Neftçala: İli
uğurla sona çatdırmaq
üçün
etibarlı zəmin yaradılıb
Ölkə miqyasında gedən davamlı inkişaf prosesində Neftçalanın da öz rolu var. Son illərdə bu rayon daha da inkişaf edib, gözəlləşib. Cari ildə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri bunu söyləməyə əsas verir. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev doqquz aylıq hesabat məruzəsində aşkar tərəqqi meyllərini konkret faktlarla hərtərəfli əsaslandırdı.
Rayon rəhbəri
dedi ki, bu il Neftçala üçün ən mühüm
ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rayona səfəri olub. Dövlət
başçısı 28 May - Respublika Gününə təsadüf
edən tarixi səfəri zamanı bir neçə inzibati və
sosial əhəmiyyətli obyektin
açılışında iştirak edib. Möhtərəm
Prezidentimiz rayondakı Heydər Əliyev Mərkəzinin
açılışından sonra orada rayon ictimaiyyətinin
üzvləri ilə unudulmaz görüş keçirib. Cənab
Prezidentin Neftçalanın abadlığı və
inkişafı ilə əlaqədar imzaladığı 29 may
2014-cü il tarixli sərəncamları rayon sakinlərinin
böyük sevincinə səbəb olub. Sərəncamlara əsasən,
Neftçalanın sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsi məqsədilə 2 milyon manat,
37 min nəfər əhalinin yaşadığı 21
yaşayış məntəqəsini birləşdirən
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil
yolunun tikintisi məqsədi ilə isə 3 milyon manat
ayrılıb.
Rayonda ümumi məhsul
istehsalının həcmi 2013-cü ilin müvafiq
dövrünə nisbətən 3,6 faiz artaraq 152,4 milyon manat
olub. Ümumi tərkibdə sənaye məhsulu 12,8 faiz, kənd
təsərrüfatı məhsulu 41,8 faiz, ticarət, iaşə
və digər xidmətlərin həcmi 3,7 faiz, tikinti işlərinin
həcmi isə 10,5 faiz olub. Qeyri-dövlət bölməsinin
payı 89,3 faizə çatıb.
İlin əvvəlindən
rayonda 5 yeni müəssisə yaradılıb, 431 fiziki şəxs
fəaliyyətə başlayıb. Cəmi 549 daimi yeni iş
yeri açılıb. Tikinti-quruculuq, abadlıq işlərinə
135 nəfər, kənd təsərrüfatında
mövsümü işlərə 1415 nəfər cəlb
olunub. Bank filialları və kredit təşkilatları tərəfindən
vətəndaşlara 9 milyon 165 min manat kredit verilib ki, bu da
2013-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə
çoxdur. Sahibkarlığa Kömək Milli Fondundan 5
sahibkar 57 min manat məbləğində kredit alıb. Hesabat
dövründə aqrar sahədə önəmli irəliləyişlər
olub. Diri çəkidə 9448,2 ton ət, o cümlədən
6660,7 ton quş əti, 15147,3 ton süd, 3 milyon 193 min ədəd
yumurta istehsal edilib. Taxıl əkini sahələri xeyli
genişləndirilərək 45158 hektar olub. İri buynuzlu
mal-qaranın sayı 41700 başa, qoyun və keçilərin
sayı 129411 başa çatdırılıb. Kür
çayından Xol zonasına qədər məsafədə
25 kilometrlik kanalın tikintisinə 10,9 milyon manat vəsait sərf
olunub.
Rayon ərazisində
yüksək keyfiyyətlə təmir, tikinti və abadlıq
işləri görülüb. Doqquz ayda tikinti, təmir və
yol çəkilişində 16 milyon 600 min manatlıq iş həcmi
yerinə yetirilib. Heydər Əliyev prospektinin təzədən
qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının
abadlaşdırılması, icra hakimiyyəti
aparatının, Heydər Əliyev Mərkəzinin inzibati
binasının, Bayraq meydanının, “Şəhidlər
Kompleksi”nin, Kür çayı sahilində Bulvarın, yeni
müasir saat qülləsinin tikintisi başa çatıb.
“İdman Kompleksi”nin tikintisi üçün ərazi
hazırlanır. Yuxarı Qaramanlı kəndində 360
şagird yerlik, Kürkənd kəndində 200 şagird yerlik
tam orta məktəblər tikilərək şagird və
müəllimlərin istifadəsinə verilib.
Aşağı Surra kəndində 360 şagird yerlik tam orta məktəbin
əsaslı təmiri və əlavə 10 sinif
otağının tikintisi isə başa çatmaq üzrədir.
İdman
yarışlarında rayon təmsilçilərinin
uğurları yüksək olub. Belə ki, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 91-ci il
dönümünə həsr olunmuş respublika boks
yarışlarında Neftçalanın 6 yetirməsi
qızıl, 2 nəfər isə gümüş medala layiq
görülüb.
Universitetlərə qəbul
imtahanlarından 204 nəfər rayon məzunu uğurla
keçib. Tələbə adını qazananlardan 41 nəfəri
500-dən, o cümlədən 8 nəfəri 600-dən
yuxarı bal toplayanlardır.
Neftçala Mərkəzi
Rayon Xəstəxanasında əhaliyə göstərilən
ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da
yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülüb. Yazda Prezidentin
tapşırığı ilə bütün əhali tibbi
müayinədən keçib. İyun ayında Milli Onkologiya
Mərkəzinin yüksək ixtisaslı mütəxəssislərindən
ibarət səyyar həkim briqadası rayonda müayinələr
aparıb. Mərkəzi rayon xəstəxanasının
2013-cü ilin avqust ayından başlayan əsaslı təmiri
hesabat dövründə də davam etdirilib. Ötən
müddət ərzində poliklinika, doğum, yoluxucu xəstəliklər,
pediatriya və terapiya korpuslarında dam örtükləri əsaslı
təmir olunub, həmin korpusların xarici və daxili
divarlarında suvaq işləri başa
çatdırılıb, istilik, su-kanalizasiya xətlərinin
çəkilişinə başlanıb.
Doqquz ayda icra
başçısı tərəfindən 30 səyyar
görüş və qəbul keçirilib. Bu
görüşlərə 3180 nəfər qatılıb. Vətəndaşlardan
157 nəfəri 102 tənqidi qeyd və təkliflə
çıxış edib. Qaldırılan məsələlər
ciddi nəzarətə götürülüb, həlli istiqamətində
əməli addımlar atılıb. Rayon icra hakimiyyəti
aparatına ümumilikdə 680 ərizə, şikayət və
təklif daxil olub. Başçı tərəfindən 233, o
cümlədən icra aparatında 75, səyyar qəbullarda
158 vətəndaş qəbul edilib. Müraciət və
xahişlərin heç biri diqqətsiz qalmayıb.
İsmayıl Vəliyev
sonda belə bir inam ifadə etdi ki, neftçalalılar ili
yüksək nailiyyətlərlə başa
çatdırmaqdan ötrü fəaliyyətlərini daha da
genişləndirəcək, bütün sahələrdə
inkişafa nail olacaqlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.6.