlı yayımlanacaq.
Qeyd edək ki, “Məhəbbət
əfsanəsi” ilk dəfə 1961-ci ildə
Sankt-Peterburqun Mariya
Teatrında səhnələşdirilib, 4 ildən sonra isə artıq Böyük
Teatrın səhnəsində nümayiş
etdirilib. Tamaşanın ilk
quruluşlarında baş rolları balet əfsanələri Maya
Plisetskaya və Maris Liepa ifa ediblər.
Fəridə ABDULLAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.6.