Azərbaycan
bütün tərəfdaş ölkələrlə
münasibətlərin daha da genişləndirilməsi
istiqamətində məqsədyönlü addımlar
atır
Gənc müstəqil dövlətimiz ulu öndər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Avrasiyanın və dünyanın aparıcı subyektlərindən birinə çevrilir. İndi artıq Azərbaycan dövlətinin səsi dünyanın bütün aparıcı tribunalarından eşidilir.
Respublikamızın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi və iki dəfə bu nüfuzlu quruma sədrlik
etməsi, hazırda Avropa Şurası Nazirlər Komitəsinə
sədrlik etməsi, iri infrastruktur layihələrin həyata
keçirilməsində digər ölkələrə
örnək olması ölkəmizin iqtisadi qüdrətinin
artmasını müəyyən edən amillərdəndir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin xarici
ölkələrə bütün səfərləri beynəlxalq
aləmdə diqqətlə izlənilir.
Prezident İlham
Əliyevin Fransaya oktyabrın
27-də reallaşdırdığı işgüzar səfər
zamanı da bu həqiqətlərin şahidi olduq. Dövlət
başçımızın Fransa Prezidenti Fransua Olland ilə
görüşündə ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə olunmuş, enerji, aerokosmik sənaye, hərbi-texniki,
təhsil, metro inşaatı və digər sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi
üçün yaxşı perspektivlərin olduğu
vurğulanmışdır. Eyni zamanda, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həlli ilə bağlı
danışıqların vəziyyəti, status-kvonun dəyişdirilməsi
zərurəti və işğal olunmuş ərazilərin
azad edilməsi yolları barədə müzakirələr
aparılmışdır.
Ayın əvvəlində
isə Prezident İlham Əliyevin Tacikistana səfəri
zamanı iki ölkə arasında imzalanmış sənədlər
də gələcəkdə ikitərəfli əlaqələrin
daha da möhkəmləndirilməsindən xəbər verir.
Ümumiyyətlə, bu iki ölkəni bir-birinə qədim
tarixi əlaqələr bağlayır. Xalqlarımız həmişə
bir-birilə dost olmuş və beynəlxalq tədbirlərdə
bir-birinə dəstək vermişlər. Hər iki ölkə
regional və qarşılıqlı faydalı münasibətlərin
genişləndirilməsi və möhkəmləndirilməsinin
tərəfdarı olduğunu bəyan edib.
Ümumiyyətlə,
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə
təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri
kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri
Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı
xəzinəsinə misilsiz töhfə vermiş böyük
Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd
Füzuli də tacik xalqı tərəfindən daim hörmətlə
qarşılanıb. Tacikistanda təxminən 4 min nəfəri
təmsil edən Azərbaycan diasporu fəaliyyət göstərir.
Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən
Tacikistana XX əsrin 20-30-cu illərində
savadsızlığı ləğv etmək məqsədilə,
digərləri isə Stalin repressiyasının qurbanı
olaraq göndərilib. Milliyətcə azərbaycanlı olan
Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan
KP MK-nın birinci katibi olub. Tacikistanda havaların
şaxtalı keçməsi nəticəsində ölkə
iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq
üçün Tacikistan hökumətinin müraciətini nəzərə
alaraq Azərbaycan tərəfi 2008-ci ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Tacikistana
bir milyon ABŞ dolları məbləğində humanitar
yardım edib.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər
1992-ci il mayın 29-da qurulub.
2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının
Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın
Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
8 may 1998-ci il mayın 8-də ümummilli lider Heydər
Əliyevin 75 illik yubileyi çərçivəsində
Tacikistan Baş nazirinin müavininin başçılıq
etdiyi nümayəndə heyəti Bakıda səfərdə
olub. 1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq
haqqında” qətnamə layihəsində Azərbaycanın
Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu
təsdiqləyən, mühüm əhəmiyyət kəsb
edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
1997-ci il dekabrın
10-da Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev İslam
Konfransı Təşkilatının üzvü olan ölkələrin
rəhbərlərinin VIII Zirvə görüşündə
iştirak etmək üçün Tehranda səfərdə
olarkən Tacikistan Prezidenti Emoməli Rəhmonla
görüşüb. Ulu öndər Heydər Əliyevlə
görüşdən məmnun qaldığını
xüsusi qeyd edən Tacikistan Prezidenti hüquqi demokratik
dövlət qurulması və islahatların uğurla yerinə
yetirilməsi sahəsində Azərbaycanda həyata
keçirilən tədbirlərə böyük maraq göstərdiyini
bildirib. Görüş zamanı Prezident Heydər Əliyev
bildirib: “Hər iki gənc müstəqil respublikanın
nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini
daim müdafiə etməsinin böyük əhəmiyyət
daşıdığını nəzərə
çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam
Konfransı Təşkilatının VIII Zirvə
görüşü həm Azərbaycanın, həm də
Tacikistanın qarşılaşdığı problemlərin
tezliklə aradan qaldırılmasına kömək edən sənədlər
qəbul edəcəkdir”.
Ümummilli lider Heydər
Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezidenti İlham Əliyev digər ölkələrlə
yanaşı, Tacikistanla da münasibətlərin yüksələn xətt üzrə
inkişafına nail olub.
2007-ci il martın 15-də
Prezident İlham Əliyev Tacikistana rəsmi səfər
edib. Səfər zamanı Azərbaycan Prezidentinin Tacikistan Prezidenti Emoməli Rəhmonla
təkbətək görüşü olub. Görüş
zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
genişləndirilməsi üçün yaxşı
potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə
əməkdaşlığın genişləndirilməsinin
vacibliyi vurğulanıb. Həmin vaxt
Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının
qarşılıqlı vizasız gediş-gəlişi,
investisiyaların təşviqi və qarşılıqlı
qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri
sahəsində, mədəniyyət və incəsənət
sahəsində, gömrük işlərində əməkdaşlıq
və qarşılıqlı yardım, turizm sahəsində,
standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya
sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq,
hava əlaqəsi haqqında hökumətlərarası
sazişlər imzalanıb.
Həmin ilin avqustunda
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon
Azərbaycana rəsmi səfərə gəlib.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon
təkbətək görüş keçiriblər.
Görüşdə ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi vurğulanıb,
qarşılıqlı rəsmi səfərlərin
mühüm əhəmiyyət daşıdığı diqqətə
çatdırılıb. Ölkələrimiz arasında
iqtisadi əlaqələrin genişləndirilməsi
üçün potensial imkanlardan tam istifadə edilməsinin
zəruriliyi bildirilib. Bu görüşdən sonra da iki
ölkə arasında əməkdaşlığın daha da
inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər
imzalanıb. Bundan sonra, digər dövlət rəsmiləri
ilə ikitərəfli səfərlər davam etdirilmiş və
münasibətlərin daha da
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atılmışdı.
İki ölkə arasında mədəni əlaqələr
də getdikcə inkişaf etmişdir . Əvvəlcə,
2007-ci ildə Azərbaycanda Tacikistan Mədəniyyət
Günləri keçirilmiş, bir il sonra isə Tacikistanda Azərbaycan Mədəniyyət
Günləri təşkil olunmuşdur. Mədəniyyət
günlərində Azərbaycanın 73 nəfərdən
ibarət nümayəndə heyəti Tacikistanda səfərdə
olub. Mədəniyyət günlərinin yekunu olaraq
Tacikistanın Prezidenti Emoməli Rəhmon nümayəndə
heyətini qəbul edib
Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və digər regional təşkilatlarda, həmçinin,
TRASECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq
edirlər.
Göründüyü kimi, Azərbaycan-Tacikistan
münasibətləri yüksələn xətt üzrə
inkişaf edib. Ona görə də Azərbaycan Prezidentinin
Tacikistana sayca ikinci olan rəsmi
görüşü yüksək ruh yüksəkliyi ilə
qarşılanmışdır. Təsadüfi deyildir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon
bu səfəri yüksək dəyərləndirərk deyib
ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfəri xalqlarımız
arasında münasibətlərin inkişafına yeni təkan
verəcək. E.Rəhmon əminliklə bildirib ki, indiki
görüş Azərbaycan Respublikası və Tacikistan
Respublikası xalqlarının rifahı naminə ölkələrimizin
zəngin potensialının daha tam və səmərəli
şəkildə reallaşması istiqamətində
qarşılıqlı səylərin parlaq nümunəsi
kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə
yeni səhifə yazacaq. Tacikistan Prezidenti vurğulayıb ki,
ölkələrimiz regional və qarşılıqlı
faydalı münasibətlərin genişləndirilməsi və
möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar.
Onlar istər ikitərəfli formatda, istərsə də
üzv olduqları regional və beynəlxalq təşkilatlar
çərçivəsində dostluq münasibətlərini
dəstəkləyirlər. O, həmçinin
respublikamızın beynəlxalq əlaqələrinin getdikcə
genişlənməsini də yüksək qiymətləndirib:
“Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin
mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni
mərkəzidir. Bunu, Azərbaycanın, demək olar ki,
dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı
aparması və Avropanın bir sıra ölkələrində
biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə,
TRASECA hökumətlərarası komissiyanın daimi
katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye
Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin
açılması, eləcə də gələn il ölkənizdə
Ekobankın illik iclasının keçirilməsi beynəlxalq
və regional əməkdaşlıq sistemində Azərbaycanın
bir daha önəmli mövqeyinin göstəricisidir. Biz əsl
dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə
sevinirik”.
E. Rəhmon bəyan edib
ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə,
sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa
hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək.
Dağlıq Qarabağ münaqişəsinə toxunan
Tacikistan Prezidentinin mövqeyi bu problemin aradan qaldırılmasında Azərbaycan tərəfinin
mövqeyi ilə üst-üstə düşüb: “ Mən
bu problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi
ifadə edərək bildirdim ki, Tacikistan müharibənin
bütün dəhşətlərini görmüş bir
ölkə kimi, münaqişənin dinc yolla, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri əsasında
həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır”.
Prezident İlham
Əliyev səmimi qəbula və
qonaqpərvərliyə görə minnətdarlığını
bildirmiş və demişdir ki, biz həm tarix, həm də mədəniyyət
baxımından bir-birimizə yaxın xalqlarıq, eyni
sivilizasiyanın nümayəndələriyik. Əlbəttə,
bunlar bizi yaxınlaşdırır.
Azərbaycan Prezidenti bildirmişdir ki, biz beynəlxalq təşkilatlarda
fəal qarşılıqlı əməkdaşlıq edirik.
Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik.
Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi,
bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə
bağlı mürəkkəb tariximiz var. Müstəqillik
böyük çətinliklərlə əldə edilib. Bəlkə
də ən çətin vəziyyətə Tacikistan və
Azərbaycan düşmüşdü. Çünki məhz
bizim ölkələrimizdə vətəndaş müharibəsi
olmuşdu. Sizdə bu müharibə daha uzun müddət
çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə
bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat
oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə
inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə
Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı
inkişaf üçün başlıca amil oldu. Bu gün
ölkənizə sərmayələr yatırılır,
Tacikistan beynəlxalq və regional təhlükəsizlik
sistemində layiqli yer tutur, regionda vacib rol oynayır.
Azərbaycan Prezidenti bütün xarici səfərlərində
olduğu kimi bu dəfə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərində
və bu problemin bu vaxta qədər
öz həllini hələ də tapılmamasının səbəblərindən
danışmışdır: “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi region
üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın
tarixi torpağı olan Dağlıq Qarabağ və digər
rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin
əvvəlində baş verib. İşğal nəticəsində
bizdə 1 milyondan artıq insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Bizə
qarşı etnik təmizləmə aparılıb. ATƏT
monitorinq məqsədilə iki dəfə öz nümayəndə
heyətlərini işğal edilmiş ərazilərə
göndərib və hər iki dəfə onların məruzələrində
yazılıb ki, hər şey - bütün şəhərlər,
bütün kəndlər, bizim bütün tarixi abidələr
dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz
təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə
qonşuluqda yaşayan, bizim torpağımızda
yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın
bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən
anda, belə demək mümkündürsə, bizə arxadan
atəş açmış adamlar ediblər”.
Dövlətimizin
başçısı münaqişənin nizamlanmasında
bir sıra beynəlxalq təşkilatların ikili standartlar
nümayiş etdirdiyini vurğulamış və bu istiqamətdə
qəbul olunan qətnamələrin hələ də icra
olunmadığını diqqətə
çatdırmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri
Doktoru diplomu təqdim olunmuşdur.
Azərbaycan Prezidenti
Tacikistanın digər dövlət rəsmiləri ilə
görüşlər keçirmiş, iki ölkə
arasında münasibətlərin daha da inkişaf etdirilməsi
məqsədilə bir sıra sahələr üzrə sənədlər
imzalanmışdır. Bu sənədlər dost və tərəfdaş
olan Azərbaycanla Tacikistan arasında münasibətlərin
daha da genişləndirilməsi istiqamətində
böyük əhəmiyyət kəsb edir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.1-2.