Qardaş Türkiyə
cümhuriyyətin növbəti
ildönümünü möhtəşəm
uğurlarla qeyd etdi
Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Oktaybrın 29-da bütün türk dünyası üçün əlamətdar bir hadisə — Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü yüksək səviyyədə qeyd olundu. Qardaş ölkənin siyasi və hərbi rəhbərliyi cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbrini ziyarət etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə rəsmi qəbul keçirdi.
Cümhuriyyətin
yarandığı 1923-cü il oktyabrın 29-dan bu günədək
böyük tarixi yol keçən Türkiyə Avropanın ən
qüdrətli ölkələrindən birinə
çevrilmişdir. Qardaş ölkənin qüdrətli
ordusu özünün döyüş qabilliyyəti, yüksək
hazırlığı və say tərkibinə görə
dünyanın süpergücü ABŞ-dan sonra NATO-da ikinci
yeri tutur.
Türkiyə bölgədə
sülhün, təhlükəsizliyin və
tarazlığın qorunmasında mühüm rol oynayır. Rəsmi
Ankara NATO-da və digər beynəlxalq təşkilatlarda əhəmiyyətli
və strateji tərəfdaş kimi böyük nüfuza
malikdir. Bu gün o, Avropa Birliyi yolunda qətiyyətlə irəliləyir,
regional və qlobal məsələlərdə öz siyasi
iradəsini diktə etməkdən çəkinmir, fəal,
etbarlı tərəfdaş kimi dünyanın bütün
ölkələri ilə əlaqələrini genişləndirir.
Bu gün fəxrlə
deyə bilərik ki, Azərbaycanın əvəzsiz strateji
müttəfiqi olan Türkiyə dünyanın ən
güclü 16-cı iqtisadiyyatına malikdir. Hazırda ölkə
Avropanın sənaye nəhənginə çevrilir.
İxracat durmadan artır, iqtisadi yüksəliş sürətlə
davam etdirilir. Vaxtilə cəmi 3 milyard ABŞ dolları həcmində
olan ixracatın təxminən 10 faizi sənayenin payına
düşürdüsə, bu gün 140 milyard dollara
çatan ixracatın 95 faizdən çoxunu sənaye məhsulları
təşkil edir. Aparılan araşdırmalara görə,
Avropa ölkələrində istifadə olunan hər 4 sənaye
məhsulundan biri Türkiyə istehsalıdır. Qardaş
ölkənin iş adamları dünyanın əksər
ölkələrinə sərmayə qoyur, şirkətlər
qurur, fəaliyyətlərini genişləndirirlər.
Türkiyə iş adamları fəallığı, təşəbbüskarlığı
ilə dünya üzrə Çindən sonra ikinci yerdə qərarlaşıb.
Ölkənin
karbohidrogen ehtiyatları, bəzi yeraltı sərvətləri
olmasa da, iqtisadiyyatını daha da gücləndirmək
üçün bütün imkanlar səfərbər
edilmişdir. Kənd təsərrüfatının sürətlə
inkişafı ilə birlikdə, məhsulların xarici
ölkələrə ixracı da təmin edilmişdir.
Xüsusilə turizm sektoru əhəmiyyətli dərəcədə
inkişaf etdirilmişdir. Belə ki, bu sahədə Türkiyəyə
rəqib olan ölkələrin sayı artıq barmaqla
sayılacaq qədər azdır. Ölkənin zəngin tarixi
keçmişi, möhtəşəm tarixi mədəni abidələri,
qədim şəhərləri, heyrətamiz təbiəti,
yüksək infrastrukturu dünyanın bütün ölkələrindən
turistləri bura cəlb edir. Son dövrlərdə
görülən işlər nəticəsində turizm
potensialı daha da güclənmişdir. Təsadüfi deyil
ki, vaxtilə bu ölkəyə ildə cəmi 300 min turist gəlirdisə,
bu il həmin rəqəm artıq 40 milyonu ötüb. Bu isə
ölkə büdcəsinə bir sıra dövlətlər
üçün astronomik rəqəmlərlə
ifadə olunan gəlirlər gətirməsinə səbəb
olur.
Türkiyə
Cümhuriyyəti demokratik, hüquqi, dünyəvi dövlət
kimi dövrün tələblərinə uyğun olaraq, bir
sıra sahələrdə daim mühüm siyasi, iqtisadi
sferanı əhatə edən islahatlar aparır, demokratikləşmə
proseslərində öncüllüyünü qoruyur. Ölkə
Prezidentinin birbaşa seçicilərin səsverməsi yolu ilə
seçilməsi istiqamətində görülən işlər
və bunun nəticəsində prezident seçkilərinin
çox uğurla yekunlaşması da ölkənin demokratik
nailiyyətlərindən biridir. Bu il avqustda baş tutan
prezident seçkilərində cənab Rəcəb Tayyib
Ərdoğan seçicilərin
əksəriyyətinin səsini qazanaraq cumhuriyyət tarixində
ilk dəfə birbaşa səsvermə yolu ilə seçilən
cumhurbaşkanı oldu. Bu, siyasi-idarəçilik sisteminin yeni
tələblər çərçivəsində mərhələli
şəkildə yenidən
formalaşdırılmasını da gündəmə gətirmiş
oldu. Önümüzdəki illərdə Türkiyə bu mərhələni
də uğurla yekunlaşdıracaqdır.
Tarixə nəzər
yetirdikdə görürük ki, türk dünyasının
böyük oğlu Mustafa Kamal Atatürk də məhz
qüdrətli Türkiyənin var olması üçün
çalışmış, siyasi-diplomatik, hərbi vasitələrdən
faydalanaraq Türkiyə Cümhuriyyətini
yaratmışdır.
1923-cü ildə
yaradılan gənc türk dövlətinin çağdaş
sivilizasiyaya qovuşması istiqamətində böyük
işlər görülmüşdür. O dövrdə
çağdaşlığı özündə əks etdirən
bir sıra qanunlar qəbul edilmiş, elmin, mədəniyyətin
inkişafına ciddi əhəmiyyət verilmişdi. Türk
tarixini dərindən araşdıran və türk dilinin
formalaşmasında xüsusi rol oynayan təşkilatlar
yaradılmış, türk millətinin genefonduna dair elmi əsərlər
hazırlanmışdır. Mədrəsələr ləğv
olunaraq, yerinə müasir dünya standartlarına uyğun
“Cümhuriyyət məktəbləri”
açılmış, təlim-tədrisdə dünyəvi
və milli əsaslar mənimsənilmişdir. Ərəb əlifbasından
imtina edilərək latın qrafikasına keçilmişdir.
Bu dəyişikliyin yaratdığı rezonans o qədər
güclü olmuşdur ki, buna tarixdə “Hərf inqilabı”
adı verilmişdir. Universitetlərdə təhsil müasirləşdirilmiş
və tələblərə cavab verən müasir fakültələr
yaradılmışdır. Miladi təqvimi qəbul edilmiş,
türk qadınına seçmək və seçilmək
hüququ verilmişdi. Gənc Türkiyə dövlətində
bütün bu işləri xarizmatik lider, türk
dünyasının dahi öndəri Mustafa Kamal Atatürk həyata
keçirmişdi. Türk
xalqının Atatürkə olan sonsuz məhəbbətinin
bir səbəbi də odur ki, Mustafa Kamalpaşa Türkiyənin
xarici dövlətlərin müstəmləkəsinə
çevrilməsinə imkan verməmişdi. Birinci dünya
müharibəsində məğlubiyyətə uğrayan
Osmanlı hökuməti 1918-ci il oktyabrın 30-da qalib Antanta
dövlətləri ilə Mudros müqaviləsini imzalayaraq,
Türkiyəni qeyd-şərtsiz həmin dövlətlərə
təslim etmişdi. Ermənilər və yunanlar isə xarici
ölkələrin təşviqi və köməyi ilə
onun torpaqları hesabına dövlət qurmaq xülyasına
düşmüşdülər. Yunan ordusu Anadolunun qərb
bölgələrini işğal edirdi. Erməni hərbi birləşmələri
isə Türkiyənin şərq əyalətlərində
dünyada analoqu olmayan qətllər törədirdilər.
Antanta dövlətləri də hərəsi bir istiqamətdən
Anadoluya qoşun yeridirdi. Artıq ölkə ərazisinin əksəriyyətində
xarici dövlətlərin bayraqları dalğalanırdı.
Düşmən bütün bunları edərkən,
unutmuşdu ki, türk millətinin azadlıq sevgisi, yurdsevərliyi,
böyüklüyü və qətiyyəti bir gün
sıyrılmış qılınc kimi onun başına enəcəkdir.
Bunun üçün türk xalqının iradəsini əks
etdirən, hər bir türkü ətrafında birləşdirən,
onu mücadiləyə, savaşa ruhlandıran liderə ehtiyac
var idi. Bu lider böyük öndər və sərkərdə
Mustafa Kamal paşa oldu.
Mustafa Kamal paşa
1919-cu il mayın 19-da Samsuna gələrək, Anadolunun
düşmən işğalından azad edilməsi
üçün türk millətini səfərbər etməyə
başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə
Amasyadan bütün Anadoluya yayılan müraciətdə
deyilirdi: “Vətənin bütövlüyü, millətin
istiqlalı təhlükədədir. Millətin
istiqlalını yenə millətin əzmi və qərarı
xilas edəcəkdir...” Bu çağırış artıq
Anadoluda vüsət almağa başlayan milli azadlıq hərəkatını
daha da alovlandırdı. 1919-cu il iyulun 23-də
Atatürkün təşkilatçılığı ilə
Türk Milli Qurtuluş Savaşının ilk təməl
daşı sayılan Ərzurum Konqresi öz işinə
başladı. Burada milli mücadilənin ilkin prinsipləri təyin
olundu. 1920-ci il aprelin 23-də isə Ankarada Anadolunun hər tərəfindən
gələn təmsilçilərdən ibarət Türkiyə
Böyük Millət Məclisi (TBMM) öz işinə
başladı. Mustafa Kamal milli iradəni təmsil edən bu məclisə
və onun etimad etdiyi hökumətə başqan seçilərək,
türk millətinin siyasi və hərbi liderinə
çevrildi. Beləliklə, Türk Milli Qurtuluş
Savaşı başlandı, düşmənlər diz
çökdürüldü, ölkədən qovuldu.
1923-cü il iyulun 24-də
Lozanna sülh müqaviləsi imzalandı. Bu müqaviləyə
əsasən, Türkiyə dövləti bütün
dünya dövlətləri tərəfindən
tanındı. Həmin il oktyabrın 29-da TBMM Anayasanın 1-ci
maddəsinə dəyişiklik edərək, “Türkiyə
dövlətinin hökumət formasının cümhuriyyət
olduğunu” bəyan etdi. Elan edilən cümhuriyyətin ilk
Cümhurbaşqanı da Mustafa Kamal Atatürk oldu. 1924-cü
ildən etibarən keçirilən bayram Türkiyənin
bütün şəhərlərində, Şimali Kipr
Türk Respublikasında (KKTC) və xarici ölkələrdəki
Türkiyə səfirliklərində və dost dövlətlərdə,
o cümlədən Azərbaycanda qeyd edilir.
Azərbaycan -
Türkiyə münasibətləri türk
dünyasının iki böyük şəxsiyyətinin –
Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və
“Bir millət, iki dövlət” kəlamları ilə həmahəng
səslənir. Bu gün ulu öndərin yolunu uğurla davam
etdirən Prezident İlham Əliyev Türkiyə ilə
ölkəmiz arasında mövcud münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsində davam
etdirilməsinin qarantıdır. Cümhuriyyətin
yaranması münasibəti ilə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda
Azərbaycanın dövlət başçısı bu həqiqəti
bir daha ifadə edərək demişdir: “Türkiyə sürətli
və dinamik inkişaf yolu keçərək bu gün
dünya miqyasında aparıcı ölkələr
sırasına çıxmış, nüfuzlu güc mərkəzinə
çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz
uğurlarımız qədər sevinirik. Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı ortaq tarixə, milli,
mənəvi köklərə malik olan xalqlarımızın
iradəsindən qaynaqlanır. Dövlət
başçısı kimi fəaliyyətinizin ilk günlərində
ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə
münasibətlərinin ən yüksək səviyyədə
olduğunu bir daha təsdiq edir. Əminəm ki,
qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə
həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri,
o cümlədən reallaşdırmağa
başladığımız TANAP-Trans-Anadolu qaz boru kəməri
dostluq və qardaşlıq münasibətlərimizin daha da
möhkəmlənməsinə, ölkələrimizin
çiçəklənməsinə, xalqlarımızın
rifahına yeni-yeni töhfələr verəcək”.
İbrahim KƏNGƏRLİ
Xalq qəzeti.- 2014.- 30 oktyabr.- S.4.