Ağsuda tərənnümə
sığmayan inkişaf...
Şair Sabir Sarvanı çoxdan tanıyıram. Tədbirlərdə, məclislərdə,
səfərlərdə dəfələrlə birlikdə
olmuşuq. Həmişə də söhbətimiz
ya ədəbiyyat, poeziya üstündə qurulub, ya da təbiət
mövzusunda. Mən poeziya barədə danışanda
o, mənimlə həmişə mübahisə edib, o, təbiətdən
söz açanda isə mən boynuma alıram, susmuşam.
Çünki Sabir Ağsunun təbiətindən elə
danışır ki, elə bil, rəssamdır, əlindəki
lövhəni tamamlayır. İnsafən, o,
doğrudan da rəssamdır. Amma, rənglərlə
deyil, sözlərlə işləyən rəssam. Ağsu aşırımlarına həsr olunmuş ən
gözəl şeirin müəllifi də elə Sabir
Sarvandır. Bir də ki, Ağsunun təbiəti
adamı şair də edə bilər, rəssam da, lap elə
Səməndər Rzayev, Rasim Balayev və Mikayıl Mirzə
kimi aktyor da. Nə isə, bu barədə bir az
sonra söz açacağıq.
...Bu dəfə Ağsuya səfərimdə rayon mərkəzində
görməli olduğum işləri yekunlaşdırmalı
idim. “Görməli olduğum işlər” isə sadəcə
- görülmüş işlərlə tanış
olmaqdan ibarət idi. Ona görə də ilk
öncə rayon icra hakimiyyətinin başçısı
Ənvər Seyidəliyevlə məsləhətləşməyi,
nədən başlamalı olduğumu dəqiqləşdirməyi
üstün tutdum. Ənvər müəllim həmişəki
kimi, yenə də görülmüş işlər, əldə
olunmuş nailiyyətlər barədə heç nə
danışmaq istəmədi və məsləhət oldu ki,
rayon mərkəzində həyata keçirilmiş
tikinti-quruculuq və abadlıq işlərinin bir neçəsi
ilə bilavasitə yerində tanış
olaq. Birlikdə Ağsunun yeni
növrağının seyrinə çıxdıq. Yol
boyu sıralanan, çoxu bu ilin geridə qalan aylarında
reallaşdırılmış yenilikləri görəndə
isə nəinki təkcə rayon rəhbəri, lap elə mən
də bu tərəqqidən ürək dolusu söz
açdım və... təsadüfən rayon mərkəzində
Vəzir müəllimlə görüşdük.
Vəzir müəllim salam - kəlamdan,
hal - əhvaldan sonra hər ikimizi böyük qardaş ərki
ilə Qaraağaclıya — evinə dəvət etdi: - Nə
olar, bir bizə gəlin, qonağımız olun.
Qocaman müəllim bu dəvətini əsaslandırmağa
da çalışdı: - Ənvər müəllim, siz
bizim rayonun çox əziyyətini çəkmisiniz. İndi
artıq nəinki Ağsu şəhərində, hətta, kəndlərdə
də ölkəmizin adına layiq
inkişaf prosesi gedir. Bu tərəqqinin müəllifi
dövlət başçımız olsa da,
icraçısı sizsiniz. Sizinlə
birlikdə çay içmək bizə də məmnunluq gətirər.
Birlikdə çay içsək, yer də,
göy də şad olar. Bir də ki,
Qaraağaclıya getmək artıq problem deyil. İndi kəndə çəkilmiş yeni asfalt yol
düz bizim qapımızın yanından keçir.
Ənvər müəllim
Qaraağaclıya çəkilmiş yolun haradan keçdiyi
barədə deyilənləri eşidəndə ötəri
gülümsəsə də, “o yolu biz çəkmişik və
hayana, haraya qədər çəkildiyini də bilirik” – demədi. Üstəlik,
Vəzir müəllimə dedi ki, ağsaqqal, mütləq
Qaraağaclıya gələcəyik, özü də qonaqla
birlikdə.
Rayon rəhbəri yol boyu reallaşdırılan
quruculuq-abadlıq işlərindən, həyata
keçirilmiş müxtəlif məzmunlu tədbirlərdən
danışsa da, ən çox sosialyönümlü layihələrin
icrasına üstünlük verdiklərini vurğuladı:
- Cənab dövlət başçımız dönə-dönə
xatırladıb ki, bizim əsas məqsədlərimizdən
biri məhz insanlara xidmət etməkdən ibarətdir. Ona görə də siyasətimiz də, dövlət
büdcəmiz də sosialyönümlüdür. Məsələn,
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Ağsu rayonuna aid olan bəndlərinin
icrası, hər il olduğu kimi, bu il də uğurla davam
etdirilir. Bu müddətdə yeni iş yerlərinin
açılması, tikinti, quruculuq və abadlıq işləri
diqqət mərkəzində saxlanılıb, sosial problemlərin
həllinə qayğı göstərilir. Yollar,
küçə və meydanlar asfaltlaşdırılır və
abadlaşdırılır.
Xidmət sahələrinin fəaliyyətindən
söz açan rayon rəhbəri qeyd etdi ki, əhalinin və
rayon iqtisadiyyatının bütün sahələrinin elektrik
enerjisi və təbii qaz təminatının
yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun
tikintisi və əsaslı təmiri istiqamətində bir
sıra işlər görülüb, bu istiqamətdə
müvafiq tədbirlər davam etdirilir. Rayon əhalisinin, sahibkarlıq obyektlərinin, idarə,
müəssisə və təşkilatların təbii qaz təmınatının
bərpası və yenidən qurulması istiqamətində zəruri
tədbirlər həyata keçirilib.
Qaz infrastrukturunun yenidən qurulması tədbirləri
barəsində danışan Ənvər müəllim qeyd
etdi ki, kənd yaşayış məntəqələrinin,
eləcə də yeni tikilmiş mənzillərin
qazlaşdırılması məqsədilə rayon üzrə
ümumilikdə 570 min metr qaz kəməri əsaslı surətdə
yenidən qurulub və qazlaşdırılan
yaşayış məntəqələrinin sayı 6-dan
36-ya, təbii qazdan istifadə edən əhalinin sayı 23 min
561-dən 44 min 841-ə çatdırılıb. Rayonun yaşayış məntəqələrinin
qaz təminatının bərpası və yenidən
qurulması, qaz almayan kənd yaşayış məntəqələrinin
qazlaşdırılması məqsədilə
tikinti-quraşdırma işləri davam etdirilir. 146 fərdi
mənzili əhatə edən Çaparlı və 75 fərdi
mənzildən ibarət Qiyaslı kəndlərində 4200
metrdən artıq daşıyıcı, 18 min metrə yaxın
yerüstü paylayıcı qaz kəmərinin çəkilişi
başa çatdırılıb, qazlaşdırılan
bütün mənzillərə itron tipli qaz sayğacları
quraşdırılıb və təbii qazın verilişi təmin
edilib. Bundan başqa, Ərəbmehdibəy, Xəlilli,
Mustafalı, Dədəli və Qasımbəyli kəndlərində
qazlaşdırma işləri başa
çatdırılıb, qazlaşdırılan evlərə
itron tipli qaz sayğacları quraşdırılıb və
qazın açılışı üçün tam
hazır vəziyyətə gətirilib.
Yazının əvvəlində qeyd
etdiyimiz kimi, Ağsuda tikinti-quruculuq işləri xüsusilə
böyük vüsət alıb. Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Ağsu rayon şöbəsi və
Dövlət Miqrasiya Xidmətinin regional idarəsi
üçün inzibati bina, Ağsu şəhərində,
eləcə də kəndlərdə onlarca ticarət, iaşə,
məişət və müxtəlif xidmət, plastik
qapı-pəncərə hazırlayan sexlər, həmçinin
digər xidmət və istehsal obyektləri tikilib istifadəyə
verilib. Şəhərin mərkəzi
küçələrinin tamamilə yenidən qurulması
istiqamətində işlər davam etdirilir. Vətəndaşlara
məxsus fərdi evlərin, yardımçı tikililərin,
ticarət, iaşə, məişət və digər xidmət
obyektlərinin, ictimai və inzibati binaların görkəmi
yaxşılaşdırılır, piyada səkiləri,
yaşıllıqlar salınır, həyətyanı sahələrin
küçələrə yaxın hissəsinə mişar
daşı ilə hasar çəkilir, mövcud hasarlar yeni
görkəm alır.
Həmsöhbətim qeyd etdi ki,
bütün bunlarla yanaşı, rayonda aqrar sahənin fəaliyyəti
də daim diqqət mərkəzindədir. Məsələn, yeni yaradılan toxumçuluq təsərrüfatları
fermerləri daha yüksək keyfiyyətli toxumla təmin edirlər.
Bağçılığın, xüsusən,
üzümçülüyün və
narçılığın inkişafı istiqamətində
müvafiq tədbirlər görülür. Rayon ərazisində meyvə bağlarının bərpası
və yenilərinin salınması, ixracının təşviq
edilməsi nəzarətdə saxlanılır.
İstehsalçılar tərəfindən təkcə bu il
11 hektar sahədə yeni üzümlüklər, 13 hektar sahədə
yeni meyvə bağları salınıb, fərdi təsərrüfatlarda
isə 11 hektarı bərpa edilib. Eyni zamanda,
istehsal olunmuş məhsuldan səmərəli şəkildə
istifadə olunması məsələsi də rayon rəhbərliyinin
daimi nəzarət etdiyi sahələrdəndir. Rayonda fəaliyyət göstərən emal müəssisələrinin
istehsal prosesi, xammal tədarükü, istehsalı, eləcə
də istehsal olunan malların çeşidini artırmaq,
daxili və xarici bazarlara keyfiyyətli məhsul
çıxarmaq üçün yeni texnologiyaların tətbiqi
istiqamətində də işlər davam etdirilir.
Tikintisi davam etdirilən
obyektlərdən söz açan icra hakimiyyətinin
başçısı xatırlatdı ki, rayonun Pirhəsənli
kəndində 500 ton kənd təsərrüfatı məhsulları
saxlanılması üçün soyuducu anbarın, 100 yerlik
uşaq bağçası üçün yeni binanın,
baytarlıq idarəsinin və diaqnostik kabinet, aqrar sənaye
kombinatı, YAP Ağsu rayon təşkilatı
üçün inzibati binanın, idman kompleksinin, onlarca ticarət,
iaşə, məişət və servis xidməti obyektlərinin
tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə
abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası
istiqamətində əsaslı işlər davam etdirilir. Yeni fəaliyyətə başlayan və bərpa
edilmiş müəssisələrdə, aparılan abadlıq
- quruculuq işlərində və digər işlərdə
390 nəfər işlə təmin olunub ki, onlardan 324 nəfəri
daimidir.
Elə buradaca Ağsuya daim diqqət
göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Səlim Müslümovun adını çəkməmək,
ən azı, insafsızlıq olardı. Bu rayonda doğulub, boya-başa çatan Səlim
müəllim, demək olar ki, hər həftə rayona gəlir,
müxtəlif insanlarla görüşür, onların
problemləri, qayğıları ilə maraqlanır, kömək
edir. Bu gün Ağsunun küçə və
yollarının belə gözoxşayan olmasında onun
böyük köməyi var. Xatırladaq ki, respublikanın hər
yerində olduğu kimi Ağsuda da içməli su probleminin
həlli daim gündəlikdədir. “Azərbaycan
Respublikasi regionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafi Dövlət Proqrami”na əsasən Dünya
Bankı və Azərbaycan hökuməti ilə birgə
maliyyələşdirilən “Milli Su Təchizatı və
Kanalizasiya xidmətləri üzrə İkinci Layihə”
çərçivəsində Ağsu şəhərinin su
təchizatının yenidən qurulması və kanalizasiya
sisteminin yaradılması istiqamətində işlərin
icrası çərçivəsində Ağsu rayonunda 130,4
kilometr su, 115,1 kilometr kanalizasiya şəbəkəsi tikilib.
25 kilometr uzunluğunda olan magistral su xəttinin 23,8 kilometrlik
hissəsi, 5,4 kilometrlik magistral kanalizasiya xəttinin 5 kilometri
tikilib, 1500 kubmetrlik su anbarında tikinti işləri başa
çatdırılıb.
Rayonda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri
davam etdirilir, yerli büdcə vəsaiti hesabına Qaravəlli
kənd ümumi orta məktəbində əsaslı,
Hacıuşağı və Gəgəli kənd ümumi
orta məktəblərində isə cari təmir işləri
həyata keçrilib. Şəhərin 3 və 4
saylı tam orta məktəblərində qışa
hazırlıqla bağlı müvafiq işlər
görülüb. Bundan başqa, hər biri 80 şagird
yerlik Keşdiməz kənd ümumi orta, Dilman və
Muradlı kənd tam orta məktəb binalarının
tikintisi başa çatdırılaraq tədris ilinin əvvəlində
istifadəyə verilib.
Səhiyyə müəssisələri də
daim yenilənir və müasirləşdirilir. Qəşəd
kənd həkim məntəqəsində əsaslı, Kalva kənd
sahə xəstəxanasında cari təmir işləri
aparılıb, rayonun səhiyyə müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində müəyyən tədbirlər həyata
keçirilib, özülü dövlət
başçısı tərəfindən qoyulan 145
çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının
yeni binasının tikintisində işlər davam etdirilib.
Rayon rəhbəri görüləcək
işlər barədə də qətiyyət və məsuliyyətlə
söz açdı. Dedi ki, ilin sonunadək rayon
iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin
sosial problemlərinin həlli, özəl sektorun
inkişafına köməklik göstərilməsi, ərzaq
təhlükəsizliyinin təmin edilməsi,
abadlıq-quruculuq işlərinin aparılması, sənaye,
tikinti, nəqliyyat və rabitə müəssisələrinin
fəaliyyətinin müasir tələblər səviyyəsində
qurulması istiqamətində müvafiq tədbirlər həyata
keçiriləcək.
...Hə, yuxarıda qeyd etmişdim ki, Sabir Sarvanın
Ağsuda axırıncı dəfə nə zaman olduğunu
bilməsəm də, onu bilirəm ki, Sabirin rayonda olmadığı
müddətdə Ağsu kifayət qədər dəyişib,
yeniləşib. Çünki bu rayon ildən-ilə
deyil, aydan -aya dəyişir, müasirləşir. Sabir isə rayona ən tezi ildə
üç-dörd dəfə gələr. Gələndə də görəcək ki,
neçə-neçə nəzmə çəkilməli, tərənnüm
edilməli məqamlar var. Bildiyim başqa bir fakt isə ondan
ibarətdir ki, bu yaxınlarda Ağsuda Sabir Sarvanın yubileyi
keçiriləcək. İnanıram ki,
şair dostumuz həmin tədbirdə Ağsunun bugünkü
cah-cəlalını tərənnüm edən yeni şeirlərini
də oxuyacaq. O məqamlar nəzmə, tərənnümə
sığsa...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 30 oktyabr.- S.6.