Turizmin inkişafı Azərbaycanın
mühüm strateji hədəflərindəndir
Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, hər şeydən əvvəl, çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Həm də Azərbaycan nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir. Yer kürəsindəki 11 iqlim qurşağından 9-u burada mövcuddur.
Zəngin tarixə və
qədim mədəniyyətə malik olan ölkəmizin ərazisində 6 mindən
artıq tarixi memarlıq abidəsi var. Bu abidələrə ibtidai
insanların Qobustan
mağaralarındakı (Bakıdan 60 km qərbdə)
qayaüstü rəsmlərini, İslamaqədərki
dövrün mərasim tikililəri – atəşpərəstlik
məbədlərini, qüllələrini, dağların zirvəsindəki
alban kilsələrini və ibadətgahlarını,
möhtəşəm qala
divarlarını, habelə geniş
karvansaraları, İslam mədəniyyəti
dövrünün əzəmətli
saraylarını, memorial ayin
yerlərini və digər tikililəri misal
göstərmək olar. Bunlar
hamısı ölkəmizdə turizmin
inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycanda mütəşəkkil
turizmin tarixi 1908-ci ilə
təsadüf etsə də, 1983-cü il turizmin inkişafında ən yddaqalan
il olmuşdur. Həmin il o
vaxt SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini
olan ulu öndər
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə Xəzərin Azərbaycan sahillərində ittifaq əhəmiyyətli kurort
zonasının yaradılması barədə müvafiq
qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan
Respublikası Nazirlər Sovetinin
1984-cü il 2 oktyabr tarixli, 381 saylı qərarına əsasən,
Azərbaycan Respublikasında 2000-ci ilə qədər turizmin inkişaf sxemi qəbul olunmuşdur.
Lakin 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində
və onun ətrafında baş
verən hadisələr nəticəsində Azərbaycana gələn
daxili və xarici
turistlərin axını xeyli
azalmışdır. Respublika hökumətinin
qərarı ilə 1988-ci ilin
dekabrında Ermənistandan qovulmuş azərbaycanlılar
respublikanın turist bazalarında yerləşdirildi.
Müstəqillik
dövründə dövlətimizin qayğısı sayəsində
turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrildi. Bu sahədə
qəbul edilmiş dövlət
proqramları, davamlı olaraq həyata
keçirilən tədbirlər bu
inkişafı sərtləndirən əsas amillərdəndir.
Turizmə dair dövlət
proqramının həyata keçirilməsi nəticəsində
bu sahənin inkişafı üçün münbit
şərait yaradılmış, beynəlxalq turizm
bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuş, milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəlmişdir. 2002-ci ildə
ölkə iqtisadiyyatı turizmdən 432 milyon
manat gəlir götürdüyü
halda, 2009-cu ildə bu
rəqəm 1 milyard 122 milyon
manata yüksəlmişdi.
Turizm sektorunun
dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə çevrilməsinə nail olmaq üçün
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı” qəbul olundu. Sənədə əsasən, respublikamızda
yüksək iqtisadi, sosial
və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin
formalaşdırılması və iqtisadiyyatın əsas inkişaf sahələrindən birinə
çevrilməsini təmin etmək nəzərdə tutulurdu. Eyni zamanda, ölkədə turizm infrastrukturunun
yüksək beynəlxalq tələblər səviyyəsində
qurulması, daxili və xarici
investisiyaların bu sahəyə cəlb
edilməsi, turizm sektorunda
xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə
bağlı kompleks tədbirlərin həyata
keçirilməsi Dövlət Proqramının əsas
prioritetlərini təşkil edirdi. Heç təsadüfi deyil
ki, 2011-ci ili Prezident İlham Əliyev
ölkədə “Turizm ili”
elan etmişdi. Həmin
il həyata keçirilən
genişmiqyaslı tədbirlər bu sahənin
inkişafına böyük stimul verdi.
Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin təbii-coğrafi
mövqedə yerləşməsi, zəngin flora
və faunası, gözəl təbiəti ilə şərtlənir.
Eyni zamanda, son illərdə
bölgələrdə müasir tələblərə
cavab verən istirahət mərkəzlərinin,
hotellərin inşası, yol - nəqliyyat
infrastrukturunun yaradılması həm xarici, həm də yerli
turistlərin bölgələrimizə marağını
artırıb.
Bu gün Azərbaycanın
rayonlarındakı turizm marşrutları
üzərində müxtəlif layihələr həyata keçirilir, həmin layihələr çərçivəsində
bölgələrimiz beynəlxalq səviyyədə təbliğ
olunur. Bu sırada “Böyük İpək yolu”,
“Şərab yolu”,
“Xalçaçılıq”, “Aleksandr Düma Qafqazda” və “Azərbaycanda
alman məskənləri” layihələrini
qeyd etmək olar. Bu gün Azərbaycanda xüsusi turist
marşrutları müəyyənləşdirilib. Bunlar Bakı-Xaçmaz, Bakı-Balakən,
Bakı-Astara əsas,
Bakı-Abşeron, Bakı-Dağlıq Qarabağ,
Bakı-Naxçıvan əlavə marşrutlardır.
Dünya turizm məkanına
uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq
əlaqələrini genişləndirən Azərbaycan
2013-cü ilin avqustunda
daha bir nailiyyətə
imza atmışdır. Afrikanın Zambiya və Zimbabve
respublikalarının birgə təşkilatçılığı
ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının
(UNWTO) XX Baş Assambleyasında Azərbaycan
qurumun icraiyyə şurasının üzvü seçilmişdir.
Avropa qitəsinin 4 dövləti (Azərbaycan,
Almaniya, Serbiya və
Bolqarıstan) sırasından Azərbaycanın üzvlüyü 25 səslə birinci olaraq seçilmişdir.
Azərbaycanda
keçirilən beynəlxalq tədbirlər turizmin
inkişafına öz müsbət təsirini
göstərir. Bakı şəhərində keçirilmiş
Ümumdünya Mədəniyyətlərarası
Dialoq, Beynəlxalq Humanitar
forumları və s. buna
misal göstərmək olar.
Bu tədbirlərin keçirildiyi
vaxtlarda qonaqların asudə
vaxtlarının səmərəli təşkili məqsədilə
Bakıda təşkil olunan “Şəhər
turu” (CityTour) layihələri
iştirakçıların böyük
marağına səbəb olmuşdur.
Dövlət
Proqramı çərçivəsində ölkəmizin turizm potensialı Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya, İspaniya, Polşa, Ukrayna, Türkiyə və digər ölkələrdə
keçirilən beynəlxalq turizm sərgilərində
icarəyə götürülmüş
pavilyonlarda müxtəlif dillərdə
hazırlanmış çap məhsulları
vasitəsilə təbliğ
olunmuşdur.
Artıq ölkəmizin
bu sahədəki uğurları beynəlxalq
təşkilatlar tərəfindən qiymətləndirilir və
dəstəklənir. Azərbaycanın turizm
imkanları “LaRepublica” və “Messaggero” qəzetlərində, “Business Year” və “ABTA”
jurnallarında təbliğ olunmuşdur. Bu dövr ərzində
ölkəmizin turizm potensialını əks
etdirən reklam çarxları “CNN”, “Euronews”, “TV5 Monde”, “Rossiya 2”, “Moya planeta” telekanallarında nümayiş
olunmuşdur. Ölkəmizdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
“Tvinniq” layihəsinin icrasına
başlanılmışdır. Bu il də layihənin icrası davam
etdirilmişdir. Təkcə ötən ilin yekunları belə bir
qəti fikir söyləməyə əsas
verir ki, ötən
illərdə olduğu kimi,
2014-cü ildə də Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət
mərkəzindədir.
Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə İsmayıllı Rayon
Mədəniyyət və Turizm
Şöbəsi, Lahıc İnformasiya Mərkəzi,
AMEA-nın Folklor İnstitutu,
“Millennium Turizm Kongress” turizm şirkəti
tərəfindən “Qırx otaq əfsanələri”
və “Fit dağ əfsanələri”
adlı mədəni və ekoturizm marşrutları üzrə
turizm şirkətlərinin və KİV-in nümayəndələrinin
iştirakı ilə infoturlar keçirilmiş və marşrutlar
pasportlaşdırılmışdır. Şahdağ
Turizm Kompleksi dünyada analoqu olmayan turizm obyektlərindəndir.
Ölkə Prezidenti dəfələrlə
burada olmuş, bu kompleksin tikintisinə
şəxsən nəzarət etmişdir.
Hazırda buraya dünyanın hər
yerindən turistlərin axını davam
etməkdədir.
Turizm sahəsində qazanılan nailiyyətlərdən biri də xarici ölkələrlə
turizm əlaqələri qurulması
istiqamətində aparılan işlərin miqyasının
genişlənməsidir. İkitərəfli və çoxtərəfli
əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir.
Çoxtərəfli əməkdaşlıq münasibətlərinin
qurulması və inkişaf etdirilməsinin
turizm siyasətinin prioritet
istiqamətlərindən biri olduğunu nəzərə alaraq
Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam
Konfransı Təşkilatı (İKT), Müstəqil
Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QDİƏT), İqtisadi Əməkdaşlıq
Təşkilatı (İƏT) və s.
beynəlxalq təşkilatlarla turizm sahəsində
əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal
iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin
hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində
səmərəli və mühüm fəaliyyətini
davam etdirir.
Bakıda ənənəvi
olaraq keçirilən “AİTF”- Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi bu sahədə atılan uğurlu addımlardan biridir.
Bu sərgilərdə müxtəlif
ölkələrin milli stendləri
yaradılır ki, burada
hər bir ölkə öz
turizm potensialını təqdim edir. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr,
Çexiya, Birləşmiş Ərəb
Əmirlikləri, Sloveniya və Misir kimi dövlətlər
vardır. Fransa, Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Krım Muxtar Respublikası, Tailand
və Tunisin də milli
qrupları son dəfə keçirilən
sərgiyə qatılmışlar.
Mədəniyyət və
Turizm Nazirliyi bu il 20-yə yaxın beynəlxalq
turizm sərgisində iştirak
etməyi planlaşdırmış, artıq onların böyük bir qismində
iştirak etmiş və
Azərbaycanı geniş miqyasda
təbliğ etmək mümkün olmuşdur.
Qazanılan nailiyyətlərdən
bəhs edərkən bu sahədə kadr hazırlığı məsələsinə
də diqqət çəkmək lazımdır. Azərbaycan
Turizm İnstitutunun
yaradılması bu problemin
həllində əhəmiyyətli rol
oynamışdır. Bu sahədə orta ixtisas, texniki
peşə təhsili müəssisələrinin
yaradılması son dövrün
nailiyyətlərindəndir. Artıq Azərbaycanın turizm obyektlərində və hotellərdə
ixtisaslı kadrlar turistlərə xidmət
göstərirlər.
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkəmizdə
turizmin inkişafı sahəsində
qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən geniş
şəkildə bəhs
olunmuşdur. İclasdakı yekun nitqində cənab Prezident
İlham Əliyev demişdir:
“Turizmin inkişafı sürətlə gedir, bu ilin
təcrübəsi onu göstərir. Bu il bir
neçə gözəl, müasir otel istifadəyə verilmişdir.
Bölgələrdə turizm imkanları
genişlənir. İndi bölgələrdə
beşulduzlu otellər açılır.
Mən o açılışların
hamısında şəxsən iştirak
edirəm və hesab edirəm ki, burada böyük
potensial var. Biz xarici turistlərin cəlb
edilməsi üçün daha da fəal işləməliyik”.
İlk növbədə dünya
sahəsində öndə gedən ölkələrin təcrübəsindən
istifadə olunmalıdır. Bunun üçün Azərbaycanın böyük imkanları vardır. Ölkəmiz
Ümumdünya Turizm
Təşkilatının üzvüdür,
turizmlə bağlı təşkilatın əksər tədbirlərində
fəal iştirak edir.
Həmin təşkilata üzv dövlətlərlə
mütəmadi əlaqələr qurulur. Eyni zamanda, Mədəniyyət
və Turizm Nazirliyi
qabaqcıl təcrübəyə malik olan ölkələrlə ikitərəfli
münasibətlərin yaradılması üçün
də imkanlar yaradır.
Turizm ölkəmizdə ildən-ilə inkişaf edir. Bu sahədə qəbul olunmuş
yeni Dövlət Proqramı
(2014-2016-cı illər) yeni hədəfləri
müəyyənləşdirmişdir.
Bütün bu nailiyyətlərlə
yanası, turizm sahəsində bəzi
problemlər hələ də öz həllini
gözləyir. Ekspertlərin fikrincə, xarici
turistlərin ölkəyə cəlb edilməsi üçün Azərbaycanda bir
sıra kompleks tədbirlər həyata
keçirilməlidir. Belə ki,
ilk növbədə mövcud
qiymət və tariflər turistlər üçün
optimal həddə endirilməli, yeni çarter aviareysləri
açılmalı, əlavə investisiyalar
yatırılmalıdır və s.
Ölkənin turizm potensialından hələ
də kifayət qədər istifadə olunmur.
Sahibkarların bu sektordakı
imkanlarından tam istifadə edilməsinə
diqqət artırılmalıdır. Dini
ziyarətgahlara turizm səfərlərinin
təşkili də nəzərdən
qaçırılmamalıdır. Xidmət səviyyəsinin
daha da yüksəldilməsi
üçün tədbirlər
görülməlidir.
Azərbaycanda turizm inkişafının hədəflərindən
biri turistlərin sayının 5 milyon nəfərə çatdırılmasıdır.
Bunun üçün
turizmlə əlaqədar bütün təçkilatların
koordinasiyalı şəkildə fəaliyyəti vacibdir.
Qəbul olunmuş yeni dövlət proqramı, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlər bu hədəflərə çatmaq üçün geniş imkanlar yaradacaq, Azərbaycan yaxın gələcəkdə inkişaf etmiş turizm ölkəsinə çevriləcək.
Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.5.