Almaniyada Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində
daha bir tədbir keçirilib
Heydər
Əliyev Fondunun təşkilatçılığı və
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə
bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində oktyabrın 28-də
Hannover şəhərində Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Tədbir
Hannover Konqres Mərkəzində
keçirilib. Səfir Pərviz
Şahbazov deyib ki, bu konsert
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə keçirilən
silsilə tədbirlərdən
biridir. Səfir, həmçinin ölkəmizin sürətli
inkişafı, zəngin
musiqi ənənələrindən
danışıb, Azərbaycanın
konservatoriyası kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal
olunduğunu diqqətə
çatdırıb.
Tədbirin
aparıcısı Heydər
Əliyev Fondu və onun prezidenti
Mehriban Əliyevanın
fəaliyyəti barədə
məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri
Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə
mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin
təşviqi və gənclərin təhsili sahəsində mühüm
işlər görüb.
Fuad
İbrahimovun dirijorluğu
ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib.
Qonaqlara
Heydər Əliyev Fondunun yeni nəşri
olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Almaniyalı professor,
doktor Eva Maria Auxun müəllifi olduğu kitabda
almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib,
elmi faktlar, xəritələr,
fotolar öz əksini
tapıb.
Tədbir çərçivəsində
izləyicilər “Azərbaycanda alman izləri”
fotosərgisi və “Almaniya bir rəssamın gözü
ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən
ibarət ekspozisiya ilə tanış olublar.
Tədbirdə
Azərbaycan Dövlət Filarmoniyasının direktoru
Murad Adıgözəlzadə,
Aşağı Saksoniya federal
torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının
üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və
mətbuat nümayəndələri, o
cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover
merinin müavini Tomas Herrmann, Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin
üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi
İcmasının sədri Mixael Fürst iştirak ediblər.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Hannover
Xalq
qəzeti.- 2014.- 30 oktyabr.- S.4.