Türkdilli ölkələrin media
birliyi:
tarixi zərurətin doğurduğu
reallıq
Azərbaycan
Sovetlər Birliyinin tərkibində olarkən Türkiyə adı gələndə
içimizdən keçən bir giziltini uzun illər, nə
qədər istəsək də, gizlədə billməmişik.
Radio dalğalarında eşitdiyimiz, əlimiz-ünümüzsə
yetməyən xəfif səsləri isə od tutub yanan
ruhumuza “çiləmişik”. Nə yazıq ki, uzanan əllərimizdən
tutan olmayıb! Belə söyləyib babam da, atam da, mən
özüm də! Şükürlər olsun ki, biz bu
yaşantıları artıq çoxdan tarixin silinməz- pozulmaz
yaddaşına həkk etmişik!...
Tarixdən
gələn səslər
Azərbaycana ötən əsrin 90-cı illərində
qədəm basan bir türk oğlunun söylədiyi canlı
xatirə də heç fikrimdən çıxmır: “Bir
çox ölkələrdə çalışsam da, Azərbaycan
mənim üçün çox doğma bir məmləkət
olub, bu diyarı özümə ikinci Vətən bilmişəm.
Maraqlıdır ki, mənim ilk xarici səfərim də Azərbaycana
olub. 1990-cı il Azərbaycanın ən
sıxıntılı dövrü, həm də sovet rejiminin
son illəri idi. Qarabağdan hər gün onlarca şəhid
tabutunun gəldiyi bu günlər təkcə azərbaycanlıların
yox, həm də biz türklərin ən faciəli günləri
idi.
Belə bir
zamanda Ankaradan 75 nəfərlik heyət ilə Azərbaycana gəldik.
Gəncədə, Bakıda
qucaqlaşıb görüşdüyümüz
qardaşlarımızın ağrı-acıları, bir-birinə
qarışan göz yaşlarımız indi də yadımdan çıxmayıb. Bu, uzun illər boyu bir-birinin yolunu gözləyən həsrətli
qardaşların görüşü idi! Onda İstanbul Universitetini
yenicə bitirib, Mədəniyyət
Nazirliyində təzəcə işə
başlamışdım və belə ağır günlərdə
tale mənə Azərbaycana gəlmək
şansı vermişdi”. İllər sonra bu sözləri
söyləyən Türkiyənin Azərbaycandakı Səfirliyinin
mədəniyyət və tanıtım müşaviri
Seyid Əhməd Arslan
düz 20 il sonra Azərbaycana diplomatik
missiya ilə gəldiyini və indi gördüklərini riqqətlə dilə
gətirir:
– Azərbaycanın bugünkü uğurları məni və hər
bir türkü çox fərəhləndirir, xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanın
o günləri ilə indisini
müqayisə etdikcə çox böyük bir qürur duyuram. Ümummilli lider Heydər
Əliyevin “biz bir millət-iki
dövlətik” kəlamı iki ölkənin
münasibətləri haqqında söylənilən ən tutumlu bir düsturdur.
Azərbaycan və Türkiyə haqqında nə
qədər yazılıb- söylənilsə də bu deyimdən yuxarısı yoxdur.
Əslində, böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir”sözləri də ulu
öndərin bu məşhur ifadəsi ilə
tam üst-üstə düşür.
Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi uzaqgörən dahi
olmağın nadirliyi məhz budur! Ortaq kök, dil, din birliyi,
oxşar mədəniyyət, adət və
ənənələr indi hər birimizin həyatında xoşbəxt bir tale yazısı kimi dəyərləndirilir.
Türkiyə
və Azərbaycan öz tarixlərinin ən
mürəkkəb dövrlərində bir-birinə dəstək
olduqlarını artıq dəfələrlə sübut etmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə
Türk Qafqaz İslam Ordusunun Azərbaycana
gəlişi və qanlı müharibələr nəticəsində Bakını xilas etməsi tariximizin təkcə
şanlı səhifəsi yox, həm də
müstəqil yaşamaq
haqqımızın təsdiqi idi.
Şübhəsiz ki, Azərbaycan
xalqı da tarixin ən
kəşməkəşli dönəmlərində türk qardaşlarından əməli köməklərini
əsirgəməyiblər. Türkiyədə Mustafa Kamal Atatürkün
öndərliyi ilə aparılan milli
mücadilə tarixində azərbaycanlıların maddi və mənəvi yardımı
qardaşlıq borcu kimi
qiymətləndirilir .
Azərbaycan
1991-ci ildə özünün müstəqilliyini bərpa edəndən
sonra onun səsinə
səs verib dəstəkləyən ilk dövlət də məhz Türkiyə oldu. 1991-ci il noyabrın
9-da Türkiyə Azərbaycanı müstəqil bir dövlət kimi
tanıdığını bəyan etdi. Təxminən iki ay sonra
1992-ci il yanvar
ayının 14-də Azərbaycan – Türkiyə diplomatik əlaqələri yaradıldı. Məhz
həmin vaxtdan Türkiyənin Azərbaycanda,
1992-ci ilin avqustundan isə
Azərbaycanın Türkiyədə diplomatik
missiyası fəaliyyətə başladı. Diplomatik
münasibətlərin yaradılması iki
ölkə arasında
qarşılıqlı əlaqələrin inkişafında mühüm və geniş
perspektivlər açdı. Türkiyə müstəqil
dövlət quruculuğu yoluna
qədəm qoymuş Azərbaycan
Respublikasının səylərini dəstəklədi, bütün sahələrdə əlaqələrin
inkişafına göstərilən
yardımlarını əsirgəmədi.
Media birliyi ideyası Bakıda gündəmə gəlib
Azərbaycan
Respublikası və Türkiyə Cümhuriyyəti
arasında ortaq türkcənin formalaşması
istiqamətində göstərilən səylər zaman keçdikcə nəinki
aktuallığını itirmir, əksinə,
aidiyyatı institutları fəaliyyətə səsləyir.
Sovet İttifaqının
dağılmasından sonra müstəqillik
əldə edən türk cümhuriyyətləri
o vaxtdan bəri həm
öz ölkələrində, həm də
xaricdə böyük uğurlar
qazanmaqdadırlar. Qardaş ölkələrin
müstəqilliyini hamıdan qabaq
tanıyan Türkiyə Böyük Millət
Məclisinin sədri Cəmil Çiçək söylədiyi
kimi, Türkiyə bu uğurlardan böyük məmnuniyyət
duymaqdadır. Təbii ki,
onların uğurlarını, sadəcə, öz
daxili məsələləri kimi qiymətləndirmək yanlış
olardı. Türk dövlətləri
arasındakı parlamentlərarası əməkdaşlıq
əlaqələrimizin ən yüksək səviyyəyə
yüksəlməsi üçün kifayət
etməz. Siyasi, iqtisadi
və sosial sahədə də geniş əməkdaşlığa ehtiyac var. Televiziyalar, media
ölkələrimiz arasındakı münasibətləri dərinləşdirmək
üçün önəmli imkanlar yaradır, üzv
ölkələr arasında dostluğu,
qardaşlığı, iqtisadi və sosial əməkdaşlığı inkişaf etdirmək üçün
bu imkanlardan istifadə
etmək lazım gələcək.
Bu məsələdə media
birliyi ideyası bir daha diqqəti vacib amil kimi cəlb edir. Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir:
– Media
birliyi ideyası Bakıda - “Azərbaycan və
Türkiyə mediası: bənzərliklər və fərqliliklər”
mövzusunda keçirilmiş
konfranslarda gündəmə gəlib. Bu toplantıların birincisi
2007-ci ildə, digəri isə iki il sonra baş
tutmuşdu. Həmin tədbirlərdə
Azərbaycanın və Türkiyənin nüfuzlu
media qurumlarının rəhbərləri
arasında gedən diskussiyalarda məsələ
ətrafında müxtəlif fikirlər səslənmişdi
– ortaq qəzet, jurnal,
daha sonra internet portalı və nəhayət, təşkilat
yaratmaq. Əlbəttə, sonuncu
özündən əvvəlkiləri də
komplektləşdirmək və dəyərləndirmək
baxımından daha məqsədyönlüdür.
Çünki mövcud
istiqamətdə təşkilatlanmaq media
müstəvisindəki başqa istək və
arzuların da gerçəkləşməsinə
kömək göstərə bilər.
2010-cu il
dekabrın 21-dən 22-dək Ankarada Türkdilli Ölkələrin və
Toplumların I Media Forumu
keçirildi və bununla
da Azərbaycanda irəli sürülən
ideyanın həyata vəsiqə alması istiqamətində ilk addım atılmış oldu.
Forum, eyni zamanda, gələcək birliyin
ali orqanı kimi özünü təsdiqlədi. Toplantıda
qərara alındı ki, Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyi yaradılsın. Bununla
əlaqədar işçi qrup formalaşdırıldı. Qrup ötən müddət ərzində gərgin
fəaliyyət göstərdi. Bir
neçə dəfə toplaşdı. Əlavə
yazışmalar, prosedur məsləhətləşmələr
aparıldı. Nəhayət, birliyin
nizamnaməsi hazırlandı və qəbul edildi.
Vahid informasiya məkanı
Türkdilli Ölkələrin Media
Forumunda Türkdilli
Ölkələrin Media Birliyinin
yaradılması bütün türk dünyasının ictimai-siyasi
həyatında önəmli hadisə oldu.
Bu, təkcə bütün
türk toplumunun informasiya əlaqəsi deyil,
eyni zamanda, cəmiyyətlərin
bütün sahələrdə birlik və əlaqələrin qurulmasında
önəmli faktor kimi
diqqəti cəlb edir. Ankarada Türkdilli
Ölkələrin Media Forumunda
iştirak edən Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşovun
qənaətinə görə, türkdilli
ölkələrin jurnalistləri arasında şəxsi və
peşə münasibətlərinin formalaşması gələcəkdə
ölkələrin vahid informasiya
məkanında təmsilçiliyi üçün
münbit zəmin yaradır. Hesab edirəm ki, əlaqələrin
genişlənməsi onların milli-mənəvi ənənələrini
daha da inkişaf
və təbliğ etdirmək yönündəki fəaliyyətini
əsaslı şəkildə gücləndirəcək.
Tariximizin önəmli ailələrindən birinin, daha doğrusu,
ikisinin – Azəbaycan Xalq
Cümhuriyyətinin qurucularından biri və
Baş naziri olmuş Nəsib bəy Yusifbəyli və
İsmayıl bəy Qaspralı yadigarı və varislərindən
olan Nəsib bəylə Qənirə
Paşayevanın İzmir görüşünü
mətbuat cəmiyyətə
təqdim etdi. Eyni zamanda, mətbuat tariximizə aid
sənəd toplamaqda bizə kömək edin,- müraciəti ilə səslənən
Mətbuat Şurasının komissiya sədri,
deputat Cavanşir Feyziyev mətbuat muzeyinin
yaradılması yönündə prosesin
uğurla davam etdiyini bildirir. Cavanşir müəllimin sözlərinə
görə, Türkiyədə bəzi adamların şəxsi
arxivlərində müstəqillik dövründə və ondan əvvəlki dövrlərdə nəşr
olunmuş çap
nümunələri mövcuddur. Həmin
nüsxələrin, topluların alınıb ölkəmizə
gətirdiyini deyən C.Feyziyev bu işdə onlara
Türkiyə Qəzetçilər Federasiyasının böyük dəstəyi olduğunu
vurğulayıb. Yenə də
mətbuat... Əslində, bu iki nümunə mətbuatın
cəmiyyətdə və ictimai həyatda
mühüm rolunun sadədən
də sadə bir nümünəsi idi. Amma onun
danılmaz və əvəzedilməz rolu
bu gün də öz möhtəşəm yerini
kimə və nəyəsə vermək faktından hələ
ki, çox
uzaqdadır. IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində
çıxışında Avstriya Xəbər
və Mətbuat Agentliyinin baş
icraçı direktoru Peter
Kropş deyir ki, rəqəmsal zəmanəmizdə xəbər
agentlikləri media məkanında və cəmiyyətdə
ənənəvi rolunu qoruyub
saxlamalıdır. Hətta o, xəbər
agentliklərini informasiya
girdabındakı mayaka bənzədir.
Azərbaycanın
paytaxtı Bakıda keçirilən II Media
Forumu türkdilli
ölkə və toplumlar arasında iqtisadi, mədəni əlaqələrin
qurulmasına, onların dünya informasiya məkanına daha
sıx inteqrasiya etməsinə daha bir zəmin yaratdı.
Bu məsələnin önəmli olan bir tərəfi. Daha maraqlı bir məsələ də məkan
baxımından çox önəmlidir: II Media Forumu
Türkiyə, Qazaxıstan, Türkmənistan,
Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti,
Rusiya Federasiyasının Tatarıstan,
Başqırdıstan, Tuva, Saxa-Yakutiya, Kabardin-Balkar,
Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın
Krım Muxtar Vilayətindən,
Moldovanın Qaqauz Muxtar
Ərazisindən, Avropada türklərin
yığcam məskunlaşdığı bölgələrdən
– Bolqarıstan, Yunanıstan, Makedoniya və
Kosovadan təşrif buyuran
nümayəndələrdən ibarət, az
qala, böyük
dünyanın yarısını təşkil edir.
Bu boyük coğrafi
xəritə, fəal fikir mübadiləsi
və türk media birliyinin möhkəmləndirilməsinə
yönələn dəyərli təşəbbüslər təkcə
adi faktlar kimi yadda qalmadı, həm
də tarixi bir
reallığı gündəmə gətirdi və təsdiq
etdi. Nə yaxşı ki, həyata vəsiqə qazanan
türk media birliyinin təşəbbüsü bu gün daha
səmərəli şəkildə inkişaf
etdirilməkdədir.
Bizim əmin olduğumuz və güvəndiyimiz
bir həqiqət isə odur
ki, türkdilli ölkələrin
media birliyi çox mühüm vəzifələrin
həllində və formalaşmasında əvəzsiz xidmətlərini
səbr və təmkinlə ən qısa zamanda
ortaya qoyacaq. Türkdilli ölkələrin
və toplumların media qurumları ortaq tarix, dil,
milli mənsubiyyət və mədəniyyətə
əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsi
istiqamətində səylərini artıracaqdır.
Namiq ƏHMƏDOV
Xalq qəzeti
Məqalə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasının və TİKA-nın Bakı Nümayəndəliyinin “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.5.