Bakıda humanitar
forumların keçirilməsi
Azərbaycan həqiqətlərinin dünyada
tanıdılması baxımından mühüm
amildir
Respublikamız son illərdə qlobal miqyaslı beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Artıq dördüncü dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Bu forumlar, əslində, dünyanı düşündürən problemlərin müzakirəsi ilə yadda qalır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu tədbirlər onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var.
Dünyada gedən
proseslər, bəzi hallarda narahatedici məqamlar tələb
edir ki, humanitar sahəyə daha çox diqqət yetirilsin. Azərbaycanda
bu sahəyə çox böyük diqqət göstərilir.
Bu müzakirələrin məhz Bakıda keçirilməsinin
ölkəmiz üçün onun dünyada tanınması,
müsbət imicinin formalaşdırılması
baxımından böyük əhəmiyyəti var. Bu mənada
forumların məhz Azərbaycanda keçirilməsi təsadüfi
deyildir. Dövlət başçımızın qeyd etdiyi
kimi, biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin
inkişafı üçün humanitar aspektlərə daim böyük
diqqət göstərmişik. Çünki bizim tarixi
keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər
boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət
formalaşıb, mövcuddur və müstəqillik
dövründə bu müsbət meyillər daha da gücləndi.
Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində,
bir ailə kimi yaşayır. Dövlət
başçımız bu barədə demişdir: “Heç
vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir.
Çünki hər bir ölkənin gücünü, əlbəttə
ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar,
iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud
olan ab-hava, sağlam mühit və həmrəylik
duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın
təcrübəsi çox müsbətdir və biz öz
işimizlə dünyada gedən proseslərə müsbət
töhfəmizi veririk”.
Bu gün dünyada
gündəmdə olan məsələlərdən biri də
multikulturalizmdir. Multikulturalizm eyni bir ölkədə
yaşayan müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun olan siyasətdir.
Əslində, bu məsələyə dünyanın
hazırda daha çox ehtiyacı var. O, ayrıca
götürülmüş ölkədə və
bütövlükdə dünyada
müxtəlif millətlərə və məzhəblərə
məxsus insanların mədəni müxtəlifliklərinin
qorunması, inkişafı və harmonizasiyasına, azsaylı
xalqların dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik
nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm
tolerantlığın elə bir təcəssümüdür
ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün deyil.
Hazırda Yaxın və Uzaq Şərqdə, Avropada baş
verən qanlı proseslərin davam etməsi və maddi irsin,
insan resurslarının məhv edilməsi onu göstərir
ki, bu ideya və nəzəriyyəyə hazırda
dünyanın hava-su qədər ehtiyacı vardır.
Azərbaycanda isə
bu faktlar həyat tərzidir. Tarix boyu bu məmləkətdə
multimədəniyyətli cəmiyyətlər mövcud
olmuş və xalqlar, etnik və dini sektalar arasında dostluq və
həmrəylik günümüzədək gəlib
çıxmışdır. Azərbaycan dövləti bu gün həmin məsələdə
maraqlı təşəbbüslərlə
çıxış edir, regionda və dünyada gedən
proseslərə müsbət təsir göstərmək istəyini
əsirgəmir. Prezident İlham Əliyevin sonuncu forumdakı
çıxışında da bu fikir öz əksini
tapdı. Dövlət başçımız dedi: “Təsadüfi
deyil ki, Azərbaycan tərəfindən irəli
sürülmüş bir neçə təşəbbüs
artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər
ətrafında yeni imkanlar yaranır. Misal üçün
qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına
üzv ölkələrin mədəniyyət nazirlərinin
Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət
nazirlərini dəvət etdik və birgə toplantı
keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və
Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq
Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü
öz üzərinə götürmüşdür. 2009-cu
ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərinin
toplantısına biz Avropa Şurasından mədəniyyət
nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə
“Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi”
yaşayır və inkişaf edir. Bakıda
sivilizasiyalararası dialoq forumları keçirilmişdir.
Bizim təşəbbüsümüzlə bir neçə il
bundan əvvəl dünya dini liderlərinin Zirvə
görüşü keçirilmişdir və Bakı Beynəlxalq
Humanitar Forumunun mahiyyəti də məhz bundadır."
Doğrudur, forumda
iştirak edən görkəmli dövlət xadimləri,
ictimai xadimlər, alimlər, mütəxəssislər,
ekspertlər bu günlər ərzində öz maraqlı
fikirlərini bölüşdülər və beləliklə,
biz birgə səylərlə humanitar sahəyə öz
töhfəmizi vermiş olduq. Lakin bütün bu möhtəşəm
görüntü ilə yanaşı, bizim problemlərimiz də
var və bu xoşagəlməz halların aradan
qaldırılmasında dünya birliyi də fəal
olmalıdır. Humanitar əməkdaşlığa, humanitar
məsələlərin həllinə həmişə
böyük diqqət göstərməyimizə baxmayaraq,
xalqımız və dövlətimiz humanitar fəlakətlə
üzləşmişdir. Azərbaycanın ərazi
bütövlüyü pozulmuş, ölkəmizə
qarşı separatizm, terror, işğalçılıq
aktları həyata keçirilmişdir. Hazırda 20 faiz
torpağımız – beynəlxalq birlik tərəfindən
tanınan ərazimizin bir parçası – Ermənistanın
işğalı altındadır. Bu işğal nəticəsində
Azərbaycan həm maddi, həm mənəvi təcavüzə
məruz qalmış, illərdir qaçqın və məcburi
köçkünlər problemi və uzunmüddətli torpaq
itkisi ilə üz-üzə qalmışdır.
İşğal
edilmiş bölgələrimizdə qədim tarixi irsimiz
talançılığa məruz qalmış və hətta
bir çox hallarda yox edilmişdir. Xalqımıza
qarşı Xocalı soyqırımı törədilmişdir
və yüzlərlə günahsız insan bu
soyqırımının qurbanı olmuşdur. Xocalı
soyqırımını 10-dan çox ölkə rəsmi
şəkildə soyqırımı kimi tanımış və
bu məsələyə hüquqi qiymət verilmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bütün mötəbər beynəlxalq təşkilatlar
qərar və qətnamələr qəbul etmişlər. BMT
Təhlükəsizlik Şurası 4 qətnamə qəbul
etmişdir ki, orada erməni silahlı qüvvələrinin
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılması tələb olunur. Təəssüf
ki, bu qətnamələr hələ də kağız üzərində
qalmaqda davam edir. Dünya birliyinin münaqişələrlə
bağlı icra mexanizminin zəif
olması, xüsusilə Dağlıq Qarabağ məsələsində
daha çox hiss olunur.
Bizim burada
böyük ədalətsizliklə, ikili standartlarla üzləşməyimiz
göz önündədir. Çünki BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin bəzən bir
gün ərzində icra edilməsi hallarını
müşahidə etdikdə həqiqətən bizim problemə
həssas yanaşmamaq, laqeydlik açıq-aydın
görünür. Lakin bütün bunlarla yanaşı, Azərbaycan
öz səbrini saxlamaqda, beynəlxalq hüquq prinsiplərinə,
dünyada sülhün və sabitliyin qorunması fikirlərinə
hörmətlə yanaşmaqda davam edir.
Qarşılığında isə Ermənistanın
qeyri-konstruktiv və faşistlərə xas olan mövqeyi
müşahidə olunur. Elə təkcə faşizmin Ermənistan
nümunəsini ondan görmək olar ki, bu ölkə
monoetnik dövlət statusunu qoruyub saxlamaqdadır. Ermənistanda
xalqımıza aid bütün abidələr
dağıdıldığı halda, Azərbaycanda erməni
kilsəsi qorunur. Bu gün Azərbaycan həm İslam mədəniyyətini,
həm də ümumbəşəri yaşam və hörmət
etiketlərini layiqincə çiynində daşıyan və
bu prinsiplərə dəyər verən bir ölkə
olduğunu hər addımında sübut edir.
Respublikamızda müxtəlif etnosların, müxtəlif din
mənsublarının azad, bərabər hüquqi normalar
çərçivəsində fəaliyyət göstərməsi
günümüzün reallığıdır.
Bütün
ağrılı-acılı problemlərə rəğmən Azərbaycanın inkişafı
dayanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə
son illərdə böyük uğurlara imza
atmışıq. Humanitar sahə bizim üçün
prioritet sahələrdən biridir və bu sahəyə
dövlət səviyyəsində investisiyalar qoyulur. Sonuncu
Beynəlxalq Humanitar Forum çərçivəsində
Bakıda Multikulturalizm Mərkəzinin açılması da,
əslində, dövlətin bu sahəyə qoyduğu
investisiyanın ən böyük nümunələrindəndir.
Dövlət başçısı İlham Əliyevin təbirincə
desək, bu gün Azərbaycanda çoxlu qədim tarixi abidənin
olması, o cümlədən dini abidələrimizin dövlət
tərəfindən bərpa edilməsi və yenilərinin tikilməsi faktdır və biz bu
abidələrə milli sərvətimiz kimi
yanaşırıq.
Dünyanın ən qədim məscidlərindən biri
olan Şamaxı Cümə məscidinin əsaslı şəkildə
bərpa edilməsi, Şəki rayonunun Kiş kəndində
Qafqazın ən qədim kilsəsinin, pravoslav kilsələr,
katolik kilsə, sinaqoqların dövlətin dəstəyi ilə
əsaslı təmir və bərpa olunması bu aktual məsələyə
həm xalqımızın, həm də dövlətimizin
milli sərvət kimi yanaşdığını sübut
edir. Bu gün əminliklə
demək olar ki, multikulturalizmin, tolerantlığın Azərbaycan
təcrübəsi var. Bu təcrübədən bütün
ölkələr yararlana bilər. Beynəxalq forumların
Bakıda yüksək səviyyədə təşkili və
qonaqların fikirləri bir daha onu göstərdi ki, Azərbaycan
bu sahələrdə nümunədir və dünya ona güvənir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 28 oktyabr.- S.4.