Avropa Qonşuluq Siyasətində
Azərbaycan:
əməkdaşlıq və onun yeni üfüqləri
Bu gün müstəqil Azərbaycanla Avropanın mötəbər qurumları arasında əməkdaşlıq yüksək ideallara və prinsiplərə söykənir. Bu prinsiplərin arasında Avropaya mədəni, elmi-texniki inteqrasiya əsas yer tutur. Xüsusi olaraq qeyd etməliyik ki, Qərbin üst qurumları ilə əməkdaşlığımızda Avropa İttifaqı ilə münasibətlər böyük əhəmiyyət kəsb edir. Çünki, Avropa İttifaqı hazırda dünyanın aparıcı qütbü kimi həm siyasi, həm də iqtisadi və mədəni dominantlığa malikdir. Azərbaycan isə Avropanın əksər inkişaf etmiş dövlətlərinin birləşdiyi bu mötəbər qurumla əlaqələrini hər zaman inkişaf etdirmək niyyətində olub və bu gün də həmin siyasət davam edir. Bu əməkdaşlığa töhfə verən əsas amillərdən biri də Avropa Qonşuluq (AQS) Siyasətidir.
Avropa Qonşuluq Siyasəti (AQS) Avropa İttifaqının (AB) genişləndirilməsi
kontekstində 2004-cü ildə Avropa
İttifaqı və onun qonşuları
arasında yeni bölücü
xətlərin yaranmasının qarşısını almaq və bunun əvəzində
həmin prosesə maraq göstərən
bütün tərəflərin sabitliyi, təhlükəsizliyi
və rifahını möhkəmləndirmək məqsədilə
hazırlanmışdır. Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə
(AQS) daxil etmək haqqında Aİ
Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli
əməkdaşlıqda irəliyə doğru
mühüm addım olmuşdur.
AQS-nin əsas
məqsədi genişlənən Avropa Birliyi qonşuluğu vasitəsilə
qanunun aliliyinə, sabit
demokratiya və maddi
rifaha–təhlükəsizliyə, sabitliyə və
firavanlığa imkan yaratmaq,
bu sahədə Aİ və onun qonşularının
qarşılıqlı marağını təmin etməkdir.
Bu
baxımdan, AQS çərçivəsində əməkdaşlıq
Qarabağ münaqişəsinin həlli,
demokratiyanın azad seçkilər
keçirməklə möhkəmləndirilməsi,
insanların hüquq və
azadlıqlarının qorunması, korrupsiya
ilə mübarizə yoluyla sərmayə
və biznes sahəsinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı, iqtisadiyyatın diversifikasıyası və
digər bu kimi məsələlərin
həllinə müsbət təsir edə bilər.
Avropa Qonşuluq
Siyasətinin
dəstəklədiyi faktorlar
Əvvəla, AQS tərəfdaş
ölkələrində demokratiya və düzgün idarəçiliyin qüvvətləndirilməsinə
yardım edir, Avropa
İttifaqı ilə insan hüquqları
sahəsində dialoqu dəstəkləyir.
Sonra tərəfdaş ölkələrdə
sahibkarlıq və sərmayə üçün
əlverişli mühitin dəstəklənməsi daxil olmaqla iqtisadi,
bazar və tənzimləyici islahatları
təşviq edir. Qlobal
ticarət sisteminə inteqrasiya etməkdə
tərəfdaş ölkələrə yardım etməklə,
regionda və Avropa
İttifaqı ilə ticarəti təşviq edir.
AQS iqtisadi və sosial
inkişafı dəstəkləyir, yoxsulluğa
qarşı mübarizə aparır. Ədliyyə sahəsində
islahatlar daxil olmaqla, tərəfdaş ölkələrlə
və onlar arasında ədliyyə,
azadlıq və təhlükəsizlik sahəsində əməkdaşlığı
artırır. Bundan əlavə qanunsuz miqrasiya ilə
mübarizə aparmaqda tərtəfdaş
ölkələrlə və onlar
arasında əməkdaşlığı təşviq edir, eyni zamanda
qanuni miqrantların həyatını
yaxşılaşdırır. Nəqliyyat, enerji,
telekommunikasiya və tədqiqat sahələrində
tərəfdaş ölkələr arasında və Avropa İttifaqı ilə əməkdaşlığı
artırır, ətraf mühit sahəsində
əməkdaşlığı gücləndirir. AQS həmçinin
münaqişələrin qarşısını almaq və böhran vəziyyətindən
çıxmaq üçün regionda və Avropa Birliyi ilə birgə işləyir.
AQS-də
Avropa Birliyinin
genişləndirilməsi nəzərdə tutulmur
və AB-yə üzv olmaq
perspektivi təmin edilmir.
İlk olaraq, AQS AB-nin bilavasitə qonşularına, yəni
Əlcəzair, Belarus, Misir,
İsrail, İordaniya,
Livan, Liviya, Moldova, Mərakeş, Fələstin Muxtariyyəti,
Suriya, Tunis və Ukraynaya tətbiq edilmək üçün
nəzərdə tutulmuşdu. 2004-cü ildə həmin
ölkələrin siyahısı genişləndirilmiş və
həmin siyahıya hazırda AB-yə üzv
olmağa namizəd olan
ölkələrlə, yəni Bolqarıstan, Rumıniya və
Türkiyə ilə həm dəniz, həm də quru sərhədini paylaşan
Cənubi Qafqaz ölkələri də
(Azərbaycan, Gürcüstan və Ermənistan) daxildir.
Rusiyanın AB-nin qonşusu
olmasına baxmayaraq, bizim
əlaqələrimiz dörd “ümumi sahəni” əhatə edən Strateji Tərəfdaşlıq vasitəsilə
inkişaf etdirilir.
AQS-nin Azərbaycan
üçün
yaratdığı imkanlar
Siyasi, iqtisadi və inzibati islahatların həyata
keçirilməsi və birgə dəyərlərə
hörmət edilməsində konkret irəliləyişə
nail olunması müqabilində Aİ-nin daxili bazarında
müəyyən paya sahib olma imkanı; – vətəndaşların,
əmtəələrin, xidmətlərin və kapitalın sərbəst
dövriyyəsini təmin etmək məqsədilə gələcək
inteqrasiya və liberalizasiya proseslərində iştirak; -
Aİ üzv ölkələri ilə daha səmərəli
siyasi dialoq və əməkdaşlıq, güzəştli
ticarət əlaqələri və açıq bazar,
miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla
mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin
təşviqi, yeni maliyyə mənbələrinin əldə
edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına
üzv olmasının dəstəklənməsi və s. Həmçinin,
AQS tərəfdaş ölkələr, o cümlədən
Azərbaycan Respublikası üçün mədəni, təhsil
və ətraf mühit kimi sahələr üzrə əlaqələri
təşviq edən müəyyən Aİ proqramlarında
daha çox iştirak və texniki yardım imkanları təqdim
etmişdir. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və
Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində
Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi
(TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus
kimi proqramlar qeyd oluna bilər. AQS Strategiya Sənədinə əsasən,
Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini
yaxın gələcək üçün tənzimləyən
əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik
müddət üçün nəzərdə tutulan bu sənədlər
hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən
qarşılıqlı dəyər və maraqlar nəzərə
alınaraq hazırlanmışdır.
Şərq tərəfdaşlığı
Ölkəmizin
Avropaya inteqrasiyasını şərtləndirən
əsas amillərdən biri də 2009-cu ilin may ayında Azərbaycanın
Şərq Tərəfdaşlığındakı
iştirakı ilə bu istiqamətdə daha bir addımın
atılmasıdır. “Şərq tərəfdaşlığı”
Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan,
Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Avropa Birliyi başqa ölkələrlə
daim xüsusi
münasibətlər qurmağa
çalışır, üzv qəbul edə
bilmədiyi dövlətlərlə münasibətləri
yardımçı vasitələrlə tənzimləməyə
üstünlük verir.
AQS ilə yanaşı Şərq tərəfdaşlığı
da Avropanın yaxınlığında olan ölkələrin onun
standartlarına uyğunlaşdırılmasına
hesablanmışdır. Bəzi ekspertlər hətta, Şərq
Tərəfdaşlığı Proqramını Qonşuluq Siyasəti Proqramından daha üstün layihə hesab edirlər. Qonşuluq
siyasətinə onlarca dövlət daxildir və bəzən bu
çərçivədə əməkdaşlıq simvolik xarakter
daşıyır. Avropa Birliyi
“5+1” qrupuna daxil olan dövlətləri irəli çəkməklə
onlarla daha sıx əməkdaşlığa
cəlb etdiyini düşünür.
Avropa Birliyinin liderləri
Şərq Tərəfdaşlığı Proqramı
çərçivəsində “5+1” məkanında
islahatların sürətlənəcəyinə və quruma daha çox
yaxınlaşacağına inanırlar. Avropa
Birliyi Şərq Tərəfdaşlığı
Proqramına daxil olan
ölkələr üçün viza rejiminin
yumşaldılmasını, ticarət məhdudiyyətlərinin
aradan qaldırılmasını və enerji əməkdaşlığını
genişləndirməyi nəzərdə tutub.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik
Təbii Qaz Boru Kəməri
layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın
gözəl nümunələrindəndir.
Əslində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin son 10 il ərzində Avropa
Komissiyasına həyata keçirdiyi mütəmadi səfərlər,
habelə Avropa İttifaqı Şurası və Avropa
Komissiyası prezidentlərinin Azərbaycana səfərləri
bu münasibətlərin inkişafına böyük təkan
vermiş, bərabərhüquqlu və
qarşılıqlı hörmət üzərində
qurulmuş səmərəli əməkdaşlığı
təşviq etmişdir.
Bu gün Azərbaycan ilə Avropa
İttifaqı arasında gələcək əməkdaşlıq
perspektivlərinin müzakirəsi üçün geniş
dialoq məkanı mövcuddur. Prezident İlham Əliyev dəfələrlə
bildirmişdir ki, Avropa İttifaqı və Avropanın digər
üst qurumları və təsisatları ilə əlaqələr
Azərbaycan üçün prioritetdir. İstər Avropa
Qonşuluq Siyasəti istərsə də, Şərq Tərəfdaşlığı
Təşəbbüsünün müxtəlif platforma və
panelləri, Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi çərçivəsində Əməkdaşlıq
Şurası, Parlamentlərarası Əməkdaşlıq
Komitəsi, AVRONEST və digər təsisatlar çərçivəsində
mütəmadi görüşlər keçirilir, Avropa
Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı
Təşəbbüsünün mövcud vəziyyəti onu
deməyə əsas verir ki, tərəflər arasında
hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq
imkanları, Avropa İttifaqının müxtəlif
yardım proqramları müzakirə edilir. Bundan başqa,
hazırda müvafiq dövlət qurumları tərəfindən
Avropa İttifaqı ilə Assosiasiya Sazişi, Vahid Aviasiya Məkanı
Sazişi və ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı
üçün yeni imkanlar yaradan Müasirləşmə
üzrə Strateji Tərəfdaşlıq Sənədi
üzrə danışıqlar aparılır. Bu gün beynəlxalq
təşkilatlara üzvlük, dünyada mövcud olan təhlükələrə
qarşı birgə fəaliyyət, bir sıra iqtisadi layihələrin,
o cümlədən Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması,
Bakı-Tbilisi-Qars və digər layihələrin həyata
keçirilməsi istiqamətində əldə edilən
uğurlar da onu göstərir ki, Azərbaycan artıq Qərb
sivilizasiyasına qoşulmaqdadır. Bu, bütün sahələrdə, eyni zamanda, mədəniyyət
və təhsildə də özünü
göstərir. Mədəniyyət və təhsil sahəsində
UNESCO ilə əməkdaşlıq, Azərbaycan təhsilinin
Bolonya prosesinə qoşulması bunun bariz nümunəsidir.
Beləliklə, Avropaya inteqrasiya Azərbaycanın
könüllü və məntiqi olaraq seçdiyi yoldur. Bu yol Qərb sivilizasiyasına
yaxınlaşmaq və Azərbaycana tətbiq etmək, ölkəmizi
dünyanın aparıcı qütbündə layiqincə təmsil
etmək və dünyanın ən inkişaf
etmiş ölkələrinin səviyyəsinə
yüksəltməkdən ibarətdir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.1.