Gender bərabərliyinə dəyərli
töhfə
Müasir dövrdə ailə anlayışında tərəflər arasında qarşılıqlı hörmət, sədaqət, milli-mənəvi dəyərlərə bağlılıqla yanaşı, gender bərabərliyi böyük əhəmiyyət kəsb edir.
Düzdür, xalqımızın əsrlərdir
formalaşmış və bu gün də öz
müsbət keyfiyyətlərinə görə seçilən
ailə dəyərləri sistemi mövcuddur. Lakin demokratik dəyərlərin müasir cəmiyyətimizdə bərqərar
olması ilə gender
məsələlərinə də önəm verilməyə
başlandı. Bunun nəticəsidir ki, Azərbaycan elmində də gender bərabərliyi və onun
cəmiyyətdə, ailədə, eləcə də digər
sahələrdə təmin olunması məsələləri
araşdırılır, ali təhsil
ocaqlarında fənn kimi tədris edilir. Bu baxımdan gender pedaqogikası üzrə tədqiqatlar aparan Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elza Mollayevanın müəllifi olduğu “Gender tərbiyəsi:
tarixi, nəzəriyyəsi və müasir problemləri” monoqrafiyası
aktuallığına və mövzuya yanaşma tərzinə görə seçilir.
Kitabın elmi redaktoru
Əməkdar elm xadimi,
pedaqoji elmlər doktoru
Fərrux Rüstəmov, rəyçilər pedaqoji
elmlər doktorları Sərdar Quliyev,
Rüfət Hüseynzadə və psixologiya
üzrə fəlsəfə doktoru
Rövşən Cavadovdur.
Müəllifin gərgin
əməyinin və elmi
axtarışlarının nəticəsidir ki,
kitabda gender
anlayışının tarixi, bu anlayışın
mahiyyəti, pedaqoji fikir
tarixində gender
probleminin qoyuluşu və
müasir dövrdə gender
probleminin həlli yolları ətraflı
şəkildə öz əksini
tapıb.
Azərbaycanın
görkəmli ziyalıları, qələm sahibləri
müsəlman-türk qadınlarının maariflənməsini
vacib hesab etmiş, ailədə
böyüyən uşağın gələcəyinin
savadlı anadan asılı
olmasını öz bədii
yaradıcılıqları, publisistik məqalələrində
vurğulamışlar. Bu gün də əhəmiyyətini
itirməyən həmin məsələ artıq gender sahəsində tədqiq edilir.
Cəmiyyətimizin
inkişafı naminə gənc nəslin gender
tərbiyəsinin düzgün
formalaşdırılmasını vacib hesab edən E.Mollayeva orta və ali təhsil məktəblərində gənclərə
gender bərabərliyinin
aşılanmasının nəzəri və praktik
məsələlərinə diqqət çəkir. “Gender
tərbiyəsi uzun sürən bir proses olduğundan
bu prosesə hələ orta
məktəbdən başlayıb onu ali məktəbdə davam
etdirmək lazımdır. Belə ki, həm
şagirdlərin, həm də tələbələrin
bir-birinə münasibətlərində cinslərarası
hörmətin əsas götürülüb
tərbiyə edilməsi təlim prosesində həyata
keçirilməlidir. ”
Təlim-tərbiyə
məsələlərində bunun nəzərə
alınması, yeniyetmə və gənclər arasında
maariflənmə işlərinin aparılması, cəmiyyətimizdə cinslər arasında hüquq bərabərliyinin tam
təşəkkül tapması, qadın və kişilərin
cəmiyyətin müxtəlif sferalarında öz bacarıq və qabiliyyətlərini
reallaşdırmağa öz töhfələrini verməkdədir.
Bu
gün Azərbaycan Şərq və Qərb
sivilizasiyasının qovşağında yerləşən
ölkə kimi, gender
balansının qorunmasının və tənzimlənməsinin
demokratik cəmiyyətin inkişafı üçün vacib
şərt olduğunu anlayır, bu baxımdan beynəlxalq və yerli qanunvericilikdə bunu
nəzərə alır.
Dövlətimizin
1992-ci il avqustun 4-də BMT-nin
“Qadınların siyasi hüquqları
haqqında” Konvensiyasına qoşulması, 1995-ci ildə
“Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması
haqqında” Konvensiyanı ratifikasiya etməsi,
2000-ci ildə ulu öndər Heydər
Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” fərmanı, eləcə də
Prezident İlham
Əliyevin 2006-cı ildə “Gender bərabərliyi
Qanunu”nu imzalaması
dövlətimizin bu sahəyə verdiyi əhəmiyyətdən irəli gəlir.
“ Elm və təhsil” mətbəəsində
işıq üzü görmüş
kitab gender tərbiyəsinin
müxtəlif aspektlərini özündə cəmləşdirib
və genderlə məşğul olan tədqiqatçılar,
pedaqoqlar, eləcə də tələbələr
üçün dəyərli mənbələrdəndir.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.7.