ASTARA: əhali ilə səyyar
görüşlər
problemlərin həllinə müsbət təsir
göstərir
Yerlərdə əhali ilə işgüzar görüşlər keçirilməsi idarəetmə sisteminin mühüm tərkib hissəsinə çevrilib. Bu, daxili siyasətdə insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verildiyini bir daha sübut edir. Fərəhlidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bu gözəl ənənə respublikamızın rayonlarında ardıcıl davam etdirilir, kənd və qəsəbələrdə müntəzəm şəkildə səyyar görüş və qəbullar təşkil olunur.
Astara rayon rəhbərliyi
də mühüm amili daim diqqətdə
saxlayır. Sakinlərlə sıx ünsiyyət qurmağa,
qarşılıqlı etimad körpüsü yaratmağa
çalışır və buna nail ola bilir. İcra hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin il ərzində
yerlərdə 50-60 görüşü keçirilir. Bu isə
hər həftəyə azı bir görüş deməkdir.
Hər il belə tədbirlərə 10 mindən çox vətəndaş
qatılır, müxtəlif məsələlər
qaldırılır və əksərən də həllini
tapır. Rayonun ağsaqqalları, gəncləri,
ictimai fəal qadınları, sahibkarları və xidmət
sahələrinin təmsilçiləri ilə
görüşləri, icra hakimiyyəti aparatındakı fərdi
qəbulları da bu sıraya əlavə etsək, ünsiyyətin
daha əhatəli xarakter daşıdığı
aydınlaşar.
Görüşlər
zamanı adamları narahat edən məsələlərin
öyrənilib həll olunması uğurlu fəaliyyətə
təminat verir. Qaldırılan məsələlər cari və
perspektiv iş planlarına salınır, ciddi nəzarətdə
saxlanır, tapşırıqlar vaxtında icra olunur. Başqa
sözlə, real həyatın nəbzi tutulur və vacib məsələlərin
həlli sürətlənir.
Rayonda həyata
keçirilən abadlıq-quruculuq işlərinin
böyük bir qismi məhz yerlərdə əhali ilə
keçirilən görüşlər zamanı səslənən
təkliflərin əks-sədası sayıla bilər.
İcra başçısı görüşlərə
inzibati orqanların, idarə və təşkilatların rəhbərləri ilə bərabər getdiyi
üçün qaldırılan şəxsi məsələlər
dərhal həll edilir. Adamlarsa daha çox toplumu narahat edən
problemləri qaldırır, el-obanın növrağı
üçün təkliflər verirlər.
Astaranın
hazırkı rəhbərliyi hər bir yaşayış məntəqəsində
dəfələrlə səyyar qəbul və
görüşlər keçirib. Deməli, ondan ötrü
hər növbəti görüş həm də daha öncə
qaldırılmış məsələlərin həlli ilə
bağlı hesabat xarakteri daşıyır.
Əgər verilən vədlər
yerinə yetirilibsə, nəticəyə nail olunubsa, bir daha həmin
ünvana könül rahatlığı ilə getmək olar.
Ötən ilin
iyulunda Prezident İlham Əliyev “Astara rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında” sərəncam imzalayıb. Həmin sərəncamla 45 yaşayış məntəqəsini
birləşdirən
Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə
və Siyaku-Rinə avtomobil yollarının çəkilməsi
üçün 3,3 milyon manat vəsait ayrılıb və
qısa müddətdə 17,5 kilometrlik yolun asfaltlaşdırılması
başa çatdırılıb. Prezidentin 2013-cü
ilin sentyabrında həmin yolun açılışında
şəxsən iştirak etməsi rayon ictimaiyyətini hədsiz
sevindirib.
Dövlət
başçısı sözügedən yolun, mərkəzi
xəstəxananın yeni şöbələrinin, sərhədçilər
üçün evin və Ərçivan qəsəbəsində
boks kompleksinin açılışlarında iştirak edib.
Rayon ictimaiyyəti ilə görüşü zamanı
Astarada görülən işlərdən
razılığını bildirib.
Səfərdən
sonra Prezident imzaladığı növbəti sərəncamları
ilə Astaranın sosial-iqtisadi inkişafını sürətləndirmək
məqsədilə 2 milyon manat və 12 min əhalinin
yaşadığı 21 yaşayış məntəqəsini
birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun
tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat ayırıb. Beləliklə, son
illərdə Astaranın inkişafı ilə əlaqədar
imzalanmış 10 sərəncamla rayona ayrılan vəsaitlər
hesabına bu rayon ölkəmizin ən gözəl, abad
guşələrindən birinə çevrilib.
Rayonun qaz təchizatının
yaxşılaşdırılması üçün xeyli təmir-bərpa
işi aparılıb, elektrik təsərrüfatı qaydaya
salınıb.
Görüşlər və qəbullar
davam edir. Müraciətlərin heç
biri diqqətdən kənarda qalmır. Sözü
eşidilən, ümidi doğrulan, pənah ünvanından
razı qayıdan adamlar çoxdur. Onların
evlərinin təmirinə, digər sosial problemlərinin
çözümünə həssaslıqla
yanaşılır. Dekabr və may aylarında Kakalos kəndində,
həmçinin Siyaku
nümayəndəliyinin Sığaloni, eləcə
də Deqədi, Anboba kəndlərində, Kijəbə qəsəbəsi
inzibati ərazi dairəsi nümayəndəliyinin Tüləküvan
kəndində keçirilən görüşlər hər
kəsə unudulmaz təsir bağışlayıb.
...Apreldə Deqədidə camaata söz
verən icra başçısının iyunda burada çəkilən
yola asfalt örtüyün döşənməsi münasibətilə
keçirilən tədbirə gəlməsi hamını
sevindirdi. Burada Prezidentin
tapşırığı ilə başlanan işlərin
hazırlıq mərhələsinin sonunda yola asfalt
salınması əsl bayram ovqatı yaratmışdı.
21 kilometrlik yolun genişləndirilməsi,
qayaların yarılması, nəhayət, asfalt işləri
arzunun reallığa çevrilməsi, adamların
rahatlığının təminatı idi.
Ağkörpü tərəfdə düzənlənən
toplantıda çıxış edənlər onlara böyük
sevinc yaşatmış dövlətimizin
başçısına səmimi minnətdarlıq
duyğularını ifadə etdilər.
Həmin gün icra
başçısının ən ucqar dağlıq ərazidə
yerləşən Lomin kəndində də əhali ilə
görüşü oldu. İllərdən
bəri həsrətində olduqları avtomobil yolunun
tikintisini tarixi hadisə sayan sakinlər bir daha
razılıqlarını çatdırdılar.
İcra başçısı dedi ki, möhtərəm
Prezidentimizin uğurlu siyasətinin nəticəsində
ölkəmiz başdan-başa abadlaşır. Astara
da bu yürüşün önündə gedir. Rayonda abadlıq və quruculuq işləri geniş
vüsət alır. Hətta ən ucqar dağ kəndlərinə
belə rahat yollar çəkilir, yeni məktəblər inşa edilir. Yaxın
gələcəkdə Siyaku-Toradi avtomobil yolunda da tikinti
işlərinə başlanacaq.
İyul ayında Səncərədi
inzibati ərazisinin Züngüləş kəndində, eləcə
də Suparibağda keçirilən görüşlər də
bu yaşayış məntəqələrinin həyatında
əlamətdar tədbirlərlə müşayiət olunub.
Digər
dağlıq ərazilərdə də vaxtaşırı
görüşlər təşkil edilib. 8000 nəfər
əhalisi, 2000 təsərrüfatı olan, 24 para kənddən
ibarət Siyaku inzibati ərazi dairəsində Qəzənfər
Ağayev növbəti dəfə Həsın, Siyakeş,
Şağlazüzə və Şıxəməhəllə
kənd sakinləri ilə görüşdü. Bu kəndlərdə
sakinlərin əsas məşğuliyyəti heyvandarlıq,
sitrusçuluq və arıçılıqdır. Görülən işlər, həlli vacib məsələlər
barədə dairə üzrə nümayəndə ətraflı
məlumat verdikdən sonra sakinlər qeyd ediblər ki, ölkənin
və rayonun günbəgün abadlaşması, gözəlləşməsi
göz önündədir. Sevindirici
haldır ki, bütün işlər insanların daha rahat
yaşamasına xidmət edir. Sakinlər kəndlərinin
bəzi problemləri
- təbii qazla tam təminatının başa
çatdırılması, elektrik xətt təsərrüfatının
yeniləşdirilməsi, Pensər çayının
Siyakeş ərazisindən keçən hissəsində
avtomobil körpüsünün salınması ilə
bağlı təkliflərini bildiriblər. Rayon elektrik şəbəkəsinin
və qaz istismar sahəsinin rəhbərləri
qaldırılan məsələlərlə əlaqədar
görüləcək tədbirlərdən
danışıblar.
İcra hakimiyyətinin
başçısı Q.Ağayev kənd sakinləri tərəfindən
qaldırılan məsələlərin həllinin çətinlik
törətməyəcəyini söyləyib. O deyib ki,
ölkəmizin sürətli iqtisadi inkişafı ən
qlobal məsələlərin belə həllinə imkan verir.
Astarada küçə və parkların abadlaşdırılması,
əhalinin normal istirahəti üçün dənizkənarı
çimərlik və park-bulvarın salınması, ucqar
dağ kəndlərinə gedən yolların
asfaltlaşdırılması, qaz xətlərinin təmiri və
çəkilişi istiqamətində aparılan işlər
əhalinin xoş güzəranı üçündür.
Siyaku kənd ərazi nümayəndəliyində
artıq bütün məktəblər üçün yeni
binalar tikilib və müasir avadanlıqla təmin olunub.
Sevindirici haldır ki, bu məktəblərin məzunları
arasında yüksək nəticə ilə ali
məktəblərə qəbul olunanların sayı ildən-ilə
artır. Həyətinə toplaşdığımız
Şağlazüzə kənd tam orta məktəbinin 9 məzununun
bu il tələbə adını
qazanması buna bariz nümunədir.
Ucqar kəndlərin elektrik xətt təsərrüfatının
köhnəliyi bəllidir. Bu
istiqamətdə ölkə miqyasında ciddi tədbirlər
hazırlanır. Bununla bərabər, biz
cari təmir işləri aparmaqla əhalinin fasiləsiz
elektrik enerjisi ilə təminatına nail olmuşuq. Kəndlərimizə təbii qazın verilməsi
istiqamətində də işlər davam etdirilir. Gələn
il ən ucqar ərazidə yerləşən
yaşayış məntəqələrinə, o cümlədən
bu dağ kəndlərinə də təbii qazın verilməsi
təmin ediləcək.
Rayon mərkəzindən 40 kilometr uzaqda
dağlar qoynunda yerləşən Pəlikəş kəndi
son iki ildə xeyli abadlaşıb. Q.Ağayev
bu kənddə ilk dəfə səyyar qəbul keçirəndə
sakinlər illərcə yığılıb qalmış
problemlərdən ətraflı danışmış,
çoxlu təklif vermişdilər. Bu
problemlərdən ən əsası Pəlikəşə
avtomobil yolunun çəkilişi ilə bağlı idi.
Yollar o qədər bərbad idi ki, rayon mərkəzindən
bu kəndə gəlmək üçün 4 saatdan çox
vaxt sərf edilirdi. İcra
başçısı bu yöndə
çalışacağını söyləmişdi.
Zaman göstərdi ki, verilən sözlə əməli
işin ara məsafəsi heç də
uzaq deyil. Ötən ilin sentyabrında Prezident
İlham Əliyevin sərəncamı ilə Astaranın bu
ucqar guşəsinə yol çəkilişinə qərar
verildi. Dağ kəndlərinin problemlərinin
qısa müddətdə həlli hamıda sonsuz minnətdarlıq
duyğuları yaratdı. İndi rayon mərkəzindən
Pəlikəş kəndinə gedən yolu 30-35 dəqiqəyə
çox rahatlıqla qət etmək olur. 21
kilometrlik yol yüksək standartlara uyğun
asfaltlaşdırılıb. Ötən səyyar
qəbulda kənd sakinlərinin qaldırdığı digər
problemlər də həllini tapıb. Əvvəllər
heç vaxt elektrik enerjisi verilməyən Doli, Şəvqə,
Sibiyyət, Diqo kəndlərinə xətt çəkilib,
avtomobil yolu salınıb.
Sım kənd məktəbinin müəllimi Xaqani
Xalıqov çıxışında qeyd etdi ki, bu nailiyyətlər
illər boyu bizə
yuxu kimi görünüb. Ancaq dövlətimizin qüdrətinin
get-gedə artdığını, Prezident İlham Əliyevin yeritdiyi
dərin siyasətin nəticələrini görəndə
bütün bunların əsl gerçəklik olduğına
sevinirsən. Halbuki 70 illik sovetlər dönəmində
bu kəndlərə nəinki yol, heç işıq xətti
də çəkilməmişdi. Müstəqil
Azərbaycanın gücü indi bütün dünyaya məlumdur.
Qədirbilən xalqımız bütün bu
nailiyyətləri yüksək dəyərləndirir. Sakinlərimiz adından ölkə rəhbərliyinə
hədsiz minnətdarlığımızı bildirirəm.
Ötən
əsrin 30-cu illərində salınmış Kijəbə qəsəbəsi
indi sözün əsl mənasında ikinci gəncliyini
yaşayır. Son iki ildə burada geniş quruculuq işləri
aparılıb, yeni məktəb binaları, sosial obyektlər
inşa edilib, yollar asfaltlaşdırılıb. Girəcəkdə salınmış Bayraq
meydanı qəsəbəyə xüsusi yaraşıq verir.
Sakinlərin arzusu ilə qəsəbədə
ulu öndər Heydər Əliyevin adını daşıyan
gözəl park istifadəyə verilib, milli liderin
büstü ucaldılıb. Bu günlərdə Kijəbə
qəsəbə mədəniyyət evində keçirilən
görüşdə inzibati ərazi dairəsi üzrə
nümayəndə rəhbərliklə əvvəlki
görüşdən sonra görülən işlər barədə
məlumat verdi.
Bu yaxınlarda “Tərəqqi” medalına
layiq görülmüş müəllim Teymur Fətullayev təltifə
görə dərin minnətdarlığını bildirdi. O, bundan
öncə “İlin ən yaxşı müəllimi”
adını da qazanıb. Bütün bunları
təhsil işçilərinə göstərilən
dövlət qayğısının nəticəsi kimi dəyərləndirdi.
Ağsaqqal Nəsrəddin Teymurov uzun illər
bundan əvvəl ulu öndərin Kijəbəyə dəfələrlə
gəlişi ilə bağlı xatirələrini
danışdı. Dedi ki, qəsəbədə
ümummilli liderin adını daşıyan parkın
salınması sakinlərin ürəyincədir. Qəsəbə
sakinləri Azər Kişiyev, Muradəli Ağayev, Firudin
Abbasov, Hacağa Ağayev, Canşirin Gülverdiyev, Fazil
Zülfüqarov, Nəci Əliyev son illər ölkədə
və Astarada aparılan abadlıq-quruculuq işlərini
müsbət qiymətləndirdilər.
Səyyar qəbulda görülən
işlər təqdir olunmaqla yanaşı, Maşxan-Kijəbə,
Qəcimardə-Tüləküvan-Ojəkəran avtomobil
yollarının təmiri, daxili yolların və kanalların
qaydaya salınması, içməli su və suvarma suyu ilə
daha yaxşı təchizat kimi məsələlərin də
həllinə köməklik göstərilməsini xahiş
etdilər.
Q.Ağayev çıxışında
qeyd etdi ki, genişmiqyaslı işlər bütün ölkəni
əhatə edir. Azərbaycan dünyada
xüsusi çəkisi və nüfuzu olan ölkə kimi
tanınır. Möhtərəm
Prezidentimiz oktyabrın 8-də Nazirlər Kabinetinin bu ilin 9
ayının yekunlarına həsr olunmuş müşavirədəki
çıxışında da fərəhlə qeyd edib ki, Azərbaycan
iqtisadiyyatı inkişaf səviyyəsinə görə
dünyada 38-ci yerdədir. Buna görə
ölkə vətəndaşları hamılıqla cənab
İlham Əliyevə sonsuz dərəcədə minnətdardırlar.
İcra başçısı
qaldırılan problemlərin həlli ilə əlaqədar
imkan daxilində lazımi tədbirlərin görüləcəyini
söyləyərək diqqətə çatdırdı ki,
qəsəbədaxili yolların və kanalların təmizlənməsi,
sanitariya qaydalarına riayət edilməsi üçün
sakinlər də fəallıq göstərməli, təşəbbüskar
olmalı, aidiyyəti təşkilatlara kömək etməlidirlər. Hazırda Kijəbə qəsəbə
sahə xəstəxanasında əsaslı təmir işləri
aparılır. Maşxan-Kijəbə avtomobil
yolunun təmiri, sıradan çıxmış elektrik dirəklərinin
dəyişdirilməsi, suvarma xəttinin daha 300 metr
artırılması məqsədilə tezliklə tədbirlər
görüləcək. Ümumiyyətlə isə, Astara əhalisinin
içməli su ilə lazımınca təmin olunması
üçün yaxın zamanlarda Xanbulandan rayona su xətti
çəkilməsi nəzərdə tutulur...
Beləcə, daha bir
səyyar qəbul və görüş başa
çatdı. Qarşıda isə vəd edilən və
görülməsi vacib olan işlər durur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.6.