Xarici siyasətimizin əsas istiqamətlərindən
biri də
yaxın
qonşularımızla əməkdaşlığın
genişləndirilməsidir
Heydər Əliyev xarici siyasətinin bütün istiqamətləri üzrə mükəmməl nailiyyətlərə imza atan gənc müstəqil Azərbaycan dövləti beynəlxalq təşkilatların hamısında olduğu kimi, Müstəqil Dövlətlər Birliyində də fəaliyyətini uğurla davam etdirir. “Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb”, - deyən Prezident İlham Əliyev əlavə edir ki, biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Yəni, regionda və bütövlükdə, dünyada nüfuzu gündən-günə artan Azərbaycanın dostları və tərəfdaşları da durmadan çoxalır.
Son zamanlar həm ölkəmizdə,
həm də əməkdaşlıq etdiyimiz
beynəlxalq təşkilatların müxtəlif şəhərlərdə
reallaşdırılan çoxsaylı tədbirlərinin
sırasında özünəməxsus yer
tutan MDB Dövlət
Başçıları Şurasının növbəti
iclası da Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
baxımından özünəməxsus əhəmiyyət kəsb
edirdi. Belarusun
paytaxtı Minsk şəhərində
keçirilən həmin toplantıda iştirak
edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev birlik
daxilində ticari-iqtisadi
əlaqələrin yeni impuls
aldığından, ölkələr
arasında siyasi, iqtisadi,
humanitar və digər sahələrdə
sıx əməkdaşlıq və dialoq
yaradılmasından söz
acan həmkarları ilə həmrəy olduğunu söyləyib: “Bu
fikrə mən də şərikəm ki,
MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq,
qarşılıqlı fəaliyyət, regional
və beynəlxalq həyatın aktual məsələlərinin
müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət
saxlayan və mühüm
məsələləri birlikdə həll edən həmkarlar
kimi, bizi narahat edən bütün
məsələləri bu cür
açıq, səmimi şəraitdə müzakirə etməliyik”.
Dövlətimizin
MDB-də iştiraka böyük
əhəmiyyət verdiyini xatırladan Prezident əlavə edib ki, bizim təşkilat çərçivəsində
qarşılıqlı fəaliyyət, əlaqələndirmə,
bir-birimizin problemlərimizi daha yaxşı anlamaq,
habelə digər mühüm məsələləri
həll etmək işində çox uğurlar
qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə
ikitərəfli formatda çox
fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli
əlaqələr bizim təşkilat
çərçivəsində münasibətləri daha da möhkəmləndirir
və biz bundan sonra da ikitərəfli əməkdaşlıq
potensialını artırmağa
çalışacağıq.
Xatırladaq
ki, ulu öndər Heydər Əliyev özündən
əvvəl ölkəmizə rəhbərlik edib
respublikamızı xaos və anarxiya girdabına yuvarladan,
milli iqtisadiyyatımızın tamamilə çökməsinə
bais olan siyasətçilərdən
fərqli olaraq beynəlxalq aləmlə , xüsusən, region ölkələri ilə hərtərəfli əməkdaşlığa böyük önəm verirdi.
Bəzi dövlət başçılarının sərhədləri
bağlayaraq “ölkəni inkişaf
etdirmək” çağırışı, əslində,
ölkəni məhv olmaq mərhələsinə
gətirmişdi. Heydər
Əliyev isə bütün beynəlxalq
təşkilatlar kimi Müstəqil
Dövlətlər Birliyi ilə əməkdaşlığın
da gənc müstəqil dövlətimiz üçün xüsusi
önəm kəsb etdiyini söyləmiş
və bu əməkdaşlığın
təməlini qoymuşdu. Həmin siyasəti daha da uğurla
davam etdirən Prezident
İlham Əliyev Minskdə keçirilən iclasda bir növ
geridə qalan illərdəki fəaliyyətimizə
qiymət verirdi: “İqtisadi
sahədə, investisiyalar sahəsində
yaxşı təcrübəmiz var və
bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə
bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin
yaxınlığında baş verən
hadisələr bizi narahat
edir. Yaxın Şərqdə,
Avropanın bir hissəsində vəziyyət,
əlbəttə, adekvat qiymət verilməsini
tələb edir. Yəqin ki,
hər bir ölkə öz
əməli fəaliyyəti ilə etimad
tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın
gücləndirilməsinə töhfə verməyə
çalışmalıdır”.
Zaman tələb edir ki, istənilən regionda
yaranmış problemin və ya hansısa
anlaşılmazlığın
aradan qaldırılması üçün ilk sözü məhz region
ölkələri deməlidirlər. Artıq
dünyanın hər yerində bilirlər ki,
rəsmi Bakı bu sahədə də
özünəməxsus nümunə göstərir. Ölkəmiz təkcə regionda
deyil, eləcə də dünyanın hər
yerində mövcud olan
problemlərin həllinə töhfələr və ya təkan verməyə daim
hazırdır. Bu məntiq Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü kimi qurumun iclaslarına sədrlik etdiyi
dövrdə özünü daha qabarıq şəkildə göstərmişdi.
Ona görə də Prezident
İlham Əliyevin Minskdəki iclasda söyləməyə sözü
çox idi: “Biz Azərbaycanda regional və
beynəlxalq məsələlərdə öz
rolumuzu belə təsəvvür edirik. Hesab edirik
ki, ölkəmizin yürütdüyü
siyasət risklərin azaldılmasına, vəziyyətin
sabitləşdirilməsinə yönəlib. Əlbəttə,
siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm
rol oynayır. Azərbaycanın MDB məkanında,
habelə regional və ikitərəfli əlaqələr
çərçivəsində irəli sürdüyü
təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın
möhkəmlənməsinə xidmət edir.
Bu fəal əməkdaşlığı
nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı
ölkələrin dövlət
başçılarının Sammiti
çərçivəsində biz Xəzəryanı
dövlətlər arasında nəqliyyat sahəsində
qarşılıqlı fəaliyyət məsələlərini
müzakirə etdik”.
Xüsusilə
vurğulanmalı məqamlardan biri də budur ki, təkcə Minskdə
keçiriləcək iclas ərəfəsində
deyil, ümumiyyətlə, son illər MDB üzvü
olan ölkələrin bir
çoxunun kütləvi informasiya
vasitələrində, eləcə də, Qərbin
ayrı-ayrı dairələrində belə bir
fkir səsləndirilirdi ki,
guya
Müstəqil Dövlətlər Birliyinin
imkanları tükənib və ya bu qurum artıq üzv ölkələr üçün
səmərəsini itirir. Prezident
İlham Əliyev oktyabrın 10-da, Minskdə sübut
etdi ki, Azərbaycanda
həmin məsələ barədə ayrı cür
düşünürlər: “Zənnimcə, MDB məkanında
çox yaxşı imkanlar
var. Onların bir hissəsi
artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar
ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə
bağlayır və əməkdaşlıq, habelə əlavə
mənfəət əldə edilməsi üçün
yeni imkanlar yaradır.
Əlbəttə, Azərbaycan enerji
ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları
ilə bu sahədə əməkdaşlıqda
maraqlıdır”.
Ekspertlər
dönə-dönə vurğulayıblar ki,
bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihənin reallaşdırılması mümkün deyil. Üstəlik,
əlavə edirlər ki, regionda
həyata keçirilən layihələrin böyük
əksəriyyətinin təşəbbüskarı məhz
Azərbaycandır.
Dövlət başçımız Minskdə həmin məsələyə
də əhatəli şəkildə toxundu:
“Hesab edirəm ki, Azərbaycanın
irəli sürdüyü təşəbbüslər
və onun təşəbbüsü ilə
başlanmış layihələr regionun
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
işinə xidmət edir. Bu
sahədə investisiya layihələri,
qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar
var. Ona görə ki, enerji
təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi
məsələləri ilə birbaşa
bağlıdır. Əlbəttə, kifayət qədər enerji ehtiyatları olan
ölkələrin üzərinə öz
tərəfdaşlarının və qonşularının
enerji təhlükəsizliyinin təmin
edilməsi məsələsində daha böyük məsuliyyət düşür”.
Bütün bunlar hamı tərəfindən qəbul edilən faktlar
olsa da, bugünkü Azərbaycan dövləti
dünyanın hər yerində tolerantlığın və
çoxmədəniyyətliliyin ən sabit
və sadiq ünvanı kimi
tanınır. MDB üzvü
olan ölkələrdən birində - qonşu Ermənistanda təkmədəniyyətli,
təkdinli və ən dəhşətlisi - monoetnik
dövlət yaradıldığı bir zamanda Azərbaycan Respublikası bütün dünya
ölkələrinə və xalqlarına çoxmədəniyyətliliyin və
tolerantlığın ən mükəmməl nümunəsi kimi
göstərilir. Dövlət başçımız Minskdə
həmin məqamlardan söz açarkən
daha çox bəlli ünvanlara konkret mesajlar da göndərirdi:
“Biz humanitar əməkdaşlığa
böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər
halda bizim təşkilatın
həyat fəaliyyətinin əsasıdır. Bir
neçə gün bundan
əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin forumda
bizim ölkələrin nümayəndələri
ilə yanaşı, 60-dan çox ölkənin
təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq,
sivilizasiyaların dialoqu, multikulturalizm
ilə bağlı humanitar əməkdaşlıq
məsələləri çox
aktualdır.
Zənnimcə,
ölkələrimizin müsbət təcrübəsi
göstərir ki, multikultural
cəmiyyət inkişafın yeganə yoludur.
Dünya ölkələrinin mütləq
əksəriyyəti çoxkonfessiyalı, çoxlu
millətlərin nümayəndələrinin
yaşadığı ölkələrdir. Monoetnik
ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq,
müxtəlif konfessiyaların və etnik
qrupların nümayəndələri arasında
qarşılıqlı anlaşma hər bir ölkə, hər bir
ölkənin milli həmrəyliyi, habelə
bizim əməkdaşlığımız
üçün vacibdir.
Çünki bizim təşkilat
çərçivəsində tarixləri, mədəniyyətləri,
dinləri müxtəlif olan ölkələr
təmsil olunub və bizi
ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir”.
Azərbaycan
Prezidenti üzv ölkələrin dövlət
başçılarını MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübədən
bütövlükdə mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqla bağlı
problemlərin həlli üçün
istifadə etməyə çağırmaqla yanaşı, əlavə
etdi ki, biz bundan sonra
da MDB-nin işində fəal
iştirakımızı davam etdirəcəyik.
Dövlət
başçılarının tədbir çərçivəsində 1941-1945-ci illər Böyük
Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd
olunması istiqamətində işlərin davam
etdirilməsi, MDB çərçivəsində
əməkdaşlığın və dostluq
əlaqələrinin bundan sonra daha
da inkişafına zəmin yaradılması ,
2016-cı ilin birlik
çərçivəsində “Təhsil ili”
elan olunması,
eləcə də qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində
əməkdaşlıq məsələlərinə dair razılığa gəlməsi region ölkələrinin hamısı kimi, Azərbaycan üçün
də əhəmiyyət kəsb edirdi.
Odur ki, ölkə vətəndaşları
respublikamızın MDB-dəki fəaliyyətini yüksək
qiymətləndirir və dəstəkləyirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.1.