Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi

inkişafı sürətlə davam etməkdədir

 

Son illər Bakının və ətraf qəsəbələrinin simasının əsaslı şəkildə dəyişməsi və yeniləşməsi ölkəmizin inkişafının bariz nümunəsidir. Paytaxtımızın və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının (“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın) icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

 

 Azərbaycan Prezidenti İlham Əliyev bu proqramın reallaşmasını daim diqqət mərkəzində saxlamış, dəfələrlə Bakı şəhəri qəsəbələrinin əhalisi ilə görüşlər keçirmiş, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olmuşdur. Dövlət başçısı bu günlərdə Bakı-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak etmiş, adanı sahillə birləşdirən yeni körpüdə inşaat işlərinin gedişi və rayonun konseptual planı ilə, burada aparılan geniş abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Qeyd olunmuşdur ki, burada həyata keçirilən layihələr Dövlət Proqramının reallaşmasının bariz nümunəsidir.

 Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Prezident demişdir: “Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır. Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir.”

 “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmışdır. Eyni zamanda təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait xərclənmişdir.

Bu faktlara diqqət çəkmək istərdik. Dövlət proqramının icrası nəticəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəməri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuş, 39 elektrik yarımstansiyası və 264 transformator qoyulmuş və ya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətti çəkilmiş, nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı xeyli yaxşılaşdırılmışdır. Dövlət proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhərində və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmış, uzunluğu 61 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmişdir. Proqramın icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən mərkəzi laboratoriya tikilib istifadəyə verilmişdir.

Yol infrastrukturunun təkmilləşdirilməsi də dövlət proqramında diqqət mərkəzində olmuşdur. Belə ki, Zabrat-Maştağa-Buzovna, Zığ dairəsi-Aeroport yolundan Qala stansiyasınadək gedən yolda və Zabrat-Kürdəxanı-Pirşağı yolunda yenidənqurma işləri başa çatdırılmış, Bilgəh-Novxanı-Sumqayıt, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.

Rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində də uğurlu nailiyyətlər əldə olunmuşdur. Proqram çərçivəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber-optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 giqabayta çatdırılmışdır. Pirallahı Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 2013-cü il sentyabrın 16-da fərman vermişdir.

Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son 3 ildə Bakıda gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilmişdir. Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncam uğurla həyata keçirilməkdədir.

Bakı şəhəri və ətraf dəsəbələrin sosial inkişafı da diqqət mərkəzində olmuşdur. Təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında, 4 peşə və 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmışdır. Yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqla təchiz edilmişdir.

Heydər Əliyev Fondunun qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.

Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir.

Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir.

Belə ki, proqramda 3 bənd üzrə əsas, 6 bənd üzrə isə ikinci dərəcəli icraçı orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin olunmuşdur. Bu tədbirlər Abşeron yarımadasının həlli vacib olan əsas ekoloji problemlərinin aradan qaldırılmasına yönəlmişdir. Nazirlik ilk növbədə yaşıllaşdırma işlərinin aparılmasına diqqəti artırmış, yeni yollar kənarında böyük yaşıllıq zolaqlarının salınmasına başlanılmışdır. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolundan Qala qəsəbəsinə çəkiləcək yeni avtomobil yolunun ətrafında 120 ha ərazidə və Suraxanı-Zığ avtomobil yolunun ətrafında 110 ha ərazidə çöl tədqiqat işləri aparılmışdır.

Sabunçu dairəsi-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafında 124 hektar sahədə 74,5 min, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında isə 225 hektar sahədə 165,5 min ağac əkilmiş, aqrotexniki qaydada xidmət və suvarma işləri aparılmışdır. Vaxtilə ticarət mərkəzi kimi fəaliyyət göstərən ərazilərdə salınmış yaşıllıq sahələrində 1250 ədəd zeytun, 1530 ədəd sərv, 170 ədəd tuya ağacları əkilmişdir.

Bakı şəhəri və ətraf qəsəbələrinin həll olunmamış ekoloji problemləri hələ də qalmaqdadır. Xüsusilə, uzun illər neft tullantıları ilə çirklənmiş ərazilərin hələ də tam təmizlənməməsi vacıb problem kimi qarşıda durur. Yaxın gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi olduqcja vacibdir.

“2014-2016-cı illərdə Bakı səhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”nın da icrası davam etməkdədir. Yeni dövlət proqramında həyata keçiriləcək tədbirlər sırasına Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının başa çatdırılması, elektrik enerjisi ilə təchizatın daha da yaxşılaşdırılması, mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenilərinin yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və yaradılması sahəsində müvafiq layihələrin, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun inkişafının, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində işlərin davam etdirilməsi, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, müasir avadanlıqla təminatının daha da yaxşılaşdırılması məsələləri daxildir. Eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən, məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi məsələləri də qarşıda duran vəzifələrdəndir.

Bu proqramın həyata keçirilməsi Bakı və ətraf qəsəbələrinin inkişafında yeni mərhələ olmaqla, bir sıra investisiya yönümlü layihələrin reallaşmasına imkan yaradacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.4.