Türk dünyası
mediasında vahid
informasiya sistemi və gələcəyə baxış
2011-ci ilin oktyabr ayında Bakının ev sahibliyi etdiyi Türkdilli Ölkə və Toplumların II Media Forumundan üç il keçsə də, həmin tədbirdə yaşadığım zəngin təəssüratları heç vaxt unutmaram. Saxadan Balkanlara qədər türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan türk xalqlarının tanınmış jurnalistlərinin bir araya toplanması həqiqətən tarixi hadisə idi. Türkiyənin 2010-cu ildə Ankarada Türkdilli Dövlətlərin I Media Forumunu təşkil etməsi tarixi zərurətdən irəli gəlməklə yanaşı, həm də səmərəli bir təşəbbüs idi.
Son dövrlər
türk xalqları arasında ictimai, mədəni, dostluq
münasibətlərinin möhkəmlənməsi eyni
kökdən olan xalqların media orqanları arasında əməkdaşlığın
genişlənməsi üçün zəmin yaradır.
Bütün bu amillərin fonunda dünyada gedən
ictimai-siyasi və tarixi proseslərdən asılı olaraq,
türk dünyası vahid media şəbəkəsi-vahid
türk dünyası informasiya sistemi anlayışı meydana
gəldi.
Vahid informasiya məkanı
termini, əslində, ideya-məzmun baxımından o qədər
də yeni deyil. Ümumtürk mətbuat tarixinə nəzər
yetirdikdə, Çar Rusiyası tərkibində yaşayan
türk-müsəlman əhalinin hamısına doğma olan,
onların oxuya biləcəyi qəzet nəşri ideyası
mütərəqqi ziyalılar tərəfindən hələ
XIX əsrdə ortaya atılmış, onun
reallaşdırılması üçün cəhdlər
edilmişdi. Böyük türk ziyalısı İsmayıl
bəy Qaspıralının çıxardığı “Tərcüman”
qəzeti bu baxımdan ümumtürk nəşri rolunu oynaya
bilmişdir. Çünki o, təkcə Krımda deyil,
imperiyanın ucqarlarındakı bir çox türk-müsəlman
bölgələrində də oxunurdu. 1926-cı ildə
Bakıda düzənlənmiş I Türkoloji qurultayda
Əhməd Baytursunun təşəbbüsü ilə sovet
türkləri üçün ortaq bir qəzetin
çıxarılması məsələsi gündəmə
gəldi. Lakin bu dəyərli təşəbbüs SSRİ-də
milli düşüncəli ziyalılara qarşı
“pantürkizm” damğası ilə aparılan repressiya
dalğası nəticəsində gerçəkləşmədi.
Müasir dövrdə
regional və beynəlxalq müstəvidə müharibə və
mübarizələrin media vasitəsilə “informasiya
hücumu” şəklində aparılması medianın nə
dərəcədə vacib olduğunu göstərir. Bu
baxımdan türk dövlətləri və toplumlarına
qarşı bəzi hallarda beynəlxalq səviyyədə
olan qərəzli mövqe, türk coğrafiyasında baş
verən proeslərə ikili standartlarla yanaşılması,
hadisələri obyektiv deyil, yalnız Qərb maraqlarından
dünyaya tanıdılması qeyri-obyektivlik və türk
dünyasının səsinin beynəlxalq səviyyədə
yetərincə eşidilməməsi vahid media şəbəkəsinin
formalaşdırılmasını zəruri edir.
Vahid informasiya məkanının
yaranmasının üstünlükləri və onu zəruri
edən aşağıdakılardır:
-Türk xalqları
arasında xəbər mübadiləsinin
artırılması və informasiyanın vahid coğrafi məkanda
dövr etməsi;
-türk
xalqlarının vahid etnik və milli kimlik baxımından
ortaq dəyərlər ətrafında birləşməsi;
-türk
xalqlarının mənəvi, siyasi və iqtisadi birliyinin təmini;
-bu coğrafiyada
baş verən hadisələr barədə beynəlxalq
ictimaiyyətə obyektiv xəbərlərin çatdırılması;
-türk
toplumlarına xaricdən olan zərərli informasiya təzyiqinin
dəf olunması;
-beynəlxalq aləmdə
türk birliyi və gücünün
formalaşdırılması və s.
Qloballaşan
dünyada və mürəkkəb ictimai-siyasi inkişafın
fonunda buna nail olmaq mümkündürmü? Müasir dünya
jurnalistikasında bir-birinə qonşuluq, qohumluq
baxımından yaxın olan xalqların mediaları artıq,
demək olar ki, vahid informasiya siyasəti strategiyasını həll
etmişlər. Bu, özünü daha çox informasiya
agentlikləri sahəsində göstərir. Latın
Amerikası Xüsusi Xəbər Agentliyi-ALASEL, Ümumafrika Xəbər
Agentliyi-PANA, Ərəb Xəbər Agentlikləri
Federasiyası-FANA, Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatı-OANA, Latın Amerikası
Milli Xəbər Xidmətləri Təşkilatı-ASİN
kımi təşkilatlar dünyaca tanınmış və
uğurla fəaliyyət göstərən qurumlardır.
Türk dünyası
mediasının üzərinə bir sıra vəzifələr
düşür. Bunları aşağıdakı kimi
ümumiləşdirib qeyd etmək olar:
-Hər bir dövlət
və toplumun digər türk ölkələrində baş
verən vacib siyasi, ictimai və mədəni hadisələri
yetərincə işıqlandırması;
-mətbuatda və
elektron resurslarda “Türk dünyası” adlı rubrikanın təşkili;
-türk
xalqlarının mədəni irsi, musiqisi və s. mövzulara
aid ümumı verilişlərin, dərgi və internet
resurslarının hazırlanması;
-türk
xalqlarının mənafe və maraqlarına zidd məqamlardan
qaçılması;
-jurnalist
materiallarında, yeri gəldikcə, türk xalqlarını
birləşdirən ortaq dəyərlərə, mədəni
irsə istinad edilməsi;
-jurnalistlərin eyni
kökdən olan digər xalqlara yazılarında tolerant
yanaşılması, ayrı-seçkilik və
üstünlük mövqeyi bildırən ifadələrdən
imtina edilməsi;
-türk cəmiyyətlərində
baş verən gərgin münaqişə və proseslərdən
informasiya hazırlayarkən birbaşa mənbəyə diqqət
edilməsi və mövzuya diqqətlə
yanaşılması;
-jurnalistlərin
xalqlar arasında sülhü, dostluğu və həmrəyliyi
əsas tutması;
-jurnalistlərin
qarşılıqlı səfərlərinin təşkili,
fikir və təcrübə mübadiləsi;
-türk
dünyası jurnalistlər birliyinin yaradılması və
onların fəaliyyətini tənzimləyən ümumi fəaliyyət
planı və davranış kodeksinin qəbulu;
-Türk
Dünyası Jurnalistika Mərkəzinin yaradılması,
burada jurnalistlərin peşə vərdişləri ilə
yanaşı, türk dünyası ədəbiyyatı, mədəniyyəti,
tarixi və digər zəruri mövzularda bilgi və
dünyagörüşlərinin artırılması;
- türk
dünyası mətbuat tarixini, müasir jurnalistika problemləri
və inkişaf istiqamətlərini araşdıran elmi
işlərin, kitabların, dərs vəsaitlərinin
yazılması və müxtəlif türk dillərində
çapı;
- türk dövlətlərində
jurnalistika fakültələrində “Türk xalqları
jurnalistikası” adlı fənnin tədrisi;
- türk dövlətləri
və toplumlarında media holdinqlərinin iş prinsipinin təhlili
və beynəlxalq təcrübənin öyrənilməsi;
ölkələrin
media holdinqləri arasında əməkdaşlıq əlaqələrinin
qurulması, gələcəkdə türk
dünyasını əhatə edə biləcək beynəlxalq
arenada nüfuz sahibi olan güclü media holdinqlərin
yaranması.
Hələlik vahid
informasiya şəbəkəsi tam formalaşmasa da, müxtəlif
ölkələrdə ümumtürk xarakterli media nümunələri
yaranmaqdadır. Gələcəkdə türk mediası vahid
informasiya məkanının formalaşması
üçün onların “zəncirin halqaları”
funksiyasında çıxış etməsi şübhəsizdir.
Yaxın gələcəkdə
türk coğrafiyasında vahid informasiya məkanının
qurulması aşağıdakı mərhələlərdən
keçə bilər:
-Hər bir toplum və
dövlətdə medianın türk coğrafiyasına
geniş yer ayırması;
-türk
dünyasına yönəlik regional nəşrlərin,
saytların, verilişlərin fəaliyyətinə stimul
verilməsi;
-türk dövlətləri
və toplumlarının aparıcı media qurumları
arasında informasiya mübadiləsi barədə əməkdaşlıq,
müxbir postlarının genişləndirilməsi;
-aparıcı media
qurumlarının vahid bir platformada birləşməsi (məsələn;
Türkdilli dövlət və toplumların Media Forumu), vahid
informasiya siyasətinin memorandumunun, jurnalist şəbəkəsi
üçün qaydalar toplusunun hazırlanması.
SSRİ-nin
dağılması və 7 müstəqil türk dövlətinin
meydana gəlməsilə türk dünyası mediası yeni
mərhələyə qədəm qoydu.
1992-ci ilin
noyabrında Ankarada yaradılan Türkdilli Ölkələrin
İnformasiya Agentlikləri Birliyi türk dünyası ilə
bağlı xəbərlərin dünyaya qərəzsiz və
obyektiv çatdırılması, qurumun üzvləri
arasında əməkdaşlıq əlaqələri,
qarşılıqlı təcrübə mübadiləsi
imkanlarının genişləndirilməsi üçün
yaradılması təqdirəlayiqdir. Qurum türk dövlətləri
və toplumları arasında xəbər əlaqələrinin
zəifliyi ucbatından və digər obyektiv səbəblərin
nəticəsi kimi meydana gəlib. Birliyin yaradıcı
üzvləri, Türkiyədən Anadolu agentliyi, Azərbaycandan
AzərTAc, Qazaxıstandan KazTag, Qırğızıstandan
Kabar, Türkmənistandan TürkmenPress, Şimali Kipr Türk
Cümhuriyyətindən TAK-dır.
2008-ci il aprelin 29-dan
mayın 3-dək Bakıda TKA Baş Məclisinin “Türkdilli
ölkələrin əlaqələrinin inkişafında xəbər
agentliklərinin əməkdaşlığının rolu”
mövzusunda VII iclasında media sahəsində müzakirələr
faydalı oldu. Yekunda Bakı Forumunun qərarı ilə
“Başinform”, “Tatarinform” və “Krım xəbərləri”
agentliklərinin Birliyə üzv qəbul edilməsi qurumun əhatə
dairəsini genişləndirdi. 2010-cu il dekabrın 21-22-də
Türkiyənin Ankara şəhərində düzənlənən
Türkdilli Ölkələrin I Media Forumu və 2011-ci il
oktyabrın 28-30-da Bakıda reallaşan Türkdilli Ölkə
və Toplumların II Media Forumu türk soyundan olan ölkə
və xalqların, toplumların bir araya gəlməsi və
ortaq problemləri müzakirə edib vahid əməkdaşlıq
perspektivləri baxımından tarixi hadisə oldu.
Üçüncü ənənəvi forum isə
Qırğızıstanda keçirildi.
Son illər Türkiyənin
təşəbbüsü ilə türk dünyasını əhatə
edən ortaq media qurumları meydana gəlməkdədir.
2009-cu ildə yeni televiziya kanalı-TMB yayıma
başladı. Türk dünyası musiqisini tanıtmaq və
türk xalqları arasında mədəni körpü
olmağı qarşısına məqsəd qoyan “Turkish Music
Box” (“Türk Musiqi Qutusu”) qısa zamanda müxtəlif
coğrafi məkanlarda yaşayan türk xalqlarının
maraqla izlədiyi populyar kanala çevrilmişdir. 2009-cu il
martın 29-dan yayıma başlayan və bütün türk
coğrafiyasını əhatə edən “TRT AVAZ” qısa
müddətdə türk ellərinin ortaq səsi
olmağı bacarmışdır.
Bu gün media konsernlərinin
inkişafı və iqtisadi üstünlüklərinin nəticəsidir
ki, onların nüfuz dairəsi getdikcə ölkə sərhədlərindən
çıxaraq, böyük bir regionu əhatə edir. Daha
böyük kütləyə təsiretmə mexanizminə
malik transmilli media holdinqləri bu gün vahid informasiya
sisteminin formalaşmasında həlledici rola malikdir. Məsələn,
məşhur media maqnatı, əslən, avstraliyalı olan
R.Merdok təkcə ABŞ-da 8 kanala nəzarət edir, 10-a
yaxın ingilis qəzeti, Avstraliyada isə 21 qəzet ona məxsusdur.
XX əsrin sonlarında, başda Türkiyə olmaqla, müstəqil
türk dövlətlərində yeni-yeni formalaşan media
holdinqlərinin gələcəkdə vahid türk
coğrafiyası media şəbəkəsinin strukturunun
güclənməsinə müsbət təsir edəcəyi
şübhəsizdir.
Türk dünyası
mediasında vahid informasiya sisteminin gələcək
imkanları olduqca böyükdür. Bu məsələnin
reallaşması türk dövlətləri və muxtar
qurumlarının, eləcə də azsaylı digər
türk xalqlarının əsas media qurumlarının mütəmadi
olaraq bir araya gəlməsi, qarşılıqlı əməkdaşlıqdan
və yuxarıda qeyd edilən təkliflərin həyata
keçirilməsindən asılıdır.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.7.