Biliklərə əsaslanan
vergi inzibatçılığı
uğurlu nəticələr əldə etməyə
imkan verir
Müsahibimiz Vergilər nazirinin müşaviri,
3-cü dərəcəli
dövlət
vergi xidməti müşaviri Asəf Əsədovdur
- Asəf müəllim, məlum olduğu kimi, 2011-2013-cü illərdə Azərbaycanda Niderland Krallığının Vergi Administrasiyası ilə birlikdə elektron audit üzrə tvinninq layihəsi reallaşdırıldı. E-auditin tətbiqi vergi sistemində hansı mühüm dəyişikliklərlə nəticələnib?
- Azərbaycanın
vergi sistemi üçün çox mühüm əhəmiyyət
daşıyan “Elektron audit” Tvinninq layihəsinin başa
çatması ilə əlaqədar 2013-cü ilin may
ayında ictimaiyyət üçün təqdimetmə mərasimi
keçirildi. Bundan sonra pilot layihələrin uğurlu nəticəsi
kimi nazirliyin e-audit üzrə treninq proqramında iştirak
etmiş bir neçə əməkdaşının təmsil
olunduğu e-audit şöbəsi təşkil edildi.
Xüsusi Rejimli Vergi Xidməti Departamentində müvafiq
struktur dəyişiklikləri aparılarkən ayrıca
struktur vahidi kimi audit idarəsi, idarənin tərkibində isə
elektron audit şöbəsi yaradıldı. Tvinninq layihəsi
başa çatandan indiyədək elektron audit üsulu ilə
25 yoxlama həyata keçirilib və ənənəvi
üsullarla aparılan yoxlamalarla bunun fərqi müqayisə
edilib.
Nəticə isə
bundan ibarətdir ki, əlavə hesablanmış vergilər dəfələrlə
artıb, yoxlamaya sərf edilən orta vaxt müddəti isə
1,5 dəfə azalıb. Həyata keçirilmiş səyyar
yoxlamalarda sübut olunub ki, e-audit texnologiyası hesabına
daha çox sayda yoxlama aparmağa və yoxlamalar vasitəsilə
90-95 faiz ehtimalı ilə vergidən yayınma
hallarını aşkar etməyə real imkanlar yaranır.
- E-audit texnologiyasının tətbiqini genişləndirmək üçün tələb olunan başlıca amil nədir?
– Bunun üçün yeni e-auditorlar hazırlamaq tələb
olunur.
Bu istiqamətdə e-audit, insan resursları və İT
sahələrinin moderniləşdirmə məsələləri
üzrə müşavir xidməti bölməsinin əməkdaşlarının
və e-audit şöbəsinin birgə iştirakı ilə
tədbirlər həyata keçirilib. 2014-cü ilin yanvar
ayından başlayaraq dörd ay ərzində e-audit üzrə
xüsusi təlim materialları hazırlanıb. Bura Azərbaycanda
elektron mühasibat proqram təminatlarından ən çox
istifadə olunan 1C mühasibat proqramı üzrə metodiki rəhbərlik,
elektron faylların alınması üzrə tövsiyələr
və praktik misallar daxildir. Bundan əlavə, e-auditin əsasları
üzrə metodik rəhbərlik, e-audit üçün
istifadə olunan ACL proqram təminatının mənimsənilməsi
üçün praktiki misallar əsasında 30-a yaxın
videonmaterial hazırlanıb. Bütün bu materiallar Xüsusi
Rejimli Vergi Xidməti Departamentindən seçilmiş
auditorlara təqdim olunub. Tədris-təlim proqramı xarakteri
daşıyan həmin materiallarda həm nəzəri, həm
praktiki əsaslar, həm də mürəkkəb
texnologiyaların mənimsənilməsi üçün
çoxlu sayda 3-5 dəqiqəlik videomisallar mövcuddur.
Özünətədris proqramına əsasən,
bütün tədris-təlim materialları 2014-ci ilin may
ayında bir ay ərzində materialları öyrənmək
üçün bir qrup auditora verilib, sonradan iki ay ərzində
iş yerlərində onlara təlim kursları (həftədə
bir dəfə 3 saat praktik seminarlar) təşkil olunub. Nəticə
olaraq, Xüsusi Rejimli Vergi Xidməti Departamentində təlim
keçmiş auditorlar üçün elektron imtahanlar
keçirilib. E-imtahanlara həm testlər, həm də
praktiki misallar daxil edilmişdi və bu üsulla biliyin daha
düzgün qiymətləndirilməsi mümkün oldu. Bu
ilin sentyabr ayından isə imtahandan keçmiş yeddi nəfər
auditor e-auditlə məşğul olmağa başlayıb və
onlar e-audit şöbəsinin daha təcrübəli
üç işçisi ilə birgə işləyirlər.
Hesab edirəm ki, bu, müsbət təcrübədir və
onun tətbiqinin genişlənməsi ciddi fayda verəcək.
Hazırda e-auditin tətbiqi üçün işlər
davam etdirilir. Fikrimcə, e-auditorların sayı artdıqca səyyar
yoxlamalarda e-audit metodologiyasından daha çox istifadə
olunacaq. Eyni zamanda, bu iş sistemləşdirilir. Dünyada
müasir audit işçilərin ixtisaslaşması üzərində
qurulur. Bir qrup auditor daha çox təcrübəli sahə
bilikləri olan ixtisaslaşmış mütəxəssislərdir,
digərləri isə elektron auditorlardır ki, onlar müasir
təhlil üsulları ilə işləməyi
bacarırlar.
E-auditlə bağlı bir vacib məsələyə də
toxunmaq istərdim. Müasir auditin əsas əhəmiyyəti
düzgün planlaşdırmadır. Bunun üçün
mütləq qaydada vergi ödəyicilərinə bildirişlərin
göndərilməsi ilə bağlı onlardan əvvəlcədən
məlumat toplanılmaldır. Məqsəd biznesin nədən
ibarət olduğunu, daxili nəzarətin və mühasibat
sisteminin necə işlədiyini, hansı tipdə və
formatda elektron faylların əldə edilməsinin
mümkün olduğunu öyrənməkdir. Buna görə
bildirişdə konkret olaraq göstərilə bilər ki,
hansı elektron fayllar tələb olunur.
E-auditin ilkin planlaşdırılması nə qədər
dəqiq və mükəmməl aparılarsa, nəticə də
bir o qədər dəqiq olur. Biz bu istiqamətdə fəal
iş aparırıq, o cümlədən ACL proqram təminatının
istifadəsinə əsaslanan 100-ə yaxın audit testindən
ibarət kitabxana hazırlanır, risklərə görə
spesifik sahələr üzrə ən vacib yoxlama testləri və
ümumi testlər tərtib olunur ki, e-auditin tətbiqi sistemləşdirilsin
və asanlaşsın.Yaxın gələcəkdə bu, imkan
verəcək ki, ən yüksək beynəlxalq keyfiyyət
standartları səviyyəsində səyyar vergi
yoxlamalarının aparılması mümkün olsun. Nəzərə
almaq lazımdır ki, bu, çox mürəkkəb və
çətin işdir.
- Ötən ay Vergilər Nazirliyi
Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində
“İnsan resurslarının inkişafı sahəsində Azərbaycan
Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin tətbiqinə
start verdi. Yeni layihənin əsas mahiyyəti nədən ibarətdir
və bundan hansı nəticələr gözlənilir?
- E-audit bir çox ölkələrdə tətbiq
olunur. Xarici ölkələrdə bu sahədə
çalışan auditorların səviyyəsi çox
yüksəkdir. Biz e-auditlə bağlı öz
üsullarımızın tətbiqi üçün
işçilər hazırlanmasına
başlamışıq. Qeyd etdiyim kimi, e-audit üzrə
özünətədris proqramı çərçivəsində
iş yerində treninqlər təşkil etdik. Əməkdaşları
işlərindən ayırmamaq şərti ilə sırf
praktiki biliklərin mənimsənilməsində çox
böyük uğur qazandıq. Müqayisə
üçün deyə bilərəm ki, Hollandiyanın
e-audit mütəxəssislərinin hazırlığı
üçün xüsusi proqram var, üç ay işdən
ayrılmaqla işçilərə treninq mərkəzində
dərslər keçilir, sonradan onlar təcrübəli
e-auditorların yanında altı ay müddətində
işləyib təcrübi biliklər əldə edirlər.
Amma biz başqa üsulla eksperiment apardıq. Birinci mərhələdə
auditorlara özünətədris proqramı çərçivəsində
asan başa düşülən, misallara əsaslanan daha
praktiki yönümlü rəhbərliklər və
videomateriallar təqdim edildi. Bu materiallarla yaxından
tanış olduqdan sonra iki ay ərzində həftədə
3 saat dərs keçməklə, 60 saat vaxt müddətində
işçilərə e-audit texnologiyası üzrə təcrübi
şəkildə işləməyi öyrədə bildik.
Fikrimcə, nazirliyin iqtisadi təhlil, audit, borcların
alınması və digər strukturlar üzrə müxtəlif
sahələrdə çalışan işçilərini
bu prosesə cəlb edərək onları öyrətmək
olduqca vacibdir. Ona görə də insan resurslarının
inkişafı ilə bağlı yeni Tvinninq layihəsinin həyata
keçirilməsinə qərar verildi. Avropa İttifaqı tərəfindən
elan olunmuş tenderə əsasən, Fransa və
İspaniyanın vergi administrasiyaları qalib seçildi.
Baş icraçı İspaniyanın vergi administrasiyası,
partnyoru isə Fransanın müvafiq qurumudur. Bu il sentyabrın
1-dən start verilən layihənin geniş təqdimatı
oldu.
-
“İnsan resurslarının inkişafı sahəsində Azərbaycan
Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsini zəruri
edən əsas amillər nədən ibarətdir?
- Məlum olduğu kimi, ildən-ilə
mürəkkəbliyi artan biznes əməliyyatları həyata
keçirilir, e-əməliyyatların sayı, e-ticarətin həcmi
genişlənir. Bütün bunlarla bağlı Vergilər
Nazirliyində çalışan insan resurslarının da
müasir tələblərə cavab verməsi tələb
olunur. Məsələ ondadır ki, texniki biliklər, peşəkar
bilik və bacarıqların, özünüidarənin rolu
getdikcə artır və bu amillər hər bir
işçinin fəaliyyətində mühüm yer
tutmalıdır. İşçinin peşəkar səviyyəsi
yüksək olarsa, daha səmərəli iş görər.
Sıravi işçilərlə yanaşı, şöbə
rəisləri, idarə rəhbərləri də müasir
menecment biliklərini mənimsəməlidirlər.
- Layihənin həyata keçirilməsi
üçün hansı konkret addımlar atılır?
- Yeni Tvinninq layihəsi çərçivəsində
üç komponentə xüsusi önəm vermişik.
Birincisi, insan resurslarının inkişafı ilə
bağlı uzunmüddətli strategiyanın
hazırlanması başlıca prioritetlərdəndir.
Strategiya 2015-2020-ci illər üçün nəzərdə
tutulur. Həmin sənədə əsasən, hər il
üzrə ayrıca tədbirlər planı hazırlanacaq.
Planda icra meyarları və icraçılar göstəriləcək,
görülən işlərin və nəticələrin
monitorinqi və qiymətləndirilməsi öz əksini
tapacaq.
İkinci istiqamət insan resurslarının idarə
edilməsi üzrə nazirliyin mövcud normativ
bazasının yeniləşdirilməsidir. Hazırda nazirliyin
əsas normativ sənədi “Dövlət vergi orqanlarında
xidmət haqqında Əsasnamə”dir. 2001-ci ildə qəbul
edilən sənədin ciddi şəkildə yenilənməsi
tələb olunur. Bu sahədə ən yaxşı beynəlxalq
təcrübəni öyrənməliyik.
Layihənin 3-cü əsas istiqaməti - tədris-təlim
sisteminin modernləşdirilməsi də mühüm əhəmiyyət
kəsb edir. Başlıca hədəflər internet təməlli
özünətədris xidmətləri həyata keçirməyə
imkan verən onlayn texnologiyaların tətbiqi (e-tədrisin təşkili
və daimi kontent dəstəyi), vergi administrasiyasının
ehtiyaclarına uyğun tədris-treninq proqramlarının və
kursların hazırlanması, praktiki məşğələlərin
təşkilidir. Bu məqsədlə tədrisin müasir
bilik texnologiyalarına əsaslanmaqla bilik menecerləri vasitəsilə
aparılması planlaşdırılır. Nazirliyin
işçiləri tərəfindən bu mexanizmi həyata
keçirə bilən şəxslər seçilməlidir
ki, əsasən, bilik menecmentin tətbiqi ilə məşğul
olsunlar. Yəni bu şəxslər cari işlərlə
yüklənməli deyillər, onların əsas vəzifələri
müasir beynəlxalq təcrübəni öyrənmək,
onun əsasında nazirliyin konkret struktur bölmələrinin
ehtiyaclarına uyğun özünətədris proqramları
və iş yerində treninqlərin təşkili və qiymətləndirilməsi
olmalıdır. Tvinninq layihəsi çərçivəsində
bu şəxslər üçün xüsusi treninq
keçirilməli, bilik menecmentinin, elektron tədrislə
bağlı proseslərin öyrənilməsi təmin edilməlidir.
- Bu günlərdə nazirlikdə
Tvinninq layihəsinin ilk missiyasının tədbiri
keçirildi. Bu barədə nə deyə bilərsiniz?
- Oktyabr ayının 20-dən 24-dək davam edən
seminarlarda nazirliyin vergi siyasəti, hüquq, insan resursları
və beynəlxalq idarələrinin əməkdaşları
iştirak etdilər. Onlar beynəlxalq təcrübədə
bizim üçün maraq doğuran insan resurslarını
idarəetmə sistemi ilə əlaqədar ətraflı məlumatlar
aldılar. Fransanın bu sahədəki təcrübəsini təhlil
etdik, Azərbaycanla müqayisəsini nəzərdən
keçirdik. Növbəti missiyada İspaniyanın təcrübəsi
müzakirə olundu.
Ümumiyyətlə, tvinninq layihəsinin məqsədi
ona yönəldilib ki, gələcəyin tələblərinə
uyğun olaraq biliklərə əsaslanan vergi
inzibatçılığını inkişaf etdirək. Bunun üçün müasir
texnologiyalarla yanaşı, müasir biliklərə və
bacarıqlara malik peşəkar vergi işçilərinin
hazırlanması və onlara dəstək verilməsi tələb
olunur. Belə olarsa, vergi ödəyiciləri görəcəklər
ki, onlara göstərilən yüksək keyfiyyətli xidmətlərlə
yanaşı, vergidən yayınmanı sübut etmək
üçün bizim çox böyük, güclü
potensialımız, ciddi nəzarət sistemimiz var.
Bütün bunların vergilərin könüllü ödənilmə
səviyyəsinin yüksəldilməsinə öz müsbət
təsirini göstərəcək.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 30 oktyabr.- S.5.