Azərbaycan sənayesi
yeni
inkişaf mərhələsində
XVIII əsrin ikinci yarısından başlayan sənayeləşmə əl əməyindən maşına, manufakturadan fabrikə, üstün aqrar iqtisadiyyatdan sənaye istehsalına keçməklə bərabər, aqrar cəmiyyətin sənaye cəmiyyətinə transformasiyası ilə də tarixə yazıldı. Yəni sənayeləşmə təkcə maşınların kütləvi şəkildə iqtisadiyyata tətbiqi ilə istehsalın sürətli artımına səbəb olmadı, həm də cəmiyyətin bütün strukturunun dəyişməsinə gətirib çıxardı. Beləliklə, tarixi sənaye inqilabı hansısa 3-5 nəsil dönəmində dünyada aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidi təmin edə bildi.
O zamandan
bugünümüzədək sənaye
maşınlarının təkmilləşdirilməsi,
nou-xauların bu sahəyə tətbiqi iqtisadiyyatda istehsal
güclərinin artmasının, bununla paralel cəmiyyətin
sosial rifahının yüksəlməsinin əsas meyarına
çevrilmişdir.
Tarixin bütün bu
mərhələlərini yaşayan Azərbaycan XX əsrin
90-cı illərinə qədər keçmiş SSRİ-nin
normal inkişaf etmiş sənaye regionlarından biri
sayılırdı. Lakin ötən əsrin 70-80-ci illərindən
yüksək templə inkişaf etməyə başlayan Azərbaycan
artıq müstəqilliyin ilk illərində iqtisadi iflasa
doğru gedirdi. Bunun da əsas səbəbləri- mərkəzi
hakimiyyətdən asılı olan yerli hakimiyyətin səriştəsiz
idarəçiliyi, milli-azadlıq hərəkatı
dalğasında hakimiyyətin naşı insanların əlinə
keçməsi, Ermənistanın təcavüzünə
qarşı aparılan müharibə və s. idi ki, nəticədə
neft-kimya, metallurgiya, maşınqayırma, trikotaj, qida və
ümumiyyətlə, bütün sənaye infrastrukturu
çox sürətlə iflasa uğramağa başladı.
Azərbaycan dövlət
müstəqilliyinin çox erkən dövründə həm
siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan iflasa
uğramağa başladığı çox ağır bir
məqamda xalq heç bir amilə baxmayaraq, öz
xilaskarını - ümummilli lider Heydər Əliyevi təkidlə
hakimiyyətə dəvət etdi. 1993-cü il iyulun 15-də
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
vəziyyət büsbütün dəyişdi. Böyük
uzaqgörənliklə neft diplomatiyası dövrünün
başlandığını və bu diplomatiyada ölkənin
qazanacağı iqtisadi və siyasi dividendləri görən
Heydər Əliyev səylə özünün uzun illərə
hesablanmış neft strategiyasını həyata keçirməyə
başladı. Dünyada söz sahibi olan dövlətlərin
nəhəng neft şirkətləri ilə intensiv
danışıqlar başlandı. İqtisadiyyat tam yeni,
dünyada özünü doğrultmuş bir müstəviyə
keçirilərək ən yaxın dövr üçün
strateji vəzifələr müəyyənləşdirildi.
Əzəli sahibkarlıq mexanizmi 70 illik fasilədən sonra
yeni keyfiyyətdə sürət götürməyə
başladı.
20 sentyabr 1994-cü
ildə 8 dövlətin 13 nəhəng neft şirkəti rəhbərləri
ilə danışıqların nəticəsi olaraq “Əsrin
müqaviləsi” imzalandı. Bu müqavilə təkcə Azərbaycanın
neft sənayesini deyil, ölkədə yeni sənaye
infrastrukturunun, əslində bütün iqtisadiyyatın
inkişafı üçün start meydançasına
çevrildi. Heydər Əliyev yaxşı bilirdi ki, neft sənayesinin,
bütövlükdə ölkə sənayesinin Azərbaycanın
hər bir vətəndaşının həyat səviyyəsinin
yüksəlməsinə istiqamət götürməsi qəti
şəkildə yeni milli sənaye sisteminin
yaradılmasını tələb edir.
“Əsrin müqaviləsi”nin
imzalanması ilə eyni vaxtda ölkə iqtisadiyyatında
aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin
sürətlə dəyişən iqtisadi şəraitə
uyğunlaşdırılması artıq 1994-cü ildə
iqtisadi tənəzzülün qarşısını
almağa, sabitliyin əldə edilməsinə gətirib
çıxardı. Təbii ki, investisiyaların daha çox
yönəldildiyi Azərbaycanın neft sənayesinin gəlirləri
daha çox idi və bu da bütövlükdə iqtisadiyyatımıza
birbaşa təsir edirdi. Əslində neftdən gələn
gəlirlər təkcə bu sahəyə deyil, bütün
sahələrə yeni həyat verən mənbəyə,
obrazlı desək “dirilik suyuna” çevrilirdi.
Azərbaycanın
insan resursları, təbii sərvətləri və
xüsusilə karbohidrogen ehtiyatları XXI əsrin
sivilizasiyasında öz yerini tutmaq üçün ona
bütün imkanları vermişdi və ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
ölkənin 10 illik bir zaman kəsiyində həm siyasi, həm
iqtisadi, həm də mədəni cəhətdən
böyük bir sıçrayışla beynəlxalq siyasətin
tamhüquqlu üzvünə çevrilməsi bunlardan ləngimədən
yararlanmağın məntiqi nəticəsi oldu.
Prezident İlham
Əliyev hakimiyyətinin ilk günündən Heydər
Əliyevin bu istiqamətdə strateji xəttini davam etdirərək
demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin
və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına
çevirməkdə israrlı oldu və bu gün də bu xətt
davam etdirilir.
Əsas diqqət
bütün ölkə boyu infrastrukturun müasir innovasiyalara
uyğun olaraq genişləndirilməsinə yönəldi:
yerli xammala əsaslanan yeni və müasir sənaye müəssisələrinin
yaradılmasına və onların istehsal gücünün
artırılmasına, yolların modernləşdirilməsinə,
şəhər və qəsəbələrin elektrik güclərinin
artırılmasına başlanıldı, rabitə və
kommunikasiya sisteminin kəskin yüksəlişi baş verdi.
Bir-birinin ardınca ölkənin sosial-iqtisadi
inkişafının yeni hədəflərini müəyyənləşdirən
dövlət proqramları işlənib hazırlandı və
həyata keçirilməyə başlandı.
Prezident İlham
Əliyevin iqtisadi strategiyasının təhlili göstərir
ki, 2008-2013-cü illər ölkədə güclü sənaye
istehsalının yaradılması və sənayenin şaxələndirilməsi
dövrü kimi tarixə düşmüşdür. Bu illər
ərzində sənayenin real həcmi üç dəfəyə
yaxın artmış və burada maşınqayırma,
metallurgiya, kimya kompleksi, mədənçıxarmanın
payı daha yüksək olmuşdur. Əsas hədəflərindən
biri alüminium, polad, maşınqayırma, yeyinti və
yüngül sənaye obyektlərinin yaradılmasından ibarət
olan “Azərbaycan Respublikasının regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının
Dövlət Proqramı”nın reallaşması Azərbaycanın
sənayesinə çox güclü təkan vermişdir. Gədəbəy,
Naxçıvan, Daşkəsən, Gəncə və digər
bölgələrdə qızıl və mədənçıxarma
sənayesi inkişaf bumunu yaşamış və nəticədə
Azərbaycan regionda nəhəng sənaye mərkəzinə
çevrilmişdir. Təkcə 2012-ci ildə Gəncə
alüminium zavodu, Sumqayıt Texnologiyalar Parkında dəqiq
mexanika, texniki qazlar zavodları, Naxçıvan və
Qaradağda sement zavodları, bərk məişət
tullantılarının çeşidlənməsi və
yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye
müəssisəsi, 2013-cü ildə isə Bakının
Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda
polad boru, Daşkəsəndə qızıl, Qəbələdə
şərab zavodları, Sumqayıtda tekstil parkı,
Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar
istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası
da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi
istifadəyə verilmişdir.
Ümumilikdə, Azərbaycan
sənayenin inkişafının yeni mərhələyə qədəm
qoyduğu 2003-2013-cü illər ərzində ölkə sənayesinə
40 milyard manatdan çox investisiya yatırılmış, sənayenin
modernləşdirilməsi və müasir tələblərə
cavab verən rəqabətqabiliyyətli sənayenin
yaradılması tədbirləri real nəticələr
vermişdir. Belə ki, bu müddətdə sənaye məhsulunun
istehsalı 2,7 dəfə artmışdır. Həyata
keçirilən layihələrdən miqyası və
innovativliyi ilə daha çox diqqət çəkəni
Sumqayıt Texnologiyalar Parkıdır. Parkdakı müəssisələrdən
birinin açılışı zamanı Prezident İlham
Əliyev demişdir: “ Sumqayıt şəhəri Azərbaycanın
sənaye mərkəzidir. Bu şəhər Cənubi Qafqazda
Bakıdan sonra ikinci nəhəng sənaye şəhəridir.
Əsl həqiqətdə Sumqayıt sənaye şəhəri
kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir
sənaye şəhərinə çevrilir. Burada onlarla zavod,
fabrik fəaliyyət göstərir. Artıq bir neçə
ildir ki, Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir.
Texnologiya parkında 13 zavod fəaliyyət göstərir və
5-i də tikilir. Keçən il Sumqayıtda kimya sənayesi
parkının təməli qoyulmuşdur. Yaxın illərdə
iki yüz hektar ərazidə nəhəng sənaye şəhəri
salınacaq...”
Yeni istifadəyə
verilmiş müasir Gəmiqayırma zavoduna gəldikdə isə
qeyd olunmalıdır ki, bu zavod ölkəmizin Xəzər
regionundakı mövqelərinin güclənməsinə
mühüm töhfələr verəcək. Zavodda həm Azərbaycan,
həm də bölgədəki digər ölkələr
üçün gəmi və müvafiq avadanlıqların
istehsalı nəzərdə tutulmuşdur. Yaxın illərdə
inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində
isə müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların
xarici bazarlara çıxarılması gözlənilir.
Aparılan ilkin hesablamalara əsasən, bu komplekslərə
14-15 milyard dollar həcmində sərmayə
yatırılacaqdır. Dünyanın qabaqcıl sənaye
ölkələrinin uğurlu təcrübəsinin əsas
götürüldüyü bu layihələrin
hazırlanmasında və həyata keçirilməsində
böyük işlər görən İqtisadiyyat və Sənaye
Nazirliyinin xidmətləri də xüsusi qeyd edilməlidir. Məhz
onların hazırladığı bu layihələrdən
biri də Azərbaycanda innovativ sənaye quruculuğunun
irimiqyaslı layihəsi olan Sumqayıt Kimya Sənaye
Parkıdır. Layihədə diqqət çəkən məqamlardan
biri ondan ibarətdir ki, investorlar üçün ən
münasib işgüzar şərait və komfortlu biznes
mühiti təklif edən parkın inkişaf planında
sahibkarların səmərəli fəaliyyəti
üçün bütün amillər nəzərə
alınıb.
Ümumən
görülən işlər gerçək rəqəmlərdə
də öz təsdiqini tapır. Belə ki, son 10 ildə Azərbaycan
iqtisadiyyatı 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd
təsərrüfatı 1,5 dəfə artmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata
keçirilən iki Dövlət Proqramı çərçivəsində
17 elektrik stansiyası, min kilometrlərlə yol tikilmiş,
ölkənin 90 faizi qazlaşdırılmışdır. Bu
müddətdə cəlb edilmiş investisiyaların ümumi
həcmi 160 milyard dollara çatmışdır.
2014-cü ildə Azərbaycanda
sənayenin inkişafı tamamilə yeni bir mərhələyə
qədəm qoydu. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycanda
“Sənaye ili” elan edilməsi haqqında imzaladığı sərəncamda
həyata keçirilən layihələrin ölkə iqtisadiyyatına
verdiyi töhfələrdən çıxış edərək
qeyd olunur ki, “son on ildə Azərbaycan iqtisadiyyatının
bütün sahələrində olduğu kimi, sənayenin
inkişafında da böyük uğurlar
qazanılmış, sənaye məhsulları
istehsalının həcmi 2,7 dəfə artmışdır.
Bu müddət ərzində rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri
açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.”
Eyni zamanda dövlət
başçısı çıxışlarının
birində demişdir: “ Bizim əsas vəzifəmiz qeyri-neft
sektorunun inkişaf etdirilməsi, neft amilindən
asılılığın azaldılması olmuşdur. Biz
demək olar ki, buna nail ola bilmişik. İndi bizim ümumi
iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda
formalaşır.” Qətiyyətlə demək olar ki, bu
böyük nailiyyətin əldə edilməsində sənayenin
xüsusi payı var və bu pay hər gün artmaqdadır.
Milli sənayenin
inkişafına dövlət dəstəyinin bir nümunəsi
də Prezident İlham Əliyevin bu il oktyabrın 8-də
imzaladığı “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” fərmanıdır. Sənaye məhəllələrinin
fəaliyyətinin təşkili, tənzimlənməsi və
həyata keçirilməsi, məhəllələrin
iştirakçılarının fəaliyyətinin dəstəklənməsi,
habelə məsləhətçilərin cəlb edilməsi
ilə bağlı zəruri tədbirlərin görülməsini
təmin etməli olacaq İqtisadiyyat və Sənaye Nazirliyi
dövlət başçısının fərmanına əsasən
artıq “Sənaye məhəllələri haqqında
Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayaraq
Nazirlər Kabinetinə təqdim etmişdir.
Ölkənin sənayeləşməsinin
vacibliyi, sənayenin davamlı inkişafının təmin
olunması “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının da əsas
istiqamətlərindən birini təşkil edir. Konsepsiyada
qarşıya qoyulan vəzifələr sırasında
sahibkarlığın inkişaf etdirilməsi, sənaye
parklarının yaradılması, yeni fəaliyyət sahələrinin
və məhsulların təşviqi üçün əlverişli
mühitin formalaşdırılması, ölkəyə
qabaqcıl texnologiyaların gətirilməsi kimi məsələlər
bu gün dövlətin müvafiq strukturlarının üzərinə
böyük məsuliyyət qoyur.
Nazirlər Kabinetinin 9
ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş
iclasında qeyd olunduğu kimi ilin əvvəlindən ölkəyə
19 milyard dollar sərmayə qoyulmuş və heç
şübhəsiz bunun çox əhəmiyyətli bir hissəsi
sənayeyə yönəldilmişdir. Nəticədə
qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qətiyyətlə
demək olar ki, başa çatmasına iki ay qalmış “Sənaye
ili”ndə də yeni sənaye müəssisələrinin
tikintisinə, innovasiyalı texnologiyaların inkişafına
yönəldilmiş milyardlarla manat investisiya milli sənaye
sistemimizin daha böyük sürətlə inkişafına
öz töhfələrini verməkdədir.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.4.